Heydər Əliyev
dühasını əks etdirən salnamə
Hər
xalqın özünə, öz tarixi köklərinə, əcdadları
tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə
bağlılığı böyük amildir. Biz də indi
dünyanın mütərəqqi mənəvi dəyərlərindən
istifadə edərək, xalqımızın mədəni səviyyəsini
daha da inkişaf etdirərək, gənc nəsli daha da
sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə
tərbiyələndirməliyik.
Heydər Əliyev
Ulu öndərimiz Heydər Əliyev
haqqında qələmə alınmış hər yeni kitab
xalqımızın iftixar mənbəyi olan bu nadir şəxsiyyətin
əbədiyaşar irsinin, həyatımızın hər sahəsində
izi görünən ölməz ideyalarının parlaq təzahürüdür.
Bu parlaq təzahürlərdən biri də ümummilli
liderimizin anadan olmasının 88-ci ildönümü ərəfəsində
işıq üzü görmüş "Heydər Əliyev
və milli-mənəvi dəyərlərimiz" adlı
kitabdır. Nəfis şəkildə nəşr olunmuş,
Heydər Əliyev ömrünün müxtəlif
anlarını əks etdirən fotoşəkillərlə zəngin
olan bu dəyərli əsərin müəllifi Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru, əməkdar incəsənət xadimi,
filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevdir.
Bu dəyərli elmi-konseptual əsər Heydər Əliyevin mədəniyyətimizə,
ədəbiyyatımıza, teatr və kino sənətimizə,
rəssamlıq və musiqi dünyamıza göstərdiyi
böyük qayğı və diqqətin salnaməsidir desək,
səhv etmərik. Kitabın "Heydər Əliyevin irsi milli
sərvətimizdir" adlı giriş hissəsində müəllif
yazır: "Tarix uzaqlaşdıqca biz Heydər Əliyev
dühasının əzəmətini, onun şəxsiyyətinin
böyüklüyünü daha aydın dərk edirik. Əslində
bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir.
Çünki ulu öndərin layiqli davamçısı -
Prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri
olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu
dövlətçilik prinsipləri ilə idarə edir, onun
imkan tapıb həyata keçirə bilmədiyi idealları
tarixə çevirir".
Kitabı vərəqlədikcə
dünyanın ən məşhur ictimai-siyasi, sənət
xadimlərinin Heydər Əliyev şəxsiyyətinə
verdikləri yüksək qiymət hər bir azərbaycanlının
ürəyini fərəh hissi ilə doldurur. Onu "Siyasət
nəhəngi", "Tarixi, əfsanəvi şəxsiyyət",
"Azərbaycan dövlətinin memarı"
adlandıranlar, əlbəttə, haqlıdırlar. Heydər Əliyev
Azərbaycanın sərhədlərindən çox-çox
uzaqlarda şöhrət tapmış, türk
dünyasının iftixarı, beynəlxalq miqyasda
böyük nüfuz qazanmış liderdir.
"Heydər Əliyev və milli-mənəvi
dəyərlərimiz" kitabının diqqəti cəlb edən
məziyyətlərindən başlıcası budur ki, müəllif
bütün fəaliyyəti boyu idealı bildiyi ümummilli
liderimizin zəngin irsini dərindən mənimsəmiş,
onun haqqında yazılanları birər-birər
araşdırmış, mədəniyyət və incəsənətimizin
fədakar hamisi olmuş ulu öndərimiz haqqında
ayrı-ayrı məqalələri çıxmaq şərti
ilə bu günə qədər işlənməmiş bir
mövzunu tədqiqat obyekti seçmiş, fundamental bir əsər
qələmə almışdır. Kitaba akademik Bəkir Nəbiyevin
və AMEA-nın müxbir üzvü Rəna Məmmədovanın
rəyləri də daxil edilmişdir. Bəkir Nəbiyev
"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz"
kitabı haqqında fikirlərini belə ümumiləşdirir:
"T.Əfəndiyevin kitabında Heydər Əliyevin
çoxşaxəli estetik görüşləri nəzəri
problemlər işığında araşdırılır. Əsərdə
irəli sürülən müddəalar tutumlu, aydın və
konseptual səciyyəyə malikdir. Belə hesab edirəm ki,
professor Timuçin Əfəndiyevin "Heydər Əliyev və
milli-mənəvi dəyərlərimiz" monoqrafiyası
ümummilli liderimizin, bu dünya şöhrətli tarixi şəxsiyyətin
zəngin mənəvi irsinin təbliği işinə
mühüm faydalar verəcəkdir."
