"Müxalifət
mitinq məsələsini qoysun sandığa, ağzını
da bağlasın"
Əslində biz ölkədə
yüksələn xətlə gedən gərginlikdən səmimi
şəkildə narahat olduğumuzdan ötrü bir ziyalı
sözünə ehtiyac duyurduq. Çoxları yaxşı
başa düşür ki, cəmiyyətdəki
parçalanma, ziddiyyətlərin gündən-günə dərinləşməsi
millət və dövlət olaraq xeyrimizə deyil. Belə
zamanlarda isə adətən ziyalı sözünə,
ağsaqqal məsləhətinə ehtiyac olub ki, meydana
çıxıb qarşı duran tərəfləri bir masa
arxasında əyləşdirsin, onlar arasında vasitəçi
olsun.
Dünən bu məqsədlə
bir neçə tanınmış ictimai xadimlə əlaqə
saxladıq. Amma təəssüf ki, söhbətimiz baş
tutmadı. Xalq şairi Zəlimxan Yaqub isə çoxdan bəri
qəzetimizə embarqo qoyduğundan onunla müsahibənin
baş tutacağına, doğrusu, əmin deyildik. Ancaq alındı.
Baxmayaraq ki, xalq şairi özü də etiraf etdiyi kimi,
çox aqressiv idi, müxalifətə, onun mətbuatına
qarşı, çox qəzəbli idi.
- Zəlimxan
bəy, ölkədəki durumu yəqin ki, izləyirsiniz. Son vaxtlar dialoqun zəruriliyindən
çox danışılır. İqtidar və müxalifəti
bir araya gətirmək üçün təşəbbüslə
çıxış etmək niyyətiniz yoxdur ki?
- Əzizim,
mən arzu edərdim ki, müxalifət düşərgəsi
malı mala qatmasın. Liviya ilə, Misirlə, Sudanla Azərbaycanı
eyniləşdirməsin. Oradakı şeylərə
şirnikməsinlər. Müxalifətdəkilər də bu xalqın
oğullarıdır, iqtidardakılar da. Ona görə mən
arzu edərdim ki, mitinq məsələsini təmiz yaddan
çıxartsınlar. Əgər doğrudan da müxalifət
Azərbaycan xalqının, Azərbaycan dövlətinin
yaxşı olmağını istəyirsə, zəhmət
çəksin iqtidar nümayəndələrini dialoqa dəvət
eləsin.
- Dəfələrlə
dəvət edib, bəy.
- Dəvət
edib, çox yaxşı. İqtidar da gəlsin, müxalifət
də. Bu xalqın oğullarıdır. Düşmən
obrazı yaratmayın bir-birinizdən. Bu xalq təzə azad
olub, təzə nəfəs alır. Təzədən
dağıtmaqmı istəyirsiniz bu ölkəni? Ona görə
mən Zəlimxan Yaqub olaraq iqtidarla müxalifətin dialoqunu tələb
edirəm. Çünki heç biri Amerikadan gəlməyib.
Heç biri başqa məmləkətin vətəndaşı
deyil. Hansı problemləri var, hansı məsələlər
həll olunmalıdır, nələrdə çətinlik
çəkilir, hansı səhvləri düzəltmək
lazımdır? Bunu küçəyə çıxıb həll
etmək olmaz. Müxalifətçilər
qışqırır "Azadlıq",
"Azadlıq". Hansı azadlıq, nə azadlıq? Bunun
bir mahiyyətini açın ki, nə deməkdir? Müxalifətə
sözüm bundan ibarətdir - indi mənim sözüm necə
qarşılanacaq, bu, onların işidir - mitinq məsələsini
birdəfəlik qoysunlar sandığa, ağzını da
bağlasınlar. Çünki dünyada heç bir mitinq
heç bir dövlətə, heç bir xalqa xeyir verməyib.
Doğrudan da əgər siz sözün həqiqi mənasında
xalqı, dövləti qorumaq istəyirsinizsə, iqtidarla dil
tapmalısınız, bir məxrəcə gəlməlisiniz.
