Səhifələr
Uşaq ədəbiyyatındakı
uşaq haqqında
İndi əlimdə
15 vərəq var, son beş ilin günləri vərəqləri
qaralayıb ki, üzümüzü ağarda bilsin. Birinci vərəqdi
bu, birinci səhifə.
Oxuyuram...
1993-cü il... Bakı məktəblərinin
biri... Mənə dərs demək üçün 8a sinfini
verirlər. Qaçqın uşaqlarıdı... Jurnalın
sonuncu səhifəsindəki şagirdlər haqqında məlumatı
oxumaq mənə maraqlıdı. Oxuyuram. Əksəriyyətinin
atası şəhid... Bəzilərinki işsiz... Bu,
bütöv Azərbaycan cəmiyyətinin şəkli,
müharibənin canlı şeiridir. Bu, öz yerində...
Müəllimlərdən biri mənə deyir, direktoru
vaxtında görsəydin, sənə müstəntiqlərin
uşaqları oxuduğu sinfi verərdi. Bu söz 8a sinif
jurnalının arxasındakı yazıdan daha
ağırdı. Kövrəldim. "8a sinif jurnalının
arxasında yazı" şeirimi yazdım. Bu şeir o vaxt
ki, Azərbaycan cəmiyyətinin sifətini çox dəqiq
göstərir.
Başqa bir fakt. 80-ci illərin
ortalarında dərs dediyim 6-cı sinfə "Haradan
başlanır, vətən" mövzusunda inşa
yazdırıram. İnşadan "5" alan şagirdim
Qarabağ döyüşlərində fərari olur,
"2" qiymət verdiyim şagird isə qəhrəmanlıq
göstərib "Azərbaycan bayrağı" ordeni ilə
təltif edilir. Səbəbi?.. Bilmirəm. Bunları ona
görə deyirəm ki, bu iki faktın bizim uşaq
şeirimizə çox böyük dəxli var.
Bu günlər ermənilər snayperlə
9 yaşlı Fariz Bədəlovu öz evlərinin
qabağında alnından vurdular. Bir uşaq şeirimiz də
belə öldü. Bir uşaq şeirimiz azaldı. Demək,
nə qədər uşaq var, bir o qədər uşaq
şeiri...
Şair dostlarımdan biri
danışır. Qış vaxtı evə gələndə
gördüm ki, balaca qızım evin qapı-pəncərələrini
tam açıb, bütün qızdırıcıları
işə salıb. Sorusdum, nə edirsən? Dedi ki,
çölü qızdırıram, çöl
qızsın, gedib çöldə oynayım. Bu, canlı bir
uşaq şeiridi. Nəfəs alır. Şeir dirilir.
Bəzən uşaq şeirlərimizdə
belə dəqiq həyat faktları çatmır.
Yaxşısı budur, vərəqi
çevirim... ikinci vərəq. Bu vərəqin əvvəlində
üç nekroloq var, Məstan Günər, Xanımana, Əlibəyli,
Əli Səmədli.
Yadıma Məstan Günərin
aşağıdakı misraları düşür.
Otların
üstündə ay çıxıb dizə
Demək, otların qucağında ayın
işığı o qədərdi ki, ay dizə qədər
qalxıb. Halbuki ay göydədir. Amma bu şeirdə ay
otlardan uşaqlara baxır. Elə bil şəkil çəkilib.
Məstan Günər uşaq şeirlərinə
görə ilk dövlət mükafatı alan şairdi.
Xanımana Əlibəylinin son illər
“Seçilmiş əsərləri”nin iki cildliyi çap
olundu.
Professor Rafiq Yusifoğlu yazır:
"Xanımana Əlibəyli mələklərin qanadında
Tanrı dərgahına uçdu."
Əli Səmədli həmişə məni
görəndə deyirdi, uşaq kitabxanasında mənimlə
görüş var, gəl. Əli Səmədli və
uşaq kitabxanaları... Bakıda 18 uşaq kitabxanası var,
birinin qapısında Əlinin şəklini asa bildikmi?
