Vəhdət
Tanınmış
yazıçı, mətbuat xadimi Əlfi Qasımov
1958-1966-cı illərdə “Ədəbiyyat qəzeti”ndə məsul
katib vəzifəsində işləmişdir. Qələm
dostları, iş yoldaşları onu həmişə zəhmətkeş,
xeyirxah bir insan kimi xatırlayır, dərin hörmətlə
yad edirlər. Əcəl möhlət versəydi 85-i
haqlamış olacaqdı.
Ruhu şad
olsun.
Üzü günçıxana baxan
aynabəndimizin qarşısındakı qollu-budaqlı,
payızda "pıtraq" gətirən
"Tığınnı" (bu növə
"Qaraçı gözəli" də deyirlər)
almasının vaxtilə Səhlik kişinin əkdiyini
bilirdim. Səhlik kişinin üç oğlu vardı:
böyük oğlu, cəbhədə həlak olmuş müəllim
dayımın adını daşıyan Əlfinin
yazıçı-jurnalist, ortancılının dəlisovluğu
ilə seçilən Fazil müəllim, kiçiyinin isə
polis məktəbində oxuyan Elman olduğunu bilirdim.
Hələ orta məktəbdə oxuyarkən
kinomexanik kimi çalışanda, ilk müdirim də Əlfi
Qasımovun qardaşı Fazil müəllim olub. Usta
kinomexaniklər, İslamla Kamal qardaşlarının
üç təkərli motosikletində kənd klublarına
lent qutuları daşıyarkən külək üzümə
vuranda gələcəkdə film çəkmək arzusu ilə
yaşayırdım. Fazil müəllimin göndərişi
ilə Bakıda Nizami kinoteatrının binasında yerləşən
"Qoskino" adlı idarədə imtahan verib kinomexaniklik dərəcəmi
artırmağımı xatırlayıram. Fazil müəllim
ixtisasca müəllim olsa da kolxoz sədri olarkən iştirak
etdiyi toylarda yeyib, içib, rəqs edərkən cavanlara
torpaq bağışladığı üçün işdən
çıxarılmış və kino idarəsinə
müdir təyin olunmuşdu. Günlərin bir günü
raykom sədri ilə çəpləşdiyindən işdən
çıxarılan Fazil müəllim Bakıya, böyük
qardaşı Əlfiyə xəbər verir. Ertəsi gün
səhər o başdan dəmiryol vağzalına
çıxıb Əlfi ilə onun şair dostu İslam Səfərlini
qarşılayır. Ağdamda ziyalı və kefcil tayfa kimi
tanınmış olan Eyvazovlardan üç qardaşın dəmiryol
vağzalındakı restoranda səhər yeməyinə tut
arağı da verirlər. Şəhərə gəlib raykom
binasının yaxınlığındakı yeməkxanada
usta Ağəliyə saqqalı da təraş etdirirlər.
Birinci üzünü qırxdırıb çıxan
İslam Səfərlini kostyumlu, əli çantalı bir nəfər
salamlayıb soruşur ki, "İslam müəllim, xeyir
ola?", tövrünü pozmayan İslam Səfərli də
qayıdır ki, "bəs buranın dəyyus katibi Əlfi
Qasımovun işdən çıxardığı
qardaşını geri qaytarmağa gəlmişik." O, isə
həmən deyir ki: "O dəyyus mənəm, ancaq Əlfinin
qardaşı da az aşın duzu deyil..."
Ötən əsrin səksəninci illərinin
sonlarında, günlərin bir günü Fazil müəllim Ağdamdan
zəng vurub dedi ki: "Eşitmişəm, "Azərkinovideo"nun
yeni rəisi Qəhrəman Hümbətov sənin dostundur. Məni
ona tapşır." Ertəsi gün sübh-tezdən Fazil
müəllim bir də zəng elədi ki, Bakıdayam, təcili
gəl "Azərkinovideo"ya. "Özümü əvvəllər
"Qoskino" adlanan bu idarənin yerləşdiyi Nizami
kinoteatrının binasına çatdıranda orada Fazil
müəllimdən və qarovulçudan başqa kimsə yox
idi. Gözlədik. Nəhayət ki, gəlib çıxan
dostum bizi otağına dəvət etdi. Dedim ki, Roma, Fazil
müəllimdən muğayat ol. Mənim ilk
müdürüm olub, bizə də simsardır. Simsar
sözü sanki, Fazil müəllimin qulaqlarını
cırmaqladı. Bozarıb "Simsar nədi əəə...,
Yoldaş Hümbətov bizim atalarımız cavanlıqda
Qılışdıdan (Qılınclıdan) qarpız
aparıb, Gorusda satıblar..."