Küçədə qışqırmaqla sənin səsin
hara gedib çıxacaq? O xarici ölkələrin, o xarici səfirliklərin
guya bizə canı yanır? Əgər mənə canı
yanırsa, 20 ildir BMT-nin 4 qətnaməsi var, niyə bir dəfə
səsini qaldırmır? Burda bir adam döyülən kimi,
bir adam qışqıran kimi dünyanı dağıdır.
Bəs mənim 1 milyon
qaçqınım-köçkünüm var, beynəlxalq
aləm onunla bağlı niyə səsini qaldırmır?
Guya onlar məni çox istəyir? Onlar məni çox istəmir.
Onlar öz maraqlarını istəyir. Xarici qüvvələr
Azərbaycanı dağıtmaq istəyirlər. Ona görə
də müxalifət qüvvələrindən xahiş edirəm,
hay-küyü yığışdırsınlar, Azərbaycan
dövləti, Azərbaycan dövlətçiliyi ilə
dialoqa gəlsinlər. Bir məxrəcə gəlsinlər, bu
dövlətin başına yenidən faciə, müsibət
gətirməsinlər. Özü də ağılları
başqa dövlətlərə, başqa yerlərə getməsin.
Bunu Afrika ilə, başqa ölkələrlə
qarışdırmaq lazım deyil. Azərbaycan bu gün
dünyanın iqtisadi cəhətdən inkişaf etmiş
dövlətlərindən biridir. Mən demirəm ki, hamı
süd gölündə üzür. Elə şey yoxdur.
İşsizlik var? Var! Rüşvətxorluq - var!
Dünyanın hansı ölkəsində işsizlik yoxdur?
Amma əgər istəyirsənsə ki, bu işsizliyi
qaldırasan, bu qapı-pəncərəni niyə
sındırırsan, o binaları niyə
dağıdırsan? O gözəl şəhəri niyə sən
zibil yeşiyinə döndərirsən? Ona görə də
sözüm ondan ibarətdir ki, müxalifət bəzi
şeylərə şirnikməsin. Mən bilmirəm, kim nə
alır, nə verir, elə şeylərə getməsinlər.
Bu xalq yazıqdır. Onu yenidən yaman günə
qoymasınlar.
- Əslində
ziyalının missiyası arbitr rolunda çıxış
edərək hər iki tərəfə sözünü deməkdən
ibarət olmalıdır. Əgər irad, tənqid varsa da, hər
iki tərəfə ünvanlanmalıdır.
- Tamamilə
doğrudur. Mən iqtidara da deyirəm, müxalifətə də.
Bir misal var. Deyir ki, atlı ilə piyada görüşmək
istəyəndə atlı başını bir az
aşağı əyir, piyada da dabanını qaldırır,
görüşürlər. Vay o gündən ki, nə
atlı başını aşağı əyir, nə də
piyada dabanını qaldırır. Onda qiyamət qopur. Ona
görə də sözümü iqtidara da deyirəm,
müxalifətə də. Hər iki tərəf bu xalqın
övladlarıdır. Ona görə bu xalqla bağlı
yaxşı iş görmək istəyirsinizsə, ortaq məxrəcə
gəlin. 50 dənə televiziya kanalı var, bir-birinizi dəvət
edin, hörmətlə, ehtiramla. Düşmən obrazı
yaratmayın.
- Elə
müxalifət də bunu deyir ki, hətta İctimai Televiziyada
belə ona efir vaxtı verilmir. Həmçinin
toplantılarını keçirmək üçün yer
ayrılmır...
- (Əsəbi
halda) Necə yer ayrılmır? Müxalifətə yer
ayırırlar e. Dövlət sənə icazə verir. Ancaq
sən deyirsən ki, yox, mən fəvvarələr
meydanına getməliyəm. Qardaş, fəvvarələr
meydanı mitinq yeridir? Bura xarici qonaqlar gəlir, görürlər
ki, bu bir dövlətdir, gözəl bir şəhərdir. Sən
bunu niyə qırıb-dağıtmalısan? Harda yer verirlər,
get orda sözünü de də. Gərək hökmən
şəhərin ortasında deyəsən?
