"Hər səsə bu qədər müştəri düşməz…"

  

 Aprelin 6-da xalq şairi Nəriman Həsənzadənin 80 illik yubileyi görkəmli sənətkarın tələbəlik illərinin yadigarı, Nizami yurdu Gəncədə böyük qədirbilənlik hissilə qeyd edildi. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, Gəncə şəhər İcra hakimiyyəti Gəncə Dövlət Universitetinin birgə təşəbbüsü ilə keçirilən yubiley tədbiri Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının geniş iclas zalında düzənləndi. Əvvəlcə yubilyarın həyat və yaradıcılığından bəhs edən film nümayiş olundu. Bu film boyunca Nəriman Həsənzadə Poyludan Gəncəyə, Gəncədən Bakıya, Bakıdan bütün Türk dünyasına, keçmiş sovetlər məkanınacan keçib gedən ömür yolundan söz açır, həyat yollarında rast gəldiyi yaxşı insanları xatırlayır, "atasız böyüdüm, yetim olmadım" - deyir, "Öz oduna yanan qızmaz" söyləyir, "anamın yatdığını görür, haçan yuxudan oyandığını, iş-güc arxasınca getdiyinisə görmürdüm" xatirəsini dilə gətirirdi.

Gəncə Dövlət Universitetinin rektoru, professor Elman Məmmədov yubiley tədbirini açaraq bildirdi ki, Nəriman Həsənzadənin ilk yaradıcılıq yolu Gəncədən başlayıb: "O, Gəncədə ilk şeirlərini yazıb, ilk sevgi duyğularını yaşayıb. Nərimanın Nizami yurduna, Nizami yurdunun Nərimana sevgi və sayğıları həmişə yetərli, bol olub. Mən görkəmli şairimizi bu məclisdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin şəxsən öz adımdan salamlamaqdan qürur duyuram. Nəriman Həsənzadənin şəxsiyyəti və sənəti bir məktəbdi. Onun əməyi və istedadı həmişə dövlətimiz, ulu öndər Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilib. Nəriman müəllim gəncliyin sevimli şairi olaraq qalmağı bacaran nadir sənətkarlarımızdandır".

AYB-nin Gəncə bölməsinin sədri, əməkdar incəsənət xadimi Məmməd Alim, AMEA-nın Coğrafiya İnstitutunun direktoru, akademik Budaq Budaqov, Azərbaycan Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqov, Akademik Fuad ƏliyevTexnologiya Universitetinin rektoru Telman Məlikov çıxış edərək Nəriman Həsənzadənin bənzərsiz poeziyasından, işıqlı şəxsiyyətindən, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən ətraflı danışdılar.

Professor, Milli Aviasiya Akademiyasının kafedra müdri İbrahim Quliyev çalışdığı akademiyanın rektoru, professor Arif Paşayevin təbriklərini yubilyara çatdırdı, şairin insanın kamilləşməsi yoluna ayna tutan əsərlərindən, səmimiyyətindən söz açdı. Filologiya elmləri doktoru Rüstəm Kamal vurğuladı ki, N.Həsənzadənin yaratdığı qəhrəmanlarla özü arasında qəribə bir oxşarlıq var: "Onun səsində, intonasiyasında özünü, öz taleyini görmək olar. Sanki taleyi səsinə hopub. Səssə heç zaman aldatmır. Nəriman Həsənzadə öz yaradıcılığıyla Azərbaycan qadınına heykəl qoyan şairdi. Bu, bir kişi əxlaqının göstəricisidi. Onun şeirlərində ehtiva olunan kişi əxlaqı Azərbaycan oxucusu üçün həmişə cəlbedici olub. Nəriman müəllimin yaradıcılığına duyğu söz yaddaşı xasdı. O, böyük duyğu şairidi. Nəriman müəllim Azərbaycan şeirinin ləyaqətini qoruyan, kədərini dərk edən şairdi".

