Bir gecənin qonağı
Dünyadakılar yuxuda yol gedən
karvan əhlinə bənzəyirlər.
Həzrət Əli (ə)
Saatın əqrəbləri on dörd
radələrini göstərəndə hüzürə
yığılanlar otaqda hökm sürən vəziyyətdən
narahat oldular. Narahatlıq ondan ibarət idi ki, öz son mənzilinə
yola salınan Behbud kişini oxşayıb ağlayan demək
olar ki, yox idi. O, bu gün sonuncu yeni "mənzil"inə
köçürdü. O "mənzil"lə heç kim
təbrik olunmur. Bu məqamda Allah yada düşür. Vaxtı
ikən hökumət onu yaşadığı mənzillə
şad edəndə burda neçə gün qonaqlıqlar
verilmişdi. Yasdakıların
bəziləri də o vaxt Behbud kişinin evinə təbrikə
gəlib onun xına rəngində bişirdiyi kabablara qonaq
olmuşdular. Hər dəfə onunla rastlaşanda
"kababın dadı ağzımızda qalıb" -
deyirdilər. Behbud ürəyi kövrək, həlim bir adam
kimi məqaləsinin qonorarına kabab qonaqlığına dəvət
edəcəyinə söz verirdi. Beləliklə, elmi məqalələrin
dadı Behbudun, tüstülənən kababların ləzzəti
isə qohum və tanışların olurdu. Behbud sağlığında
yeyilən kabablar üçün yanmırdı, bir nəfər
maraqlanmazdı ki, ay Behbud, zəhmət çəkib nədən
yazmısan, bizi də başa sal.
Vaxtı ikən
müdrik atalar sözü vardı: “Alim öldü, aləm
öldü”. İndi də bu məkanda alim ölüb, aləm
də öz kefindədir. Hərdənbir əl yaylığı
ilə səssiz-səmirsiz gözünü silənləri nəzərə
almasaq. Behbud kişinin torpağa
tapşırılmağına isə iki saatdan az vaxt
qalırdı. Qadınlar bir-biri ilə çoxdan
görüşmədiyi üçün bu vaxt ərzində
danışmağa o qədər söhbət
yığmışdı ki, mərhumun üçünə
qədər bir yerdə oturub danışsalar da, söhbət
qurtaran deyildi.
Hamı Behbud
kişinin əbədi susmasından sui-istifadə edib sərbəstləşmişdi.
Bilirdilər ki, artıq bu dünyanın qayğıları,
siyasi ab-havası onu narahat etmir. Amma sağlığında o
qədər vətənpərvər bir insan olmuşdu ki,
hansı məclisə düşsəydi, dilindən torpaq, vətən
kəlmələri düşməzdi. Onu
sağlığında yaxından tanımayanlar bilmirdilər
ki, Behbud vətənpərvərlik xəstəliyindən
ölmüşdü. Bazar günü axşamüstü evdə
oğluyla televizorda xarici xəbərlərə son dəfə
baxarkən dünyanın qaynar nöqtələrində ən
çox ölən və yaralananların müsəlman
olması ona ağır təsir bağışlayır. Bir tərəfdən
də öz doğma torpağının bir hissəsinin ermənilər
tərəfindən işğal edilməsi onun
sağlamlığına zərbə vurmuşdu.Ürəyi
namərd dövranın ədalətsizliyinə tab gətirə
bilməmişdi. Alim məyus anlarında tez-tez bu sözləri
deyərdi: "Cahillər çoxalanda ariflər qərib
olar." Bu qəribçiliyi Behbud öləndən sonra da
onun ruhu yaşadı.
Yas məclisinə
kədər və hüzn gətirmək üçün
yaşlı qadınlardan biri qohumuyla söhbətini bitirəndən
sonra ağbirçək kimi hamını məzəmmət
etməyə imkan tapdi:
- Rəhmətlik
sağlığında bilsəydi ki, onun ölüsü sizə
etibar olunacaq, ölməyə nifrət edərdi. Heç kim
ölməyini gözünün qabağına gətirmir. Nə
vaxta qədər kişiyə hörmətsizlik edəcəyik?
Aramızda bir neçə ağız deyib-oxşayan
tapılmayacaq?
- Bəs sən
niyə ağlamırsan? Sağlığında ən
yaxın adamı idin... O qədər sənə
yaxşılıqlar edib ki... -deyə Behbud kişinin uzaq
qohumu Yetər narazılıqla dilləndi. Onun arıq, uzun sifətində
qələm qaşları sanki ilan kimi qıvrılıb
öz şikarının üstünə atılmağa
hazır idi.
Yaşlı
qadın Yetərin cavanlıqdan acıdil olduğunu bildiyi
üçün öz təmkinini pozmadı:
- O, nəinki mənə,
çox adama yaxşılıq edib. Mən nankor adam deyiləm.
