Xatirələr dil
açanda...
Həyatdan
vaxtsız getsə də çağdaş Azərbaycan
poeziyasında dərin iz qoymuş, yeni bir mərhələyə
yol açmış istedadlı şair Əli Kərim
haqqında onun həyat yoldaşı Elza xanım “Nə
xoşbəxt imişəm” kitabında unudulmaz duyğularla
söz açır. Həmin kitabdan bir parçanı
oxuculara təqdim edirik.
...50-ci illərdə Yazıçılar İttifaqının
təşkil etdiyi gənclər poeziyası günlərində Əli
də şeirlərini
oxumuş və şeirləri bəyənilmişdir.
Növbəti tədris ilində Əli bir neçə yaradıcı
gənclə birlikdə Yazıçılar
İttifaqının xətti ilə Moskvaya,
Ədəbiyyat İnstitutuna
təhsil almaq üçün
yollanır. Təhsil rus dilində
olduğu üçün
gənclər bir kurs aşağıda oxumalı olurlar. Dostları danışırdı
ki, Əli ən tələbkar müəllimlərdən
də əla qiymət alardı. Bu münasibətlə yığışıb
ona qonaqlıq da verərmişlər. Əli mənə demişdi ki, Moskvada insitutda oxuyarkən,
bir gün tələbələrin böyük
türk şairi Nazim Hkmətlə görüşü
keçirilir. Əli də şairə şeir həsr edir. Şeri şagird dəftəri vərəqəsinə,
o zamanlar çox işlənən kimyəvi karandaşla yazıbmış. Növbə Əliyə
çatanda şeri oxuyur. Böyük Nazim şeri bəyənir
və onu Əlidən
alır. Əli də yeganə nüsxəni şairə verir. Hələ də həmin şeirdən xəbərimiz yoxdur. Yəqin ki, Nazim Hikmətin
arxivindədir. Bəlkə də. Bir dəfə Əliyə dedim ki, şeir
yadındadırsa kağıza köçür,
oxuyum. Çox
maraqlanırdım, oxumaq istəyirdim. Əli
mənə dedi ki, şeir yadımda yaxşı qalmayıb.
Yazası olsam, başqa
şeir alınacaq, əvvəlki olmayacaq. Əvvəlki şerim yaxşı idi. Nazim Hikmətin xoşuna gəlmişdisə, Əli bəyənmişdisə,
o şeri tapmaq məncə, çox
yaxşı olardı.
...Əli Moskvada institutun son kursunda
oxuyurmuş. May ayı imiş. Dövlət imtahanları
verirmiş. O günlərdə atası Göyçayda sətəlcəm
xəstəliyindən yatırmış. Vəziyyəti pisləşincə
sayaqlayaraq oğlunun adını çəkirmiş. Sonra da
özünə gələndə deyirmiş ki, mane olmayaq, qoy
imtahanlarını versin. Bacısı özü qərara
alır ki, Moskvaya teleqram göndərsin, Əlini
Göyçaya çağırsın. O, teleqramı göndərir
də. Moskvada teleqramı şair Cabir Novruza verirlər ki, Əliyə
çatdırsın. Teleqramı oxuyan Cabir voleybol meydançasına
yollanır, Əli orada voleybol oynayırmış. Əlini
bir-iki dəfə səsləsə də, Əli deyir ki, gələrəm.
Cabir də qərara alır ki, imtahanlarını
qurtarmasına az qalıb, qoy Əliyə hələ bir
söz deməyim. Tezliklə dövlət imtahanları da
qurtarır. Dostlarından biri, səhv etmirəmsə, şair
Hüseyn Arif Əliyə təklif edir ki, gəl təyyarəyə
bilet alaq, mən də səninlə sizə, Göyçaya
qonaq gedəcəyəm. Və birlikdə Göyçaya gəlirlər.
Yalnız evə çatanda Əli atasının rəhmətə
getdiyini başa düşür. Təbii ki, atasını
qeyri-adi məhəbbətlə sevən oğlu
üçün ağır itki idi. Ömrü boyu bu
yanğını Əli qəlbində daşıdı.
…Moskvada Tələbə və Gənclərin
6-cı Beynəlxalq festivalında Əlinin "İlk
simfoniya" poeması 2-ci mükafat almışdı.
Bütün mətbuat gənc şairdən
danışırdı. Özü də orta boylu,
yaraşıqlı idi. O dövrdə dəbdə olan Hind
filmindəki Rac Kapura oxşayırdı. Bir gün atamın
tanışı şair İlyas Tapdıq bizə gəldi,
radiodan sifariş edilmiş bir biologiya mövzulu mətni tərcümə
etmək üçün məndən köməklik istədi.
Tərcümə prosesində bir sözün tərcüməsini
bilmədim. İlyas müəllim təklif etdi ki, qoy bir
dostuma zəng edim soruşum. Zəng etdi, xəttin o
başındakı adam da bilmədi, çünki bioloji termin
idi. Sözü dostuna aydın demək üçün
İlyas telefonu mənə verdi. O adam mənə söylədi
ki, telefon nömrəsini verin, sözün tərcüməsini
öyrənib deyərəm. O adam Əli imiş. Əli
bilirdi ki, bizə zəng edir. Və bizim
tanışlığımız başladı. Başladı
bizə arabir zəng etməyə, vaxt keçdikcə
gördüm ki, Əli ağıllı, təvazökar, tərbiyəli
bir insandır.
...Əlinin 38 illik ömründə bir
iş yeri, bir vəzifəsi olmuşdur. "Azərbaycan"
jurnalında ədəbi işçi. Bir neçə il ərzində
işlədiyi şöbədə müdiri şair
Böyükağa Qasımzadə olmuşdur. Əli mənə
onun haqqında söhbətlər edərdi. Aralarında isti
böyük-kiçik münasibətləri var idi.
Böyükağa müəllim qəfil dünyasını dəyişəndən
sonra Əli özünə gəlmirdi. Hətta mənə
dedi ki, bir nəfər zəng etmişdi ki, mən
Böyükağa müəllimin qohumuyam, uzaqdan gəlmişəm.
Əli ona bir söz deyə bilməmişdi, demişdi ki,
Böyükağa müəllim isə gəlməyibdir.
Əlini tanıyanlar təsdiq edər ki,
son dərəcədə təvazökar insan kimi onda nə
paxıllıq, nə də qısqanclıq hissi olmuşdur.
...Əli özü kasıb ailədə
böyümüşdü. O illərdə uşaq
oyuncaqları o qədər də bol olmazdı. Mənim
yadımdadır ki, müharibə illərində düymədən,
ağac parçasından, kətan parçadan özümüzə
gəlincik düzəldərdik. Əli qonorar alan kimi
balalarının yaşlarına uyğun, əksər vaxtda da
bahalı oyuncaqlar alardı. Bir dəfə uşaqların
ikisinə də ayrı-ayrılıqda velosiped və minib
sürmələri üçün iri maşın aldı. Mən
də hirsləndim ki, Əli, hərəsindən birini
alsaydın nə olardı ki? Bir belə pul verirsən,
saxlamağa yer də yoxdur. Əli astaca mənə söylədi
ki, mən oyuncaq görmədim, qoy balalarım gözləri
doyunca görsünlər.
Ədəbiyyat qəzeti.- 2011.-
8 aprel.- S.5.