"Başım üstündə
bir çinar olursa"...
Nazim Hikmət
vəsiyyət etmişdi ki, öləndə onu Anadoluda bir kənd
məzarlığında dəfn etsinlər. "Başım
üstündə bir çinar olursa, daş-maş da istəməz"
- demişdi. Onun bu istəyi yerinə yetmədi. Nazim Hikmət
qırx səkkiz ildir ki, əvvəlcə heyran olduğu,
sonra gəlişinə peşiman olduğu Moskvada uyuyur...
Türkiyənin məşhur şairi və
fikir adamı Orxan Seyfi bir zamanlar yazmışdı: "Nazim
Hikmət üçün kommunizm bir "din"dir. Bir dəfə
bu "din"ə inandıqdan sonra kor-koranə axıra qədər
ona sədaqət göstərməyi lazım bilir. Nazimin
yuxudan oyanacağı günü bir az daha gözləmək
lazımdır." Kommunizm ideallarına, bütün
xalqların bərabərliyinə, varlı-yoxsul, əzən-əzilən
anlayışlarının birdəfəlik yox olacağına
bütün varlığı ilə inanan kommunistlər kimi
Nazim Hikmət də gün gəldi ki, yuxudan ayıldı.
Amma gec idi artıq. Geriyə yol yox idi. Türkiyə qəbul
etmirdi. Moskvada isə "İvan İvanıç
varmıydı, yoxmuydu" adlı sovet bürokratizmini
ifşa edən pyesinin repertuardan çıxarılması ilə
başlanan təqiblər davam edirdi. Günlərin birində
də şairin 1951-ci ildən 1963-cü ilədək sürən
Moskva həyatı sona yetdi. 1963-cü il iyun ayının 3-də
"Bu dünyadan Nazim keçdi" (Vala Nürəddin).
Nazim Hikmətin sonuncu həyat
yoldaşı Vera Tulyakova şairin ölümünü ona
müraciətlə öz xatirələrində belə təsvir
edirdi: "Yuxudan ayıldım. Yataqdan qalxmadım. Səni
oyatmaq istəmədim. Poçtalyon qəzetləri poçt
qutusuna yerləşdirdi. Bu səsdən bildim ki, saat 7.20 dəqiqədir.
Beş dəqiqə sonra sən cəld qalxdın, az qala
yüyürərək qapıya getdin. İstədim səni səsləyim,
amma fikirləşdim ki, bir az da mürgü vurum. Ancaq sən
qayıtmadın. Bir dəqiqə keçdi, iki dəqiqə
keçdi... sən nədənsə bayır
qapısını açmırdın, özünü qəribə
şəkildə sakit aparırdın. Mən yenə bir az
uzandım, amma hansı bir qüvvəsə məni ayağa
qaldırdı ki, baxım görüm sən hardasan.
Qalxdım, fikirləşdim ki, yəqin su içmək istəmisən,
ya da siqaret çəkirsən. Tez mətbəxə
keçdim. Yox idin. Hamamxanaya baxdım, sonra tualetə. Birdən
qorxu hissi bürüdü məni. Bu elə bir qorxu hissi idi
ki, sanki arxadan məni odlu bir küləyin zərbəsi
vurmuşdu. Tez dəhlizə çıxdım və
asılqanın arxa tərəfində yerdə - döşəmənin
üstündə gördüm səni. Oturmuşdun, kürəyin
qapıda, bir əlin yerdə. Bir ayağın
altındaydı, o biri ayağını uzatmışdın
qabağa... Sənin ağappaq bənizindən, qeyri-adi sakit
üzündən o dəqiqə başa düşdüm ki, sən...
keçinmisən."
Bu sətirləri oxuyanda ötən
günlərə qayıtdım.
1963-cü ilin may ayı idi. Moskvada Nazim
Hikmətin evindəydim. "Sənin müdafiənə
mütləq gələcəyəm" dedi mənə
(Şairin yaradıcılığından dissertasiya
yazmışdım). Bakıya yola düşəndə
Moskvada aspiranturada təhsil alan dostum Yavər Eyvazov təlaşla
soruşdu məndən: "Yenə Nazim Hikmətlə şəkil
çəkdirmədin?" Dedim: "Yox" və əlavə
etdim: "Yavər, sənin ki yadındadır, "Qəribə
adam"ın birinci pərdəsindən sonra mən bir dəstə
güllə səhnəyə çıxanda və Nazim Hikməti
təbrik edəndə şəklimizi çəkdilər. Nə
olar, danış da Ermolova teatrı ilə, o şəkli mənə
versinlər". Yavər güldü, bir söz demədi.
Baxışlarından oxudum ki, mənə deyir: "Sən
doğrudan "qəribə adam"san".
"Yaxşı, - dedim, qınama məni, gələn dəfə
mütləq çəkdirəcəyəm."
Gələn dəfə olmadı.
1963-cü il iyun ayının 3-də Moskva radiosu heç
birimizin gözləmədiyi müdhiş bir xəbər
verdi: "Nazim Hikmət qəflətən vəfat edib."
