Səhifələr
Vaqif Bəhmənli abzası
Vaqif Bəhmənli
səmimi şairdir. O qədər səmimidir ki, uşaqlar
üçün şeirini oxuyanda elə bilirsən böyüklər
üçün yazıb, böyüklər üçün
şeirləri oxuyanda elə bilirsən ki, uşaqlar
üçündü. Vaqifin şeirləri oxucuya səmimiyyət
körpüsündən keçir. Son beş ildə
seçilmiş əsərləri çapdan
çıxıb. Vaqif uşaqları da yaddan
çıxarmayıb. Onlara "Qızıl qala"
kitabını bağışlayıb.
Mahirə Abdulla abzası
Mahirə
Abdullanın dövri mətbuatda romanlarını, povestlərini,
hekayələrini, şeirlərini oxumuşam. Rəsmlərinə
baxmışam. Uşaq şeirlərini oxuyanda heyrətləndim…
Hə, indi bildim ki, Mahirə xanım
yaradıcılığa uşaq şeirindən keçib gəlib. Ona
xeyir-duanı uşaq şeiri verib. Uşaq şeirlərinə şəkilləri
də özü çəkib. Ümumiyyətlə,
hamının içində bir uşaq var.
Baxır kim onu
necə danışdırır. Məncə, Mahirə
xanım uşaqları danışdıra bilib.
Məmməd Namaz səhifəsi
Məmməd
Namaz uşaqlar üçün çox maraqlı əsərlər
yazır. Onun imzası uşaq ədəbiyyatında
çoxdan vətəndaşlıq pasportu alıb. Uzun illər
gənclik nəşriyyatında redaktor işləyib. İndi
harada işləyir bilmirəm, amma onun əbədi bir iş
yeri var, uşaq şeiri yazmaq.
Məqam:
Nağıllarımız səhnələşdirilib disklərə
köçürülməlidir. Bəzi
uşaqlar ola bilsin ki, indi kitabı qəbul etmir. Biz bunu
uşaqlara hansısa formada təqdim etməyin yolunu
tapmalıyıq. Uşaqların oynamaq istədiyi oyunlara
uşaq ədəbiyyatını qatmalıyıq. Tədris
müəssisələrində kompyuterlərə cizgi filmləri,
uşaq ədəbiyyatımızın nümunələri
yüklənməlidir. Elə "Məlikməmməd"
nağılından bir oyun düzəltmək olar. Bəlkə
uşaq ədəbiyyatı kitab formasında yox, kino,
tamaşa şəklində uşaqların yanına gəlməlidi.
Adil Cəmil səhifəsi
Adil Cəmili ilk dəfə bu
misrasından tanıdım. "Ağaclar torpağın
azadlığıdır". Ənənəvi şeirlər
yazıb həmişə. Gözəl də yazıb. Adil Cəmil
fikir şairidir. Hisslər, emosiyalar heca şeirinin qəlibinə
salınır. Burda qanun-qaydalar hökmrandı. "Ədəbiyyat
qəzeti"ndə bu yaxınlarda yeni bir şeirini oxudum.
"Təzə öyrəşirkən "ata"
sözünə, "Baba" deyənin də bu yandan
çıxır." Bəli, dünyaya nəvə gəldi.
Demək, dünyaya yeni janr gəldi. "Göbələk"
şeirinə diqqət yetirək.
Göbələk
həsrəti
Ay Ayaz,
Gəl bu yaz
Götürək
Səbəti,
Çağıraq
Səmədi,
Toplayaq
Göbələk.
Çox yığsaq
Gəl bölək.
Az yığsaq
Neyləyək?..
Aləmzər Əlizadə
səhifəsi
Gəncədə yaşayan
tanınmış uşaq şairimiz Aləmzər Əlizadənin
ötən il 60 yaşını həmin bu Natəvan klubunda
qeyd elədik. Şairin son beş ildə "fələk və
mən", "Son çiçək" kitabları
işıq üzü görüb. "Toya gecikən
tülkü" pyesi bu il Gəncə Dövlət Kukla
Teatrında tamaşaya qoyulub. Xatırladaq ki, indiyə kimi Aləmzər
Əlizadənin 4 pyesi səhnələşdirilib. Şairin
şeirlərinin dili çox zəngindir. Arı
çiçəklərdən bal çəkən kimi
şeirlərin dili xalq dilindən, xalq təfəkküründən
qaynaqlanıb.
