2011 - Qabdulla Tukay ili
Tukay fenomeni
Türk Dünyasının daha
böyük coğrafiyası Ural-Sibir regionunda yerləşsə
də, zahirən bu region Bakıdan uzaq görünsə də,
islam mədəniyyəti, o cümlədən ümumtürk
mədəniyyəti və ədəbiyyatının tərkib
hissələrindən biri olaraq, hər zaman bu region Azərbaycana,
Azərbaycan ictimai fikrinə, mənəvi iqliminə yaxın
olmuşdur. Lakin Kazan tatarlarının və Krımın digər
türk boylarına nisbətən Azərbaycana
yaxınlığı yalnız dil eyniliyi baxımından bir
az daha doğmalığı ilə fərqlənir. Dil, tarix,
ədəbi düşüncə, din və etnoqrafik
ümumilik tatar xalqı ilə Azərbaycan xalqını
qanıbir, dilibir, dinibir qardaş olduqlarını tarix
müstəvisinə çıxartmış və onların
bu oxşarlığı milli taleyi də bənzər
etmiş, onlar birlikdə bir çox tarixi-ictimai təbəddülatlardan
keçmiş, etnik zəmində hərbi-siyasi sınağa
məruz qalmışlar. Biri Uralda, digəri Qafqazda yaşayan
bu xalqların həyatına təhlükə soyuq şimal-qərbdən
gəlmişdir. Heç bir zaman cini şeytandan
ayırmağı bacarmayan çar və onun ətrafı hər
zaman "güc var, ağıl lazım deyil" prinsipinə
üstünlük verərək Qafqazda kolonial siyasət
uyğulayarkən Azərbaycan xalqını məhz bu
yaxınlıq və doğmalığa görə uzun
müddət tatar adlandırmışlar.
Tatar xalqının çar Rusiyası tərəfindən
yaşadığı sosial-siyasi və hərbi-tarixi əsarət
taleyini zaman fərqi ilə Azərbaycan xalqı da 1828-ci ildə
çar Rusiyasına zor, təzyiq və hiyləgərliklə
ilhaq edildikdən sonra 1920-ci ilədək bir mərhələdə,
daha sonra, - əslində, velikorus şovinizminin tam
uzantısı olan kommunist rejimi altında isə 1991-ci ilədək
ikinci mərhələni yaşamaq məcburiyyətində
qaldı. Çox şükürlər olsun ki, bu gün
şimali Azərbaycan müstəqil dövlətdir. Tatar
xalqının da müstəqillik günü çox uzaqda
deyildir. Təəssüf ki, tatar xalqı 450 ildir ki,
milli-siyasi müstəqilliyini itirmiş vəziyyətdədir.
Minilliklər boyu azad və müstəqil yaşamağa
alışmış böyük bir xalq bu gün belə
başqa bir formada - yarımmüstəqil durumda
yaşayışını sürdürməkdədir. Əlbəttə,
öz xalqının siyasi tarixini yaxşı bilən Qabdulla
Tukay və o zehində olan digər Turan zəkalı tatar
ziyalıları bu əsarətin ağrısını hər
zaman yaşamışlar və yaşamaqda davam edirlər.
Yaxşı ki, bu gün siyasi-demokratik təfəkkür
sahibi olan bir çox tatar ziyalıları müstəqillik
arzularını qəlbinin ən isti və mübhəm yerində
bəsləyir və siyasi müstəqillik əldə edəcəkləri
günə qədər onu ali bir həyat eşqi, həyat məramı
kimi qoruyub saxlamaqdadırlar.
Qardaş tatar xalqından fərqli olaraq,
Azərbaycanın parçalanması və çarizmin
koloniyasına çevrilməsi birbaşa ermənilər tərəfindən
şirnikləndirilmiş çar və çar generalları
tərəfindən həyata keçirilmişdi. Çox təəssüf
ki, qardaş tatar xalqı sovetlərin iflasından sonra da
tarixi vətənində yaşasa belə, o gözəl tarixi
vətənin müstəqil sahibi deyillər. Amma Turan zəkalı
söz-sənət kişilərinin ağlında, yaddaşında
və düşüncəsində müstəqillik arzusu,
istiqlal istəyi hər zaman yaşayır, onları içəridən
sevgili milli-azadlıq hisslərinə çəkir, nəinki
çəkir, hətta çağırır və təhrik
edir.