Bəli, bu beş ildə üç
uşaq yazıçısını əbədiyyətə
yola saldıq. Uşaqların xəbəri oldumu, bilmədim.
Vərəqin sonuna irəliləsəm də,
xəyalım XX əsrin əvvəlinə qayıdır.
"Dəbistan", "Məktəb" "Zənbur",
"Rəhbər" jurnalları gözüm önündə
vərəqlənir. Vərəqlər sarı, şeirlər
diri. M.Ə.Sabir, A.Şaiq, A.Səhhət, R.B.Əfəndiyev,
M.Cəlil, Ü.Hacıbəyov, F.B.Köçərli fikrim
önündən keçirlər. "Yaz günləri",
"Uşaq və buz", "Dovşan",
"Keçi", "Can gülüm, can-can", Durna",
"Tülkü və qarğa" şeirlərini
dodağımın altda pıçıldayıram. Şeirlərin
dili sadə və aydın. Obrazın xarekteri dərin və mənalı.
"Yaz günləri" şeiri təkçə təbiət
hadisəsi deyil, həm də ictimai bir hadisədir. Şair
"Gəl, gəl a yaz günləri" deyəndə həm
də türk ellərini çağırır.
Bu vərəqi də qoyuram kənara.
Yaşadığım dəqiqələrin ardınca vərəqi
qapı kimi örtürəm.
Üçüncü vərəq... Sovet ədəbiyyatı
adlandırdıqları vərəq. Amma böyük ədəbiyyatın
vərəqi. Açıram.
Səməd Vurğun, Rəsul Rza,
İlyas Əfəndiyev, Teymur Elçin, Mirvarid Dilbazi, Nigar Rəfibəyli,
Mirmehdi Seyidzadə, Əhməd Cəmil, Mikayıl Rzaquluzadə,
Ənvər Məmmədxanlı, Əzizə Cəfərzadə,
Mir Cəlal, Xanımana Əlibəyli, Əli Kərim, Əzizə
Əhmədova, Bəxtiyar Vahabzadə, Əli Səmədli, Məstan
Günər, Bayram Həsənov və b. görkəmli sənətkarlarımız
elə bir uşaq ədəbi irsi qoyub getmişlər ki,
onların əsərlərinə könül söykəməklə
uşaq ədəbiyyatımızın taleyini müəyyənləşdirmək
olar.
Elə bu adların ardınca bir söz
yazmaq istəyirəm. Bizdən ayrı düşənlərə
hörmət və ehtiramım böyükdü. Mən
keçmişi çox sevirəm.
Yaratdıqlarımızın hamısı keçmişdədi.
Bax, elə bir dəqiqə öncə dediyim söz də
keçmiş oldu artıq. Hələ gələcəkdə
nə var, bilmirəm. Məşhur bir sözdə deyildiyi
kimi: "Keçmişə tapança ilə atəş
açsan, gələcək səni topa tutacaq".
50-60-cı illərdə Anar, Fikrət
Qoca, Elçin, Fikrət Sadıq, İlyas Tapdıq, Nəriman
Həsənzadə, Əkrəm Əylisli, Zahid Xəlil, Məmməd
İsmayıl, Ayaz Vəfalı, Qərib Mehdi, Bahadur Fərman,
Fəridə Əlyarbəyli, Məmməd Alim, Ələkbər
Salahzadə, Qəşəm İsabəyli, Rafiq Yusifoğlu, Ələmdar
Quluzadə, Aləmzər Əlizadə, Şövkət Zərin
Horovlu və başqa sənətkarlarımız dəyərli
uşaq əsərləri yaratmış və bu gün də
bəziləri ardıcıl olaraq uşaq ədəbiyyatı
ilə məşğuldular.
