"Molla Nəsrəddin" – 105
Mollanəsrəddinçi
rəssamlar ədəbiyyat muzeyinin fondunda və
ekspozisiyasında
Naxçıvanda böyük ədib Cəlil Məmmədquluzadə
adına Ədəbiyyat Muzeyinin fondunda mollanəsrəddinçi
rəssamlara həsr olunmuş kitablar, monoqrafiyalar, onlara aid fotolar,
sənədlər qorunub saxlanılır.
Fondun ən qiymətli eksponatları "Molla
Nəsrəddin" jurnalının
müxtəlif illərdə nəşr olunmuş
orijinal nümunələridir. Mollanəsrəddinçi
rəssamların yaradıcılığını öyrənmək
və tədqiq etmək üçün bunlar çox qiymətli
materiallardır.
Muzeyin fondunda Mürsəl Nəcəfovun Əzim Əzimzadənin
anadan olmasının
100 illiyi münasibətilə
"İşıq" nəşriyyatı
tərəfindən 1980-ci ildə Bakıda nəşr olunmuş "Əzim Əzimzadə" kitabı mühafizə olunur. Kitabda Azərbaycanın birinci xalq rəssamı Əzim Əzimzadənin
həyatı və yaradıcılığı haqqında dolğun məlumat verilir. "Elm" nəşriyyatı tərəfindən
1988-ci ildə nəşr olunmuş "Molla Nəsrəddin"in on iki
cildliyinin birinci cildində "Molla Nəsrəddin"
jurnalının 1906-1907-ci illərdə çapdan
çıxmış 88 nömrəsi kiril əlifbası ilə olduğu kimi verilmişdir. Bu kitab və həmçinin
"Molla Nəsrəddin"
jurnalının orijinal
nömrələrinin latın
əlifbası ilə on cilddə
nəşr olunacaq çoxcildliyinin çapdan
çıxmış ilk üç
cildi "Molla Nəsrəddin"in nəşr edildiyi ilk illərdə, jurnalın fəaliyyətində
böyük xidmətləri
olmuş üç böyük karikaturaçı
rəssam - Oskar İvanoviç
Şmerlinq, İozef Rotter və Əzim Əzimzadənin
yaradıcılığını öyrənmək üçün qiymətli
mənbəədir. Muzeyimizdə Mirzə Cəlilə həsr
olunmuş şəxsi
fonda da mövcuddur ki, burada onun əsərləri,
fotolar, mətbuatda olan yazıları, mollanəsrəddinçi
rəssamlara aid materiallar
mühafizə olunur.
Mollanəsrəddinçi rəssamlara aid eksponatlar fondda mühafizə edilməklə
yanaşı, muzeyin ekspozisiyasında da nümayiş olunur. Ekspozisiyada nümayiş olunan "Molla Nəsrəddin"
jurnalının orijinal nümunələri,
mollanəsrəddinçi rəssamlara aid
guşə tamaşaçıların
dərin marağına səbəb olur. Ekspozisiyada akademik İsa Həbibbəylinin "Mollanəsrəddinçi
karikatura ustası. Oskar
Şmerlinq" elmi
araşdırması, Gülyana Məmmədova və Elmira Qasımovanın tərtibatı,
sənətşünaslıq doktoru İsrafil İsrafilovun redaktorluğu ilə ərsəyə gəlmiş "Bəhruz Kəngərli",
rəssam Əzim Əzimzadənin qızı Zəhra xanım
Əzimzadə tərəfindən avtoqrafla
15 noyabr 1989-cu ildə muzeyimizə hədiyyə
edilmiş Mürsəl
Nəcəfovun "Əzim Əzimzadə"
kitabları nümayiş olunur.
Nümayiş olunan nadir eksponatlardan mollanəsrəddinçi
rəssamlar Oskar Şmerlinqin,
İozef Rotterin, Əzim Əzimzadənin, Qəzənfər
Xalıqovun, İsmayıl Axundovun fotolarını göstərmək
olar.
Akademik İsa Həbibbəyli "Mollanəsrəddinçi
karikatura ustası. Oskar
Şmerlinq" elmi araşdırmasında "Molla
Nəsrəddin" karikatura
məktəbinin Cəlil Məmmədquluzadənin rəhbərliyi
ilə alman rəssamı
Oskar İvanoviç Şmerlinqin səmərəli
və fədəkar fəaliyyəti nəticəsində
yaradıldığını göstərir. Və həmçinin qeyd
edir ki, "Molla Nəsrəddin" jurnalının 25 illik fəaliyyəti dövründə
burada iyirmiyə yaxın rəssam
çalışmışdır.