Beləliklə, Çingizxan dönəmində
Ədəbiyyatşünas İbrahim
Nurullin yazırdı ki, dünya poeziyasında bu qədər
faciəvi həyatı və taleyi olan, ana və ata tərəfdən
bəxti gətirməyən şairə az rast gəlmək
olar. "Bəxti gətirməyən" ifadəsinin iti
bucağı altından baxanda Azərbaycan poeziyasında
şamaxılı Məhəmməd Hadini və gəncəli
Mirzə Şəfi Vazehi müqayisə üçün
xatırlamağa dəyər.
Qabdulla Molla Mühəmmədarif oğlu
Tukayev özü yazdığı avtobioqrafik oçerkdə
anadan olduğu ili və günü belə qeyd etmişdir:
"Mən atamın ikinci arvadı Mamdudədən 14 aprel
1886-ci ildə doğulmuşam" (köhnə stillə).
İbrahim Nurullin nahaq yazmırdı ki, "Qabdulla Tukay taleyi
faciələrlə dolu bir həyat
yaşamışdır". Balaca Qabdulla doğulandan 5 ay
sonra atası Mühəmmədarif vəfat edir. Ondan bir
neçə ay sonra anası Məmdudə başqa bir kəndə,
həmən kəndin mollasına ərə gedir və
kiçik Qabdullanı müvəqqəti olaraq Şərifə
adlı bir xəstə və qoca qarıya baxmağa verir.
Sonra bu qoca qadın da ölür və doğma anası
kiçik Qabdullanı öz yanına gətizdirir. Doğma
anasının isti qucağında isinməyə və nəvazişdən
qızınmağa macal tapmayan Qabdullanın anası təxminən
Qabdullanın 4 və ya 5 yaşı olanda xəstəlikdən
tezliklə rəhmətə gedir. Beləliklə, ata tərəfdən
heç bir qohumu olmayan Qabdulla gah təsadüfi adamların
evində, gah da ana tərəfdən tanışlar və
qohumların və ya heç tanımadığı yad
insanların evində yarıac, yarıtox, demək olar ki,
ayaqyalın - başıaçıq yetimlik həyatı
yaşayır. Sonra o öz şeirlərində həyatının
acı anlarını təsvir edəcək və ədəbi-bədii
dilin imkanları daxilində oxucuya öz kədərli həyatından
"danışacaqdı". Qabdullanın bəxti həm də
onda gətirmir ki, evində yaşadığı bu adamlar
çox kasıb, fağır, imkansız idi. Ancaq nə
yaxşı ki, bu uşağın düşdüyü
bütün ailələr, uşağı istisnasız olaraq,
həmən molla yanına göndərirdilər. O mollalar isə
eşidib-öyrənəndə ki, bu uşaq
Kuşlavıç kəndinin mollası Mühəmmədarif
Tukayevin oğludur, onunla o biri uşaqlara nisbətən bir az
yumşaq rəftar edir, həmçinin onunla ciddi məşğul
olurdular. Çox pərişan, dağınıq, pərakəndə
həyat keçirən Qabdulla dərslərinə ciddi
hazırlaşması ilə, səy göstərməsi ilə
ona dərs verən mollaların diqqətini çəkir, hətta
bəzilərinin rəğbətini də qazana bilirdi. Yəqin
qazandığı insani rəğbət hissləri,
Qabdullanın ilk qazancı idi. Sonralar ehtiyac və səfalət
içində yaşadığı uşaqlıq illərini
yaxşı xatırlayan Qabdulla Tukay yazırdı:
"Ögey nənənin evində məndən başqa 6
uşaq daha var idi. Bu ailədə mən o qədər yad,
kimsəsiz idim ki, hətta mən hərdən ağlayanda mənə
heç kim təskinlik vermir, nəvaziş göstərmir,
sakitləşdirmirdi, hətta acından ağlayanda belə mənə
yemək-içmək vermirdilər. Mənə yemək verəndə
isə məni ya dürtmələyir, çimdikləyir ya da
itələyirdilər.
Bu ailədə kasıblıq və
fağırlığ o həddə çatmışdı
ki, babanın qonşu varlı kənddən necə
çörək gətirdiyini bu saat belə
xatırlayıram. Hərdən xəstələnirdim. Bir dəfə
də suçiçəyi xəstəliyinə
tutulmuşdum. O xəstəliklərin fəsadları indiyəcən
məndə özünü göstərməkdədir. Bu ailədə
hamı - yalnız bu evin qızı Səcidədən
başqa, hamı mənim xəstəliyimlə əlaqədar
deyirdi: "Gəbərəcək, bir boğaz da az
olacaq".