Uşaq ədəbiyyatının
sonrakı nəslinə mənsub olan İsmayıl İmanzadə,
Əjdər Ol, Ədalət Əsgəroğlu, Azadə
Taleh, Telman Dəmir, Zəminə Xınalı, İslam
Sadıq, İnqilab İsaq, Sahib İbrahimli, Adil Cəmil,
Sümuzər Nüsrətbəyli, Murad Köhnəqala, Məlahət
Yusifqızı, Gülarə Munis, Güləmail Murad, Fəxrəddin
Meydanlı, Ədalət Salman və onlardan sonra gələn nəsil
- Sevinc Nuruqızı, Səlim Babullaoğlu, Gülzar
İbrahimova, Hicran Hüseynova, Balayar Sadiq, Sərvaz
Hüseynoğlu, Şəmsi Vəfadar, Aysel Xəlil, Nuranə
Nur, Əfsanə Laçın, Əkbər Qoşalı,
Günel Almaz, Sevinc Arzulu, Aygün Bunyadzadə, Şəfəq
Sahibli, Mənsurə Qaçayqızı, Səxavət
Talıblı, Vəfa Qafarova, Dayandur Sevgin, Sevinc Pərvanə,
Narıngül, Faiq Balabəyli, İradə Aytel son beş ildə
çap olunan kitabları və şeirləri ilə ədəbi
ictimaiyyətin nəzər-diqqətini cəlb etmişlər.
Müasir uşaq ədəbiyyatını
3 ədəbi növ üzrə - uşaq şeiri, uşaq nəsri,
uşaq ədəbi tənqidi ilə qruplaşdırmaq olar
ki, mən bunu ayrı-ayrılıqda yox, bir yerdə
araşdırmışam və burda da əsas məsələ
kəmiyyət deyil, mənim üçün başlıca
meyar, bədilikdir. Bədii həqiqət tarixi həqiqətdən
çox yaşayır.
Məruzəmi fikrimdə 14 səhifə həcmində
tutmuşdum və birdən-birə hardansa bir vərəq, gərək
ki, "525-ci qəzet"dən uça-uça düz gəlib
vərəqlərin üstünə düşdü. Bu o
zaman oldu ki, mən xalq yazıçısı Elçinin hər
şənbə "525-ci qəzet"də gedən və hələ
də davam edən "Silsilə
nağıllar"ını birnəfəsə oxuyurdum və
görürdüm ki, Elçinin o nağılları eyni
zamanda uşaq ədəbiyyatının ən gözəl
nümunələridir. Onu da fikrimdə təsdiqləyirdim ki,
uşaq ədəbiyyatı ilə böyük ədəbiyyatı
arasında elə böyük bir fərq də yoxdur. Onu da
bilirdim ki, bu nağıllarda iri hərflə yazılan insan və
təbiət münasibətləri üzdə olsa da, alt
qatda, cəmiyyətdə, şüurda, milliləşmə və
qloballaşmada gedən prosesləri dəqiqliyinə qədər
göstərir. Mən indi Elçinin "Nağıllar
silsiləsi"nin fövqündə dayanaraq son beş ilin
uşaq ədəbiyyatının ədəbi mənzərəsinə
diqqətlə baxanda bir çox ədəbi hadisələri
aydın görürəm. Həmin ədəbi hadisələrdən
biri budur ki, ölkə Prezidenti tərəfindən 2009-cu il
"Uşaq ili" elan olundu və bu qərardan sonra uşaq ədəbiyyatı
ilə bağlı məsələlər gündəmə gəldi,
dəyirmi masalar, görüşlər, konfranslar keçirildi.
Xalq yazıçısı Elçinin məsləhəti
və mərhum Qoşqar Qarayevin layihəsi əsasında
formalaşan, tənqidçi Nərgiz Cabbarlının rəhbərliyi
ilə fəaliyyət göstərən "Beşik" nəşriyyatı
balaca oxuculara bir-birindən maraqlı uşaq kitabları
bağışladı.
