Şairlik yaşının ölçüsü
olmur
"Şairlə
bir görüş, ya da adi
söhbət - Allaha xidmətdir, bəndəyə
hörmət" düşüncəsilə
baş-başa keçirildi
aprelin 20-də Azərbaycan
Dövlət Filarmoniyasında
xalq şairi Nəriman Həsənzadənin
anadan olmasının
80 illik yubileyi münasibətilə düzənlənən
tədbir.
Mədəniyyət və Turizm Nazirliyinin Yazıçılar Birliyi
ilə birgə düzənlədiyi tədbirdə
mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev şairin Azərbaycan mədəniyyətinin inkişafındakı
xidmətlərinə görə
"Şərəf" ordeninə
layiq görülməsi
ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının mətnini
oxudu və bu ali mükafatı
yubilyara təqdim etdi.
Tədbirin aparıcısı,
millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov dedi: "Nəriman Həsənzadə
həm böyük alim, yazıçı-publisist,
tanınmış ictimai
xadimdi. Ancaq onun fəaliyyətinin bütün növlərindən
şairlik ana xətt kimi keçir. Nəriman müəllim kimi böyük sənətkarları
nə qədər izah edirsənsə sona vara bilmirsən.
Onun yaradıcılığında
tarix mütləq yer tutur və
bu prosesdə o özü də tarixləşir. Nəriman müəllim çox böyük ustadlardan dərs ala-ala ustadlaşıb, ədəbiyyat tariximizə
əbədi daxil olub. Nəriman Həsənzadə 20-30-40 yaşlarında
hansı daxili ehtiras və gənclik coşqunluğu
ilə yazıb-yaradırdısa,
yenə də o şövqlə yazır, ömrünün
hər yeni on ilində qarşısında yeni zirvələr açılır.
Hökumətimizə və
dövlətimizə təşəkkür
edirəm ki, həmişə Nəriman
müəllimin əməyini
layiqincə qiymətləndirib".
Xalq yazıçısı,
AYB-nin sədri Anar çıxışında
vurğuladı ki, bu möhtəşəm zalda vaxtilə bizim çox böyük şairlərimiz
şeir oxuyub, böyük bəstəkarlarımızın
mahnıları səsləndirilib:
"Bu gün görkəmli şairimiz Nəriman Həsənzadənin
80 illik yubileyi həmin silsilənin davamı kimidi. O, bir insan ömrünü
girov qoyaraq bir şair ömrünü
ləyaqətlə yaşadıb.
Bundan əvvəl onun yubileyi Yazıçılar
Birliyində, Axundov adına Milli Kitabxanada, Dillər Universitetində və Gəncədə də keçirilib. Şairin ömrü əsərlərinin
yaşarılığı ilə ölçülür
və Nəriman müəllimin şeirləri
həmişə sevilib,
oxunub, oxunacaq da. O, bu gün
də gənclik həvəsilə yazıb-yaradır".
Sonra Anar müəllim İsraildə
yazıb-yaradan Simax Şeydanın təbrik məktubunu yubilyara təqdim etdi.
Türkiyənin Azərbaycandakı
böyük elçisi
Hulusi Kılıç
N.Həsənzadə kimi
görkəmli bir türk şairinin 80 illik yubileyində iştirak etməsindən
qürur duyduğunu və yubileyin Türkiyədə də keçiriləcəyini vurğuladı.
Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru,
akademik Bəkir Nəbiyev çıxışında
N.Həsənzadə ilə
uzun illərin dostu, şairin ilk xeyirxahlarından biri olmasından qürur duymasından söz açdı. Dedi ki, Nəriman
müəllim poeziyasında
necə səmimi və həssasdırsa, ətrafındakılara qarşı
münasibətdə də elədi
- bu mənada onu ünsiyyət elmləri doktoru adlandırmaq olar.
Milli Aviasiya Akademiyasının rektoru,
akademik Arif Paşayevin adından yubilyarı təbrik edən Musa Musayev və akademiyanın tələbələri
N.Həsənzadənin insani
məziyyətlərindən söz açdılar.
Bakı Dövlət Universitetinin rektoru, professor Abel Məhərrəmov yubilyarı
rəhbərlik etdiyi kollektivin adından salamladı, dedi ki, milli-mənəvi dəyərlərimiz daha çox ədəbi-bədii
düşüncəmizdən keçir.
Professor Nizaməddin Şəmsizadə tədbirdə
çıxış edərək
dedi: "Nəriman müəllim türkün
zəngin təfəkkürünü
və düşüncəsini
poeziyanın dililə
xalqın yaddaşına
bərpa edir. Mənə elə gəlir Müşfiq, Blok səksən yaşa qədər yaşaya bilsəydilər,
hökmən Nəriman
müəllimə bənzəyərdilər.
O, böyük lirikdi.
Nəriman müəllim
bizim poeziya teatrımızı yaradan
sənətkarlardandır".
Tədbirdə Ağstafa rayon İcra Hakimiyyətinin məsul işçisi Lalə xanım, "Qazax" Xeyriyyə Cəmiyyətinin
sədri Vidadi Bayramov, millət vəkilləri Məlahət
İbrahimqızı, Əhməd
Vəliyev, eləcə
də professor Buludxan Xəlilov, rəssam Qafar Sarıvəlli, Qazax rayon İcra Hakimiyyətinin başçısı
Rauf Hüseynov, tanınmış
tənqidçilər Vaqif
Yusifli, Rüstəm Kamal, AYB Qazax bölməsinin sədri Barat Vüsal çıxış edərək
N.Həsənzadənin bənzərsiz
poeziyasından, insanpərvərliyindən
söz açdılar,
yubiley hədiyyələri
təqdim etdilər, şairin əsərləri
respublikamızın tanınmış
mədəniyyət və
incəsənət xadimlərinin
ifasında səsləndirildi.
Sonda xalq şairi əməyinə
verilən yüksək
qiymətə görə
Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını
bildirdi: "Ulu öndər Heydər Əliyev də həmişə yaradıcılığıma
qayğı və diqqətlə yanaşıb.
Mən o dahi insanın çox yaxşılıqlarını
görmüşəm. Heydər
Əliyev mənim xalqımızın böyük
oğlu Nəriman Nərimanovdan bəhs edən poemamı sovet qlavlitinin basqısından qorudu. Şuşada Vaqifin ev muzeyinin açılışında
mənə də söz verdi. Arzu edirəm Azərbaycan Prezidenti İlham Əliyevin apardığı siyasət
nəticəsində Şuşa
azad olunsun və Vaqifin ev muzeyi qarşısında
o, öz böyük atasının
ənənəsini davam
etdirərək mənə
də söz versin. O gün mütləq olacaq. Taleyimə minnətdaram ki, ömür yoluma böyük, yaxşı insanlar çıxıb. Vaxtilə
xeyirxahım, ədəbi
ustadım Mir Cəlaldan gördüyüm
yaxşılıqları, diqqəti
indi Mir Cəlal ocağının
layiqli yetirməsi Arif müəllimdən görürəm…"
Sonra o, yeni şeirlərini oxudu.
S.Aranlı
Ədəbiyyat
qəzeti.- 2011.- 22 aprel.- S.3.