Getmə

 

Getmə,

Zülmətə qərq olmasın

Sən işıqlı qibləgahım!

Əgər getsən, -

Vallahi billahi

Cəmi cənnətlərini

Cəhənnəmə döndərər bircə ahım.

 

Getmə,

Yuxumun şirin yerində

Gözümdən qaçırma şirin röyamı!

O şam da, -

Qoysana

Yandıqca yana!

Getmə, piltəsində yağını qurudub

Kölgəsindən məhrum etmə o şamı.

 

Eşqimə inanmasan,

Quranı vərəq-vərəq əynimə geyərəm.

Səsimi eşitməsən,

Acı göz yaşlarımın

Yağış çubuqlarıyla

Ürəyimin başını

Təbil kimi döyərəm,

Deyərəm, getmə!

Getmə, deyərəm!

 

Məndən inadla qaçan

O qızmar ləpirlərə necə çatım?

Qoy qəbrim olsun biri, -

Bürünüm istiliyinin kəfəninə

Qızılgüllərə batım, -

Əbədi rahat yatım!

 

Boğuluram, aç yaxanı,

Sən ətirli hava udum

bir udum!

 

Əllərimə toxundur

O ipək,

O titrək, o şimşək tellərini, -

Alışsın, kükrəsin odum.

 

Çox donmuşam soyuğunda

O qara,

Cığara gözləri!

Getmə,

Dodağıma toxundur dodağını,

Atəşinlə közərim!

Ey ürəyi daş olan,

Başıma bəla eşqim!

Bəlkə dizlərimlə mən

Daşlıqları sürüm, eşim.

 

Qançır olan dirsəklərimdən axan

Damcı-damcı qanım,

Ağrı qanım, sancı qanım,

Yalvarışlarımın dilmancı qanım,

Axsın sənin ürəyinin başına,

Bəlkə yumşalasan?

Getməyəsən, qalasan?!

Getsən, mən hara gedim?

Sənsiz dünya

Boş, soyuq, zülmət məkan!

Getmə!

Ağuya döndərmə

Bu şəkər məhəbbəti.

Bil ki, mən məhəbbət dəlilərinin

Şahlar şahı,

Məcnundan min qat artıq dəliyəm!

Mən məhəbbət meydanında

Qılınc çalan

Füzulinin sağ əliyəm!

Bəli, onun

"Mən dönməzəm bu yoldan ölüm olsa" deyən

Qəzəliyəm!

Getmə,

məndən qaçan, səadətindən qaçar!

Gah od olursan, gah da su,

Gah şirsən, gah da quzu,

Kimsən axı?

Necə çıxardım qəbirdən

Ürəkləri oxuyan o Nostradamusu?

Sirrindən kim baş açar?

Kimsən, axı?

Bəlkə ruha qanad verən mələk!

Ya bəlkə,

İblisə qılınc verən Qacar!

Güzgüyə baxdım bu səhər, -

Səndən ayrı düşüm deyə, -

Tez gəlsin qışım deyə,

Gözlərimin altında

Səngər qazıb zəlilər.

 

Üzümdəki zollar-qırışlar deyil, -

Üstümdən Pamir, Tiyanşan yüklü, -

Hicran yüklü qatarlar keçib,

Təkərlərin rizləri belə dərin düşüb!

 

Codlaşan qaşlarım

Kirpiklərimi basır üstdən,

Yaxşıdı, -

Sənsizliyi yarımçıq görürəm mən!

 

Sənə məktub yazmaq istədim, -

Bəlkə kağızla ağarar

Qara həsrətim!..

Amma qələmi kağıza

Ha basdım,

Ha cızdım,

Ha qazdım,

Ha dözdüm,

Ha yazdım -

Qələm heç nə yazmadı.

O ki, var sıxçaladım,

Mıxçaladım,

Axırda barmaqlarımdan qan sızdı.

 

Amma, əfsus

Yenə yazı görünmədi.

Anladım ki, məhəbbəti nakamların

Qanı-qansız, canı da cansızdı.

 

 

Səndən heç nə istəmərəm

 

Bir sən olasan, bir də mən,

Səndən heç nə istəmərəm!

Ölüm istərəm əcəldən,

Səndən heç nə istəmərəm!

 

İstəsəm qaynar ağuşlar,

Yağdır başıma yağışlar!

Qoy yaxsın məni atəşlər,

Səndən heç nə istəmərəm!

 

De, necə çıxım felindən?

As məni zəncir telindən!

Zəhər ver, içim əlindən,

Səndən heç nə istəmərəm!

 

Yusif, dəryadır səbrimiz,

Hər möhnətin candan əziz!

Nolar bir olsa qəbrimiz,

Səndən heç nə istəmərəm!

 

Sən şux nəfəssən sinəmdə,

Ağrıma səssən sinəmdə.

Səndən səni istəsəm də,

Səndən heç istəmərəm!

 

 

Paşa Qəlbinura

 

Sənə etibar elədim gözlərimi,

Bilirəm ki, əlin dəysə sağalacaq.

Kəs, parçala, istəyirsən elə,

İşıq görsən… O, misramdır -

Sən misraya dəymə ancaq.

 

 

Həvəsdi, bəsdi

 

Bu günəşlər ölkəsində keçən ömür

Billah, heç ələ düşməzdi.

Bu torpağın yatrımları

Kürrəmizi Marsa köçürməyə bəsdi.

Burda ocaq külə dönər, söndürülməz,

Çünki atəş müqəddəsdi!

Bu torpaqda kim doğulsa,

Genlərilə Zərdüştdü, atəşpərəstdi.

Bir zaman vardı arzumuz

Cəbhələrdə atəşkəsdi.

Ürəklərdən bir səs gəlir -

Atəşkəs

həvəsdi, bəsdi

 

 

Yusif Həsənbəy

 

Ədəbiyyat qəzeti.- 2011.- 22 aprel.- S.5.