Ağladım. Sonra Moskvada 1963-cü ilin sərt qışında
küçədə Nazim Hikmətin tərcüməçisi
Muza Pavlova ilə görüşdüm, bir saat söhbət
etdik. Qadın ağlayırdı. Nazimin ölümünə
yanırdı. Ən çox Veranı qınayırdı.
Mehmanxanaya gəldim. Şaxta öz işini
görmüşdü. Xəstələnmişdim. Yenə
dostum Yavər dadıma çatdı. Dava-dərman gətirdi.
"Nə oldu, harda özünü soyuğa verdin" - deyə
soruşdu. Əhvalatı ona olduğu kimi danışdım.
"Hər deyilən sözə inanma, - dedi Yavər. - Nazimin
ürəyi xəstə idi. İnfarkt keçirmişdi."
Sonralar eşitdim ki, Vera Tulyakova bir xatirə kitabı
yazıb. Kitab türkcəyə də çevrilib.
İnternetdə onun bəzi parçalarını oxudum.
Veranı mən Nazim Hikmətin evində qonaq olarkən dəfələrlə
görmüşdüm. Çox cavan idi.
2001-ci ilin martında Vera Tulyakova da bu
dünyaya vida etdi. Türkiyədə çıxan
"Radikal" qəzeti 12 mart 2001-ci il sayında
yazırdı ki, qızı Annanın dediyinə görə
anasının külü Nazim Hikmətin yanında
gömüləcəkdir.
...1951-ci ildə Moskvaya ayaq basan Nazim Hikmət
Vera Tulyakova ilə 1955-ci ildə tanış olmuşdu. 1959-cu
ildə evlənmişdilər. Vera Nazimi tanıyanda 23 yaşında
idi, Nazimsə 53!"
Nazim Hikmət Veraya çox sayda sevgi
şeirləri həsr etmişdi. Amma sonralar yazdığı
"Veraya" adlı əsəri sevgi şeiri deyildi.
Gəlsənə dedi bana,
Qalsana dedi bana,
Gülsənə dedi bana,
Ölsənə dedi bana.
Gəldim,
Qaldım,
Güldüm,
Öldüm.
Nazim ömrünü, məhəbbətini,
yaralı taleyini belə ifadə etmişdi. Nazimin
xanımı Pirayəyə, sonrakı həyat yoldaşı
Münəvvərə (həm də dayısı qızı
idi. Nazim onun ikinci əri idi.) olan münasibətinə mən
haqq qazandırmıram. Xüsusən Münəvvərin
çəkdiyi əzabları dilə gətirmək istəmirəm.
Amma bir şey vardı ki, Nazim ikiyə bölünə
bilmirdi. O həyat yoldaşı ola-ola başqa qadınla əylənən
kişilərdən deyildi. Sevdalandımı, sevdimi, sevdiyi
insanla yaşamaq, heç kəsi aldatmamağı özünə
həyat kredosu seçmiş bir insandı. Təbii ki, bu
sözlərlə Nazimə bəraət qazandırmaq fikrindən
uzağam. Görünür, nəhəng sənət
adamlarının nöqsanı da böyük, taleyi də
burulğanlı olur.
61 il yaşadı Nazim. Öz dililə desək,
"həbsxanalarda da yatdı, lüks otellərdə də..."
Ömrümün sonunu hiss edəndə
belə yazmışdı:
Bizim avludanmı (həyətdən)
Qalxacaq cənazəm?
Necə endirəcəksiniz
Məni üçüncü qatdan?
Tabut asansörə (liftə)
sığmaz,
Nərdivənlərsə daracıq...
Məni yola salacaq mətbəx
pəncərəmiz -
deyən şair artıq əzrayılın
nəfəsini hiss etmişdi. Nazim Hikmətin ölüm xəbəri
ildırım sürətilə bütün dünyaya
yayıldı. Bu xəbər Türkiyədə Vala Nürəddinə
də çatdı - Nazimin gənclik dostuna. Vala şair
dostuna irihəcmli bir kitab həsr etdi. Adını da qoydu:
"Bu dünyadan Nazim keçdi". Kitabın ikinci nəşri
işıq üzü görəndə artıq Vala Nürəddin
də dünyasını dəyişmişdi. Kitaba Nazimin və
Valanın gənclik dostu Şevket Sürəyya Aydəmir
ön söz yazmışdı. Ön sözdə deyilirdi:
"Elə sanıram ki, sabahkı nəsillər Nazim Hikmətin
üzərində bugünkilərdən daha çox
duracaqlar. Onlar üçün Nazim Hikmət sabah yalnız sənətkar,
bu torpağın yetişdirdiyi böyük bir sənətkar
olaraq dəyər alacaq və məna daşıyacaqdır.
"Bu dünyadan Nazim keçdi". Nazimi ən yaxşı
təqdim edən və dəyərləndirən əsər
kimi gələcək nəslə də ən doğru qaynaq və
dayanaq olacaqdır".
...Nazimin məzarı Moskvada, Novi
Deviçi məzarlığındadır. Novi Deviçi, əvvəllər
qızlar monastrı olub. Məzarlıq bu monastrı dövrələyərdi.