Görmürsən xəstə-xəstə,
qızdırmalı gəlib oturmuşam burda?
- Hər halda, mərhumla
müqayisədə sənin vəziyyətin o qədər də
ümidsiz deyil.
- Söz güləşdirməkdənsə
məsciddən bir qadın mollası tapsınlar gəlib
ağı desin. Heç olmasa gözümüzdən yaş
tökülsün. Bəlkə belə bir gündə bəzilərinin
günahları, borcları yadına düşə. Biz həmişə
yaslarda tamaşaçı olmayacağıq, bizi də belə
bir gün gözləyir.
- Ağlamalı
kinolara baxanda gözlərimizin yaşı qurumur.
Qabağımızda bu boyda kişi dünyadan
köçür, biz heç öz axirətimiz haqda
düşünmək belə istəmirik.
- Gəlin rəhmətliyi
sağlığında necə tanımışıqsa, onun
haqqında bir neçə kəlmə söz deyək. Onun
verdiyi qonaqlıqları xatırlayaq. Çox səxavətli
bir insan olub. Vallah, onun ruhu bu otaqda bizimlədir.
Məclisdə əyləşənlər
deyilənlərə qulaq assalar da, ağlamaq fikrindən
çox uzaq idilər. Bəziləri göz
ağrısından, kimi yüksək qan təzyiqindən,
kimi şəkərindən şikayət edib bütün
günahları xəstəliklərin üzərinə
atdılar.Təkcə vətənpərvərlik xəstəliyi
haqqında danışan tapılmadı. Bunu o xəstəliyə
sağlığında düçar olan Behbud kimi adamlar
başa düşə bilərdi.
Mərhumun
gözəgörünməz ruhu hələ qırx gün
dirilərin arasında olacaqdı. Nə vaxtsa onu son mənzilə
ötürməyə gələnlərin yuxularına gələcəkdi.
Görən onlarla nədən danışacaqdı? Yəqin
bu dəfə elmi söhbətlər aparmağa vaxt
tapılacaqdı. Çünki daha qonaqlıq vermək
iqtidarında deyil.
Ortayaşlı
müəllimə də öz tərəfindən məclisi
idarə etməyə çalışdı. Müəllim səriştəsi
ilə məclisin diqqətini özünə cəlb etmək
istədi.
- Bir kitabda
oxumuşam ki, Makedoniyalı İskəndər savaşlara
hazırlaşanda özü ilə uzaq yollara şair, həkim,
tarixçi, aşbaz və s. sənətkarlarla bərabər
dəfn mərasimləri üçün ağı deyənlər
də aparırdı. Çünki qəribçilikdə
ölənlərin yanında əzizləri
olmadığı üçün onları
oxşayıb-ağlayan lazım idi. Məsələn,
eramızdan əvvəl yuğlar dəfn mərasimini balaca
teatra döndərirdilər. Bu gün biz teatrda tamaşa qoyana
rejissor deyirik, keçmişdə isə onlara
"oyunbaba" deyilirdi.
Tarix dərsinə
qulaq asmağa hövsələsi çatmayan Yetər qol
saatına baxıb hövsələdən çıxdı:
- Biz də elə
sən deyəni deyirik də... Bu məclisin oyunbabası olmalıdır
ya yox?!
Mərhum Behbudla
vaxtikən divar qonşusu olan Valya qocalıb əldən
düşdüyü üçün qulaqları pis
eşidirdi. Kar da olsa, azərbaycanca yaxşı
danışırdı. Üzündəki dərin
qırışların içində dodağındakı
qırmızı boya da elə bil öz təravətini
itirmişdi. Məclisdə söhbətin nədən getdiyini
axıracan dərk etmədiyi üçün Yetərdən
soruşdu:
- Oyunbaba kimdir, onun adı Behbud idi.
-Düzdür, rəhmətliyin adı
Behbuddur, amma onun ölməyini şərəfləndirmək
üçün oyunbaba, yəni adamları ağladan
lazımdır. Başa düşdün? Qadın
ağıçı la zımdır. - Yetər son sözləri
elə ucadan dedi ki, hamı çevrilib ona baxdı.
- Ağıçı onu tanıyır?
- Yox.
- Onu tanıyanlar ağlamır,
ağıçı niyə ağlamalıdır?
- Molla adam güldürmək
üçün deyil... Sizin keşişlər də adam
öləndə yasda iştirak etmir?
- Hə, iştirak edir. Bir məsələ
var ki, bizim yaslar daha canlı keçir.
- Məclisdə araq butulkaları, zakuskalar
bol olanda canlı keçər də. O qədər
içirsiniz ki, ölənlə diri arasında fərq
azalır. Siz də araq içmək xəstəsi.