2008-ci ilin noyabrında Bakıda Türk
xalqları ədəbiyyatı Beynəlxalq uşaq ədəbiyyatı
konqresi keçirildi. Türk xalqları uşaq ədəbiyyatının
birgə müzakirəsi ədəbiyyatımıza
böyük töhfələr verdi.
Dövrün ictimai-siyasi və sosial iqlimi
uşaq ədəbiyyatına da təsir etdi, zamanın gərdişi
balaca oxucuların oxu kitabında da öz atını məharətlə
oynatdı.
Ən böyük ədəbi hadisələrdən
biri baş vermədi, ona görə baş vermədi ki,
uşaq ədəbiyyatı adına son beş ildə
heç bir mükafat təsis edilmədi.
Ölkənin başında yeni kitablar,
jurnal və qəzetlər çap edildi, maraqlı
görüşlər, yubileylər, disbutlar keçirildi. Və
onu da qeyd edirəm ki,"Nağıllar silsiləsi"nin
fövqündən baxanda uşaq ədəbiyyatının
bir-birindən maraqlı, zəngin və parlaq səhifələri
gözüm önündə vərəqlənir.
İlyas
Tapdıq səhifəsi
Uşaq şeirimizin canlı klassiki, 75
illiyini ötən il təntənə ilə qeyd etdiyimiz
İlyas Tabdığın ədəbi zövqü həm
keçmişi, həm bu günü, həm də gələcəyi
ifadə edir. Müasirliyi olmayan insanı mən qoca hesab edirəm.
İlyas Tapdıq bütün ədəbi düşüncələri
ilə müasirdir.
Son beş ildə şairin
"Seçilmiş əsərləri"nin iki cildliyi,
"Şeir sevən balalar", "Köşək",
"Qoçaq dovşan", "Təqvimə düşən
oğlan" kitabları işıq üzü görüb.
"Meşənin mahnısı",
"Şüvəlanda" "Qoçaq dovşan",
"Balaca ovçular" poemaları uşaq
dünyasının daxili cizgilərini orijinal bir şəkildə
göz önünə gətirir. Vaxtilə unudulmaz
şairimiz Hüseyn Arif "Bənövşə"
şeirinə İlyas Tapdığın
aşağıdakı iki misrasını epiqraf gətirmişdi.
Bənövşə xatirinə
Kol dibinə iz düşdü.
Və mən də balaca vaxtımda
bütün kol-kosların dibində bənövşə
axtarırdım.
Bir-birindən gözəl uşaq
obrazları yaradan İlyas Tapdıq son illərdə balaca
oxuculara Qarabağımız, bu günümüz haqqında
maraqlı şeirlər yazdı. Mən onu yeriyən uşaq ədəbiyyatı
və danışan xatirə kitabı adlandırıram və
ötən bu payız gördüyüm bir mənzərə
hələ də xəyalımdan çəkilmir. Sahil
bağında küləkli bir havada sarı yarpaqlarla bir
gedirdi İlyas Tapdıq. Yarpaqlar başından aşır,
pencəyinin ətəklərini və qalstukunu külək
havada yelləyir, o isə heç nəyin fərqinə
varmadan əlindəki çəliklə ayağının
altında hələ ki, yerin qaçmadığını
yoxlayırdı.
Burada bu vərəqi qatlayıram. Oxundu,
bitdi. Ay kimi batdı, gün kimi çıxdı. Əlimdə
başqa bir vərəq səhər kimi doğulur. Əslində
diqqətlə baxsan o vərəqin rəngi bu vərəqə
qarışıb. O vərəq bu vərəqə rəng dili
ilə bir söz pıçıldayıb. Yəni dünən
bu günlə bitişikdi. 8a sinif şagirdlərinin faciəsi
bu gün də yaşayır uşaq şeirimizdə. Həmişə
Xocalı faciəsinin görüntülərinə baxanda
özümü öldürməsəm də, deyirdim gedib qələmimi
sındıracam. Sındırdımmı? Elə bil Xocalının
dərə-təpələrinə min dənə uşaq
şeirimizi səpələmişlər. Sizdən sorusuram
şair qardaşlar, hanı o uşaqların şeirləri?