- Zəlimxan
bəy, hələ istintaq özü də pəncərələrə
daş atan naməlum şəxslərlə bağlı
araşdırmaları davam etdirdiyini deyir. Ortada videokadrlar da
var. Ona görə də qəti qərar verməyə tələsməyin...
- Naməlum
şəxslər oldu-olmadı, qardaş, fakt budur ki, bu,
mitinqlə bağlı olub. Sən mitinq eləməsən,
kimsə sui-istifadə etməz. Mənim bir sualım var. 20
ildir mitinq edirlər. Bu 20 ildə müxalifət nəsə
irəli gedib, dövlətin, xalqın xeyrinə bir iş
görübmü? Bu mitinqlər kiməsə xeyir verməyib!
Ona görə də mitinqlə məsələ həll olunan
deyil. 21-ci əsrin 10 ili keçib. Sivil yollar var,
dünyanın mötəbər təşkilatlarında,
böyük məclislərdə, tribunalarda gedən söhbətlərə
fikir verin.
- Elə
böyük dövlətlər, beynəlxalq təşkilatlar
da çağırış edirlər ki, ki, Azərbaycanda
islahatlara gedilməlidir...
- Mən
yüz faiz inanıram, Amerikanı da, Rusiyanı da
yaxşı tanıyıram. Onların hamısı Azərbaycana
düşmən qüvvələrdir, hamısı Azərbaycanın
ziyanına işləyir. Bu gün xarici ölkələrdə
kimlər ki, hay-küy qopardır ki, ay Azərbaycanda
dünyanı dağıtdılar, onlar hamısı bu
xalqın, müstəqil dövlətimizin düşmənləridir.
Təzəcə bu dövlət müstəqil olub, qardaş.
Sənin dövlətin müstəqildir. Heç olmasa bunu
gözünün qabağına gətir ki, bu müstəqilliyin
qədrini bilmək lazımdır.
- Bu
gün müxalifətdə olanların, həbs edilənlərin
bəziləri elə Azərbaycanın müstəqilliyinə
səs verən, müstəqillik uğrunda, bayraq uğrunda mübarizə
aparan, bu yolda həbsxanalardan keçən şəxslərdir...
- Bu
müstəqilliyə səs verən şəxslər zəhmət
çəksin müstəqilliyin qədrini bilsin. Hay-küylə
yox, savadla, intellektual səviyyə, ziyalı mədəniyyəti
ilə... Ən yüksək səviyyədə oturub söhbət
etmək olar. Şübhə etmirəm ki, sizin cəbhədə
səviyyəli adamlar var. Oturub söhbət etsinlər ki, bu vəziyyət
kimə xeyir verir.
-
Eşitdiyimizə görə, siz də vaxtilə Müsavat
Partiyasının üzvü olubsunuz...
- Mən
heç vaxt, anadangəlmə heç bir partiyanın
üzvü olmamışam, heç bir partiya
tanımamışam, heç bir partiyaya ərizə
yazmamışam. Mən deputat olan dövrdə deyirdilər
ki, Zəlimxan Yaqub YAP-çıdır, filandır, yalan-yalan
yazırdılar. Sonra da məlum oldu ki, belə deyil. Bu, qəhrəmanlıq
deyil, mən onunla öyünmürəm. Mən Azərbaycanın
tanınmış xalq şairiyəmsə, mənim
partiyamın adı xalqdır. Mənim harda, hansı
düşərgədə olmağımdan asılı
olmayaraq, öz marağım var. Mənim marağım Azərbaycan
dövlətinin müstəqilliyinin qorunmasıdır,
xalqımızın rahat yaşamasıdır. Mitinqlə
xalqı rahat yaşatmaq olmaz. Əksinə, onu daha
böyük bəlalara düçar edərsən. Bu mitinqləri
aparmaq bizi istəməyən xarici qüvvələrin əlinə
ilgək verməkdir ki, barmaq keçirsin, bəhanə eləsin,
ağzına gələni danışsın, gündə
bizim ünvanımıza söyüş, təhqir
yağdırsın.