İndi bura məşhur insanlar məzarlığı kimidir.
Zatən Çexov da, Qoqol da burada uyuyurlar.
...Biz gəldiyimiz zaman sabahın erkən saatına
baxmayaraq, ağır dəmir qapılar açıqdı. Məzarlıq
bu saatda da qələbəlikdi...Əllərində
çiçək dəstələri, qadın, kişi, gənc,
ixtiyar, hələ uşaqları ilə moskvalılar məzarlığa
gəlirdilər. Biz də məzarlığa girdik...
...Nazimin məzarını tanıdım.
Çox qiymətli, yüksək qara mərmər blokun üzərinə
onun ayaqda dinamik silueti ovulmuşdu. Üzərinə türkcə
imzasını işləmişdilər."
Nazim Hikmətin oğulluğu (Pirayənin
oğlu) görkəmli tədqiqatçı Mehmet fuad 2000-ci
ildə işıq üzü görmüş (sonra bu
kitabı o, daha üç dəfə təkrar nəşr
etdirdi) 719 səhifəlik "Nazim Hikmət" adlı
kitabında Nazimin yaxın dostu və məsləkdaşı
Zəkəriyyə Sərtəlin və onun həyat
yoldaşı Səbihənin yadigarı olan, qızı
Yıldız Sərtəlin şairin cənazə mərasimindən
qələmə aldığı təəssüratı belə
təqdim edirdi:
"Yaxınlaşdım. Nazim orada
üzü açıq yatırdı. Sanki şirin bir
yuxudaydı... Yanıma bir fransız yazıçısı gəldi:
"Yıldız hanım, - dedi. - Sabah Münəvvərlə
Mehmet gəlirlər. Onları heç tanımayan bir qrup rus
ziyalısı qarşılayacaq. Bu doğrumu?"
Soruşdum: "Kim təşkil edib bu
qarşılamağı?"
...Arxamdan birisinin qolumu çəkdiyini
hiss etdim. Döndüm. Qalya...(Qalya Nazimin həkimi, Vera
Tulyakova peyda olana qədər çox yaxını və
çox inandığı bir insandı. - A.B.)
- Yıldız, - dedi Qalya - Münəvvərlə
Mehmet gələcəklər. Məni Münəvvərlə
görüşdürməlisən. Nazimin vəsiyyətini mən
ona öz əllərimlə vermək istəyirəm. Nazim
Hikmət mirasının böyük qismini ona və Mehmetə
vəsiyyət edib.
Çox sevdiyim bu qadının
yanaqlarından öpdüm. "Təbii, - dedim, - heç
şübhən olmasın, mən səni Münəvvərlə
tanış edəcəyəm."
Sonra Yıldız Qalya ilə təyyarə
meydanına getməsindən, Münəvvəri və Mehmeti
qarşılamasından söz açaraq yazır:
"Doktor Qalinanın Münəvvərə
verdiyi vəsiyyət 10 sentyabr 1959-cu ildə
hazırlanmış, rusca yazılıb notariusda təsdiqlənmişdi.
Bu sənədə əsasən Nazim Hikmət əsərlərinin
müəllif hüquqlarına görə ayrılan pulunun
dörddə üçünü Münəvvərə və
oğlu Mehmetə, dörddə birini isə Türkiyə
Kommunist Partiyasına vəsiyyət etmişdi."
Daha sonra Mehmet Fuad
adı keçən kitabında Nazim Hikmətin oğlu Mehmet
Nazimin 1971-ci il mart ayının 31-də "Milliyyət"
qəzetində çap olunmuş on iki yaşındaykən
izlədiyi atasının cənazə mərasimində
gördüklərini onun dilindən belə təqdim edirdi:
"Sonra atamı gördük, belə...
uzandırmışdılar... bir masanın üstündə
yatırdı. Bir qadın atamın cəsədinə
sarılmış bağırırdı... Sonradan evləndiyi
arvadıymış bu demə. Çox qorxdum öncə...
İlk dəfə bir ölü gördüm. Və bu
ölü atamdı.
...Anam yavaşca yaxınlaşdı
atamın ölüsünə... Ağlayırdımı bilmədim.
O ara gördüyüm anamın atamın əlini əllərinə
aldığı, bir müddət tutduqdan sonra, (o artıq
soyumuş, heç bir şey hiss etməyən ət
parçasını) öpməsi oldu.
Məşhur türk dramaturqu Haldun Taner
N.Hikmətin məzarını ziyarət etdikdən sonra belə
yazmışdı: "Nazim Hikmət də Novi Deviçi qəbiristanlığında
uyuyur. Nazimin məzarı bir tək qaya parçasından ibarətdir.
İtalyan heykəltəraşının onun
"Addımlayan adam" şeiri
üçün yonduğu fiqurdur. Nazim ölümündən
bir neçə il əvvəl vəfatından sonra
"Anadoluda bir köy (kənd - A.B.) məzarlığında
dəfn edilməsini, başı üstündə bir
çinar" olmasını vəsiyyət etmişdi. Kaş
arzusuna çataydı.