Sarı top
Tək bir əlimə sığır
Balaca, sarı topum.
Yerə vuranda qalxır
Məndən yuxarı topum.
Haşiyə: Nənəm həmişə
sacda yuxa bişirəndə sonuncu yuxanı bizə fəsəli
bişirərdi, biz də dövrə vurub oturardıq
sacın başında. Nənəm qaşıqla fəsəlinin
üstünə yağ tökərdi. Tökdükcə də
oxlovla fəsəlinin üstünü deşərdi ki,
yağ axıb getməsin. Oxlovu vurduqca deyərdi:
Dən, dən, dən altı,
Meşədəki qaraltı.
İnanmırsan gəl sayaq,
On altıdı, on altı.
Bu, bizim ilk uşaq şeirimiz idi. Bu
şeirlərdə təkrirlər güclü və canlı
idi.
Samovarım qızıldan, qızıldan,
Suyu yerə sızıldan, sızıldan.
Qardaşım bir qız sevib, qız sevib
-
Qabaq dişi qızıldan,
qızıldan.
Uşaq vaxtı biz açıq-qapalı
hecalar kimi atılıb düşə-düşə bu
şeirləri həvəslə oxuyardıq.
Abbas Səhhət də "Quşlar"
şeirində bu ritmdən sanamalardan, yəni təkərləmələr
janrından istifadə etmişdir:
Quşlar, quşlar, a quşlar…
A.Şaiqin "Dovşan" şeirinə
diqqət edin:
Dovşan, dovşan, a dovşan…
M. Ə. Sabirin "Yaz günləri" şeirinə
baxın:
Gəl, gəl, a yaz günləri.
"Cücələrim" şeirinə
fikir verin:
Cip-cip cücələrim,
Tükü ipək cücələrim.
Cücələr həm
çağrılır, həm də sananır.
Bunları deməkdə məqsədim odur
ki, müasir uşaq ədəbiyyatımız folklora,
xüsusən uşaq folkloruna müraciət etməlidir.
Yazıçı üçün ən dəqiq kompas
şifahi xalq ədəbiyyatıdır.
Həyəcan təbili. Uşaq
yazıçıları öz oxucularını yetişdirməlidir.
Əgər bu gün Kukla teatrının
tamaşaçısı yoxdursa, sabah Azdramanın
tamaşaçısı olmayacaq, bu gün "Göyərçin"
jurnalının oxucusu yoxdursa, sabah "Azərbaycan"
jurnalının oxucusu yoxdur.
İslam Sadıq
abzası
İslam Sadıq el-oba, dağ-dərə
şairidir. Qoşmadan, gəraylıdan başlanğıc
götürüb. Şeir dili xalqın təfəkküründən
süzülüb gəlir. Uşaqlar üçün
yazdığı "Şümal" poeması məni kovrəltdi.
Kənddə yaşadığım günlər yadıma
düşdü. Şümal camış adıdır. Kənddə
sovet vaxtı malları ətliyə verirdilər. Yerli
hökumət mal-qaranı camaatdan alıb kəsir, ət məhsullarına
çevirirdi. Belə bir hadisə Şümalın da
başına gəlir.
Bir gün kənddən ətliyə
Naxır-naxır mal getdi.
Bizim də qapımızdan
Ayrılıb Şümal getdi.
Onu qoşdum naxıra,
Geri dönüb ağladı.
Mənim uşaq qəlbimi
Dağım-dağım dağladı.
Şümal camış olsa da,
Bircə dili yoxuydu,
Onun hissi, duyğusu
Bizimkindən çoxuydu.
Sevinc
Nuruqızı səhifəsi
Son dövr uşaq ədəbiyyatının
inkişafında Sevinc Nuruqızının zəhməti
çox böyükdür. O, bütün həyatını
uşaq ədəbiyyatına bağlayıb. 2006-cı ilin
yanvarından "Cırtdan" və "Ümid"
uşaq jurnallarının yaradıcı heyətinin direktoru,
eyni zamanda İctimai radionun efirində həftənin altı
günü canlı yayımlanan "Çoxbilmiş"
adlı uşaq verilişinin redaktoru və aparıcısı
olub. Hazırda "Təhsil" nəşriyyat poliqrafiya
müəssisəsində böyük redaktor kimi fəaliyyət
göstərir.
