"Məmməd Cəfər Cəfərov
kimi görkəmli elm xadiminin "Xatirələr" memuarındakı "Ədəbiyyat qəzeti"nə
dair mülahizələrdən çıxarılan ümumiləşmiş
nəticələri mötəbər qəzetimiz indi də
şərəflə həyata keçirməkdə davam
edir"
İsa Həbibbəyli
- Anar
müəllim "Lent.az"a son müsahibəsində
bildirib ki, sizə bəzi təkliflər verib, amma siz o təklifləri
ya icra etməmiş, ya da edə bilməyibsiniz. Anar müəllim
sizə hansı təklifləri verib? Əgər veribsə,
niyə icra edilməyib?
- Anar müəllimlə işlədiyimiz
dövr ərzində zərurət duyduğum
yaradıcılıq məsələlərini məsləhətləşmişəm.
Elə hallar olub ki, çox ciddi hesab etdiyim sualı verməzdən
qabaq özümün hansı fikirdə olduğumu demişəm
ki, müstəqil seçimi üçün əvvəlcədən
mənim rəyimi bilsin. Əksər hallarda
razılaşıb.
Təkliflərinə gəldikdə,
yerinə yetirməyə səy göstərmədiyim qəti
ola bilməz. Yəni məni yaxından tanıyanlar bilər
ki, iş üslubum belədir. Yerinə yetirilməsi obyektiv səbəblərdən
mümkün olmayanlar da təbiidir ki, istisna deyil.
Məsələn, Televiziya verilişləri
ilə əlaqədar vaxtaşırı icmallar verilməsi
istəyi. Bu problemin məni də çox
maraqlandırdığını dedim, lakin hər cəhətdən
ümid ediləsi professional müəllifi tapmağın
çətinliyini gizləmədim. Səhv etmirəmsə,
bir neçə gün sonra qələm yoldaşımız
telejurnalist Qulu Məhərrəmlinin adını çəkdi.
Razılaşdığını dedi və bu barədə
onunla danışmağımı məsləhət
gördü. Mən Qulu Məhərrəmli ilə telefon
danışığımızda Anar müəllimlə olan
söhbətimizi və onun təklifini yetirdim. Qulu Məhərrəmli
çalışacağını bildirdi və bu işin
çətinliyini xatırlatdı, mən də öz
növbəmdə onun göndərəcəyi materialı
gözlədiyimizi dedim.
Göründüyü kimi, o, yəqin
özünə məlum səbəblərə görə bu
təklifi yerinə yetirə bilməyib.
Ona olunan təklifimiz həmişə
yadımda, verdiyi vəd qüvvədə qalır.
- Rəşad Məcid "Kulis.az"
saytına müsahibəsində "Ədəbiyyat qəzeti"nə
yeni baş redaktor təyin olunmalıdır" deyib. Sizcə,
təzə baş redaktor problemləri həll edə bilərmi?
- Məlum olduğu kimi, cəmiyyətdə
nə qədər insan varsa, o qədər də fikir var. Heç
kəsi bəyənmədiyini hər kəs deyə bilər.
Rəşad Məcidin təklifi onun qənaətidir.
Mən burada iki məqamı
xatırlatmaq istəyirəm. Əvvələn, geniş oxucu
kültəsinə yaxşı məlumdur ki, məşhur
"Əli və Nino" mövzusunda Rəşad Məcidin
baş redaktoru olduğu "525-ci qəzet"lə bizim
"Ədəbiyyat qəzeti" arasında davam edən
mübahisə - fikir müxtəlifliyi, nəhayət, təqribən
on illik bir vaxtdan sonra "Ədəbiyyat qəzeti"nin
xeyrinə həllini tapdı. (Bununla bağlı "Ədəbiyyat
qəzeti"nin 10 dekabr 2010-cu il tarixli sayına baxmaq olar).
Bir də ki, vaxtilə "Ədəbiyyat
qəzeti"ndə baş redaktor işləmiş, baş
redaktoru olduğu qəzeti özünə bir məktəb
bilmiş, akademik Məmməd Cəfər Cəfərovun
xatirələrindən ibarət çox qiymətli kitabı
(M.C.Cəfərov: "Xatirələr", 2010-cu il) tərtib
edib, ona geniş elmi-tədqiqi ön söz yazmış,
"Ədəbiyyat qəzeti" redaksiya heyətinin
üzvü, akademik İsa Həbibbəylinin məqaləsindən
bir parçanı misal gətirməyə ehtiyac duyuram:
"Akademik Məmməd Cəfər Cəfərovun "Xatirələr"
əsərindəki "Ədəbiyyat qəzeti" ilə əlaqədar
mətləblər ən yeni dövr Azərbaycan ədəbiyyatının
inkişafında böyük xidmətləri olan bu mətbuat
orqanının fəaliyyətinin çətin və məsuliyyətli
bir mərhələsinə işıq salır. Görkəmli
elm xadimi xatirə materiallarının təhlili əsasında
"Ədəbiyyat qəzeti"nin milli mətbuat tariximizdəki
yerinə və mövqeyinə özünəməxsus şəkildə
yüksək qiymət vermişdir. "Ədəbiyyat qəzeti"ni
məktəb səviyyəsində dəyərləndirən
Məmməd Cəfər müəllim bu məktəbin
prinsiplərini də elmi tezislər şəklində müəyyən
etmişdir. Bir müddət redaktoru olduğu "Ədəbiyyat
qəzeti"nə istinadən deyilmiş mülahizələr
geniş mənada qəzet işi, qəzetçilik təcrübəsi
barəsində ümumiləşmiş tezislər kimi səslənir.