N.Hikmətin qəbri başında Azərbaycanın
görkəmli şairi Rəsul Rza, oğlu yazıçı
Anar, xanımı gəncəli Nigar xanım və
yazıçı Ənvər Məmmədxanlını
gördük.
...Nazim deyirdi: "Ölümümdən
sonra xalqımla mənim aramda bir barışıq
başlayacaq. Güman etdiyi bir dərəcədə
doğruya bənzəyir".
Bu həqiqətən belə oldu. Nazimin
ölümündən sonra Türkiyə Nazimlə
barışdı. Türk
yazarları, xüsusən Əziz Nesin şairin bəraəti
üçün əlindən gələni əsirgəmədi.
Bakıya ilk gəlişində məndən (o vaxt radioda
işləyirdim) Nazimin səsini, lent yazılarını istədi.
Mən də verdim. Əziz Nesin Türkiyəyə qayıdan
kimi polis tərəfindən saxlanıldı. Sonradan mənə
göndərdiyi " Əziz Nesin polisdə"
kitabının arasında mənə
ünvanladığı bir məktub vardı. Həmin məktubda
yazırdı: "...Türkiyəyə ayaq
basdığım gün həbs edildim. Gətirdiyim
kitabları, mənə verdiyin lent yazılarını əlimdən
aldılar. Kitabı oxuduqca başıma gələnləri
biləcəksən. Çox şey sordular məndən.
"Bu lenti - Nazim Hikmətin səsini sənə kim
verib?" deyə sordular. Təbii ki, sənin adını demədim."
Titul vərəqində "Aqşin Babayevə dostluqla."
20 oktyabr 1967-ci il " yazılmış "Əziz Nesin
polisdə" adlı kitabda oxuyuruq:
"Masanın
üstünə maqnitafonu qoyurlar... Nazim Hikmət şeirlərini
birlikdə dinləyirik. Qismət polislərlə birlikdə
dinləməkmiş... Bu şeirləri ilk orada dinləməyim
hər halımdan bəlli idi. Amma anlamırdılar, anlamaq da
istəmirdilər.
Nazimin səsini
eşidincə, o atmosfer, o mühit içində
açığını deyim ki, kövrəldim. Və elə
bilirdim ki, onlar da az-çox, yurd həsrətini böyük
acı ilə anladan o gözəl şeirləri dinləyincə
bir az da olsa, yumşalacaqlar, kövrələcəklər.
Gözlərini mənə dikdilər, üzərimdə səkkiz
cüt göz (bir də maqnitafon işlədən polis gəlmişdi)
məni diqqətlə müşahidə edir, şeirlərin
məndəki təsirini anlamağa
çalışırdılar."
Təkcə Əziz
Nesin yox, onu sevənlər, şeirlərini oxuyanlar da təqib
olunurdu. Bu haqda çox oxumuşdum. Təqib olunanların bir
neçəsi ilə görüşmüşdüm də.
Mömin Ağaoğlu da bunlardan biri idi. Əslən azərbaycanlı
olan, uzun illərdən bəri Türkiyədə
yaşamış, ömrünün son günlərini
Bakıda, Mərdəkanda keçirmiş mərhum Mömin
Ağaoğlu mənim xahişimlə Nazim Hikmətə aid
xatirələrini yazmışdı. Həmin xatirələr
çap olunmayıb, məndədir. M.Ağaoğlu
yazırdı: "Bir gün Səbihə adlı bir qız mənə
Nazimin "Həyat arkadaşıma məktub" şeirini verdi. Mən də bu şeiri məktəbə gətirib
İhsan adlı arkadaşımla bərabər
bağçanın xəlvət bir yerində dönə-dönə
oxuduq. İhsan bir surətini yazıb özü
üçün götürdü. Mən də mənə
aid olanı tarix kitabımın arasında gizlətdim. Bu
şeir Bursa həbsxanasında yazılmışdı. Həmin
il mən orta məktəbin son sinifində oxuyurdum.
Günlərin
bir günü məktəbin sinif qapılarına
süngülü əsgərlər qoyuldu və deyildi ki,
heç kəs sinifdən çıxmamalıdır. Tarix dərsi
idi. Qəflətən beş zabit içəri girib siyirmələrimizi
açmağa və yoxlamağa başladılar... Sonra
başa düşdüm ki, yoxlama Nazimin şeirləri və əsərləri
ilə əlaqədar imiş. Mən ikinci sırada
oturmuşdum. Tarix kitabım da qarşımda idi.
Yüzbaşı Şəfiq bəy kitabı açan kimi
Nazim Hikmətin "Həyat arkadaşıma məktub"
şerini gördü və götürdü. Arxasında
duran minbaşı Həmdi bəyə göstərdi və məni
süngülü əsgərin önündə məktəb
komandanının otağına gətirdilər. İçəri
girdiyim zaman İhsan arkadaşımı orada gördüm. Demə,
digər sinifdə oxuyan İhsanın da surətini
götürdüyü şeiri tapıblarmış. Bizi həbs
etdilər."