Müxtəlif evlərdə və kəndlərdə
ögey, kimsəsiz uşaq yaşamı sürdürən
Qabdulla oçerkin başqa bir parçasında belə
yazıb: "...Arabaçı Kazana çatıb (bizim kəndimiz
Kazanın altmış verstliyində yerləşirdi) Saman
bazarında gəzə-gəzə, bağıraraq deyirdi:
"Kim tərbiyə etməyə uşaq istəyir? Kimə
uşaq lazımdı?" Bir dəstə adamın
arasından bir kişi çıxıb məni
arabaçıdan aldı. O, məni qeyri-müəyyən
müddətə tərbiyə etməyə aldı və
öz evinə gətirdi".
Avtobioqrafik oçerkin başqa bir səhifəsindən
"qanlı" bir parçaya diqqətinizi çəkmək
istəyirəm, yəqin bu palçıqlı və
toz-torpaqlı səhnə də Qabdullanın çəkdiyi
iztirabların acı gerçəklərinin bir anını
açacaqdır: "...Bu dəfə çöldən
kartof yığmağa yeni babam və onun qızı
çolaq Səcidə ilə (oxucum lütfən
qarışdırma - bu Səcidə, o Səcidə deyil) mən
getməli oldum. Onlar kartofu torpaqdan bellə çevirəcəkdi,
mən də onu kisəyə yığacaqdım. Mən
işimin öhdəsindən pis gəlmirdim. Bu zaman payız
çox soyuq idi. Mən də tamam ayaqyalın idim.
Ayaqlarım soyuqdan üşüməsin deyə
ayağımı torpağa soxurdum. Birdən çolaq Səcidə
apar özü də bilmədən belin ağzını
düz mənim ayağımın üstünə vurdu. Mən
dərhal kənara sıçradım və
ayağımın dərin yarasına ağlaya-ağlaya torpaq
töküb, işimi davam etdirdim. Sonra ayağım donsa da
daha torpağa soxmadım. İndi deyəcəklər:
"Bunu niyə yazıb?" Niyə? Ona görə ki,
çox ağrıdı, indiyə qədər
ayağımda onun çapığı qalmışdır.
Ona görə də yazmaq qərarına gəldim."
Qabdulla Tukayın xatirələrini oxuyarkən
elə kövrək, elə təsirli səhnələrə
rast gəlirsən ki, müəllifin
yaşadığı acı həyat hadisələrinə
onunla birlikdə kövrəlir, bəzən tüklərin
biz-biz olur, istər-istəməz duyğulanırsan. Açığı
ağlamaqdan özünü zorla saxlayırsan.
Onu çox sevən və uca tutan tatar
şairlərindən biri Şərəf Müdərris, ona həsr
etdiyi "Tukay" şeirində belə alovlu misralar
yazmışdır:
Öz vətənində və
dövründə alov içində yanan ey Tukay!
Ay, günəş və azadlıq
eşqi ilə sən nurlanmısan.
Öz şeiri ilə
üfüqlərdən özünə yol açan ey Tukay!
Zülmət qaranlığı
ildırım tək kəsib keçdin sən.
Əzəl, əbəd-ölümsüzlük
açarını alan Tukay!
Öz vətənində və
dövründə alov içində yanan ey Tukay!
(Sətri tərcümə
məqalə müəllifinindir)
Dr. professor,
şair, dramaturq Nurmühəmmet Xisamov genişhəcmli məqaləsində
yazır: "... Tukay tatar poeziyası tarixində özünü möcüzə fenomeni
kimi təqdim etmişdir". O, Tukayın istedadının dərəcəsini,
gücünü dahidir - deyə, dəyər verir, qiymətləndirir.
Qabdulla Tukayın yaradıcılığına geniş planda nəzər
yetirən tədqiqatçı-professor onun şeirlərindəki
fəlsəfi-humanist ideyaların dərinliyini, bədii sənətkarlığın
özünə məxsusluğu və
orijinallığını, onun şeirlərinin məzmununda
yaşayan könül çırpıntılarının bədii
təsir gücünün vüsətini, sözün
gücü ilə əldə etdiyi bədii kəşflərinə
görə onu dahi adlandırır. Qabdulla Tukayı oxuyan, onun
şeirləri ilə həmsöhbət olan hər kəs
N.Xisamovun fikirlərini təsdiq etmiş olacaqdır.