- Elə
küçələrə çıxanlar da bu xalqın
nümayəndələridir. Onlarla normal, qanunlara uyğun
davranmaq olmazmı?
-
Bütün mitinqlərin, çıxışların,
haray-həşirlərin, bütün o "Azadlıq" deyə,
bağıranların hamısının əleyhinəyəm.
Kim barəmdə nə fikirləşər, nə yazar,
özü bilər. Mənim bir sifətim, bir əqidəm
var. 20 sifətim yoxdur ki, kiməsə xoş gəlmək
üçün üzdə bir, arxada başqa söz deyim.
Mövqeyim açıq-aşkar xalqın
qarşısındadır. Mən sədaqətlə Azərbaycan
dövlətinin, Azərbaycan dövlətçiliyinin,
İlham Əliyev səngərinin tərəfində
dayanıram. Adi bir şeyə görə milçəyi fil
edib ağızlarına gələni yazırlar. Nəyə
lazımdır bunlar? Naziri, deputatı, Prezidenti düşmən
edirlər. Bunlar hamısı bu xalqın
oğullarıdır. Mən gedib Amerikadan bura nazir gətirəcəyəm?
- Siz yəqin
ki, iqtidar qəzetlərinə, telekanallara da
baxırsınız və müxalifətdən düşmən
obrazının yaradılmasına göstərilən cəhdləri
müşahidə edirsiniz. Bəs onlara necə, bir
iradınız yoxdur?
-
Sözüm odur ki, onlar daha güclü işləməli,
sizinlə söhbət eləməli, iş
aparmalıdırlar. Bu müxalifət bir bəla, bir xəstəlikdir.
A kişi, təsəvvür elə, ədəbiyyatda da
iqtidar-müxalifət var. Şairləri bölüblər bu,
iqtidardır, bu, müxalifət. Hər şeyi bölüblər,
bölünməyən yoxdur. Şiə-sünni davasından
betər ediblər. Ayıbdır, a kişi. 21-ci əsrdir. Məsləhət
deyil belə şeylər, xeyir verməyəcək. Bu
yaxşıdırmı kimlərsə döyülüb.
İnsan öz şəxsiyyətinə hörmət etməlidir.
Axı sən niyə döyülürsən, qardaş?
- Əslində
bu sual döyənə ünvanlanmalıdır ki, sən vətəndaşı
niyə döyürsən?
-
Özünü döydürürsən, sonra da deyirsən məni
döydülər, mən olum millət qəhrəmanı.
Millət qəhrəmanı olmaq üçün gedirlər
cəbhədə şəhid olurlar.
- Siz
özünüz də parlamentdə olubsunuz. Elə bu qurumda
"Sərbəst toplaşma haqqında" qanun qəbul
olunub...
- Sərbəst
toplaşma qanunu var. Amma deyir ki, şəhərin filan yerini sənə
vermişəm. Get, orda nə qədər sözün var, de.
Sən də deyirsən yox, mən fəvvarələr
meydanında deyəcəyəm. Axı görürsən
şəhərdə maşınların nə qədər
çətinliyi yaranır. Qarışqadan çox
maşın var.
- Hər
halda, fikirlərinizə hörmətlə
yanaşırıq. Ancaq ölkədə gərginliyin
yüksələn xətt üzrə getməməsi
üçün vasitəçilik etmək niyyətiniz
varmı? fakt budur ki, səlahiyyət sahibi hakimiyyətdir və
müxalifəti danışığa dəvət edə bilər...
- Əminəm
ki, həmin o səlahiyyət sahibləri sizi dialoqa dəvət
edəcək. Siz də çox yüksək mədəniyyətlə
o dialoqa getməlisiniz və oturub söhbət eləməlisiniz.
- Bəs
sizin təşəbbüsünüz olacaqmı?
- Yəqin
olacaq. Niyə olmur ki. Elə dediyim kimi, mən dövlətin,
dövlətçiliyin tərəfdarıyam, Prezidentin də
sağ tərəfindəyəm.
- Adətən
ölkədə ziyalı qıtlığından
danışılır...