Rəna Məmmədova da bu elmi-tədqiqat
işinə yüksək qiymət verərək yazır:
"Kitabda Heydər Əliyevin mədəni irs nəzəriyyəsi
müxtəlif rakurslardan diqqəti cəlb edir. Uzun illər
kulturologiya, ədəbiyyat və mədəniyyət
yönümlü araşdırmalar aparmış T.Əfəndiyevin
bu kitabının nəşri Heydər Əliyev irsinin tədqiqi
və təbliği sahəsində faydalı
olacaqdır."
Timuçin Əfəndiyevin əsərində
Heydər Əliyevin milli bayramlarımıza, adət və ənənələrimizə
məhəbbəti, klassik sənətkarlarımızın ədəbi
irsinə olan diqqəti, böyük türk eposu "Kitabi-Dədə
Qorqud"un 1300 illiyinin, Füzulinin 500 illiyinin qeyd edilməsindəki
əvəzsiz xidməti, Hüseyn Cavidin cənazəsinin uzaq
Sibirdən Azərbaycana gətirilməsi, İmadəddin Nəsimiyə,
Hüseyn Cavidə, Nəriman Nərimanova möhtəşəm
heykəllər ucaltması, yazıçı və şairlərimizə,
incəsənət xadimlərimizə ən yüksək fəxri
adların verilməsi sahəsindəki fədakarlığı
öz real əksini tapmışdır. Müəllif Heydər
Əliyevin klassik irs təlimini şərh edərək
yazır: "Füzulinin 500 illik yubileyi üzrə Dövlət
komissiyasının iclasındakı giriş sözündə
Heydər Əliyev bu yubileyin keçirilməsinin bir neçə
tarixi əhəmiyyətini göstərmişdi:
1. Füzulinin yubileyini keçirməklə
Azərbaycan xalqını dünyaya bir daha tanıtmaq;
2. Böyük mütəfəkkir
şairin Azərbaycan xalqı qarşısında və
bütün türk xalqları, dünya mədəniyyəti
qarşısında xidmətlərini qiymətləndirmək;
3. Bu əlverişli fürsətdən
istifadə edib mədəniyyətimizi, tariximizi təbliğ
etmək."
Bu sözlər Heydər Əliyev
dühasını, bu müdrik şəxsiyyətin öz
xalqının ədəbiyyatına verdiyi yüksək qiyməti,
Azərbaycanı və onun nadir sənətkarlarını
bütün dünyaya tanıtmaq istəyini sərrast ifadə
edir.
Timuçin Əfəndiyevin gərgin zəhməti
nəticəsində işıq üzü görmüş
kitabın birinci hissəsi Heydər Əliyevin bu kəlamları
ilə başlayır: "Biz mədəniyyətimizə,
dinimizə, milli əxlaqımıza, bütün milli ənənələrimizə,
tariximizə sadiqik". Müəllif yazır: "Həm
dövlət başçısı, həm də vətənpərvər
bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə,
mənəvi irsə göstərdiyi hörmət, verdiyi dəyər
onun toxunduğu hər bir sahədə özünü
göstərmişdir. O, hətta siyasəti də
böyük mədəniyyətlə, səriştə ilə
aparmağın lazım olduğunu tövsiyə edirdi. Heydər
Əliyev çıxışlarının birində deyirdi:
"Xalqımız qədim xalqdır, böyük tarixə,
böyük mədəniyyətə malik olan xalqdır."