Doğrudan da
burada, bu şeirlərdə daha çox insan amili, insanın bəxt,
tale axtarışları, bir sözlə, bəşəri
ideyalar qabarıq şəkildə, tatar dilinin dadı, duzu,
şirəsilə təsvir edilir, hər bir fikir
üçün orijinal bədii söz-məcazlar
tapılır, bəzən klassik poeziyanın ətrini, həyəcanlı,
döyüntülü, ovqatını yaşadır, oxucuya, bəzən
qəm karvanının sufiyanə saribanı Füzuliyə bənzəyir, bəzən
əqidənin, etibarın, inadkarlığın, kişiliyin
şəhidlik zirvəsinin fatehi Seyyid Əli İmadəddin Nəsimiyə
bənzəyir - bu həqiqətən böyük tatar
şairi, özünü o zirvədə təsdiq edir. Bu
şairin yaradıcılığının ən ümumi
cizgilərinin söz-fikir bucaqlarının təsir
gücünü müəyyən etməyə cəhd edərkən çox
nadır şairlərdə - məsələn, yalnız Mirzə
Ələkbər Sabir səviyyəsindəki zirvədə
duran şairlərin qisməti olan istedad dərəcəsini
özüm üçün kəşf etdim; kəşf
etdiyim nadir poetik dərəcə bundan ibarətdir ki, bu
şairin şeirlərini tatarca və rusca oxuyarkən istifadə
etdiyi təşbehlər, mübaliğələr, istixarələr
sadə tatar dili zəminində necə təsirlidirsə,
başqa dilə, məsələn rus dilinə tərcümədə
də eyni dərəcədə təsirli olur, eyni dərəcədə
könül oxşayır, oxucunun estetik-fəlsəfi
şüuruna qida verir. Bu kimi poetik hal və durum, təsvir
edilən həyat hadisələri heç şübhəsiz,
böyük sənətkar qələmindən çıxan
poetik mətnin bütövlüyündən, kamilliyindən,
onun duyğu və düşüncə sistemində artıq
bərkimiş, poetik düşüncə tipi olaraq dönməz,
yetkin halından irəli gəlir. Şairin bütün
şeirləri, o cümlədən "Millətə",
"Dərd çəkən deyiləmmi", "Hur
qızına", "Dilənçi", "Cüt
at", "Puşkinə", "Payız", "Şurəle",
"Altına qarşı", "Bir tatar şairinin
sözləri", "Ana dilim" və s. şeirlər
poetik kamilliyin yüksək sənət nümunəsidir.
Poetik düşüncə öz tipinə görə
orijinallıqla fərqlənsə də, dərin rişələrlə
ümumtürk kontekstinə müncər olunur. Yəni Kazan ədəbi
mühütinə bağlı bir poetik zəmində
"doğulub" böyüməsinə baxmayaraq, eyni
zamanda, həm Bakı-Şamaxı, həm Təbriz-Ərdəbil,
həm Nəvai-Daşkənd, həm də Konya-İstanbul
şeir məktəblərinin ən ətirli çiçəklərinin
yaz qoxusu, mərifəti, irfani rayihəsi gəlir Tukay
şeirlərindən. A.X.Sadekov " Qəlimcan İbrahimovun
estetik görüşlərində folklor" kitabında qeyd
edir ki, 1910-cu ildə gənc Tukay Qəlimcan İbrahimovun tatar
folkloru mövzusunda yazdığı "Xalq ədəbiyyatı"
məruzəsini "Şərq klubu"nda mühazirə
kimi oxuyurmuş" və beləliklə, Tukay xalqın
doğma folklora münasibətini həm dəyişirmiş,
həm də öz folkloruna məhəbbət təbliğ
edirmiş. A.X.Sadekova Qəlimcan İbrahimovun tatar folkloruna təəssübkeş
münasibətini araşdırıb şərh edərkən
xatırladır ki, Qəlimcan İbrahimov gənc Qabdulla
Tukayı tatar-türk folkloruna münasibətin etalonu kimi dəyərləndirmişdir.