Uşaqların əynindəki köynəklər kitabın vərəqləri
idi. Sinələrinə qoyulmuş əlləri isə
kitablarının cildi, sahiblərindən kənara səpələnmiş
potular, çəliklər - nida, ayaqqabılar - nöqtə,
vergüllər… Ermənilər avtomat mətbəəsində
bu şeirləri çap eləmişdi. Uşaq şeiri
yazanda gərək uşağın özü ola. Uşaq
yoxdursa, necə yazasan. Xocalıda bizim uşaqlarımız
yoxdu artıq…
Qoy bu vərəqi Xocalı şeirinin
üstünə sərim, üşüməsin.
Ayrı bir vərəq açılır
önümdə. Xalq şairi Rəsul Rza yazırdı:
"Pəncərəmi açdım sabaha - gördüm
insanlar gəlib-gedir aylar, illər üstündən."
İndi bu vərəqin
işığında baxıram şeirlərə.
Zahid Xəlil səhifəsi
Tanınmış şair Zahid Xəlil
2008-2009-cu illərdə 6 cilddən ibarət seçilmiş əsərlərini
oxucuların ixtiyarına verdi. Onun "Küp",
"Lampacıq", "Ata ocağı" dram əsərləri,
"Dünyanın ən balaca nağılları" hekayələr,
"Orxan və dostları" povesti, "Qızlar şeir
oxuyur sevgi yaşında" şeirlər toplusu, 1, 2-ci siniflər
üçün Azərbaycan dili, ali məktəblər
üçün ədəbiyyat dərslikləri işıq
üzü gördü. Şair uşaq ədəbiyyatı ilə
bağlı Ankaranın Hacəttəpə və Moskva şəhər
Pedoqoji Unversitetində uşaq ədəbiyyatının
problemləri ilə bağlı məruzələr etdi. Zahid
Xəlilin şeir stilinə yaxından bələdəm.
Uşaq hara qədər gedə bilər, ora qədər
yazır. Zahid Xəlilin poetik imkanları, mütaliəsi
olduqca genişdi, ancaq o bunu yeri oldu-olmadı xərcləmir.
O, uşaqların yanınca gedir, uşaqların əli,
düşüncəsi hara qədər çatırsa, ora qədər
danışır. Məncə, bu yüksək peşəkarlıqdır.
Vaxtilə Azərbaycan televiziyasında "Çıraq"
verilişini aparırdı, "Çıraq" uşaq ədəbiyyatını
işıqlandırırdı. İndi bir az hava qaralıb.
Zahid Xəlil 30 il televiziyada veriliş aparıb. Gənclik illərimdə
Zahid Xəlillə məktublaşmışam, uşaq
şeirlərimə baxıb mənə dayaq durub.
Çırağın işığından mənə də
pay düşüb. Onu da deyim ki, o çıraq indi də
yanır, Zahid Xəlil harda varsa, uşaq şeirinin bir
çırağı da ordadı. Şairin
aşağıdakı şeirinin intonasiyası, ritmi uşaq
folklorlarından qaynaqlanır.
Durnalar
Təkcə uçardı göydə,
Gəzərdi çöldə durna.
Yekə qara nöqtəyə
Bənzərdi göldə durna.
Bir gün durnalar dedi:
-Niyə nöqtə olaq biz?!
Gəlin uca göylərə
Yolumuzu salaq biz.
Başlarını ox kimi
Tutub havalandılar,
Onlar təyyarələr tək
Göydə qatarlandılar.
O vaxtdan nöqtə deyil,
Düz xətt oldu durnalar.
