İlin ədəbi yekunları
Ötən sayımızda xəbər
verdiyimiz kimi, aprelin 13-15-də Azərbaycan MEA-nın Nizami
adına Ədəbiyyat İnstitutu 2010-cu ilin ədəbi
yekunlarına həsr olunan müşavirə keçirdi.
İnstitutun direktoru, akademik Bəkir Nəbiyev
elmi müşavirəni açaraq dedi: "Nizami adına Ədəbiyyat
İnstitutunun həyatında çox əhəmiyyətli yer
tutan bu ənənənin əsası ötən əsrin
60-cı illərində akademik Məmməd Arif Dadaşzadənin
təşəbbüsü ilə qoyulub. Onun rəhbərliyi
altında hər ilin sonunda ilin ədəbi yekunları janrlara
görə təhlil olunurdu. Yazıçı və şairlərin,
eyni zamanda tənqidçilərin il ərzində
gördüyü işlər icmal halında olsa da, təhlilə
cəlb edilirdi. Bu ənənə rəhmətlik Yaşar
Qarayev tərəfindən davam etdirildi və elmi
müşavirənin materialları ayrıca kitab şəklində
işıq üzü gördü. Bu tipli təhlillərin
bir əhəmiyyəti də ondadır ki, ədəbiyyat
tariximizin yazılması və tədqiqi üçün
kifayət qədər dolğun, əhəmiyyətli
materialın əldə edilməsinə zəmin yaradır.
Biz bu ənənəni davam etdirməkdə qərarlıyıq.
Məlumdur ki, hörmətli Prezidentimiz müstəqilliyimizin
iyirmi illiyinin təntənəli şəkildə
keçirilməsi üçün sərəncam
imzalayıb. Ötən bir il də həmin iyirmi ilin şərəfli
bir parçasıdır. Bu bir il ərzində poeziya, nəsr,
tərcümə ədəbiyyatı sahəsində kifayət
qədər sanballı əsərlər araya-ərsəyə
gəlib. Ədəbiyyatşünaslıq elmimizdə canlanma
xüsusilə yüksəkdi. Nizami adına Ədəbiyyat
İnstitutunda çalışan alimlər tərəfindən
təkcə 2010-cu ildə 33 kitab nəşr etdirilib. Hesab edirəm
ki, elmi müşavirədə dinləyəcəyimiz məruzələr
bu təsərrüfatı kifayət qədər əhatə
edəcək".
Sonra məruzələr
dinlənildi.
Filologiya
elmləri doktoru, professor Qurban Bayramov elmi müşavirədə
"Müasir poeziyamızın imkanları və
imkansızlığı" mövzusunda məruzə edərək
2010-cu ilin şeiri əsasında
mülahizələrini diqqətə çatdırdı.
Vurğuladı ki, çağdaş şeirimiz impultiv olsa da, dünyada baş
verən ədəbi proseslə səsləşməyə,
ayaqlaşmağa cəhd edir, qlobal ədəbi mühitə
çıxış istiqamətində bulunur. Bu istiqamətdə
Fikrət Qoca, Fikrət Sadıq, Ələkbər
Salahzadə, Çingiz Əlioğlu, Səlim Babullaoğlu, Qəşəm
Nəcəfzadə və Əjdər Olun uğurlu cəhətləri
olduğunu qeyd etdi. Ötən ilin şeir təsərrüfatı
üzərində ətraflı dayanan Qurban Bayramov onu da qeyd
etdi ki, Fikrət
Qoca, Musa Yaqub, Məmməd İsmayıl, Fikrət Sadıq, Səyavuş Məmmədzadə,
İlyas Tapdıq, Oqtay Rza, Qaçay Köçərli, Abbas
Abdulla kimi yaşlı nəslə mənsub şairlər yenə
də poeziya aləmində aramla irəliləməkdədirlər:
"Fikrət
Qocanın yüksək, müasir poetik meyarlara sədaqəti,
Musa Yaqubun şeirlərindəki müdrikliklə
çulğalanmış həzin lirizm, Məmməd İsmayılın
doğma Türkiyədə keçirdiyi nostalji hisslərin səmimiyyəti,
Qaçay Köçərlinin
yaradıcılığındakı Qarabağ
yanğısı, İlyas Tapdığın şeirlərindəki
isti, ilıq, körpələrə məxsus ülviyyət,
Oqtay Rzanın rübai janrındakı poetik məntiqlə
yoğrulmuş həyati axtarışları, Fikrət Sadığın
düşüncə tərzindəki müdriklik və orijinallıq,
Abbas Abdullanın şeirlərindəki gerçəkliyə söykənən
sosial motiv bu nəslin stabil və təmkinli axarına
yaxşı bir nümunədir".