Türkiyədə
işlədiyim illərdə də (1972-75), Nazimin 100 illik
yubiley günlərində də (2002-ci ilin aprelində tədbirin
keçirilməsi təxirə salınsa da, üç
gün İstanbulda oldum) mən hər addımda Nazim Hikmətə
bəslənilən böyük sevginin şahidi oldum. Amma
Nazimi istəməyənləri də gördüm. Onlar
çox az idi.
Nazim Hikmətin
100 illiyi qeyd olunan vaxt onun sağlığında olduğu
kimi, ölümündən sonra da bədxahları
tapılmışdı. Heç ağlıma da gətirə
bilməzdim ki, Nazim Hikmətin Yunesko xəttilə 2002-ci ilin
yanvar ayında keçiriləcək yubileyinin əks-sədası
həm Türkiyədə, həm də Azərbaycanda bəzi
adamların qanını qaraldacaq. Nazimi sevməyənlər əvvəllər
boynuyoğun kapitalistlər, kreslosunu itirməkdən qorxanlar və
sairə tör-töküntülər idi. Bunlar artıq
çoxdan o dünyalıq olublar. Qalıb indi bir-iki nəfər
orijinal görünmək istəyən "cənablar".
Bunlara cavab vermək, onların səviyyəsinə tənəzzül
etmək fikrində deyiləm. Sadəcə demək istəyirəm:
"Siz istəsəz də, istəməsəz də, Nazim
Hikmətin 100 illiyi qeyd edildi. Dünyanın bir çox yerlərində,
o cümlədən bizim Azərbaycanda da Nazimə
böyük sevgi var. Azərbaycan Respublikasının Prezidenti
möhtərəm İlham Əliyevin məlum sərəncamına
əsasən Nazim Hikmətin "Seçilmiş əsərləri"
də latın qrafikası ilə nəfis tərtibatla
işıq üzü gördü (Kitabın ön
sözünün müəllifi xalq yazıçısı
Anar, tərtibçisi də mən idim). Ədəbiyyatşünaslarımızla
yanaşı, bəstəkarlarımız, rəssamlarımız
da Nazimə əsərlər həsr etdilər. "Ədəbi
mığmığalar" (R.Rzanın sözüdür) istəsələr
də, istəməsələr də...
Orijinal görünməyin bir neçə
yolu var. Məsələn, kimsə küçədə
başıüstə və ya çılpaq gəzsə, o dəqiqə
nəzəri cəlb edəcək. Ədəbi aləmdə
isə orijinal görünmək üçün başı
üstə gəzmək və ya soyunmaq lazım deyil. Sadəcə
böyük şəxsiyyətləri utanmadan, xəcalət
çəkmədən, həyasızcasına inkar etmək
kifayətdir. Bir vaxt bizim bəzi
"ağıllılarımız" Cəlil Məmmədquluzadəni,
Sabiri inkar etdikləri kimi.
Yaxşı yadımdadır.
Yazıçılar Birliyində Nazim Hikmətin 100 illiyi
münasibətilə nəşr olunmuş "Günəşi
içənlərin türküsü" kitabının təqdimat
mərasimi keçirilirdi. Kitabın tərtibçisi
tanınmış türkşünas Qadir İsmayıl idi.
Ancaq onun qəfil ölümü gözlənilməz oldu,
hamımızı sarsıtdı. Anar müəllim tərtib
işini öz boynuna götürdü. Və dəyərli
bir kitab ərsəyə gəldi. Kitaba mənim iki məqaləm
daxil edilmişdi. Təqdimat mərasimi 2002-ci il noyabr
ayının 27-də Yazıçılar Birliyinin Natəvan
klubunda oldu. Məclisdə Türkiyənin Azərbaycandakı
səfiri cənab Əhməd Ünal Çeviköz də
iştirak və çıxış etdi və Nazim Hikmətin
"Dəvət" şerini oxudu. Tədbirin əvvəlində
Nazimin öz səsindən çıxışını və
fikirlərini verdilər. Həyəcanlandım. Bilirsiniz niyə?
Çünki həmin çıxışı Bakıda
"İnturist" mehmanxanasında mən lentə
yazmışdım. O vaxt radioda işləyirdim. Sonra həmin
lent yazısı radionun qızıl fonduna daxil oldu,
yayıldı, əldən-ələ gəzdi. Mənim
üçün bu çıxışın səslənməsi
çox gözlənilməz oldu. Keçən günlərə
qayıtdım. Nazim Hikməti gördüm. Gəncliyimi
gördüm. Çıxış edəndə də bunu
dedim. Həyəcanlandığımı dedim. Həmin tədbiri
qələmə alan "qəzetçi" mənim bu həyəcanımı
dərk etməmişdi. Həyəcan sözünü istehza
ilə dırnaqda verdi. Bu, əlbəttə, çox adi bir
şeydir. Amma, qəribədir, bu günə qədər unuda
bilmirəm.
2002-ci ildə şairin 100 illiyinin Yunesko xətti
ilə "Nazim Hikmət ili" elan edilməsi sənətkarın
həm vətəndaşlığının qaytarılmasına,
həm də dünya miqyasında tanıdılması
işinə bir daha yardım etdi. Türk mətbuatı bu
hadisəni belə qarşıladı: Nazim Hikmət Ran vətəndaş
olur.