Xalqımızın milli-mənəvi dəyərlərinin
təbliğində, gənclərimizin bu ruhda tərbiyə
olunmasında, ümumiyyətlə, cəmiyyətin bu istiqamətdə
səfərbər edilməsində Heydər Əliyevin xidmətlərini
xüsusi qeyd edən Prezident administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin "Azərbaycanda humanitar və ictimai
elmlər sahəsində vəziyyət"ə həsr
olunmuş müşavirədəki
çıxışına istinad edən müəllif
akademikin bu sözlərini misal gətirir: "Azərbaycanın
gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş
ümummilli lider Heydər Əliyev bütün cəmiyyəti
səfərbər edərək onu düzgün yola istiqamətləndirdi".
Bu sözlər Heydər Əliyev ideyalarının məqsəd
və amalını lakonik şəkildə, bütün
aydınlığı ilə əks etdirir.
Ulu öndərimizin milli adət və ənənələrə,
milli bayramların keçirilməsinə diqqəti, dini
problemlərə həssaslıqla yanaşması,
tolerantlığa xüsusi diqqət yetirməsi, onu yüksək
mədəniyyətin təzahürü kimi qiymətləndirməsi,
müsəlman dövlətləri ilə əlaqələrin
genişləndirilməsi məsələlərinə
böyük qayğı ilə yanaşması kitabda geniş
şəkildə işıqlandırılmışdır.
Heydər Əliyevin Azərbaycan dilinin
Dövlət dili kimi rəsmiləşdirilməsi istiqamətində
hələ sovet dövründə apardığı
mübarizə, müstəqillik illərində dilimizin
inkişafı ilə bağlı imzaladığı sərəncamlar,
latın qrafikasına keçid - bütün bunlar ulu öndərimizin
misilsiz xidmətləridir. Bu gün Prezidentimiz İlham Əliyev
həyatımızın müxtəlif sahələrində
olduğu kimi, bu sferada da Heydər Əliyev ənənələrini
ləyaqətlə davam etdirir. Dövlət
başçımızın "Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamı
buna misaldır.
Kitabda Heydər Əliyevin mədəniyyət
sahəsindəki siyasətinin reallaşması işində
Heydər Əliyev fondunun prezidenti, millət vəkili,
Yunesko-nun və İsesko-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın xidmətləri də
xüsusi olaraq vurğulanmışdır. "Muğam",
"Aşıq sənəti", "Novruz" bayramı
kimi mədəniyyət incilərimizin Yunesko tərəfindən
dünyanın qeyri-maddi irs siyahısına salınmasında
bu fondun xidmətləri danılmazdır.
Kitabın "Ümummilli liderin ədəbi
irs təlimi" adlı ikinci hissəsində Heydər Əliyevin
ədəbi-nəzəri görüşləri elmi şəkildə
təhlil edilir. Müəllif bu görüşləri "Bədii
ədəbiyyat (və dil) Heydər Əliyevin azərbaycançılıq
fəlsəfəsinin ideya zəmini və məxəzi
kimi", "Heydər Əliyev və çağdaş ədəbi
proses", "Heydər Əliyev və folklor (epos təfəkkürü)",
"Heydər Əliyev və klassik bədii irs" şəklində
qruplaşdırmışdır. Bu təsnifata uyğun olaraq
Timuçin Əfəndiyev Heydər Əliyevin ədəbiyyata,
sənətkar şəxsiyyətinə tarixilik kontekstində
yanaşmasını, bədii fikrin tarixi-fəlsəfi
qüdrətini hər şeydən üstün
tutmasını tutarlı faktlarla əks etdirmişdir. Bu hissədə
Heydər Əliyevin Azərbaycanın qələm sahiblərinə
- İlyas Əfəndiyevə, Rəsul Rzaya, Bəxtiyar
Vahabzadəyə, Məmməd Araza, Xəlil Rzaya, Nəbi Xəzriyə,
Maqsud və Rüstəm İbrahimbəyovlara, Fikrət Qocaya
və başqa sənət xadimlərinə göstərdiyi
qayğının şahidi oluruq. Kitabda ulu öndərimizin
Nizami Gəncəvidən başlamış Şəhriyara qədər
klassik sənətkarlarımıza göstərdiyi diqqət,
onların yubileylərinin keçirilməsinə dair
imzaladığı sərəncamlar, bu yubileylərdəki dərin
məzmunlu çıxışları xronoloji
ardıcıllıqla verilmişdir. Timuçin Əfəndiyev
yazır: "Heydər Əliyev böyük təfəkkür,
fenomenal yaddaş və istedad sahibi, gözəl natiq idi. Azərbaycana
rəhbərlik etdiyi böyük tarixi dövr ərzində ədəbiyyat
və mədəniyyətə dair keçirilmiş
bütün böyük tədbirlərdə öz parlaq
nitqi, məntiqi, qeyri-adi təfəkkürü,
başlıcası isə, sənəti duymaq məharəti
ilə bədii-mədəni irsə vətəndaş
münasibətini ifadə etmişdir".