Q.Bayramov ötən
ilin ədəbi prosesində fəal iştirakları ilə fərqlənən
şairlərdən Ənvər Əhməd, Vahid Əziz,
Vaqif Bəhmənli, Taleh Həmid, Musa Ələkbərli,
Elxan Zal Qaraxanlı, Qulu Ağsəs, Əjdər Ol, Səlim
Babullaoğlu, Adil Cəmil, Mahirə Abdulla, Qəşəm Nəcəfzadə,
Ədalət Əsgəroğlu, Əbülfət Mədətoğlu,
Kəramət, Rafiq Yusifoğlu, Ağacəfər Həsənli,
Əli Rza Xələfli, Maarif Soltan, Əhməd Qəşəmoğlu,
Əlisəmid Kür, Azər Abdulla, Firuzə Məmmədli, Sabir Sarvan,
İslam Sadıq, Barat Vüsal, Fərqanə, Zirəddin Qafarlı,
Sərvaz Hüseynoğlu, Əkbər Qoşalı,
Narıngül, Ədalət Salman, Nuranə Nur və
başqalarının imzalarını ədəbi həyatımızın
ayrılmaz faktları kimi diqqətə çatdırdı:
"Mən ədəbi icmalda bu şairlərin bir
çoxunun barəsində imkan daxilində
danışmış, prosesdə fərqlənən ən
xarakterik bədii faktların təhlilini vermişəm". Əvvəlki
illərdən fərqli olaraq 2010-cu ildə mətbuatda poema
janrı adı altında xeyli bədii material mövcuddur… Belə
ki, xalq şairi Nəriman Həsənzadənin "Nuru
Paşa" poeması ("Azərbaycan" jurnalı) ilin dəyərli
ədəbi faktlarındandır. Xalq şairi Fikrət Qocanın "Qəbələ"
mini-poeması (hərçənd müəllif bu əsərini
poema adlandırmayıb), Çingiz Əlioğlunun xalq
yazıçısı İlyas Əfəndiyevə həsr
etdiyi "İlyas dayı" miniatür-poeması (hər
ikisi "Ədəbiyyat qəzeti"ndə dərc olunub)
keçən ilin bu janrda dəyərli faktlarındandır.
Ədəbi
prosesin dəyərli faktlarından biri olan "Nuru
paşa" poeması ilə xalq şairi Nəriman Həsənzadə
ümumtürk dünyasının böyük tarixi şəxsiyyətlərindən
biri olan Nuru paşaya poetik abidə ucaldıb. Təsadüfi
deyil ki, bu maraqlı əsər professor Nizami Cəfərovun
ön sözü ilə Bakıda, tanınmış türk
şairi İsmət Bora Binamlının təqdimatında
Türkiyədə ayrıca kitab halında nəşr
edilmiş, müxtəlif dərgilərdə çap
olunmuşdur. Şair böyük ustalıq və dərin bir
səmimiyyətlə Azərbaycan xalqının Türk aləminə
yüksək məhəbbətini və inamını lirik bir
ovqatda, sözün əsl mənasında tərənnüm
etmiş, türk qövmünə məxsus hiss və
duyğuları poetik sözün qüdrətilə mənalandırmışdır…
Keçən
ilin ən yaxşı poema faktlarından biri də Sərvaz
Hüseynoğlunun "Məmməd Araz dastanı"
("Azərbaycan" jurnalı, N-10) poemasıdır. Poema
ayrıca kitab şəklində də çap edilmişdir. Əsərdə
Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən
biri olan Məmməd Arazın poetik portreti məharətlə
yaradılmış, o, həm bir sənətkar - fərd kimi,
həm də Azərbaycan poeziyasının yetirdiyi şəxsiyyətlər
pladeyasında özünə seçilən yer tapmış
sənətkar - şəxsiyyət kimi
canlandırılmışdır.