Nazim Hikmət 100-cü doğum ilində
türk vətəndaşlığına qovuşacaq. 2002-ci
ilin bütün dünyada "Nazim Hikmət ili" olaraq qəbul
edilməsi üçün xüsusi bir komitə
yaradıldığını bildirən mədəniyyət
naziri Talay, Nazim Hikmətin türk vətəndaşlığına
qəbulu üçün Səadətdin Tantanla
görüşdüyünü, mövcud mövzu ilə
bağlı Daxili İşlər Nazirliyi ilə zəruri
çalışmalara başlayacaqlarını ifadə etdi.
2002-ci ilin beynəlxalq miqyasda "Nazim Hikmət ili" qəbul
edilməsi üçün hazırlanan layihə çərçivəsində
üç əsas məsələ üzərində iş
getməlidir.
Bu məsələlər
aşağıdakılardır: "Nazim Hikmət Bilgi Mərkəzinin
yaradılması, Nazim Hikmət əsərlərinin nəşri
və Nazim Hikmət sənədli filmi... Bundan başqa, Mədəniyyət
Nazirliyinin iştirakı ilə hazırlanan "Nazim Hikmət
şarkıları" adlı Video-CD kitabı da
satışa buraxılacaq."
Yeri gəlmişkən, Nazim Hikmətin
"Ran" soyadı ilə əlaqədar bir məqama da
aydınlıq gətirmək istəyirəm. Rəsmi sənədlərdə
şairin adı belə göstərilir: "Nazim Hikmət
Ran." Ran nə deməkdir? Nazim Hikmətdən Moskvada olarkən
bunu soruşdum. O belə dedi: "Bir zamanlar Türkiyədə
soyad məsələsi meydana çıxdı.O vaxt
qırmızı rəng solçuluq, kommunistlik deməkdi. Mən
də "Nar" kəlməsini seçdim. Amma tərsinə
yazdım: "Ran". Dedim mən bu sözü özümə
soyad götürürəm. O vaxtdan soyadım "Ran"
oldu."
Sonradan mən bununla əlaqədar bir
çox mənbələri araşdırdım. Mənbələr
bunu bir ehtimal kimi verirlər.
Nazimin 100 illiyinə dünyanın müxtəlif
yerlərindən dəvətlilər vardı və isimlər
mətbuatda verilmişdi. "Hürriyyət" qəzeti 8
fevral 2002-ci il tarixli nömrəsində yazırdı:
"Beynəlxalq Nazim Hikmət Simpoziumuna qatılacaq isimlər
belədir: Erik Stinus, Nedim Gursel, Richard Mckane, Monica Carbe, John
Berger, Cevat Capan, Ataol Behramoğlu, Maya Pinhas Cohen, Özdemir
İnce, Titos Patrikios, Erdal Alova, Oğuz Makal, Margarita Malayeva,
Zehra İpşiroğlu, Antonina Sverçevskaya, Ayşegül
Yüksel, Konur Ertop, Doğan Hızlan, Atilla Coşkun, Anar Rzayev,
Aqşin Babayev, Turqay Fişekçi, Svetlana Uturgauri, Cengiz
Aytmatov, Timur Muhittin, Feridun Andaç, Necati Sönmez.
Nazim Hikmət Vəqfi 2002-ci ildə, il
boyunca Nazim Hikməti bütün yönləriylə ələ
alan tədbirləri həyata keçirəcək. Vəqfin mədəniyyət
mərkəzlərində keçiriləcək anma mərasimlərindən
başqa, Nazim Hikmətin fotoları, afişaları, sərgiləri
təşkil ediləcək, Nazim Hikmət filmlərindən
nümunələr göstəriləcəkdir."
Nazimin vətəndaşlığının
qaytarılmasında və 100 illiyinin qeyd olunmasında Azərbaycan
Yazıçılar Birliyinin xidmətini Türkiyənin ədəbi
ictimaiyyəti rəğbətlə qarşıladı.
Şairin 100 illiyi ilə əlaqədar təşkil
olunmuş komissiyanın üzvlərindən biri olduğum
üçün görülən işlərə daha
yaxından bələd idim. Anarın "Ədəbiyyat qəzeti"ndə
çap olunmuş Türkiyə Cumhuriyyətinin Baş
bakanı Rəcəb Tayib Ədroğana müraciəti və
onun "Zəfərin mübarək, Nazim" məqaləsi
sözsüz ki, hamının yadındadır. Anar həmin məqaləni
bu sözlərlə bitirmişdi: "İnanıram ki,
haçansa şairin dalğa olub
çırpıldığı Qadıköy iskələsinin
ətrafında mərmər, qranit, ya tunc Nazim Hikmət,
heyranı olduğu və son saatınacan sitəmini, özləmini
çəkdiyi şəhərin - "çinarlı,
qübbəli, mavi limanın" əbədi seyrinə
dalacaq. Bu da Nazimin daha bir qələbəsi olacaq."