-
Ziyalı qıtlığı yoxdur. Nə qədər desən,
gözəl ziyalılar var. Düzdür, 20 ildir sizin o
müxalifət qəzetləri Üzeyir bəy qalmadı, Mirzə
Fətəli Axundov, Səməd Vurğun, Nərimanov, Rəsul
Rza qalmadı... Bir dənə hörmətli adam
qoymadınız, hamısını ləkələyirsiniz,
özü də deyirsiniz ziyalı yoxdur. Niyə yoxdur
ziyalı? Bütün sahələrdə gözəl
ziyalılar var. Müxalifət mətbuatı gündə biri
haqqında ağzına gələni danışır,
dönə-dönə hörmətli şəxsiyyətləri
ləkələyir. Özü də məndən müsahibə
istəyir. Məşədi İbad demişkən, mənə
meymun dediyin bəs deyil, hələ salam da verirsən?!
Müxalifət qəzetinin mənə zəng eləməyə
ixtiyarı yoxdur. Bir dənə adam göstərin ki, siz bu illər
ərzində onu hörmətdən salmayıbsınız.
Hara gedirsiniz bununla? Belə şey olmaz axı. Məni indi də
təhqir edir müxalifət mətbuatı. Bir dənə cəmdəyinə
tüpürmədiyiniz ziyalı qalmayıb.
Hamısını məhv edibsiniz. İndi də ziyalı tələb
edirsiniz. Ziyalını qoyursunuz ki, ziyalı kimi qala, indi də
ondan nəyisə tələb edəsiniz?
- Zəlimxan
bəy...
- ...Bir az
gözünüzü açın, Azərbaycan
xalqını yaman günə qoymayın. Bu xalqın çox
yaxşı ziyalıları, siyasət xadimləri də var.
Sadəcə "nənəm mənə kor deyib, hər gələnə
vur deyib"... Müxalifət qəzetlərini
açırsan, Allah göstərməsin, adam deyir, görən,
bu dünyanın axırıdırmı, Azərbaycan
xalqının heç bir yaxşı adamı
olmadımı? Bir damcı işıq yeri yoxdurmu? Bir
ağsaqqal yoxdurmu? Elə hamısı pismi oldu? Kim bu dövlətçiliyi
müdafiə edir, hamısı pisdir. Kim müxalifətlə
küçəyə çıxır, yaxşıdır.
Bu mövqedən əl çəkin, qardaş!
- Zəlimxan
bəy, elə danışdınız, 2 aprel mitinqini
dağıdanlardan daha aqressiv təsir
bağışladınız...
- Bu, mənim
vətəndaş mövqeyimdir, ola bilər aqressivdir. Yenə
deyirəm, qardaş, özünü döydürmə! Sən
insani yolla hərəkət elə. Ola bilər, biri vurar, deyərsən
ki, "sağ olma!" Amma bir də var ona bir mənalı
baxasan, deyəsən "çox sağ ol". İkincinin təsir
qüvvəsi haray-həşirlə deyilən sözdən
çox güclüdür. Mənim yeganə idealım
müstəqil Azərbaycan dövlətini qorumaqdır.
Görürsən necə qırırlar? Guya Amerika İraqa
yaxşılıq gətirirdi. Bu gün də qan su yerinə
axır. Əfqanıstan da elə. Misir də, Liviya da,
- Bəy,
rus qoşununu bu ölkədən çıxaran elə sizin
tənqid etdiyiniz bugünkü müxalifətçilər
olub. Onlar bu ölkənin müstəqilliyini az istəmir...
- Nə
isə, mən sözümü dedim, qardaş.
- Yeri gəlmişkən,
oğlunuz Gömrük Komitəsindən işdən
çıxarılmışdı. Bərpa etdirə
bildinizmi?
- Mən
sizin suallarınıza cavab verdim. İctimai məsələlərdən
şəxsi məsələlərə keçməyin. Vəssalam...
Elşad
PAŞASOY
(“Yeni Müsavat”,
13.04.2011)
Ədəbiyyat qəzeti.- 2011.- 15
aprel.- S.3.