Qarabağ ağrıları, müharibənin
gətirdiyi dəhşətlər, əsir soydaşlarımızın
işgəncə dolu həyatına həsr edilmiş
"Qisas" adlı pyesi Ə.Haqverdiyev adına Ağdam
Dövlət Dram Teatrının, "Gəlinciklər"
adlı pyesi Salyan Dövlət Kukla Teatrının səhnəsində
tamaşaya qoyulub.
Sevinc Nuruqızının son beş ildə
Azərbaycan dilində 19, rus dilində 6, ingilis dilində 3
kitabı çap olunub. Birinci siniflər üçün 3
qiymətləndirmə testi işıq üzü
görüb. "Dədə Qorqud" dastanını
uşaqlar üçün işləyib Azərbaycan, rus və
ingilis dillərində çap etdirib.
Müəllifin ən irihəcmli kitabı
"Bapbalaca əlifba" adlanır.
Kitabda müəllif əsasən səs və
hərfləri uşaqlara əyləncəli və vizual
üsulla çatdırır. Kitaba daxil olan şeirlərin əksəriyyətini
təbii, uşaqlarda maraq doğuran bir yumor tamamlayır.
Sevinc Nuruqızının məktəbəqədər
yaşlı uşaqlar üçün yazdığı nəsr
əsərləri - "Ağca və Cubbulu" hekayəsi,
"Sarı qız, Dız və Vız", "İpəkcənin
macəraları", "Çiya ilə iki gün" kimi
nağıl-povestləri, "Çərpələng",
"Bapbalaca əlifba" və "Xortumlu dağ"
kitabları balaca oxucular tərəfindən maraqla
qarşılanıb. Cavabı "Qayçı" olan
tapmacaya fikir verək:
Üz-üzədir iki bıçaq,
İkisi də əsl qoçaq.
Nəyi versən, kəsər onlar,
Kəsməsələr, küsər onlar.
Gülzar Nənə
səhifəsi
Gülzar İbrahimovanın 30 adda
kitabı 100 min tirajla çap edilib, kiçik oxuculara
çatdırılıb.
Uşaqlara maraqlı olsun deyə, cavan
vaxtından "Gülzar nənə" təxəllüsünü
götürüb. Bu ad altında uşaqlar üçün
yazmağı uğurla nəticələnib. Axı uşaqlar
həqiqətən də nağılları baba və nənələrdən
eşidəndə onlar üçün daha maraqlı olur.
Professor Qara Namazovun müəllifi
olduğu Bakı Dövlət Universitetinin Uşaq ədəbiyyatı
dərsliyində Gülzar xanımın
yaradıcılığı geniş yer alıb. 6 ildir ki,
"Bala dili", "Elli" və "Boya"
jurnallarında baş redaktor vəzifəsində işləyir.
Yazıçı nağılda baş verən
hər hadisəyə xüsusi rəsm çəkdirib.
Səsli nağıllar isə həm oxuya
bilməyən, həm də adi nağılsevən uşaqlar
üçün nəzərdə tutulub.
Hazırda müəllifin ibtidai siniflər
üçün "1001 nağıl" adı altında 10
cildlik kitabının 2 cildi çapdan çıxıb,
3-cü cild isə çapa hazırdır.
Sərvaz
Hüseynoğlu abzası
Sərvaz Hüseynoğlu keçən il
50 illik yubileyinə hesabat kimi çap etdirdiyi "Məmməd
Araz dastanı" kitabına uşaq şeirləri silsiləsini
də daxil edib:
Quşlar həvəsə saldı
Uçdum... daş kimi...
Və yaxud:
Ah, açılan sirr -
Bələyin çətin quruyar.
Böyüklər üçün
yazılan bu misralarda şair fikrini nə qədər
yığcam, dəqiq, poetik ifadə edirsə, uşaqlar
üçün yazdığı şeirlərində də
öz poetik üslubuna o qədər sadiqdir.
Yer qalmayıbdı
Azğın sellərə;
Ağzına qədər
Güllə-çiçəklə
Dolubdu dərə.
Və yaxud:
Aşdı-daşdı
gül-çiçək,
İçində itdi dibçək -
misraları bu dediklərimizin təsdiqidir.
Onun
Düşüb ələ-ayağa
Arı elə qaynaşır.