Bununla da Qabdulla
Tukay estetik-poetik sehrin görünməyən maqik tellərilə
o zamankı İslam-Türk mədəni mirasına bir
başa daxil olur, kulturoloji aspektdən o mirasın Kazan guşəsinin
zirvəsinə şeirlə süslənmiş parlaq bir tac
qoymuş olur. Buradan artıq bəşərilik
qapısına yol açmış böyük şair klassik
Azərbaycan, o cümlədən Osmanlı şeir məktəblərinə
məxsus dil, ibarə, ifadə, istilah və təşbehlərdən
yerli-yerində gen-bol istifadə etməsi, onun poetik idrak mənbələrinin
klassik divan ədəbiyyatından, qoşma türlü
türk şeir ənənəsindən qoşa qanad kimi
qidalandığını və bu dövrün ədəbiyyatına
dərindən bələd olduğunu ortaya qoyur. Ümumiyyətlə,
Qabdulla Tukayın poetik idrak mənbələri zənnimizcə,
bunlardır - şifahi tatar ədəbiyyatı və tatar
folkloru; ümumtürk şeir ənənəsi; klassik divan ədəbiyyatı;
rus poeziyası və ictimai fikri; əruz-məsnəvi
üstündə yazılan fars-ərəb ədəbiyyatı;
türk əruzu üstündə yazılan ədəbiyyat;
sufizm və Qərb ədəbiyyatı.
Bu mənada
Qabdulla Tukay öz dövrünün yüksək bilikli,
savadlı, əsl ziyalı bir dahi şairi - bütün
yaradıcılığı ilə bəşəridir,
tarixidir, mərifət əhlinin ən işıqlı şəxsiyyətidir.
Bu mənada həmçinin bütün etik, estetik parametrləri,
ədəbi-bədii motivləri, mövzularının
mündəricəsi ilə Azərbaycan poeziyasının tam
bir qan-ruh qardaşıdır.
Tukayı
oxuduqca, bəzən sənə elə gəlir ki, dünya
poeziyasının bənzərsiz şairi dahi Sabiri oxuyursan. Poetik
ideya, məzmun, forma, motiv, can və ürək
yanğısı, cədid üsuluna şiddətli meyl,
yenilik axtarışları, iliyinə və ruhuna qədər
milli, milləti azad və xoşbəxt görmək arzusu,
poeziya dilinin irfani leksikologiyası, klassik poetik simvollara yeni bəsirətlə
baxmaq kimi sənətkarlıq qabiliyyətləri və s. digər bənzər
sənətkarlıq müstəvisi dahi Sabirlə
böyük paralellik ərz etməkdədir. Əgər
sıraya 1905-1917-ci illər arasında Rusiyada Leninin liderliyi ilə
baş verən rusiyamiqyaslı inqilabi ovqatı əlavə
etsək, gənc Tukayın yetişib
formalaşdığı ictimai-siyasi mühitin ucqar hissəsinin
- Qafqazdakı inqilabi hərəkatın, milli-azadlıq hərəkatının
mərkəzində böyük Sabirin yetişdiyini də nəzərə
alsaq, hər iki şairin siyasi kədərdən və fəzavi
romantik ümiddən gələn ideya-məzmun bənzərliyinin
sirləri daha dərindən anlaşılar. Bu fikirlərin əyani
sübutu kimi və ya digər fikirlərin
reallığına bir əminlik, arxayınlıq gətirmək
üçün məsələn, "Dərd çəkən
deyiləmmi" ("Dərdimənd") şeirindən iki misrasını alaq:
Aşiq cəvabdeh
olurmu, aşiqəm mən,
neyləyim?
Cismi-canımla bərabər,
bir bəlayəm,
neyləyim?
Neyləyim əslim,
əsasım dərdə
etmiş ibtina,
Ta əzəldən
dərdü-şövqə aludəyəm,
neyləyim?
Və ya
"Millətimə" şeirindən iki beyt:
Hər xəyaldan
şirindi, millət xəyalı,
yox başqa hal,
Bu xəyalətdən
gələr, gər gəlsə
məcnuniyyətim.
"Milli"
sözün sevər könlüm,
bilməm, nədən,
Öylə milli
millətəm, bəxşi ilə
məmuniyyətim.