2010-cu ilin ədəbi
prosesində Tofiq Abdinin "Hello" ("Ulduz"), Nisə
Bəyimin "Ürək simfoniyası" ("Ulduz"),
Hafiz Rustəmin "Bakıdan Yardımlıya səyahət"
("Kredo"), Dəmir Gədəbəylinin "Kərbəla
harayı", S.Sevdimalının "Haqdan səda", Sahib
Abdullayevin "Qələm", Əli Rza Xələflinin
"Sən də bu dünyanın bir mehmanısan", fəzail
İsmayıl Böyükkişinin "Əhliman", Qərib
Aşkarinin "Günəş dincə qalıb qürub
elində" kimi əsərləri poema janrı adı
altında dərc edilsələr də, bu janrın ədəbi-estetik,
bədii normalarına az uyuşurlar.
"2010-cu ilin nəsri"
mövzusunda məruzə ilə çıxış edən
filologiya üzrə fəlsəfə doktoru Lalə Əfəndiyeva
vurğuladı ki, ötən il xeyli sayda nəsr əsərləri
yarandı.
Xalq
yazıçısı Anarın "Kərəm kimi"
(Nazim Hikmətin həyat və yaradıcılığı
haqqında düşüncələr romanı "Azərbaycan"
jurnalı, N-5-7) sənədli romanı düşüncələr,
esse şəklində qurulmuşdur. Süjet xətti assosiativ
xarakter daşıyır… Müəllif N.Hikmət haqqında
indiyə qədər yazılmış xatirə kitablarına
öz münasibətini bildirmiş, mövcud "hürr
kommunist Nazim Hikmət" mifini dağıdaraq, müxtəlif
mənbələrə istinadən, real insan obrazı
yaratmağa çalışmış, mövzunu yeni faktlarla
zənginləşdirmişdir…"
Seyran Səxavətin
hələ tamamlanmamış "Qaçhaqaç" əsərinin
("Azərbaycan" - 2010, ¹ 9-10) bədii məziyyətləri
üzərində xüsusilə dayanan məruzəçi
bütün uğurlu cəhətlərlə yanaşı, son dövr nəsrimizdə
əsas qüsurlardan olan təsvirçilikdən bu əsərdə də yan keçilmədiyini
önə çəkdi. Xalq şairi Sabir Rüstəmxanlının
tarixi mövzuda qələmə aldığı
"Difahi", xalq yazıçısı Sabir Əhmədlinin
avtobioqrafik səciyyə daşıyan romanları və xalq
şairi Fikrət
Qocanın "Süzen d Ark və ya məhəbbət
piri" povestinin bədii məziyyətlərini incələyən
məruzəçi yazıçı Elçin Hüseynbəylinin
"Yolayrıcında qaçış" romanı üzərində
xüsusilə dayandı. Bütün yaxşı cəhətlərlə
yanaşı qeyd etdi ki, əsərə qeyri-müəyyənlik
ab-havası xasdır.
İlqar Fəhminin "Akvalaq"
romanından bəhs edərkən L.Əfəndiyeva qeyd etdi
ki, əsərdə müəllifin öncəki qələm
nümunələrindən təkrarlanan bir çox məqamlar
yer alsa da, müəllifin onlara hər dəfə yeni yozum verməsi
müsbət haldır.
Məqsəd
Nurun "Əmi" hekayəsində müəllifin əsərdə
təsvir etdiyi ailənin faciəsinə səbəb kimi
yalnız şəhəri günahlandırmasını qəbul
etmədiyini dedi. Məruzəçi bu mövzunun Kamil Əfsəroğlunun
"Kür", "Qladiator" hekayələrində daha
uğurla işləndiyini təqdir etdi.