Yaxşı atalar sözü var: "Qamış ola,
gomuş ola, görməmiş ola."
- Qamış nədir?
- Atalar sözüdür, tərcümə
olunmur.
- Yox, sən kamış demək istəyirsən?
Yetər kar qonşusunun yerli-yersiz şərhlərindən
bezib deyindi:
- Əcəb işə
düşmüşdüm. Qəmiş kimi yapışıb
yaxamdan. Allah bilir Behbudun da sağlığında nə qədər
zəhləsini töküb.
Tarix müəllimi yenə söhbətə
müdaxilə etdi:
- Yas məclisində belə ucadan
danışmazlar. Mərhumun qabağında susmaq heç nə
danışmamaq özü ehtiram əlamətidir.
- Qonşun kar olanda qışqırmayasan
nə edəsən?
- Mən kar deyiləm, -deyə Valya Yetərin
ucadan dediyi sözü eşidərək,
karlığını boynuna almadı.
- Mən də kor deyiləm. Bayaqdan burda
gedən söhbətləri öz başa
düşdüyün kimi yozursan. Qocalmaq nə vaxtdan ayıb
sayılır? Adamın başına iş gələr də.
Görmürsən, o boyda kişi ölüb. Heç cürə
buna inana bilmirəm. Bəlkə ona görə gözlərimdə
yaş da quruyub? Bir həftədən sonra ölsəydi, mənə
tapdığı iş də əlimdən
çıxmazdı. Adamın gərək bəxti ola.
- Yox, adamın gərək vicdanı, qəlbi
ola, -deyə Behbudun böyük baldızı Yetərin yersiz
sözlərinə cavab verməyə bilmədi.- Əgər səni işə
düzəldib ölsəydi gözündən yaş
çıxardı.
Mərhum Behbud
işıqlı dünyadakı son saatlarını onu
üzük qaşı kimi dövrəyə alan
qadınların arasında necə keçirirdi demək
çətindir. Yəqin ki, onun ruhu bədənini tərk edəndən
sonra qohumlarını, tanışlarını daha
yaxşı tanımışdı.
Otağa üç sıra stullar
qoyulmuşdu. Üçüncü sırada əyləşən
bəzi qadınlar arxa sıralarda şirin-şirin söhbət
edirdilər. Çünki onlar məclisdə bir o qədər
də nəzəri cəlb etmirdilər. Divardakı saatın əqrəbləri
artıq on beş radələrini göstərirdi. Behbudun
baldızları köks ötürüb bacılarının
əvəzinə bir ağız ağlaşdılar.
-Bacımız Behbuddan əvvəl ölməsəydi
hüzür də belə soyuq keçməzdi.
-Yazığın bir oğlu var, o da
çadırda kişilərin arasındadır. Nə edə
bilər?
- Ölüm necə də adiləşıb.
Çünki həyat da öz əvvəlki dəyərini
itirib.
-Yadımdadır, əlindəki
axırıncı pulunu qonşuluqdakı yataqxanada yaşayan
qaçqın ailəsi üçün əsirgəmirdi.
Tarix müəllimi məclisə
üzünü tutub ümidlə qadınlardan soruşdu:
- Aramızda bayatı, mərsiyə deyən
var?
Yetər yenə əsəbiləşərək,
öz hikkəsini gizlədə bilmədi:
- Adını müəllim qoyub bizdən
bayatılar, folklor istəyir.Görmürsən burda
oturanların çoxu rusdillidir, onlar uşaqlıqda
çastuşkalara daha çox qulaq asıblar. O da rusların
bayatılarıdır...
- Rəhmətlik özü rusdilli olsa da,
ona ehtiyac olmayanda, ancaq öz ana dilində
danışırdı. Əvvəla mən ədəbiyyat
müəllimi deyiləm... Qohum özünü belə
aparanda özgədən nə ummaq olar? Rəhmətlik buna
layiq deyil... Heç rus dilində də ağı deyib
ağlayan tapılmadı.
Məclisdəkilər bir anlıq ağlaşmanı,
oxşamanı rus dilində təsəvvür edib,
qımışdılar. Qadınların arasında
başıaşağı qəmgin oturan yaraşıqlı
bir xanım nəhayət, kəskin söz deməyin vaxtı
çatdığını hiss etdi. Bir azdan kişi
mollası otağa girəcəkdi. Rəhmətlik Behbudla
Akademiyada uzun illər bir yerdə işləmişdilər.