Anarın "Kərəm kimi"
kitabının Türkiyədə nəşri və bununla əlaqədar
Ankarada və Amsterdamda keçirilən təqdimat mərasimləri
də Nazimin olduğu kimi tanıdılmasında böyük
rol oynadı. Bu mərasimlər Hollandiya, Almaniya və
Makedoniya mətbuatında işıqlandırıldı.
"Hürriyyət" qəzeti yazırdı: "Nazim Hikmətin
"Günəşi içənlərin
türküsü" adlı kitabı 1928-ci ildə
Bakıda nəşr olunduğu kimi, Anarın bizim bilmədiyimiz
Nazim Hikməti anladan kitabı da ilk dəfə Ankarada
basıldı."
Nazimin 2002-ci ildə 100 illiyinin Yunesko xəttilə
qeyd olunmasından sonrakı illərdə Türkiyədən
şairin sevilməsinə dair xoş xəbər gəlməyə
başladı. Bu xəbərlərdən biri beləydi:
"Uzun müddət Moskvada yaşaması Nazim Hikmətin
"kommunist düşüncəli şair" olduğu barədə
yalanlara rəvac verib. Artıq yavaş-yavaş bu yalanlar
sıradan çıxır. Türkiyənin Təhsil Nazirliyi
yeni tədris ilində Nazim Hikmətin həyat və
yaradıcılığının öyrədilməsi
üçün ayrılan dərs saatını
artırıb... Bu isə Nazimə öz vətənində
sevginin günbəgün artdığını söyləməyə
əsas verir."
Nazim Hikmət haqqında Əziz Nesinin belə
bir sözü var: "Nazim Hikmət dünyanı dolaşan
bir Türkiyə şarkısıdır." Necə də sərrast
deyilib. Ayrı-ayrı mətbu orqanlarda müxtəlif illərdə
çap edilmiş aşağıdakı sözlər Əziz
Nesinin fikrini təsdiq edir:
"...Fransanın Lion şəhərində
Serge Panthein səhnəyə qoyduğu "Böyük bir
ürək" Nazim Hikmətin şeirlərindən və
"Kamal Tahirə məktublardan" yaradılan bir teatr
janrı idi" ("Cumhuriyyət" qəzeti, 2 mart 1974).
"...Sizə Nazim Hikmətin şairlər
üzərindəki təsirindən söz
açacağam...Parisə hər gəlişində
görüşürdük... Sizə N.Hikmətdən
danışa bilərəm; çünki hər kəs
üçün olduğu kimi, mənim üçün də
onda son dərəcə örnək bir şey vardır.
Başqa sahələrdə bu nümunə (model)
anlayışı ilə razılaşa bilmirəm, amma N.Hikmət,
şair adı verilə biləcək hadisənin, yeniliyin
nümunəsidir" (Jan Marçenac. "Militan" jurnalı,
1976, N16).
"Ünlü türk şairi Nazim Hikmətin
4 cildlik "İnsan mənzərələri" farscaya tərcümə
olunub. İrac Nobehtin çevirməsilə "Dünyaya
No" nəşriyyatı tərəfindən İranda
yayımlanan əsərin ilk çapının tirajı 12
min olub. Məlumat üçün qeyd edək ki, Nobeht ilk dəfə
Nazim Hikmətin "Günəşi içənlərin
türküsü", ardınca isə "Qan
konuşmaz" romanını fars dilinə tərcümə
edib. Onun sözlərinə görə N.Hikmət farsdilli
oxucular tərəfindən maraqla qarşılanır və bu
onu çox sevindirir. ("Ədalət" qəzeti, 25
sentyabr 2004-cü il).
"Böyük türk şairi Nazim Hikmət
Ran dünən və bu gün Fransanın
Qrasse şəhərində düzənlənən
"İlk bahar şairlər festifalı"nda yad olunub.
Parisdə yaşayan türk şairi Əlif Su Alkan və yunan
şairi Dmitris Kraniotis Nazimin şeirlərini fransızca
oxuyublar. Tədbirdə fransız ədəbiyyatçıları
da iştirak ediblər ("Ekspress" qəzeti, 16 mart
2004-cü il).
Bu misalların sayını istənilən
qədər artırmaq olar. Şairin əsərləri hələ
sağlığında bir çox dünya dillərinə
çevrilmişdi. Amma...Türkiyə türkcəsindən
başqa... Pyesləri bir sıra dünya teatr səhnələrində
göstərilmişdi. Türkiyə teatrlarından başqa.
Amma nə yaxşı ki, bu gün belə deyil. Nazimin pyesləri
bu gün Türkiyənin teatr səhnələrini bəzəyir.
Hətta "Nazim Hikmətin teatrosu" adlı bir tədqiqat
əsəri də Türkiyədə işıq üzü görüb.
Bir baxıma Nazim elə bizim öz
şairimizdir. Ilk kitabı da Türkiyədə yox, Bakıda
çıxıb. Əlbəttə, biz inkar etmirik ki, Nazim
bütün türk dünyasının sənətkarıdır.
