Zöhrə Əsgərova – 60

 

Hörmətli Zöhrə xanım!

Sizi - tanınmış yazıçımızı 60 yaşınızın tamam olması münasibətilə təbrik edirik.

40 ildən artıqdır ki, siz bədii yaradıcılıqla məşğulsunuz. Oxucularla ilk ünsiyyətiniz 1969-cu ildə "Azərbaycan gəncləri" qəzetində miniatürlə başlamışdır və bu günə qədər mətbuat səhifələrində müxtəlif səpkili essee hekayələriniz çap olunur. "Müqəddəs" adlı ilk kitabınız 1981-ci ildə "Yazıçı" nəşriyyatında, daha sonra 1984-cü ildə "İki tale", 1989-cu ildə "Tənhalıq" kitablarınız nəşr edilmişdir. 1991-ci ildə "Gənclik" nəşriyyatında "Özgə evin işığı", 2006-cı ildə Şirvannəşrdə "Mirvari toy", 2011-ci ildə "Yazıçı nəşriyyatında "Özəl poçtdan məktub var" nəsr kitablarınız oxuculara təqdim olunub. Uzun illər Azərnəşrdə, "Yazıçı", "Gənclik" nəşriyyatlarında redaktor kimi səmərəli fəaliyyət göstərmisiniz.

1969-1973-cü illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunu bitirmiş, bu sahədə çalışmısınız. Kitablarınızda dərin müşahidə qabiliyyəti, toxunduğunuz mövzularda bəşəri duyğular, səmimiyyət, vətəndaşlıq mövqeyi üstünlük təşkil edir. Siz yazılarınızda gələcək nəsillərin yaddaşında xeyirxah nümunələrimizlə, ədalət naminə mübarizliyimizlə yadda qalmağımızı tövsiyə edirsiniz. Uşaqlar üçün yazılan hekayələriniz də maraqla oxunur.

Siz mətbuatda səmərəli fəaliyyətinizə görə "Xan qızı Natəvan" və "Araz" ali ədəbi-media mükafatlarına layiq görülmüsünüz.

Hörmətli Zöhrə xanım!

Sizi yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə cansağlığı, uzun ömür yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2011.- 15 aprel.- S.5.