Kitabın üçüncü hissəsi
ümummilli liderimizin "İnsanların mənəvi cəhətdən
formalaşmasında teatr həmişə çox
böyük rol oynamışdır" kəlamı ilə
başlanır. Məlumdur ki, Heydər Əliyev teatrı
çox sevirdi və ona böyük qayğı ilə
yanaşırdı. Onun müxtəlif tamaşalarda iştirak
etməsi, səhnə arxasına keçərək
yaradıcı kollektivlə görüşməsi, bu
görüşlərdəki dərin məzmunlu fikir və
mülahizələri hamımızın yaxşı
yadındadır. Heydər Əliyevin "Mən teatrla gənc
yaşlarımdan məşğul olmuşam. Baş rollarda
oynamışam" sözlərini misal gətirən müəllif
Heydər Əliyevi Mustafa Kamal Atatürklə müqayisə
edir, onların ruhən bir-birinə yaxın olduqlarını
vurğulayır. Bu hissədə Heydər Əliyevin teatr və
dramaturgiya sahəsində çalışan sənət
xadimlərimizə göstərdiyi qayğı çox səmimi
duyğularla verilmişdir. Müəllif öz şəxsi
müşahidələrinə əsaslanaraq ümummilli
liderimizin müqtədir sənətkarımız İlyas Əfəndiyevə
necə həssaslıqla yanaşmasını belə ifadə
etmişdir: "Mən ulu öndərimizin İlyas Əfəndiyevə
göstərdiyi böyük diqqətinin şahidi kimi onu deyə
bilərəm ki, Heydər Əliyev qayğısı sayəsində
insanlar şəfa tapırdılar. İlyas Əfəndiyev
Moskvada xəstəxanada yatarkən Heydər Əliyevin ona
baş çəkməsi, qayğı göstərməsi bu
günə qədər bizim xatirimizdədir və biz həmişə
ulu öndərimizi şükranlıqla
xatırlayırıq. Bu qayğı təkcə İlyas Əfəndiyevlə
bağlı deyildi. Onun Süleyman Rüstəmə, Mirzə
İbrahimova, Rəşid Behbudova, Qara Qarayevə, Fikrət Əmirova
, Hökümə Billuriyə, Yusif Səmədoğluna
göstərdiyi qayğı xalqımızın
yaddaşındadır."
Maraqlı faktlardan biri də rejissor Tofiq
Kazımovla bağlıdır. Xalq yazıçısı
Anarın "Şəhərin yay günləri" adlı
pyesinə baxdıqdan sonra Heydər Əliyev səhnə
arxasına keçərək aktyorlarla görüşür
və uca səslə deyir: "Bəs deyirdiniz Tofiq Kazımov
bir rejissor kimi tükənib?! Mən isə gözəl
rejissor işi gördüm... "Şəhərin yay
günləri" çox lazımlı, aktual olmaqla
yanaşı, əsl bədii əsərdir.
Hamınızı təbrik edirəm."