Mübariz Cəfərlinin
"Yubilyarın ölümü" hekayəsindən bəhs
edən L.Əfəndiyeva dedi: "Müəllifin müxtəlif
mövzuda fəlsəfə mülahizələri oxucunu kələfini
heç cürə çözə bilmədiyi bir
dolaşıqlığa salır. O, sanki özü də
qurduğu fikir labiritindən çıxa bilmir. Çünki
hekayədən heç bir fikir, mövzu hasil olmur.
V.Məmmədovun
"Buddanın qayıdışı" povestində bir dəfə
Hindistanı gördükdən sonra onun cazibəsindən
qurtarmayıb istehza obyektinə çevrilən kapitandan, Azər
Abdullanın "Çavuş" hekayəsində yalnız
yoldaşına deyil, övladına belə layiqli ana
olmağı bacarmayan bir qadından bəhs olunur. Bu əsərdə
xəyanətlə qarşılaşan insanın dərin
psixoloji yaşantıları üzərində qurulması, zənnimizcə,
daha düzgün olardı…
Məruzəçi
Oruc İzzətoğlunun "Əlifba", Arif Qasımzadənin
"Qoca xırdavatçı" hekayələrindən
maraq doğuran nümunələr kimi bəhs etdi, Fəxri Uğurlunun, F.Nizaməddin qızının hekayələr
kitablarının bədii məziyyətlərini
çözdü.
O, konkret
misallarla paraqrafladı ki, "Ən yeni ədəbiyyat"
seriyasından çap olunmuş əsərlər gənc
müəlliflərin hələ roman təfəkkürünə
tam yiyələnə bilmədiklərini üzə
çıxardı.
Dramaturgiyadan
"Gündəmdəki pyeslər" adlı məruzə
ilə çıxış edən filologiya elmləri doktoru
Aydın Dadaşov yazıçı-dramaturq Əli Əmirlinin
"Hasarın o üzü", "Sevən qadın",
"Mən səni sevirəm", Vaqif Əlixanlının
"Oğlum, qardaşım əcəl", Elçin
Hüseynbəylinin "Qaçaq qocalar" pyeslərinin
timsalında söz açdı. Adı çəkilən əsərlərin
mövzusu, süjet xətti və qaldırdıqları
problemləri incələyən məruzəçi "Mən
səni sevirəm"də problemin öz həllini
tapmamasından təəssüfləndiyini bildirdi:
"Personajların çoxluğu obrazların fərdiləşməsinə
imkan vermir. Əsərdə final yoxdur deyə ideyanın təntənəsi
itir. Vaqif Əlixanlı isə "Oğlum, qardaşım əcəl"də
modeli ona görə qura bilmir ki, özü də problemin
cavabını bilmir… Elçin Hüseynbəylidə isə fərdi
üslub güclüdür. Onun təsvir etdiyi iki qoca
Qarabağa üz tutur - sonun fərqinə varmadan. Burada bir
çağırış var. Müəllif təlqin edir ki,
yurd, Qarabağ problemini daim gündəmdə saxlamaq
lazımdı… Təhlilə cəlb olunan pyeslər ədəbi
prosesdə dramaturgiyanın mənzərəsini
açıq-aydın yaratmaqla, ümumbəşəri problemlərdən
yan keçsə də, dövlətçiliyimizlə, milli
maraqlarımızla, mənəviyyatımızla bağlı
məsələlərin bu və ya başqa səviyyədə
gündəmə gətirmələri ilə məmnunluq
doğurur...
Fəlsəfə elmləri doktoru Rahid Xəlilov
(Ulusel) "2010-cu ilin ədəbi mənzərəsində tənqid
və onun inkişafı" adlı məruzəsində qeyd
etdi ki, istər ədəbi orqanlar, istərsə də İnternet
məkanının ən fəal tənqidçiləri hər
zaman olduğu kimi, Vaqif Yusifli və Tehran Əlişanoğludur.
"Bu tənqidçilər istər fəaliyyətləri,
istərsə də məhsuldarlıqları ilə diqqəti
çəkirlər. Daha sonra Rüstəm Kamalın
adını çəkmək olar ki, onun da bir neçə məqaləsi
davamlı olaraq "Ulduz" jurnalında dərc olunub.