Yerlə göy arasında
Sərhəd oldu durnalar.
Uşaq şeirinin əsas xüsusiyyətlərindən
biri də odur ki, ondan bir-iki misra deməklə poetik həqiqəti
nəzərə çatdırmaq olmur, gərək şeirin
özünü bütöv oxuyasan. Ona görə
bütöv oxudum bu şeiri.
"Çıraq"dan söz
düşmüşkən vaxtilə Azərbaycan
Televiziyasının Savalan babası, "Kitab evi", "Ədəbi
jurnalların səhifələrində", Bayatı"
verilişi vardı. Hamısı bağlandı. Uşaq ədəbiyyatını
lap uşaq yerinə qoydular.
Sözə ayaq
verirəm...
Bəzən uşaq şeirimizdə
uşaqları böyük kimi danışdırmaq,
böyüklərin fikirlərini uşaq dilinə pərçim
eləmək meylləri özünü göstərir. Bu,
sovet dönəmindən qalma mirasdır. Uşaqların
dünyagörüşünə, duyğu və
düşüncələrinə süni maska taxmaq, onları
daim odlu-alovlu, qalib göstərmək özündən adam
düzəltmək kimi şeylərdir. Uşaq həmişə
beş ala bilmir, iki alan bir uşağın kədəri,
qorxaq bir uşağın həyəcanı daha təbiidir,
daha gur - guruldayan, nər - nərildəyən şeirlərin
əzəməti məsum uşaqların üzünə taxılmış
maskadır. Əslində bu maska müəllifin
özüdür. Burada "5" alıb fərari,
"2" qiymət alıb qəhrəman olan şagirdlərimi
xatırlayıram.
Fikrət
Sadıq abzası
Ötən il qocaman şairimiz Fikrət
Sadığın 80 yaşı tamam oldu. Süleyman Rüstəm
70 illik yubileyində yazırdı: "7-nin yanından
sıfırı pozun." Bəlkə sıfırı biz də
pozaq, Fikrət müəllim? Sıfırı pozsaq, qalacaq 8.
8 yaşlı uşaq, "8 a sinif jurnalın arxasında
yazı". Fikrət Sadığın atasını tutublar
37-də. Məktəbə gedəndə sinif jurnalının
arxasında sənin atanın iş yeri hara
yazılmışdı, Fikrət müəllim?
Mənim üçün Fikrət
Sadıq sərbəst əruzdu. Onun şeirlərinin
hamısı əruzdadı, sadəcə əruzu hiss etmək
gərəkdi.
Bunları ona görə deyirəm ki, Fikrət
Sadıq bənzətmələr şairidir. Elə
aşağıdakı "Əlifba dərsində"
şeirinə fikir verək:
Baş açmıram bu işdən,
Çaşıb qalmışam
düzü.
Anama oxşayır lap
Yazdığım "ana"
sözü.
Bu bir "a", bu da bir "a"
Anamın iki gözü.
İki "a" arasında
"N" da anamın üzü.
Bu şeirdəki bənzətmələrə
diqqət yetirin. İnsanın üzündə hərflərlə
ana sözü təcalla edir.
Fikrət Sadıq otağında elə
sakitdi, elə bil iclasda oturub...
Fikrət Sadığın hərəkət
və düşüncələri gəldi, vaxt kimi gəlib
keçir yanından. Sözü şirəlidi, şirindi
Fikrət Sadığın. Mərhum professor,
fizulişünas alim Sabir Əliyev Məmməd Aslanın
şeirlərinin dili haqqında deyirdi: "Ayə, dilin o qədər
şirindi ki, ağzını açma arı vurar". Fikrət
Sadığın uşaq şeirlərinin üstünə
arıların qonmaq ehtimalı var. Uşaqlarınızı
qoruyun.