Qızım deyir: - Ay ata,
Deyən axı bal daşır -
misraları da çox təbii
müşahidənin poetik məhsuludur.
Nə gözəl olar
Gülə-gülə sən
Günəş tək qalxıb
Enə biləsən -
misraları da Sərvazın uşaq
şeirlərinin səmimi, oxunaqlı və yaddaqalan
dünyasını ortaya qoyur.
Bu günlərdə Azərbaycan Uşaq
antologiyası üçün şair və
yazıçılarımıza müraciət etdim ki,
yazılarını versinlər. Bu axtarışda
tanınmış yazıçı E.Hüseynbəylinin
uşaqlara həsr olunmuş və Marşakdan iqtibas etdiyi
"Dəcəl siçan" nağıl-poeması, Qulu
Ağsəsin yeni uşaq şeirləri tapıldı. Bu
şeirlər obrazlı olmaqla bərabər, həm də
özlərində əhvalatçılıq, hadisəçilik
məqamlarını daşıdığına, yəni
oxunaqlı olduğuna görə məni sevindirdi.
Sabirabadda qaçqın şəhərciyində
yaşayan 60 yaşlı şairimiz Əziz Musanın
"Töfiqənin nəğməsi", Çiçək
yağışı", Şəfəq Sahiblinin
"Biçilmiş çiçəklər", Münəvər
Tabdıqovanın "Günəşananur", Rəfiqə
Məmmədovanın "Dostluq", "Ardımca gəl",
"Güllü kəpənəkli bağ", "Nəciblik
duyğusu", gənc yazıçı Reyhan
Yusifqızının "Yaşıl gözlü
qız" kitabları nəşr olunub. Bu illərdə Zəminə
Xınalının "Ağ atlı oğlan", "Əmirxan
əsgər gedir", Telman Dəmirin "Arzudan əməllərə"
pyesləri çap edilirdi və səhnələşdirildi.
Borçalıdan Məhsəti Əliqızı, Lənkərandan
Əhməd Haqsevər, Naxçıvandan İbrahim
Yusifoğlu, Təbrizdən Səyid Heydər Boyat, Səttar
Mahmudoğlu, Məlihə Əzizpur, Almaniyada yaşayan Simax
Şeyda ötən beş il ərzində dövri mətbuatda
maraqlı uşaq şeirləri ilə çıxış
etdilər.
Simax Şeyda yəhudi şairidir, Azərbaycan
dilində uşaq şeirləri yazır, eyni zamanda Azərbaycan
şairlərinin şeirlərini yəhudi dilinə
çevirir və son illər yəhudi dilində Azərbaycan
uşaq ədəbiyyatı antologiyasını çap
etdirib.
Tofiq Ağayev rus dilində uşaq
şeirləri yazmaqla bərabər son vaxtlar uşaq şairlərimizin
əsərlərini rus dilinə çevirib.
Şəfəq
Sahibli abzası
Şəfəq Sahiblinin son beş ildə
ölkəmizdə və Türkiyədə bir neçə
şeir kitabı çap olunub. Onun uşaqlar
üçün yazdığı şeirlər bədii
lövhələrdən ibarətdir. O, bu lövhələri
şeirə şəkil kimi gətirir:
Kəpənəyin dalınca
Dəcəl Sevinc qaçırdı.
Kəpənək zəri ilə
Ona cığır açırdı.
Kəpənəyin zərinin
cığıra bənzədilməsi və həmin
cığırla Sevincin arının dalınca getməsi
çox maraqlıdır.
Gülarə
Munis səhifəsi
Gülarə Munis 2008-2010-cu illərdə
"Hanı toplanın topu", "Söylə mənə,
ay nənə" "Gizlənmişəm, tap məni",
"Müdrik zeytun ağacı", "Göydən alma
düşmədi", və "Lalə gülünün
sirri" kitablarını uşaqların ixtiyarına verdi.
Təhsil Nazirliyinin təklifi ilə 2009-cu
ildən onun "Danışan hərflər" adlı şeiri
ikinci siniflər üçün Azərbaycan dili iş dəftərinə
daxil edilib.
Müəllif 2010-cu ildə İranın
Urmiya şəhərində keçirilən şeir festivalında
diplom və pul mükafatına layiq görülüb.
Gülarə Munisin rəqəmlər haqqında
yazdığı şeirlər diqqətimi xüsusilə cəlb
etdi. Müəllif bu şeirlərdə rəqəmlərin
xarici görünüşünə görə onları mənalandırıb.