…Əsrin 40-cı illərində baş
redaktoru olduğu "Ədəbiyyat qəzeti" Məmməd
Cəfər Cəfərov üçün həm ədəbi
məktəb, həm də həyat məktəbi olmuşdur.
…Bütövlükdə isə "Ədəbiyyat
qəzeti" Azərbaycanda ədəbiyyat mühitinin salnaməsidir,
hər bir ədəbiyyat adamının ədəbi və
elmi taleyinin əsas hərəkətverici qüvvəsidir. Çoxillik
davamlı ənənələrə, zəngin təcrübəyə
malik olan "Ədəbiyyat qəzeti" ədəbi məktəb
yaratmış, ədəbiyyatımızın və ədəbiyyatşünaslıq
elmimizin bir neçə nəslinin taleyində mühüm rol
oynamış əsas mətbuat orqanı kimi Azərbaycan cəmiyyətində
böyük tarixi missiyanı yerinə yetirmişdir. Məmməd
Cəfər Cəfərov kimi görkəmli elm xadiminin
"Xatirələr" memuarındakı "Ədəbiyyat
qəzeti"nə dair mülahizələrdən
çıxarılan bu ümumiləşmiş nəticələri
mötəbər qəzetimiz indi də şərəflə
həyata keçirməkdə davam edir" (səh.14-15).
- AYB və "Ədəbiyyat qəzeti"nin
yubileyində Anar müəllimin yanında siz yox, Elçin Əfəndiyev
oturmuşdu. Bunu özünüzə qarşı diqqətsizlik
kimi qəbul etməmisiniz ki?
- Sualın bu cür qoyuluşuna
lazımi əsas görmürəm.
- Rəsul Rza ilə bağlı
çox yazı çap edirsinizmi?
- Bu sual yəqin kimlərinsə narahatlığı
səbəbindən verilir. Ancaq ədalət naminə deməliyəm
ki, Anar müəllim mənə əvvəllər də
deyib, son vaxtlar da zəng etmişdi. Bir çox müəlliflərə
Anar müəllimin bu nigarançılığını
demiş və Rəsul müəllim haqqında
yazılarını kənar orqanlarda çap etdirmələrini
məsləhət bilmişəm. Razılaşıblar da. Son
vaxtlar böyük şairimizin 100 illik yubileyi ilə əlaqədar
cənab Prezidentin məlum Sərəncamına uyğun olaraq,
verilən materiallar görünür çoxluq təşkil
edib.
Ancaq bu da həqiqətdir ki, şübhəsiz,
çoxumuzun, o cümlədən də şəxsən mənim
Rəsul Rzaya münasibətim onun böyük sənəti və
şəxsiyyəti ilə bağlıdır. (Bu günlərdə
çapdan çıxmış "Yarıməsrlik
yol" kitabımda həm 75 yaşlı "Ədəbiyyat
qəzeti", həm də ölməz ədəbi şəxsiyyətlərimiz
barədə, o cümlədən Rəsul müəllim
haqqında yazdıqlarımla tanış olmaq
mümkündür).
- Kamal Abdulla "Ədəbiyyat qəzeti"nin
redaksiya heyətindən istefa verdikdən sonra onun haqqında
informasiyaları xəsisliklə çap etdiyinizə və hətta
ümumiyyətlə çap etmədiyinizə dair iddialar var.
Bu barədə nə deyə bilərsiniz?
- Bizim tanınmış elm və ədəbiyyat
xadimimiz Kamal Abdullaya "Ədəbiyyat qəzeti"ndə həmişə
dost münasibət olub və var. Bu faktları görmək
istəyən gərək zəhmət çəkib qəzetin
komplektini vərəqləsin.
Sağ olun.
Ayaz VƏFALI
"Ədəbiyyat
qəzeti"nin baş redaktoru
12.04.2011
Ədəbiyyat
qəzeti.- 2011.- 15 aprel.- S.3.