Şair vaxtilə
varlı-karlı bir şəxsin dilənçilik etməsinə
acıyır. Bu şəxs vaxtı ilə ona müraciət
edən hamıya o cümlədən mollalara, ruhanilərə,
başqa ictimai zümrədən insanlara yardım etmiş,
maddi durumlarına köməyini əsirgəməmişdir. Yəni
milli-burjua nümayəndəsi olmuş, maddi yardımlarda
bulunmuşdur. Çar Rusiyasında baş verən siyasi tətillər
nəticəsində iflas etmiş, kəskin bir fağır-dilənçi
vəziyyətinə düşmüşdür. Şair məscid qarşısında
dilənən keçmiş bayın halını ürək
yanğısı ilə təsvir edir. Bayın yanından
şiddətli soyuq havada saymazyana keçən etibarsız
dostlarını və mollanı tənqid edir…
Ümumiyyətlə,
dahi Sabirin ideya-məzmun və mahiyyətcə mündəricə
istiqamətləri dahi tatar şairi ilə üst-üstə
düşsə də, Sabiri Q.Tukaydan acı gülüş,
yumor və şiddətli sarkazm fərqləndirir. Tukay sosial həyata,
cəmiyyət və millətinin dərdinə ciddi inqilabi
planda baxıb, etiraz edirsə, Sabir bütün bunlara islahedici
təsirin başqa formasında - bir gözü ilə
ağlayaraq, digər gözü ilə gülərək
etiraz edir. Başqa sözlə, Sabir sosial-tarixi gerçəklik
üzərindən yumor pərdəsini çəkib, cəmiyyətdə
və cəmiyyəti idarə edən patriarxal şüurda
kök salan cahilanə faciəni qanlı göz yaşları
ilə bədii güzgüdə göstərir. Tukay isə
yumor pərdəsindən istifadə etmir. Ancaq o da Volqaboyu və
Tatarıstanda - qədim Bulqar torpağında yaşayan o
vaxtkı tatar xalqının faciəsini birbaşa qafiyə ilə
sülənmiş çərçivədən göstərir.
Bu bədii-üslubi çalarda böyük başqırd
şairi Miftahəddin Akmullanı (1831-1895) da zikr etməyə
dəyər.
Dahi Füzulinin bir çox şeirlərini
oxuyarkən və ya musiqinin müşayiəti ilə dinləyərkən
kövrək hisslər yaşayır, şairin lirik qəhrəmanının
taleyinə acıyırıq - maraqlıdır, 400-500 il bundan
əqdəm yazılmış şeir bizi niyə
ağladır?! Bəlkə heç bunlar şeir deyil - maqik
duadır, bəlkə kahin, şaman duasıdır - onu ya
oxuyarkən, ya dinləyərkən bizim qəlbimizə
üfürülür, ruhumuza əlavə enerji verir, sanki
içimizdəki odumuzu, alovumuzu artırır, istinin təbiəti
isə belədir - qədərindən artıq olanada ya qarsır, ya
yandırır. İnsan içindən göz yaşları
ilə əriyir, bəlkə də özünü əridir.
Tukay şeirləri üçün səciyyəvi olan cəhətlərdən
biri də budur - həyəcanlandırır, kövrəldir,
yandırır, düşündürür. Ədəbi-bədii
istedadın Tukay modeli, istedad tipi olaraq görünməyən
enerji telləri ilə
insanın ən tərpənməz duyğularını belə
sazın simi kimi titrədir, ehtizaza gətirir, insanı
özündən daha çox özgəsinin halına
yandırır, özgəsi haqda düşündürür
- bununla da oxucu
bütünlüklə Tukay şeirinin estetik-fəlsəfi mayasına
daxıl olur, xilaskarlıq hisslərini və gözəllik
anlayışını şəxsi həyat fəlsəfəsi
kimi dərk edir. Burada insan mütləq katarsisdən
keçir, mənən təmizlənir, gözəlləşir,
dünya və bəşəriyyətə daha çox
cavabdehlik hissləri ilə yanaşmaq istəyir. Dünyadakı haqsızlıq, ədalətsizlik,
nahaq tökülən qanlar üçün insan günahkar
olduğunu dərk edir, daha çox hər kəsdən əvvəl
özünün məsuliyyət
daşıdığını idrak edir, sorunlu olduğunun fərqinə
varır. Əgər bunlar doğrudan da belədirsə, demək
şair öz məqsədinə çatmış olur. Tukay şeirinin fenomenal gücünün belə tərəfi də
vardır. 1902-ci ildən yaradıcılığa başlayan
şair hansı mövzuda yazırsa-yazsın, o mövzuya
xüsusi məhəbbət, vüsət və daxili
ehtiyacı əhatə edən, onu içəridən səfərbərliyə
alan bir mərifətlə yanaşırdı. O öz
yaradıcılığı ilə tatar poeziyasında inqilabi
vətəndaşlıq lirikasının əsasını
qoymuşdur. Yaradıcılığının əsas qayəsi
azadlıq duyğu və düşüncələrini tərənnüm
etməkdən ibarətdir.
Əli KƏRİMBƏYLİ
Ədəbiyyat
qəzeti.- 2011.- 15 aprel.- S.1, 2.