Qadın iclaslarda olduğu kimi ayağa durub hüznlə dedi:
-Behbud müəllimin vəfatı
çox ağır bir itkidir. Lakin mən bugünkü məclisə
baxıb belə qənaətə gəlirəm ki, indiki
zamanda nə diriyə, nə ölüyə hörmət
qalmayıb. Bayaqdan hamı öz aralarında danışmaq
üçün o qədər mövzu tapa bilib ki, amma Behbud
müəllim haqqında söz qəhətə
çıxıb. Əvvəllər toy da, yas da tərbiyə
ocağı olub...İndi isə çoxumuz bu mədəniyyətdən
uzaqlaşmışıq. Bu gün də yas məclisində
sizlərin dediyi kimi "oyunbaba" axtarırıq ki, bizi
kövrəldib ağlada bilsin. Gözünüzə əziyyət
verməyin. Əgər gözlər həqiqəti görə
bilmir, qəlbi daşdırsa süni ağlamağa dəyməz.
Biz də bu dünyada
qonağıq. Allah tərəfindən ölənlərə
öz yas məclisində son dəfə vida sözü demək
səlahiyyəti verilsəydi görən onlar dirilərə
nə deyərdilər? Bəlkə də onların son
etirafları insanların indiki şüurunu kökündən
dəyişdirərdi. Dirilər qəflət yuxusundan
ayılardı. Eh, hələ bilmək olmaz kim diridir, kim
ölü. Onun qədrini bilənlər üçün
Behbud müəllimin yeri həmişə görünəcək.
Nə qədər alim yetişdirib. Onun xeyirxah əməlləri,
ziyası da ziyalılığından irəli gəlirdi.
Alimin dəyəri Allah yanında həmişə ucadır.
Bir alim dünyası bizi tərk edib köçdü. "Fatihə" surəsinin son ayələri
hər gün dilimizdə duadır: "Bizi doğru yola
yönəlt, nemət bəxş etdiyin şəxslərin
yoluna, qəzəbə uğramışların yoluna
deyil." Sən doğru yolun yolçusu kimi Allahın
xoşbəxt bəndəsi olmusan. Allah sənə qəni-qəni
rəhmət eləsin, Behbud müəllim.
Otağa dərin
bir sükut çökdü. Daha heç kim söz güləşdirməyə
cəsarətlənmədi. Otağa daxil olan cavan kişi
Behbudun böyüdülmüş şəklini divardan
çıxardanda hamı başı üstündə sərin
meh hiss elədi. Büllur çilçırağın
sırsıraları hərəkətə gəldi.
Otaqdakı sakitliyin içində gərginlik, uğultu
vardı. Qulaqlarda eşidilən uğultu bəlkə də
Behbudun son vida sözləri idi: "Həyat sizə nə
verdi? Diriyə, ölüyə qiymət qoymayan Allahı necə
dərk edər? Mənim susan ürəyim ayrılıq ərəfəsində
sonuncu dəfə ağrıdı. Elə bildim bütün
bunları yuxuda görüb eşidirəm. Öz doğma evim
mənə yad göründü. Diri ölülər
içində yaman darıxdım. Allah sizə rəhmət
eləsin."
Behbud oğlu və
qardaşlarının
çiyinlərinə götürülüb həyətə
düşürüldü. Hava tutqunlaşırdı.
Axşamüstü yağış gözlənilirdi.
Payız küləyi isə get-gedə güclənirdi.
Qadınlar isti, rahat mənzildən sonra həyətdə
üşüyürdülər. Tezliklə isti çay
içmək üçün Behbudun keçmiş mənzilinə
qalxmağa tələsirdilər. Evində dünənki son
gecənin qonağı olan Behbud isə bilmirdi ki, onun
üzünə heç vaxt səhər açılmayacaq.
Öz evində bilmirdi ki, son çayını içir.
Payız da onun son gördüyü fəsil idi. Bu gündən
daha nə yağış, nə qar onun həyatına
heç vaxt yağmayacaqdı. Tanıdığı adamlar,
qohumlar, hər şey sanki qara pərdə arxasında
qalmışdı. İrəlidə alimliyi, xeyirxah əməlləri
onun o dünyada ən böyük qazancı idi. Havayı kabab
yeyənlər onu axıra qədər başa düşə
bilməzdilər...
Yaşlı
molla tabutun qabağında Quranın "Ər-Rəhman"
surəsini ucadan oxuya-oxuya üzü qəbiristanlığa
gedirdi: "Ey ağır yük altında olanlar (yaxud yerə
ağırlıq edən cinlər və insanlar) sizinlə də
(layiqincə) məşğul olacağıq (əməllərinizin
haqq-hesabını mütləq çəkəcəyik). Belə
olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?!"
Behbudun tabutunu
aparanlar gözdən itənəcən Rəbbin nemətlərini
yalan sayanlar, dünya aşiqləri hələ də
yarımçıq söhbətlərini davam etməkdə
idilər...
Zöhrə ƏSGƏROVA
Ədəbiyyat
qəzeti.- 2011.- 15 aprel.- S.5, 6.