Timuçin Əfəndiyevin adı
çəkilən kitabından oxuduğum bu fakt yeganə
hadisə deyildi. Heydər Əliyev həmişə sənət
xadimlərini qoruyurdu. Onların əsl hamisi idi. Müəllif
bu hamiliyi, bu böyük qayğını kitabda konkret
misallarla göstərmiş, Heydər Əliyevin müxtəlif
teatr tamaşaları haqqında dərin məzmunlu fikirlərini
əks etdirmiş, ümummilli liderimizin ideyalarını
yaşadan və onu böyük ləyaqətlə həyata
keçirən Prezidentimiz İlham Əliyevin Azərbaycan
teatrının inkişafı sahəsində həyata
keçirdiyi tədbirlərdən və bunun ən bariz
nümunəsi olan "Azərbaycan teatrı 2009-2019-cu illərdə"
adlı Dövlət proqramından söz
açmışdır.
Kitabda milli kino sənətimizə ulu
öndərimizin göstərdiyi qayğı da geniş şəkildə
şərh edilmişdir. Məlumdur ki, Heydər Əliyev hələ
sovet dövründə Azərbaycan kinosunun inkişafı
üçün əlindən gələni əsirgəməmiş,
həyat həqiqətini bəzək-düzəksiz əks
etdirən və buna görə də təqib olunan kino xadimlərini
daim müdafiə etmişdir. Timuçin Əfəndiyev Heydər
Əliyevin həm sovet dövründə, həm də
müstəqillik illərində kino sənətinin
inkişafı sahəsindəki fəaliyyətini ulu öndərimizin
bu sahəyə qayğısı, diqqəti prizmasından
işıqlandırmışdır. Heydər Əliyevin
"Uzaq sahillərdə" filmi ilə əlaqədar dediyi
sözləri misal gətirən müəllif kino tariximizin bu
səhifəsini ümummilli liderimizin öz sözləri ilə
vermişdir: "Uzaq sahillərdə" filmi Azərbaycan
xalqına nə qədər şöhrət gətirdi! Mən
bunu bir dəfə demişəm. Ancaq fürsətdən
istifadə edib bir də demək istəyirəm ki, ümumiyyətlə,
Mehdi Hüseynzadənin kəşf olunmasında mənim şəxsi
xidmətim var". Müəllif ümummilli liderimizin
"Uzaq sahillərdə", "Bir cənub şəhərində",
"İstintaq" və başqa bu kimi filmlərlə
bağlı xidmətlərini kitabda real faktlara əsaslanaraq
açıqlamışdır.
Timuçin Əfəndiyev Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin rektoru kimi teatrımızın, ümumiyyətlə
mədəniyyətimizin gələcəyi üçün
yetkin kadrlar hazırlayan bu unikal təhsil ocağının məhz
Heydər Əliyevin qayğısı sahəsində inkişaf
etdiyini belə səciyyələndirir: "Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində "Kinoşünaslıq",
"Kinorejissorluq", "Ssenari sənəti" üzrə
mütəxəssislərin hazırlanması və müvafiq
kafedraların açılması da onun adı ilə
bağlıdır. Burada çalışan professor, dosent,
müəllim heyətinin xeyli qismi ulu öndər Heydər Əliyevin
vaxtilə həyata keçirdiyi sistemli kadr siyasəti nəticəsində
Moskva, Leninqrad və digər şəhərlərin ali məktəblərində
təhsil almış mütəxəssislərdən ibarətdir."
Məlumdur ki, Heydər Əliyev mədəniyyət
və incəsənətin bütün növlərindən həmişə
həmin sahənin bilicisi kimi söz açırdı. Bu
fikri müəllif kitabın "Rəssam duyumlu müdrik
insan Heydər Əliyev" hissəsində ümummilli
liderimizin təsviri sənətimizə göstərdiyi
böyük diqqətin təcəssümü kimi əks
etdirmişdir. Bu hissədə Heydər Əliyevin Səttar Bəhlulzadə,
Tahir Salahov, Toğrul Nərimanbəyov, Elmira Şahtaxtinskaya,
Oqtay Sadıqzadə, Maral Rəhmanzadə kimi görkəmli rəssamlarımıza
göstərdiyi qayğıdan, bu sənət xadimləri ilə
unudulmaz görüşlərindən danışılır.