Ötən il
istər ədəbiyyatşünaslığımızın,
istərsə də Nizami adına Ədəbiyyat
İnstitutunun ən əhəmiyyətli hadisələrindən
biri "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın
nəzəri-metodoloji məsələləri" üzrə
akademik Bəkir Nəbiyevin anadan olmasının 80 illiyinə
həsr olunmuş beynəlxalq konfransın keçirilməsi
və konfrans materiallarının "Elm" nəşriyyatında
kitab halında çap edilməsi oldu… Bundan başqa, ötən
il ədəbiyyatşünaslığımızın
müxtəlif problemlərini araşdıran, fərqli sahələrini
tədqiq edən materialların toplandığı bir
sıra kitablar dərc olunub. Məsələn, "Elm" nəşriyyatında
Şirindil Alışanlının rəhbərliyi və
redaktorluğu ilə "XX əsr Azərbaycan ədəbiyyatı
məsələləri" seriyasından 3-cü kitab dərc
olunub… Şirindilin
"Ədəbi-bədii düşüncənin sərhədləri"
kitabı işıq üzü görüb".
Məruzəçi
sonra "Humanitar elmlərin müasir durumu və ədəbiyyatşünaslığın
nəzəri metodoloji məsələləri" toplusuna
daxil edilən məqalələrin, o cümlədən
akademik Bəkir Nəbiyevin "Ədəbiyyatşünaslıq
müasir humanitar düşüncə kontekstində", xalq
yazıçısı Elçinin "Sosrealizm bizə nə
verdi" və s. məqalələri üzərində ətraflı
dayandı, tənqidçi İradə Musayevanın "Tənqidin
sözü və sözün tənqidi" adlı
monoqrafiyasının məziyyətlərindən bəhs etdi.
Filologiya
üzrə fəlsəfə doktoru Elnarə Akimova "2010-cu
ildə bədii tərcümə" mövzusunda etdiyi məruzəsində
ötən il professor İfrat Əliyevanın "Azərbaycan"
jurnalının 2-ci sayında dərc olunan "Tərcümə
problemlərinin elmi şərhi" məqaləsində
qoyulan məsələlərə toxunaraq diqqətə
çatdırdı ki, cari ildə tərcümə sahəsində
aparılan islahatlar folklor nümunələrinin tərcüməsi;
klassik ədəbiyyatın tərcüməsi; müasir ədəbiyyat
nümunələrinin tərcüməsi; dünya ədəbiyyatının
tərcüməsi istiqamətlərində
aparılmışdır.
Məruzəçi
ötən ilin tərcümə tarixinin tədqiqi istiqamətində
Möhsün Nağısoylunun "XV-XVI əsrlər Azərbaycan
tərcümə ədəbiyyatı" adlı məqaləsinin
xüsusi yeri olduğunu önə çəkdi. Bu sahədə
folklor nümunələrinin tərcüməsi kontekstində
Səhər Orucoğlunun "Azərbaycan folklorunun rus dilinə
tərcümə probleminin özünəməxsusluğu"
əsərini, Kamal Abdullanın Rumıniyada rumın dilində
nəşr olunan "Azərbaycanca danışıq. Dil və
mədəniyyət" adlı kitabını məqbul hesab
etdiyini önə çəkdi, ölkə
başçısının məlum sərəncamı əsasında
"Dünya ədəbiyyatının görkəmli
nümayəndələrinin Azərbaycan dilində nəşri
nəzərdə tutulan siyahısı"nda yer alan yazarların şedevr əsərlərinin
dilimizə çevrilməsinin razılıq doğurduğunu
qeyd etdi.
