Şeir yaz

 

Səni sıxanda qürbət,

Zilə çıxanda həsrət.

Qələm götür, bircə bənd-

şeir yaz!

 

Bəxtin üzə güləndə,

Arzun qönçələnəndə,

Duyğuların dinəndə -

şeir yaz!

 

Ömür dayanmır, tələs,

Günü keçirtmə əbəs.

Ömürdən kəs, gündən kəs -

şeir yaz!

 

Ümidi üzmə barı,

Güdmə dövləti-varı.

Ay elin bəxtiyarı-

şeir yaz!

 

Şövkət, baxma yaşa sən,

Baharla öt qoşa sən.

Ömrü bir də yaşasan -

şeir yaz!

 

 

Həsrət odu

 

Çöldə yağan yağışda

təbiət özü çimir,

Tənhalığım içimi

bir qurd kimi gəmirir.

Necə xoşbəxtdir yağış

göy üzündən asılıb,

Mənimsə tutarım yox,

mənim - mənə qısılıb.

Neçə damcı sallanıb

yarpağın ətəyindən,

Şələli yarpaqlar da

budağı salıb əldən.

Bir-birini səsləyib

yarpaqdan üzülürlər,

hey deyinə-deyinə

torpağa süzülürlər.

Yaralı torpağımın

bir an yanğısı sönür,

Bəs nədən həsrət odum

Közərmiş dağa dönür?

 

 

Bilmirəm

 

Həsrət yükü var çiynimdə -

Götürüb gəzə bilmirəm.

Ağrısına, acısına -

Dözmüşəm, dözə bilmirəm.

 

Düşmən bac aldı elimdən,

Dərya doldu göz selimdən.

Bu insafsız qəm əlindən

Yaxamı üzə bilmirəm.

 

Dövranımız nə bəd gəldi,

Sultanı qula döndərdi.

Vətən dərdi, torpaq dərdi

Kim verdi bizə, bilmirəm.

 

Horovluyam, qəmli yüküm,

Dolanıram büküm-büküm.

Qəzəbimi necə töküm

Qələmə, sözə, bilmirəm.

 

 

Məni özümlə tək qoyun

 

Sükutumdur yol yoldaşım,

Sükutda donub göz yaşım.

Dözümlə bitmir savaşım,

Məni dözümlə tək qoyun.

 

Dünyanın suyu durulmur,

Şərin hesabı sorulmur.

Gördüyündən göz yorulmur,

Məni gözümlə tək qoyun.

 

Allaha asi düşmədim,

Özgə qazanda bişmədim.

Heç özümlə görüşmədim -

Məni özümlə tək qoyun.

 

 

Danışan ilmələr

 

Evdə anamdan qalma

balaca bir xəli var,

Elə bil süfrə açıb

Bu xəlidə ilk bahar.

Ortasına rəngarəng

Sapdan toxunub çəmən,

Anam laylasını da

keçirib ilmələrdən.

Sanki doğma dağ, meşə

Köçüb xəlinin üstə,

Anam beşik başında

layla çalır ahəstə.

Bu xəlinin ərişi

arğacı layladandı.

Xəlinin hər ilməsi

Xeyirdən, duadandı.

O mənimlə danışır

hər gün bayatı üstə,

Anam onu toxuyub

Xəliyə dəstə-dəstə.

Xəlidə evimmzin

axşamı-səhəri var.

Burda əziz anamın

sevinci, qəhəri var.

Mirvari tək ilmələr

anamın göz yaşıdır,

İlmələr mənə qalan

anamın yaddaşıdır.

Baxanda bu xəliyə -

rənglər səsə qarışır.

Səslər həsrətə dönüb

ilmə-ilmə alışır.

Bir nağıl, bir hekayət

danışır burda ilmə,

Rənglərin özünün də

səsi varmış sən demə.

 

 

Şövkət Zərin Horovlu

 

Ədəbiyyat qəzeti.-  2011.- 8 aprel.- S.5.