Oqtay Rza abzası
Tanınmış şair Oqtay Rza
2008-2009-cu illərdə "Baldan şirin balalar" və
"Uşaq təbəssümü" adlı iki şeir
kitabını nəşr etdirib. Şairin otən il 75 illik
yubileyi təntənə ilə qeyd olundu. Natəvan klubunda
keçirilən poeziya gecələrində sözünü
həmişə sonda deyir. Hamı onun məclisin sonunda
çıxış eləməyinə öyrəşib.
Bir dəfə apardığım tədbirdə qəsdən
birinci sözü həmişəcavan şairimizə verdim.
O, danişsa da, sonda elədiyi çıxışın
emosiyası qədər alınmadı. Demək Oqtay Rza gec gəlir,
güc gəlir. Şairin aşağıdakı şeirinə
diqqət yetirək:
Tüstü
Baxıram qardaşımın
İşlədiyi zavoda;
Babam kimi elə bil
Papiros çəkir o da.
Nənəm deyir: - A kişi,
Tulla bu zəhrimarı!
Öskürürsən, özünə
Yazığın gəlsin barı!
Səhər-axşam çöllərə
Tüstüsünü hey yayır;
Babamı danlayan var,
Zavodu kim danlayır?
Rafiq Yusifoğlu
səhifəsi
Tanınmış şair, professor, ədəbiyyatşünas
alim Rafiq Yusifoğlunun şeirləri xeyli sayda müxtəlif
dillərə tərcümə edilib, dərsliklərə
salınıb. Dörd dərsliyin, iki monoqrafiyanın,
çoxlu mahnı mətnlərinin, elmi-publisistik məqalələrin
müəllifidir. Şeir və poemaları əsasında
"Qəm karvanı", "Bütün Azərbaycan əsgər
olmalı" televiziya tamaşaları çəkilib. Son
beş ildə onun haqqında professor Nizami Cəfərov "Ədəbiyyatımızın
inkişafı naminə", Flora Xəlilzadə "Söz
ağacının meyvələri", Adil Cəmil
"Sözün keşiyində", Zahid Xəlil "Ürəklərə
sevgi daşıyan şair" məqalələrini yazıb.
Son illərdə onun 3 şeir: "Zamanın qatarı",
"Yollar","Ana dilim", 4 nəsr: "Dəniz səviyyəsi",
"Elm və helm", "Ulu yurd yerlərimiz", "Qoruq
və yasaqlarımız", ali məktəblər
üçün 2 dərslik və 7 tərcümə
kitabı, uşaq ədəbiyyatı ilə bağlı bir
neçə problematik məqalələri dərc olunub. 55
yaşlı "Göyərçin" jurnalının
ağırlığını çiyinlərində
daşıyır. Vaxtilə 270 min sayla çıxan
"Göyərçin" jurnalının indi kəmiyyət
sayı 2-3 mindir.
Qəşəm
İsabəyli səhifəsi
Qəşəm İsabəyli ötən
beş ildə "Ay külək nə əsirsən",
"Samur at minir", "Çörək haqqında nəğmələr"
kitablarını, "Əkil-bəkil", Şamaxı
şam nağılı", "Cin nağılı"
poemalarını dərc etdirib. Şeirləri rus, Ukrayna,
Belarus, ingilis, alman, qırğız dillərinə tərcümə
edilib. Qəşəm İsabəylı xeyli sayda müasir
dünya şairlərinin şeirlərini dilimizə
çevirib. Qəşəm İsabəylinin şeirlərinin
dili folklora çox yaxındı. İncə yumor hissi,
sözlərdən xəsisliklə istifadə etmək,
konkretlik şeirlərin əsas xüsusiyyətidir. Z.Xəlilin
təbrincə desək, "Bədii forma və məzmun
axtarışları və orijinal üslubu ilə seçilən,
Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs gətirən,
rəngarəng yaradıcılığa malik olan şairlərdən
biri də Qəşəm İsabəylidir.