Eyvaz Zeynalov
abzası
Eyvaz Zeynalov 2007-ci ildə "Avropa nəşr
mətbu evi"nin keçirdiyi müsabiqədə "Ən
yaxşı vətənpərvər yazıçı"
Beynəlxalq qızıl mükafatına layiq
görülmüş, 2008-ci ildə Mahmud Kaşğari
adına "Beynəlxalq hekayə", 2010-cu ildə
Azadlıq radiosunun "Ədəbi azadlıq" kiçik
hekayə müsabiqəsinin qalibi olub.
2007-ci ildə çap olunan
"Qırmızı almalar" kitabına uşaq hekayələri
və nağılları toplanıb. 2010-cu ildə isə
Tiflisdə iki dildə - Azərbaycan və gürcü dilində
"Uşaq hekayələri və nağıllar"
kitabı çap olunub.
Bir neçə uşaq hekayəsi rus
dilində Rusiyada, Ukraynada, Türkiyə türkcəsində
Türkiyədə, polyak dilində Polşada çap olunub.
Dərsliklər
səhifəsi
İbtidai sinif dərsliklərinin bəziləri
zamanın tələbləri ilə ayaqlaşmır. Dərsliklərə
elə müəlliflərin əsərləri salınıb
ki, o müəlliflərin adını mən birinci dəfə
eşidirəm.
2009-cu ildə çap olunmuş və
hal-hazırda istifadə olunan 1-ci sinif ana dili dərsliyində
bəzi mətnlərə nəzər salaq. Uşaqlar hərfləri
öyrəndikdən sonra birdən-birə
aşağıdakı şeirlə
Yaradan qəlbimizə
İlahi nur ələsin.
Verdiyimiz qurbanı
Allah qəbul eləsin.
Şeirin bədiiliyi o yana dursun, verdiyimiz
qurban olmaz, kəsdiyimiz qurban olar. Qurban vermək insana aiddir, kəsilmək
qoyuna.
Nurəddin Kazımovun və hal-hazırda
istifadə olunan 4-cü sinfin oxu kitabında Nazir Məcnunun
"Qadın əlləri" şeirinə baxın.
Ay qadın əlləri, parça
üstünə
Nə incə naxışlar
salırsınız siz.
Şimşək olursunuz uca dağlardan
Nə vaxt ki, daşları endirirsiniz.
Bu şeirdə nə deyilir, necə deyilir
hər şey göz önündədir. Sadəcə
uşaqlardan üzr istəmək lazımdır. Yenə həmin
dərslikdə Eldar İbrahimin "Şəhidlər" şeirindəki
misralara nəzər salaq.
Cənazələr yol gedir
Bir-birindən qüdrətli
Güclü çiyinlər üstə.
Qüdrət çiyinə aid ola bilməz.
Qüdrət mənəvi varlığa aiddir.
3-cü sinfin Azərbaycan dili iş dəftərində
verilən aşağıdakı şeirdə heç nə
anlamadım.
Zahiddən soruşdular
Ev niyə bu gündədi?
Qapı çıxıb yerindən
Pərdə kündə-kündədir.
Burada uşaqlara hansı
düyğuların aşılanması bir yana, pərdənin
kündə-kündə olmasını anlaya bilmədim.
Misallar çoxdur. Ona görə də dərsliklərimiz
Təhsil Nazirliyinin, Yazıçılar Birliyinin və
savadlı pedaqoqlarımızın birgə əməyinin məhsulu
olmalıdır.
Uşaq ədəbi
tənqidi səhifəsi
Son beş ildə tanınmış alim
Fizuli Əsgərlinin uşaq ədəbiyyatı ilə
bağlı "Bədii təhlil və ədəbi tənqid",
"Uşaq ədəbiyyatı: qarşılıqlı
yaradıcılıq qaynaqları" "Bədii tərcümə
məsələləri", "Ədəbi
düşüncələr", Zahid Xəlilin
yaradıcılığı haqqında "Ömrün
sözü, sözün ömrü" və tərtib etdiyi
"Zahid Xəlilin sənət dünyası" kitabları
və 2007, 2009, 2011 ci illərdə Zahid Xəlillə birgə
yazdığı ali məktəblər üçün
"Uşaq ədəbiyyatı" dərslikləri
işıq üzü gördü.