O.İ.Şmerlinq 1906-1917-ci illərdə
"Molla Nəsrəddin"
jurnalının əsas rəssamı olmuşdur. 1400-ə yaxın
karikatura çəkmişdir. "Sizi deyib gəlmişəm",
"Niyə məni döyürsünüz",
"Dumaya seçilmiş
millət vəkilləri", "İran
sərhəddində", "Xabi qəflət" kimi məşhur karikaturaların
müəllifidir. O, Molla Nəsrəddin
obrazının yaradıcısı olmuşdur. O.İ.Şmerlinqlə
birlikdə İozef Rotter 1906-1914-cü illərdə jurnalla əməkdaşlıq
etmiş və 1200-ə yaxın illüstrasiya və karikaturaları dərc olunmuşdur.
Onun "İbadət",
"Yalançı alimlər", "Kənd yasavulu qeyri-mövsüm zamanı və məhərrəmlikdə",
"Şeyx və çəyirtkələr" və sair karikaturaları öz kəskinliyi ilə fərqlənmişdir.
Azərbaycan
qrafika sənətinin
karikatura, satirik plakat və illüstrasiya janrlarının
banisi Əzim Əzimzadə 1906-cı ildən
jurnalda "İrşadın
müştərisi", "Cənab Bitterin
İrana səfəri", "Hambala oxşayan tacir", "Millət dərdi çəkən
dövlətmənd müsəlman" və sairə
karikaturaları ilə çıxış etsə də,
"Molla Nəsrəddin"lə
əsas əməkdaşlıq dövrü 1922-1931-ci illəri
əhatə edir. Jurnalda
baş rəssam kimi fəaliyyət göstərən
Əzim Əzimzadənin 1500 karikaturası çap
olunmuşdur. Azərbaycan rəssamlıq
məktəbinin əsasını qoymuş
Ə.Əzimzadənin azərbaycanlı
karikaturaçı rəssamların yetişdirilməsində
böyük xidməti
olmuşdur. "Molla Nəsrəddin" jurnalında Ə.Əzimzadə ilə birlikdə
Qəzənfər Xalıqov, İsmayıl Axundov,
Əmir Hacıyev
(1899-1972), Sadıq Şərifzadə (1912-1986), aprel ayının 22-də
100 illik yubileyini qeyd edəcəyimiz Hüseyn
Əliyev (1911-1991) kimi
rəssamlar da
çalışmış və onun məktəbindən bəhrələnmişlər.
Ümummilli liderimiz Heydər Əliyevin mədəni irsini Azərbaycan xalqının milli sərvəti kimi qiymətləndirdiyi,
Azərbaycan realist rəssamlıq
məktəbinin banisi
Bəhruz Kəngərli
(1892-1922) də "Molla Nəsrəddin"
jurnalı ilə əməkdaşlıq etmişdir.
"Molla Nəsrəddin"
jurnalında milliyyətcə avar Xəlil Musayev, Cənubi
Azərbaycandan Səyidəli Behzad, milliyətcə rus A.Qrinyevski, Konstantin Dorş, milliyətcə gürcü
V.Giladze, Rafael Beno kimi rəssamların
karikaturaları dərc olunmuşdur.
Jurnalın keçdiyi yola nəzər
saldıqda, istər ədəbi və istər karikatura sahəsində olsun, bu jurnalın
Azərbaycan xalqının, habelə bir çox Şərq xalqlarının mədəni tərəqqisi
yolunda tarixi xidmətləri olduğu aydın görünür. Jurnalın əməkdaşları
başda Mirzə Cəlil olmaqla öz adlarını Azərbaycan
mətbuatı tarixinə qızıl hərflərlə
yazmışlar. Hər il olduğu
kimi, bu il də muzeyin
ekspozisiyasında mollanəsrəddinçi
rəssamlara aid geniş
sərgi hazırlanmışdır.
Vaxtaşırı ali və
orta ixtisas məktəblərinin tələbə
və şagirdlərinin muzeyə gəlişi təşkil olunur və onlara Mirzə Cəlil və mollanəsrəddinçi
rəssamlar haqqında geniş məlumat verilir.
H.Qədimov,
C.Məmmədquluzadə
adına
Naxçıvan MR Ədəbiyyat
Muzeyinin elmi
işçisi
Ədəbiyyat
qəzeti.- 2011.- 15 aprel.- S.2.