İsmayıl Öməroğlu -
60
Hörmətli
İsmayıl müəllim!
Sizi - tanınmış
şair, publisist, ədəbiyyatşünas
alim və tərcüməçini yubileyiniz
münasibətilə təbrik
edirik.
Sizin ilk qələm
təcrübələriniz xalq şeirinin
təbiiliyini qoruyub saxlayan kövrək, səmimi poetik
parçalar idi. Mövzusundan
asılı olmayaraq
şeirlərinizdə vətəndaşlıq qayəsi, milli qeyrət duyğusu hakimdir. 1980-ci illərdə çapdan çıxmış "Mənim
odum, ocağım", "Baxtıma
düşən dünya", eləcə də
"Yerlə göyün arasında",
"Günəşin rəngləri" kitablarına daxil edilmiş şeirlərdə yeni poetik axtarışlar, novator
düşüncə və
yeni üslub özünü göstərir.
1981-ci
ildə çapdan çıxmış
"Ədəbi portret
və xarakter"
monoqrafiyanız mühüm ədəbi-nəzəri problemə
həsr olunmuş, "İnsan
həyatda və sənətdə"
kitabınızda toplanmış məqalələrinizdə müasir ədəbiyyatın
bir sıra aktual məsələlərinə,
bədii əsərlərin estetik prinsiplərinə elmi-nəzəri münasibət ədəbiyyatşünaslığımıza
yeni töhfə kimi dəyərləndirilmişdir.
Siz "Ədəbiyyatda
insan konsepsiyası: tarixi
təşəkkülü və inkişaf mərhələləri" mövzusunda
doktorluq dissertasiyası
müdafiə etmiş,
"Dünya susur, tarix susmur", "Burulğanlar içində",
"Qaçqınlıq", "Qara gündəlik" kitablarını
nəşr etdirmisiniz. Sizin
rəhbərliyiniz və müəllifliyinizlə
irihəcmli "Deportasiya", "Biz qayıdacağıq"
adlı kitablar nəşr
olunmuşdur.
Çoxşaxəli
yaradıcılığınızın bir
qolu da bədii tərcümədir.
Siz qədim şümerlərin məşhur
"Bilqamıs" dastanı, "Avesta"dan parçalar"ı və Qədim Misir ədəbiyyatı nümunələrini, rus, Litva, Ukrayna,
türk, türkmən
və b. dillərdən bir sıra
bədii əsərləri dilimizə çevirmisiniz.
Sizin tərcümələrinizlə
Məhtimqulunun "Qəm seli" (1984),
Qaracaoğlanın "Aramızda qarlı dağlar
dayanıb" (1991; 2006), Ə.K.Bəlviranlının
"İslam prinsipləri"
(1993) kitabları buraxılmışdır. Sizin
redaktəniz və rəhbərliyinizlə
Azərbaycanda ilk fundamental
həcmdə "Qədim Şərq ədəbiyyatı
müntəxəbatı" (1999-2007) kitabı nəşr olunmuşdur.
Əmək fəaliyyətinə
fəhləlikdən və neft mədənlərində işıqçı
kimi başlasanız da, ömrünüzün
böyük bir hissəsi
əsasən nəşriyyat sistemi və dövlət işləri
ilə bağlı olmuşdur. 1970-1975-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin əyani şöbəsində
təhsil aldığınız illərdə Kiyevdə, Lvovda və Moskvada keçirilmiş Ümumittifaq tələbə-elmi
konfranslarında çıxış edərək diplomlara layiq görülmüsünüz. 1975-ci ildən
Azərbaycan Dövlət Nəşriyyatında korrektor və sonra kənd təsərrüfatı ədəbiyyatı
şöbəsində aparıcı redaktor vəzifəsində işləmisiniz.
1976-cı ildə Moskva Poliqrafiya
İnstitutunda baş redaktor və redaksiya müdirlərinin ixtisasartırma kursunda oxumusunuz. 1978-ci ildən
"Yazıçı" nəşriyyatında ədəbiyyatşünaslıq
və publisistika redaksiyasında
redaktor, incəsənət və klassik ədəbiyyat redaksiyasında müdir,
1980-ci ildən Azərbaycan Dövlət Nəşriyyat, Poliqrafiya
və Kitab Ticarət
İşləri Komitəsində nəşriyyatlar idarəsinin
rəisi, 1984-cü ildən Azərbaycan KP Mərkəzi Komitəsinin
təbliğat və təşviqat şöbəsində
müxtəlif vəzifələrdə işləmiş,
1989-cu ildən taleyinizi Azərbaycan
Ensiklopediyası ilə
bağlamısınız. 1993-cü ildən "Azərbaycan
Milli Ensiklopediyasının
baş redaktoru, Azərbaycan Qaçqınlar
Cəmiyyətinin yaradıcılarından biri
və sədrin birinci müavini olmusunuz. Bir çox elmi, siyasi, ədəbi qəzet və jurnalın redaksiya
heyətinin üzvüsünüz.
AHİK-nın İdarə heyətinin (1998-2004) üzvü kimi ictimai vəzifəni yerinə yetirmisiniz.
Siz 1984-cü ildən pedaqoji
fəaliyyətlə də
məşğul olmusunuz. Universitetin
jurnalistika və
kitabxanaçılıq-informasiya fakültəsində dərs
deməklə yanaşı, 7 tədris proqramı və 4 dərsliyin
müəllifisiniz. Ali məktəblərdə
dərs demisiniz. Sizin irihəcmli "Redaktənin
əsasları" kitabınız müəlliflər və
mətbuat işçilərinin gərəkli vəsaitinə
çevrilmişdir.
Hazırda 2005-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun
Xarici ölkələr
ədəbiyyatı və ədəbi əlaqələr
şöbəsində baş elmi işçi vəzifəsində
çalışırsınız. Eyni zamanda, Bakı Dövlət Universitetində
kitabxanaçılıq-informasiya fakültəsində
Kitabşünaslıq və nəşriyyat işi
kafedrasının professorusunuz.
Hörmətli qələm
dostumuz, sizi 60 illik yubileyiniz münasibətilə bir daha təbrik edir, sizə
cansağlığı, uzun ömür və
yaradıcılıq uğurları arzulayırıq.
Azərbaycan
Yazıçılar Birliyi
Ədəbiyyat
qəzeti.- 2011.- 15 aprel.- S.5.