Gənc tədqiqatçı Aysel Xəlil
"Uşaq yazıçısı Qəşəm İsabəyli"
kitabında təkcə Qəşəm İsabəylinin
yaradıcılığını deyil, müasir uşaq ədəbiyyatımızın
problemləri barədə maraqlı təhlillər aparıb.
Akademik Bəkir Nəbiyevin Xanımana Əlibəyli
90 illiyi haqqında yazdığı "Şeirimizin
Xanımanası" məqaləsində müasir uşaq ədəbiyyatının
alatoran görüntülərinə aydınlıq gətirdi.
Son beş ildə professor Qara Namazovun 3 cilddə
"Azərbaycan uşaq ədəbiyyatı
antologiyası" və ali məktəblərdə
"Uşaq ədəbiyyatı" dərsliyi, tənqidçi,
filologiya elmləri doktoru Vaqif Yusiflinin Gülzar İbrahimova
haqqında yazdığı "Müasir nağıllar"
və İlyas Tapdığın uşaq dünyasına həsr
etdiyi "Bu, İlyas Tapdıqdır" yazısı
müasir uşaq ədəbi tənqidinin yadda qalan səhifələrindən
hesab oluna bilər.
Təşəbbüs: Ötən il Azərbaycan
Dillər Universitetinin ingilis dili fakültəsində tələbələrin
açıq dərslərinin biri Zahid Xəlil və Rafiq
Yusifoğlunun yaradıcılığına həsr olunub. Dərsdə
şairlər də iştirak edib... Sonra dərsin təhlili
aparılıb. Məncə, bu çox vacib bir dərs
formuludur, Təhsil Nazirliyi bu cür vasitələrdən geniş
istifadə edə bilər. Daha maraqlı bir məqam,
universitetlərimizin dil-ədəbiyyat fakültələrində
ayda bir dəfə Anarın, Fikrət Qocanın, Çingiz
Abdullayevin, İntiqam Qasımzadənin, Rəşad Məcidin,
Qulu Ağsəsin Elçin Hüseynbəylinin, Vaqif Yusiflinin,
Mahirə Abdullanın, Elxan Zalın və Səlim
Babullaoğlunun dərs aparmaları tələbələr
üçün həm əyani vasitə olar, həm də
mövzular yetərincə öyrənilər. Təhsil
Nazirliyi və universitet rektorları bu məsələni təhsilimizin
xeyrinə həll etsələr yaxşı olar.
Uşaq mətbuatı
səhifəsi
Son beş ildə "Göyərçin",
"Göy qurşağı" "Yuva", "Elli",
"Bala dili", "Boya" "Bahar", "Arzu"
"Herba flora", "Günəş" Sehirli
xalat","Ailəm" jurnalları, "Savalan",
"Şəkər villası", "Tonqal",
"Tumurcuq" qəzetləri maraqlı uşaq əsərləri
dərc etdi. "Təhsil", "Altun" və
"Beşik" nəşriyyatları maraqlı uşaq
kitabları ilə uşaqları sevindirdi.
Bakı, Naxçıvan, Gəncə,
Salyan Dövlət kukla teatrlarları, Naxçıvan Dövlət
Uşaq Teatrı, habelə, "Bakı",
"Günay", "Çiçəyim", Təbəssüm",
"Körpəm" uşaq teatrları öz səhnələrini
körpə balalarımızın üzünə
böyük məhəbbətlə açdı. Amma bəzi
uşaq teatrlarının repertuarı zəif, bəsit, həvəskar
təsiri bağışlayır. Yaxşı olardı ki, bu
teatrlar bizim tanınmış
yazıçılarımıza müraciət etsinlər.
Dövlətdən maliyyələşən
uşaq təşkilatları demək olar ki, uşaq ədəbiyyatına
heç bir köməklik göstərmirlər.
Təkcə Respublika Uşaq Təşkilatının
sədri, millət vəkili Gülər Əhmədova
uşaq ədəbiyyatına "Mərkəz" qəzetində
həftədə bir səhifə yer ayrılmasına köməklik
göstərdi. Bu səhifə balaca oxucular tərəfindən
maraqla qarşılandı.