E.Akimova ötən
il tərcümə təsərrüfatının yer
aldığı "Azərbaycan" və "Ulduz"
jurnallarından, bir çox internat və Azərbaycanın mədəniyyət
portalı olan Kultaz.com saytlarından da söz açdı,
çağdaş rus və Ukrayna şairlərindən
seçmələri zövqlə tərcümə edib oxucuya
çatdıran Səlim Babullaoğlunun zəhmətini
yüksək qiymətləndirdi, ötən il "Ulduz"
jurnalında çap olunan Qoca Xalidin tərcüməsində
Yuri Kuznetsovun, Firuz
Mustafanın tərcüməsində Aleksandr Blokun, Həmzəli
İlyasın tərcüməsində
T.Rakovçeviçin, İbrahim İlyaslının tərcüməsində
Uvarovanın şeirləri üzərində dayandı,
Tatarıstanın xalq şairi Robert Miniullinin Əsəd
Cahangirin ("Azərbaycan" jurnalı), Albert Lixanovun
İlqar Fəhminin
çevirməsində uğurlu alınmasından və s.
söz açdı.
Elmi
müşavirədə "Güney Azərbaycan
poeziyası" mövzusunda məruzə edən filologiya elmləri
doktoru Cavanşir Yusifli diqqətə çatdırdı ki,
bu poeziyanın yaradıcıları həm İranda, həm də
Avropanın müxtəlif şəhərlərində
yaşayırlar: "Onlar dünyanın hansı qitəsində
və ölkəsində yaşamalarından asılı
olmayaraq sanki eyni mövzunun eyni damarına toxunurlar.
C.Yusifli məruzəsində
konkret nümunələr əsasında çağdaş
Güney Azərbaycan poeziyasının durumunu göz
önünə gətirdi - son dərəcə lirik, esseist
bir tərzdə: "Bir güneyli gündəlik həyatda
hansı dərdi duyursa, hansı məşəqqətdən
keçirsə, bu hisslər eynilə bu torpağın
yetirdiyi sənətkarların əsərlərində əksini
tapır. Ancaq bizcə, bu ənənəvi mövzular bu
gün o yurdun yetirdiyi sənətkarın əsərində bədii
baxımından fərqli şəkildə təzahür edir.
Müşahidəmə görə Hümmət Şahbazi
Cüney Azərbaycan şeirində gedən proseslərin simvolik deyil, qabarıq bəlirtisidir…
Hümmət şeirlə nəyəsə tərif vermir, onun
bədii boyalarla konturlarını aydınlaşdırmır,
sözün, mətləbin bətninə nüfuz etməyə
çalışır və tapdığını ürəyində
min illərdi susan dilin içində gizlədir, bu
yazıların daxilində dilimizin yalnız yuxumuza gələ
bilən pıçıltıları var… Hadinin şeirləri
isə poetik mətnləri mövcud tarixçənin, ürək
ağrısının, başa gələn bəlanın
sürəkli, birnəfəsə danışılan
formasıdır, buna görə də obrazların
hamısı "su altından" görsənir, obrazlar, bənzətmələr
göz önündə durub diqqəti məşğul etmir,
insanı mətləbdən yayındırmır… Çingiz
Göytürkün şeirlərini isə oxuduqca nədənsə
Derridanın "Şeir yaralayır və yaranın
üstünə məlhəm kimi sarılır" fikrini
xatırlayıram; yəni elə bil ki, bu şeirdə hər
şey şəffaf və aydındır.
Mənə elə
gəlir güneydə poetik düşüncə bir
qırılmaz xətt üstədir, dünyanın müxtəlif
yerlərinə səslənən bu insanlar yazdıqları hər
bir mətləbin eyni məqamına, eyni nöqtəsinə
baxırlar və qəribədir ki, bu qəribə
baxış hələm-hələm heç kəsin
ağlına gəlməyən mənzərə və
görüntülərin meydana çıxmasına səbəb
olur. Ülkərin şeirlərində mənim izlədiyim xətt
çevrilmədir... Niyan Xiyavin şeirində isə bir rahatlıq var,
insanı ovudur, oxu prosesində müəyyən kadrlar daxilində
"azdırır" və özünə tanıdır…
Miyanalı Əlirzanın şeirlərini oxuyanda ilkin
ağlıma gələn nə olsa yaxşıdı - yol, xəritə,
sərhəd dirəkləri, yarpaqlarını töküb, yaşıllığını
içində daşıyan ağac; bu çevrənin
içində hər şey Əlirzanın olacaq qədər
tanışdır… İbrahim Savalan isə "Qızım, mən
sənə nə mahnı öyrədəcəyəm, nə
Quran, get hər nəyə inanırsan inan. Mən sənə
yalnız çiçək becərmək öyrədəcəyəm"
- yazır…"
Nərgiz
Cabbarlının "Müasir bədii publisistikamızın
vəziyyəti və ya bir sıra janrların
ölümünün səbəbi nədir?"