Tanınmış şair İlyas Tapdıq N.Həsənzadəni 1954-cü ildən tanıdığını, aradan keçən böyük bir zaman kəsiyində taleyin onun çiyninə qoyduğu yükü ləyaqətlə daşımasının şahidi olduğunu dilə gətirdi: "Nəriman böyük şairimiz Səməd Vurğun boşluğunu yetərincə doldura bilən qüdrətli bir söz ustasıdır.

O, sevgi şeirlərində sadə və səmimi, tarixi əsərlərində qətiyyətli və qüdrətlidi".

"Ədəbiyyat qəzeti"nin şöbə müdiri Sərvaz Hüseynoğlu tədbirdə ustad sənətkara həsr etdiyi şeiri oxudu, tanınmış yazıçı Qərib Mehdi yubilyarla bağlı xatirələrini dilə gətirdi: "Nəriman Həsənzadə Poylu qəsəbəsində bir söz ağacı kimi bitdi, biz Gəncədə onun ilk barını dərdik, Bakıda dadını-tamını qiymətləndirdik, sonra bütün dünyaya sovqat göndərdik - paklıq, səmimiyyət sovqatı".

Sonda çıxış edən xalq şairi Nəriman Həsənzadə dedi: "Taleyimə çox minnətdaram ki, sənət yolum Gəncədən keçib. Burda mənə soyuq dəyməz, göz toxunmaz. Bura mənim taleyimin, ilk sevgi duyğularımın şəhəri, ulu Nizami yurdudu. Azərbaycanın qəhrəmanlıq tarixinin, müstəqillik savaşının qızıl səhifələri Gəncənin taleyindən keçir. Burada mənim əzizim Qərib Mehdi yaşayıb-yaradır, gözəl şair Məmməd Alim fəaliyyət göstərir. Gəncə Dövlət Universitetində çox böyük alimlərimiz dərs deyib - rəhmətlik Altay Məmmədov, Sabir Əliyev, Mürşüd MəmmədovBu gün professorlar Xəlil Yusifov, Abbas Səmədov, Sadıq Şükürov var. Onlar mənim mənəvi qardaşlarımdı. Bahadur Fərman, İnqilab İsaq, Sahib İbrahimli, Ələsgər Əlioğlu, Məzahir Hüseynzadə, Aləmzər Əlizadə, Xəzangül kimi şairlər çağdaş Gəncə ədəbi mühitinin yetirmələridir. Yadıma Nüşabə Məmmədovanın bir hekayəsini vaxtilə baş redaktoru olduğum "Ədəbiyyat qəzeti"ndə çap etdiyim günlər düşür. O hekayəni çap etməyimə görə mənə irad tutanlar oldu. Ancaq o hekayənin çapı Nüşabə xanımın haqqı idi. Mən onun "Cavad xan" pyesini heyranlıqla oxudum. Burada professor İbrahim Quliyev mənə akademik Arif Paşayevin təbrikini çatdırdı. Dərindən minnətdarlığımı bildirirəm. Taleyin işinə bax ki, uşaqlıq illərində təyyarə modeli düzəltməklə duyğulanan Arif müəllim özü indi Milli Aviasiya Akademiyasına rəhbərlik edir. Qədim Gəncədə ustadım, görkəmli yazıçı Mir Cəlalın mənzil muzeyi fəaliyyət göstərir. Bu, bir halallıq ocağıdı. Vaxtilə bu böyük insan mənim qarşıma çıxdı, dedi axtarma, adam axtar. Sonra özü mənim üçün o böyük adamın, insanın özünə çevrildi. Ulu öndər Heydər Əliyev həlledici məqamlarda sözümü dedi, haqqımı qorudu. O, şairi şairdən qoruyurdu - bu qəribədi…"

Sonra N.Həsənzadə şeirlərini, "Nuru paşa" poemasından parçaları oxudu, Gəncə Dövlət Universitetinin tələbələrinin ifasında şairin şeirləri, sözlərinə yazılmış mahnılar səsləndirildi, telli saz dilə gəldi.

Həmin gün yubilyarla bərabər tanınmış mədəniyyət işçiləri və alimlər ustad yazıçı Mir Cəlalın Gəncədəki mənzil muzeyini ziyarət etdilər.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 15 aprel.- S.6.