Təklif mən "Yeddi oğul istərəm"
filminə 6-cı sinifdə oxuyanda doğma məktəbimizdə,
ədəbiyyat otağında - kənddə klub yox idi - dizlərimi
yerə qoyub baxmışam. Ekran məktəbimizin ağ
divarı idi. Hələ də o filmi unuda bilmirəm. İndi
uşaq ədəbiyyatımız bəlkə həmin kino
kimi kəndə, məktəbə, bağçaya getməlidir.
Amma necə? Bunun üçün xüsusi boyük
maşın ayrılmalı, deyək ki, üstü vaqon kimi -
buna kənddə avtolavka deyirlər - maşının
banı nağıl qəhrəmanlarımızın şəkilləri
ilə bəzədilməlidir. Sonra həmin maşında
çox yox, iki-üç nəfər aktyor kəndbəkənd
gəzərək məktəblərdə uşaq ədəbiyyatını
təblığ edə bilər, deyək ki, müəyyən
əsərlərdən, xüsusən
nağıllarımızdan epizodlar oynayarlar, videodisklər
nümayiş etdirərlər, şair və
yazıçılarımızın kitablarını
aparıb satarlar. Məhz uşaq kənddə öz
babasının, nənəsinin yanında, qoyun-quzunun
yanında öz şeirini, nağılını daha
yaxşı öyrənə bilər.
Bu səyyarı, ədəbiyyatın xərci
də elə çox eləməz. Təhsil Nazirliyi bu
xırda xərci ödəyə bilər (ideya Səlim
Babullaoğlunundur).
Ələmdar
Quluzadə səhifəsi
Ələmdar Quluzadə son beş ildə
"Boxça", "Qürbətə düşən
daş", "Dilotu", "Ətirşah ətri"
kitablarını nəşr etdirib. Bu kitabları böyük
həvəslə oxudum. Şeirlərin ritmi, intonasiyası və
yumor hissi, xüsusilə şeirlərin sonunun novellavari
qurtarması diqqətimi çəkdi.
Tələt tərbiyə
alır
Uşağın mərdliyinə
Hamı məəttəl qalır,
Şüşəni sındıranda
Tələt boynuna alır.
Dinməzcə qulaq asır
Ona bir söz deyəndə,
Evdən icazə alır
Oynamaq istəyəndə.
Bağçada nə eşitsə
Onun yadında qalır.
Axı tərbiyəçidən
Tələt tərbiyə alır.
Azərbaycan radiosunda Ələmdar Quluzadənin
redaktorluğu ilə "Göy qurşağı",
"Günəş", "Tumurcuq", "Uğur",
"Yaşıl planet", "Sabaha pəncərə",
"Boxça", "Anasının balası"
"Tumurcuq" verilişləri uşaqlar tərəfindən
maraqla qarşılanıb.
Sözün vaxtı. A.S.Puşkin deyirdi
ki, qrammatik səhvi olmayan rus dili mənə lazım deyil. Əslində
Puşkin bu səhvin baş verməyi ilə böyük ədəbi
həqiqəti istəyirdi. Şair ustalıqla dili inkişaf
etdirməli, bədii təfəkkür sədləri
uçurmalı, dil öz məcrasını
aşmalıdır. Şairin, yazıçının
yaratdığı dilin qrammatikası yazılmalıdır.
Haşiyə: Ötən il Sumqayıtda keçirilən
uşaq dünyasına həsr olunmuş bir tədbirdə
valideynlər, müəllimlər çıxış edərək
uşaqların kitab oxumamaqlarından gileyləndi. Söz mənə
çatanda çıxışa sualla başladım. Əziz
valideynlər və müəllimlər, son bir ildə siz
hansı kitabları oxumusunuz? Ortaya sükut çökür.
Mən vərəqi burada dəyişirəm.
Qəşəm
NƏCƏFZADƏ
(Ardı gələn
sayımızda)
Ədəbiyyat qəzeti.-
2011.- 15 aprel.- S.4.