Uşaq ədəbiyyatı təkcə
Yazıçılar Birliyinin deyil, hamınındı. Respublikamızda
çoxlu uşaq təşkilatları var. Hətta ədəbiyyata
dəxli olmayan şəxslər nə qədər ədəbi
dərnəklər qeydiyyatdan keçiriblər. Bütün ədəbi,
bədii, ictimai uşaq təşkilatları uşağa
qayğını ancaq ona sirniyyat vermək, qabağında
oynamaq və oynatmaq kimi başa düşürlər. Lap
yüzüncü məsələdə də uşaq ədəbiyyatı
onların yadına düşmür, Yaxşı olardı ki,
uşaqların kökələrinin yanında kökəsi və
kuklası haqqında şeirləri də olaydı.
Şadlıq saraylarında rəqs edən balaca
qızların və küçələrdə
maşınları yuyan, təkərlərini qaraldan oğlan
uşaqlarının şeirləri də ölür.
Onların sinif jurnallarının arxasındakı yazı 8a
sinif jurnalının arxasındakı yazı ilə eyni
kökdəndir.
Problem: Yüz ildir ki, uşaq şeirimizdəki
obrazlar eynidir. Uşaq həmin uşaq, ayı həmin ayı,
tülkü həmin tülküdür. Bioloji mənada
ayı həmin ayı, tülkü həmin tülkü ola
bilər, bu düz, amma bunların filologiyasının dəyişməsi
təbiidir. Mən hələ bunu yetərincə müasir
uşaq ədəbiyyatımızda görmürəm.
Uşaq ədəbiyyatımıza ictimai və
sosial məzmun öz ərazisini genişləndirməlidir.
Uşaq ədəbiyyatımızın fəlsəfəsi,
dili inkişaf etməli, uşaq şeiri uşaq folkloruna
söykənməlidir.
Uşaq ədəbiyyatı uşaq yerinə
qoyulmamalıdır.
Qədim yurd yerlərimizin, şəhidlərimizin,
milli qəhrəmanlarımızın obrazlarını
uşaq ədəbiyyatında daha da canlandırmalıyıq.
Uşaq şeirimizdə bir şeyi
aydın etmək çox çətindir. Şeirin
ab-havasından bilmək olmur ki, bu şeir 80-ci ilindir, yoxsa
2011-ci ilin. Yəni 2011-ci ildə uşaq ədəbiyyatının
dayandığı yeri, səciyyəni təyin etmək mənə
çətin gəldi. Yaşlı nəsil ədəbiyyatında
bu fərqi görmək mümkündür. Şeir öz
zamanına oxşamalı və bütün dövrlərdə
öz bədiiliyini qoruyub saxlamalıdır. Bəlkə sərbəst
uşaq şeirinə geniş yer verməliyik. Bəlkə modern
uşaq şeiri yaranmalıdır. Bu barədə
düşünməyə dəyər.
Göstərdiyim nöqsanlarla bərabər,
çox ümidliyəm ki, gözəl uşaq ədəbiyyatımız
yaranıb və yenisi də yaranır. Uşaq
yazıçılarımız 12-ci qurultaya alnı
açıq, üzü ağ gedirlər. Bunu misallarda da
gördünüz. Uşaq şairini qorumaq lazımdır.
Uşaq şairi hər zaman yaranmır. Gərək anadan
uşaq şairi doğulasan.
Vərəqi dəyişmək
vaxtıdır, əgər dəyişməsəm, vaxt onu əlimdən
vurub salacaq.
Sonuncu səhifə
Epiloq: İndi əlimdə bir ağ vərəq
qalıb, bir işıq vərəq, sözləri yoxdur bu vərəqin,
ancaq eləcə işıqdı. İşıq olan yerdə
həyat var, həyat olan yerdə arzu. Bir arzumuz var: Anar müəllim,
Azərbaycan Yazıçılar Birliyinin aylıq uşaq
jurnalının nəşrinə böyük ehtiyac var, bizə
kömək edin. Respublikamızda mötəbər uşaq
jurnalı yoxdur. Bu ağırlığı və
ağrını ancaq Yazıçılar Birliyi çəkə
bilər. Bu arzunun gerçəkləşməsi naminə bu
işıqlı vərəqi 8a sinif jurnalının
üstünə astaca qoyuram. Qoy bu ağ vərəq şəhid
uşaqlarımızın ən mükəmməl şeiri
olsun!
Qəşəm
NƏCƏFZADƏ
Ədəbiyyat
qəzeti.- 2011.- 22 aprel.- S.4.