Azərbaycanda dəzgah
boyakarlığının, monumental heykəltəraşlığın
inkişafı sahəsində də ümummilli liderimizin xidməti
böyükdür. Müəllif bu hissədə Heydər Əliyevin
Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Ömər
Eldarov, Tokay Məmmədov və başqa heykəltəraşlara,
eyni zamanda xalçaçı rəssamlara, teatr rəssamlarına
böyük diqqət yetirməsini, onların əsərləri
haqqında dəyərli fikirlər söyləməsini
maraqlı faktlarla açıqlamışdır. Müəllif
yazır: "Ulu öndər Heydər Əliyevin ölkəyə
başçılıq etdiyi dövrdə milli mədəniyyətimizin,
o cümlədən incəsənətimizin inkişafında
keyfiyyət etibarilə yeni bir mərhələ
açılmışdır. Həmin dövrdən bu yana incəsənətimiz
misilsiz nailiyyətlər qazanmış, yüksək kamillik mərhələsinə
qədəm qoymuş və dünya incəsənətinə
inteqrasiya edərək, onun qabaqcıl dəstələrindən
birinə çevirmişdir. Bu işə təkan verən Ulu
öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti
olub".
"Heydər Əliyev və milli-mənəvi
dəyərlərimiz" adlı kitabın sonuncu hissəsi
ümummilli liderimizin Azərbaycan musiqisinin inkişafına
göstərdiyi qayğı və diqqətin təcəssümünə
həsr olunmuşdur. Burada dahi bəstəkarımız
Üzeyir Hacıbəyovun 110 illiyinin bayram edilməsi, zəmanəmizin
üç məşhur sənətkarı - Qara Qarayev, Niyazi
və Fikrət Əmirovun ən mötəbər fəxri
adlara layiq görülmələri, habelə Tofiq Quliyevin, Arif
Məlikovun və başqa musiqi xadimlərimizin yubileylərinin
təntənəli şəkildə bayram edilməsi Heydər
Əliyev qayğısı işığında şərh
olunmuşdur. Heydər Əliyevin Üzeyir Hacıbəyov sənətinə
verdiyi qiyməti müəllif ulu öndərimizin fikirlərinə
istinadla belə səciyyələndirir: "Hər dəfə
Üzeyir bəyin əsərlərinə tamaşa etdikdən
sonra böyük həvəslə bu əsər haqqında əsl
musiqi tənqidçisi kimi söz deyən Heydər Əliyev
sual edir ki, "Üzeyir Hacıbəyovun hansı əsəri
şah əsər deyildir? Onun hər bir əsərinin
özünəməxsus yeri, məzmunu və mənası
vardır". Ulu öndər bəstəkarın fəaliyyətinin
zamandan, ictimai-siyasi sistemdən asılı olmayaraq vətən,
dövlət, millət üçün hər zaman bir örnək
olduğunu vurğulayaraq qeyd etmişdir ki, "Üzeyir bəyin
yazdığı hər bir əsər, hər bir not vərəqi,
onun ictimai-siyasi fəaliyyəti əvvəldən axıra qədər
bizim üçün qiymətlidir. Çünki bunlar
hamısı Azərbaycan xalqının dirçəlməsinə,
mədəniyyətinin inkişaf etməsinə,
xalqımızın özünü tanımasına xidmət
etmişdir. Bu xidmətlər heç vaxt unudula bilməz. Bu
xidmətlər əvəzsizdir".
Ulu öndərimizin bəstəkarların
əməyinə verdiyi qiymət, onların orden və
medallarla təltif edilməsi, yüksək fəxri adlara layiq
görülməsi bu hissədə geniş şəkildə
işıqlandırılmışdır. Musiqi sahəsində
əvəzsiz xidmətləri olan bəstəkar və
ifaçıların xatirəsinə həsr olunmuş Beynəlxalq
müsabiqələrin keçirilməsi də Heydər Əliyevin
adı ilə bağlıdır.