mövzusundakı məruzəsində Tofiq Abdinin "Dövlət
çevrilişi" əsəri, İradə Tuncayın
"Sarı odalar", Nemət Vesəllinin "Piyadaların
döyüşü", Azər Abdullanın
"Pa-de-şa", Yusif Kərimovun "Əbədiyyət
yolu", Anarın "Kərəm kimi" kitabları,
İradə Tuncay, Maqsud İbrahimbəyov, Nahid Hacızadə
və Nisə Bəyimin ədəbi fraqment və xatirə əsasında
yazılan məqalələri üzərində də
dayanılır: "bugünkü mənzərənin
müşahidəsi və təhlilin göstərir ki, bədii
publisistika, eləcə də digər janrların arasında cəmiyyət
və oxucunun təhlilinin necə olmasından asılı
olmayaraq, daha uzunömürlüsü esse və əsasən
şəxsiyyət fonunda yaradılan sənədli roman-povest
janrlarıdır…"
Məruzələr
ətrafında çıxış edən professor Akif
Hüseynov xüsusilə nəsr üzərində ətraflı
dayandı və Lalə Əfəndiyevanın mövzunu əhatə
etməsini dəyərləndirdi, lakin Nərmin Kamalın
sözügedən romanının məruzədə
yaxşı əsər kimi dəyərləndirilməsini qəbul
etmədiyini dedi: "İddialı adamın zəif əsər
təqdim etməsi təəssüf doğurur".
Professor Qurban
Bayramov vurğuladı ki, bu ənənəni davam etdirmək ədəbiyyatımıza
böyük qayğı və diqqətin nümunəsidir, eyni
zamanda belə müzakirələrdə ədəbiyyatşünas
alimlər öz düşüncə və münasibətlərini
ifadə edə bilmək imkanı qazanırlar.
Professor Qəzənfər
Paşayev məruzələrin dolğunluğundan razı
qaldığını önə çəkdi, dedi ki,
Q.Bayramov poeziyamızdan əhatəli şəkildə bəhs
etdi: "Bu janr təkanverici və düşüncəni irəli
aparan qüvvədi, onun hər yaşa hesablanan tərəfləri
var. Məruzəçi bu məqamları dolğun əhatə
edə bildi. Rahid Ulusel və Aydın Dadaşovun məruzələri
mövzunun daha dərin qatlarına enə bilmək
özünəməxsusluğu, Cavanşir Yusiflinin məruzəsi
isə elmi-bədii, esseist təfəkkürün
uzlaşdırılmış məhsulu olması ilə
seçilir, daha çox içdən gəlir.
Filologiya elmləri üzrə fəlsəfə
doktorları Esmira Fuad və Elçin Mehrəliyev nəzərə
çatdırdılar ki, çağdaş ədəbi
prosesi izləməyin çətinlikləri çoxdu.
Xüsusilə bu sahədə ilkin fikir söyləmək
çətindi. Ancaq edilən məruzələr öz əhatəliyi,
fərqli fikir sərgiləməsi baxımından çox
maraqlı idi. Bu yanaşmalar adamı eşitməyə və
düşünməyə vadar edir. Ötən il xeyli sayda bədii
təsərrüfat təqdim olunub. Əlbəttə, əsas
meyar bədii dəyərdi. Bədii mətni mütləq
oxumaq lazım gəlir. Hesab edirik ki, nəsr və poeziya
haqqındakı məruzələri gələcəkdə
ayrılıqda dinləmək lazımdır.
