"Mən öləndə ağlamayın…"
"Sağlığımda həm ağlamışam,
həm də gülmüşəm" - deyirdi ustad xalq
şairimiz Rəsul Rza. Kimsəyə yük olmağı
qıymadığından "Mən xoşbəxt olardım
tabutumu özüm apara bilsəydim" yazırdı.
Özü cismən aramızdan getdi,
ürəklərdə isə yeri, dillərdə sözü
qaldı.
Aprelin 1-də dünyanın yalan,
gülüş günündə əbədiyyətə
qovuşan ustadın Fəxri xiyabandakı məzarı
başına gəlib, xatirəsini böyük duyğularla
yad edən tanınmış qələm adamları, ailə
üzvləri R.Rzanın bənzərsiz şəxsiyyəti və
poeziyasından söz açdılar.
Tədbirin aparıcısı xalq
şairi, AYB-nin birinci katibi Fikrət Qoca anım mərasimində
dedi: "Düz otuz ildir ki, böyük şairimiz Rəsul
Rza aramızda yoxdu. Ancaq onun poeziyası düz otuz ildir ki,
yaşayır, döyüşür, gündəlik həyatımızda,
düşüncəmizdə yaşayır. O, bütöv bir
şeir, poeziya ölkəsi, gülşəni idi. Yenə də
sevərək bu gülşənə üz tuturuq".
Şair-publisist Azər Abdulla
vurğuladı ki, poeziyanı bir Aya bənzətsək, Rəsul
Rza o Ayın haləsi kimi idi: "Onun poeziyası zehinlərdə
yaşanan qorxunu götürdü, ədəbiyyatımıza
yeni dəst-xətt, yeni hava gətirdi."
Tanınmış şair Ramiq Muxtar
ustadla bağlı xatirələrini danışdı,
"Peşəkar yaltaq" şeirini oxudu, filologiya üzrə
fəlsəfə doktoru Əminə Tuncay R.Rzadan parlaq şəxsiyyət
kimi söz açdı, onun xalqına namusla xidmət etdiyini,
Ensiklopediyadakı fədakar fəaliyyətindən
danışdı.
Tanınmış şair Yusif Həsənbəy dedi: "Mən şair cəsarətini çox
sevirəm. Bu cəsarət Rəsul Rza şəxsiyyətinin əsas cəhəti idi. Rəsul müəllim
insanları dost-sirdaş görmək
istəyirdi və poeziyanın dili ilə bu
istiqamətdə ürəyindən keçənləri
dönə-dönə yazıb əmanət qoydu…"
Şair Fərqanə ustada həsr etdiyi şeirini
oxudu, R.Rzadan bütün dövrlərin
ustad sənətkarı kimi
söz açdı.
Sonda böyük sənətkarın oğlu,
xalq yazıçısı, AYB-nin sədri ailələri adından Rəsulsevərlərə
təşəkkürünü bildirdi:
"O ağır, məsum gündən otuz
il keçir. Rəsul
Rzanın vəfatı bizə ağır zərbə oldu. Təsəllimiz sizlərsiniz.
Çıxışlarınızda, kitablarınızda, radio, televiziya verilişlərində haqqında sevərək
söz açıbsınız, bizə təsəlli
olubsunuz. Çox sağ olun…"
Sərvaz
Ədəbiyyat
qəzeti.- 2011.- 8 aprel.- S.3.