Girov

 

Bilmirəm, bir ömrü yaşamışammı,

ya heç yaşamağa başlamışammı?

Bəlkə yüz ilim var hələ qabaqda,

bəlkə bircə həftəm qalıb o vaxta?

Deyirlər, söz qalır dünyada yalnız,

gəldi-gedəriyik qalan hamımız.

Deyə bilmişəmmi qalan söz olsun,

adımla çəkilən filan söz olsun.

 

Adım Nərimanın adıdır, qəm,

o şöhrət qazanıb getdi bu ada.

Şöhrətli bir adı yaşadan mənəm,

şöhrətsiz olan da mənəm dünyada.

Adlar yolumuza çıraq olurlar,

yolların mənzili kəsə olmayır.

Bir söz qəzasında həlak olurlar,

bu ömür - hər ömrə nəsib olmayır.

 

Ürəkdi bu eşqlə qaynayıb-daşan,

sinəmdə çırpınır alışmaq üçün.

Bir insan ömrünü girov qoymuşam

bir şair ömrünü yaşatmaq üçün.

 

 

Nəriman Həsənzadə

 

Ədəbiyayt qəzeti.- 2011.- 22 aprel.- S.3.