Kitabda Azərbaycan bəstəkarlarının
ulu öndərə həsr etdiyi əsərlər haqqında
da geniş məlumat verilir, musiqi xadimlərimizin Heydər Əliyev
şəxsiyyətinə sonsuz məhəbbətindən
söz açılır. Müəllif yazır: "Azərbaycan
bəstəkarları ulu öndərə öz hörmət
və ehtiramlarını onun xatirəsinə bir-birindən
sanballı əsərlər həsr etməklə ifadə
etmişlər. Azərbaycan musiqisində Heydər Əliyev
obrazının yaradılmasının əsasında
xalqın ona olan sonsuz məhəbbəti, sənətkar
inamı və sevgisi dayanır. Bu əsərlərin janr və
mövzu dairəsi olduqca geniş və rəngarəngdir. Bu
sıraya simfoniyalar, simfonik poemalar, kamera-instrumental əsərlər,
kantata və oratoriyalar, mahnı və romanslar, instrumental pyeslər
və külli miqdarda mahnılar daxildir. Əsərlərin
belə rəngarəng palitrası Heydər Əliyev şəxsiyyətinin
tarixi dəyəri, fəaliyyətinin çoxşaxəli
olması ilə bağlıdır".
Gənc musiqiçilərə Heydər
Əliyevin göstərdiyi qayğı da bu hissədə
öz əksini tapmışdır. Kitabda oxuyuruq: "Heydər
Əliyevin təşəbbüsü ilə 1996-cı ildə
Azərbaycanın gənc istedadlarının "Qızıl
kitab"ı, "Gənc istedadlar fondu"nun
yaradılması və kitaba daxil olan gənclərə maddi
kömək məqsədi ilə Prezident təqaüdünün
təsis edilməsi barədə "Azərbaycanda gənc
istedadlara dövlət qayğısı" fərmanının
imzalanması analoqu olmayan bir qayğının təzahürü
idi. Heydər Əliyevin sayəsində adı
"Qızıl kitab"a düşmüş ilk gənc
müğənni 15 yaşlı Surxay Əsgərovun
yaradıcılıq gecəsində ulu öndərin söylədiyi
sözləri yada salmaq yerinə düşərdi. O,
demişdi: "Bəzən Azərbaycanın
ulduzlarının - çox görkəmli müğənnilərinin,
artistlərinin, bəstəkarlarının fəaliyyətindən
fərəhlənərək düşünürəm:
görəsən, bundan sonra beləsi dünyaya gələcəkmi?
Hər dəfə də özüm-özümə cavab verirəm
ki, mütləq gələcək, çünki
xalqımız keçmişdə də əsrlər boyu belə
istedadlar yetişdirib, indi də yetişdirir və bundan sonra
da yetişdirəcəkdir. Buna heç şübhə etmirəm".
Müəllif kitabın əvvəlki
hissələrində olduğu kimi burada da Heydər Əliyev ənənələrinin
bu gün də yaşadığını xüsusi
vurğulayaraq yazır: "Fərəhləndirici haldır
ki, Heydər Əliyev ənənələri bu gün onun
layiqli varisi, dövlət başçımız cənab
Prezident İlham Əliyev tərəfindən şərəflə
davam etdirilir".
Timuçin Əfəndiyevin bu monumental əsəri
Heydər Əliyev irsinin öyrənilməsi, ulu öndərimizin
mədəniyyət və incəsənətimizə göstərdiyi
böyük qayğı və diqqətin təcəssümü
sahəsində çox dəyərli, layiqli bir töhfədir.
Bu əsərin aparıcı xarici dillərə tərcümə
olunub nəşr edilməsi məqsədəuyğun
olardı. İnanırıq ki, professor Timuçin Əfəndiyevin
"Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz"
adlı kitabı tədqiqatçı alimlər, tələbə
və magistrlər, doktorantlar, ümumiyyətlə geniş
oxucu auditoriyası tərəfindən böyük rəğbətlə
qarşılanacaqdır.
Aqşin Babayev
Ədəbiyyat qəzeti.- 2011.- 22 aprel.- S.1, 2.