Tənqidçi Cavanşir Yusifli qeyd
etdi ki, tənqid heç də dadlı meyvə deyil:
"Tutaq ki, vaxtilə mən Elçin Hüseynbəylinin bir
əsərinin mahiyyətindən bəhs etmişdim, müəllif
çox rəncidə oldu. Ancaq mən hesab edirəm ki, tənqiddən
çox, kosmetikadan qaçmaq lazımdır".
"Ədəbiyyat qəzeti"nin
şöbə müdiri Sərvaz Hüseynoğlu
çıxış edərək dedi ki, əməkdaşı
olduğu "Ədəbiyyat qəzeti" ötən il
müxtəlif janrlarda kifayət qədər ədəbi
material çap edib: "Lakin professor Qurban Bayramovun məruzəsi
istisna olmaqla bu çap məhsulunun birinə də
toxunulmayıb. Məruzələrdəki bu birtərəfli
yanaşma arzuedilməzdi. Halbuki ötən il "Ədəbiyyat
qəzeti" dünya ədəbiyyatından, maraqlı tərcümələri
(özü də orijinaldan), xalq şairləri Nəriman Həsənzadə,
Fikrət Qoca, Sabir Rüstəmxanlı, eləcə də
Vahid Əziz, Adil Cəmil, İnqilab İsaq və
başqalarının maraqlı şeirlərini, akademiklər
Bəkir Nəbiyev, Rəfael Hüseynov, Nizami Cəfərov,
İsa Həibbəyli, professorlar Qəzənfər
Paşayev, Qara Namazov, Yusif Seyidov, ədəbiyyatşünas
alimlərdən Azər Turan, Vaqif Yusifli və
başqalarının maraqlı elmi-publisistik məqalələrini
çap edib. Cənubi Azərbaycan şair və
yazıçıları haqqında Sabir Nəbioğlunun
xeyli məqaləsi və bədii nümunələr təqdim
olunub. Hesab edirəm ki, heç olmasa bu imzalar məruzəçilərin
diqqətini çəkməli idi. "Ədəbiyyat qəzeti"nin
bir illik fəaliyyətindən yan ötən məruzənin
dolğunluğu absurddu - təqdim edilən məruzələrin
keyfiyyəti kifayət qədər nəzərçəkən
olsa da belə…"
Sonra tanınmış şairlərdən
İlyas Tapdıq və Oqtay Rza yeni şeirlərini oxudular.
Müzakirələri yekunlaşdıran
akademik Bəkir Nəbiyev nəzərə
çatdırdı ki, bu işin təşkili müasir ədəbiyyatla
məşğul olan şöbəyə məxsusdur:
"Şöbəyə filologiya üzrə fəlsəfə
doktoru Elçin Mehrəliyev rəhbərlik edir. Burada edilən
məruzələr özünəməxsusluqları ilə
seçilir. İlin ədəbi təsərrüfatının
ölçüyəgəlməz olduğu şübhəsizdir.
Maraqlıdır ki, məruzələrdə bu təsərrüfata
obyektiv, səriştəli münasibət sərgilənib.
Burada deyildi, doğrudur ki, ötən il “Ədəbiyyat qəzeti”
müxtəlif janrlarda kifayət qədər dəyərli əsərlər
çap edib. Elə məncə Sabir Nəbioğlunun
Güney Azərbaycan ədəbiyyatından təqdim etdiyi
materialları xatırlamaq kifayət edər.
Gələcəkdə bu tipli müzakirələrin
strukturunda müəyyən dəyişikliklər etməyi
planlaşdırmışıq. Nəsr və poeziya
haqqında olan müzakirələr Yazıçılar
Birliyi, tərcümə üzrə müzakirələr Dillər
Universiteti dramaturgiya üzrə müzakirələr Teatr Xadimləri
Cəmiyyəti və ya başqa təşkilatlarla birlikdə
keçirilməsi maraqlı olar. Eyni zamanda, nəsr və
poeziya üçün ayrıca vaxt ayırmağın
mümkünlüyü də nəzərdə tutulub.
Hazırladı:
SƏRVAZ
Ədəbiyyat
qəzeti.- 2011.- 22 aprel.- S.3, 6.