Amma mənə elə gəlir ki, biz Nazim Hikməti daha
çox istəyirik. Almaniyadan Orxan Aras yazırdı:
"...Nazim Hikmətin Azərbaycanda çox böyük
hörməti var. Şəxsiyyəti və şeirləri
çox sevilir."
Nazim Hikmətin Azərbaycan poeziyasında
izi qaldı. O, təkcə poeziyamızın sərbəst
şeir formasında yox, teatr və kino sənətimizdə də
iz qoydu. Onun "Kəllə", "Türkiyədə",
"Qəribə adam", "Şöhrət və ya
unudulan adam", "Demoklisin qılıncı" pyesləri
Azərbaycanda uğurla tamaşaya qoyuldu. Əsərləri əsasında
filmlər çəkildi.
Nazim Hikmət haqqında tədqiqat işləri
Türkiyədə, Azərbaycanda və dünyanın bir
çox başqa ölkələrində davam edir. Bu tədqiqatlardan
biri nazimşünas Aslan Kavlakın "Nazim Hikmətin Azərbaycanda
izləri" adlanır. Bu haqda "Ədəbiyyat qəzeti"ndə
bir yazı çap etdirdikdən sonra Türkiyədən məktub
aldım. Aslan Kavlak yazırdı: "Ədəbiyyat qəzeti"ndə
çıxan yazınızı oxudum, sonsuz dərəcədə
sevindim. Çox təşəkkür edirəm. Kitabı
oxuduqdan sonra qeydlərinizi gözləyirəm. Kitabda
yanlışlıqlar, nöqsanlar, düzəldilməsi gərəkən
yerlər varsa, bildirməyinizi rica edirəm. Umarım Nazim Hikmət
haqqında yeni çalışmalarınız vardır."
Aslan Kavlaka məktub yazdım və dedim
ki, "Nazim Hikmətin qalaktikası" adlı bir kitab
hazırlamışam. Həmin kitaba Aslan bəyin əsərinə
həsr etdiyim məqaləmi də daxil etmişəm.
Nazim haqqında Moskvada yaşayan həmyerlimiz
Tofiq Məlikli də şairin poeziyası haqqında çox
dəyərli bir kitab yazıb rus oxucularına təqdim
etmişdir. Nazim Hikmətlə bağlı bir sıra əsərlər
qələmə almış tədqiqatçı-alim Rəşid
Quliyev də son illərdə yeni tədqiqat işi ilə
oxucularını sevindirmişdir.
Türkiyənin Çağaloğlu nəşriyyatı
isə alman tədqiqatçısı Ditrix Qronaunun "Nazim
Hikmət" adlı kitabını türkcə çap
edib. Bu alman aliminin həmin nəşriyyat tərəfindən
buraxılmış ikinci kitabıdır. Birinci kitabı
"Mustafa Kamal Atatürk və cumhuriyyətin
doğuşu" adlanırdı. Hər iki kitab oxucular tərəfindən
böyük rəğbətlə qarşılanıb. Əsərin
"Torpaq, günəş və mən", "Köklər",
"Mənlik iddiası", "Həbsxanada azadlıq",
"Öldürücü boşluq" və s.
bölümlərində Nazimin 61 illik ömrü,
enişli-yoxuşlu həyat yolları, dönməz
mübarizliyi, həbsxana həyatı, sonuncu dəfə
Moksvaya gəlişindəki xəyal
qırıqlığı, şairin qəfil
ölümü, bir sözlə, bütün həyatı əks
olunmuşdur. Kitabda Nazim Hikmətə böyük heyranlıq
duyulur. Müəllif sənətkarın Almaniyanın teatr səhnələrində
nümayiş etdirilən dram əsərlərindən də
söz açır və bu pyeslərlə bağlı alman
mətbuatında çap olunmuş yazılara öz
münasibətini bildirir. Kitabın ən maraqlı
bölümlərindən biri şairin ömrünün son
illərini əhatə edən "Öldürücü
böşluq" hissəsidir. Həmin hissədə müəllif
N.Hikmətin Moskva həyatının son 13 ilində çəkdiyi
iztirabları əks etdirmişdir.
Dünyanın bir sıra ölkələrində
Nazim Hikmət yaradıcılığı təkcə
filoloji cəhətdən deyil, sənətşünaslıq,
fəlsəfi, tarixi baxımdan da tədqiq edilir,
araşdırılır. Beləliklə, Nazim dünyanı gəzir.
Ürəklərdə əbədiləşir. Zəkəriyyə
Sərtəlin sözlərilə desək: "Ulu Ustad, biz səni
Anadolu torpağına gömə bilmədiksə, qəlbimizə
gömdük. Orada əbədilik yaşayacaqsan."
2012-ci ilin yanvarında Nazim Hikmətin 110
yaşı tamam olur. Şübhə etmirik ki, bu tarixi gün
Türkiyədə, Azərbaycanda, İranda, Rusiyada, Fransada,
İtaliyada və dünyanın başqa ölkələrində
də qeyd olunacaq, Nazim səsi, Nazim nəfəsi bütün
yer üzünü dolaşacaqdır.
Aqşin Babayev
Ədəbiyyat qəzeti.-
2011.- 8 aprel.- S.2, 3.