Hələ sovet dövründə Əlfi
müəllimin qaynı, Rəhilə xanımın
qardaşı general İbrahim Əhmədovla Şəkidə
şagirdlərin hərbi hazırlığı ilə
bağlı kinoxronika çəkilişləri
apardığımız, yağışlı bir gündə
İçərişəhərdə Məmmədəlinin
kitabxanasında Səhlik kişinin sahə müvəkkili
işləyən oğlu Elmanla "Adilənin taleyi"ni
kinorejissor Arif Babayevə
"sırımağımız" yada düşür. Bir
neçə dəfə də Əlfi müəllimin "Azərnəşr"dəki
iş otağında da olmuşam.
27 may 2009-cu ildə Natəvan klubunda Əlfi
Qasımovun xatirə mərasimində şair Qabilin söylədikləri
salonda səmimi gülüş doğurdu. "Ədəbiyyat
və incəsənət" qəzetində
çalışırdıq. O ərəfədə Əlfini
də məsul katib keçirmişdilər... İndiki Gənclik
meydanındakı xırda bir təsərrüfat malları
dükanı olan Əvəz adlı birisi arabir şeir gətirirdi.
Biz də ora-burasını düzəldib çap edir, Əvəzə
qonorar yazırdıq. O, da üstünü düzəldirdi,
gedib birlikdə vururduq... Günlərin bir günü xəbər
çıxdı ki, bəs Əvəz rəhmətə
gedib. Biz də yığışıb getdik. Əvəzin dəfnindən
sonra adətimizcə vurmaq istədik ki, sabah qəzet
çıxacağını bildirən Əlfinin
etirazından sonra işə qayıdası olduq. Yarım saat
sonra Əlfinin yanına gəldim ki: "Əvəz yaman
getdi..." O zamanlar indiki kompyuterlər olmadığından
məsul katib çapa hazırlanan qəzet səhifələrini
xətkeşlə, karandaşla, pozanla
ölçüb-biçirdi. Əlfi işini saxlayıb
kövrəlsə də: "Qəzet
çıxmalıdı!" - deyib başını
aşağı saldı. Yarım saat da dəhlizdə
fırlandıqdan sonra yenə onun qapısını
açdım ki: "Əlfi Əvəz yaman getdi..." Əlfi
xətkeşı, karandaşı, pozanı kənara qoyub
ağlamsınaraq: "Qəzet çıxmalıdı eey..
Yoxsa başıma oyun açarlar" dedi. Yenə bir yarım
saat da keçəndən sonra otağa girdim: "Əvəz
yaman getdi..." deməyimlə əlindəkiləri yerə
çırpıb: "Əəə... Əvəzi də
belə-belə olsun, səni də... Qəzzzet
çıxmalıdııı!.." qışqıran Əlfinin
səsi redaksiyaya yayıldı" ...O xatirə mərasimində
səhnəyə açılan qapıda əlindəki gitara
ilə tez-tez görünərək: "Qağa, bəlkə
mən çalıb gedim?" - deyən Rəmiş də
yaddan çıxmır.
Tribunaya qalxan Fazil müəllimin
böyük qardaşı Əlfi ilə son görüşləri
barədə söylədikləri isə hamını
kövrəltdi. "12 mart 1985-ci ildə Əlfi mənə zəng
eləyib zəif səslə dedi ki, özünü tez yetir,
halım xarabdır." Mən də Ağdamda sürətlə
avtomaşın sürdüyündən "istribitel
Süleyman" kimi tanınmış sürücünün
təzə taksisinə əyləşib Bakıya üz
tutdum. Üç saat sonra şəhərə "Gənclik
metrostansiyasının yanındakı beş saylı xəstəxanaya
çatdıq. Əlfinin yanındakı üç dostu
getdikdən sonra biz palatada tək qaldıqda onun göstərişi
ilə çarpayısının yanındakı
dolabçanı açıb, oradakı iki kasanı,
qaşıqları, bir banka dovğanı çıxararaq
azacıq hissəsini ona, çoxunu özümə çəkib
yedım. Sanki pıçıltı ilə dediyi: "Fazil
uşaq idik, anamız dünyasını dəyişmişdi,
atamız isə cəbhədə idi. Mamamız (Qarabağda
bibiyə mama deyirlər) dovğa bişirmişdi,
böyük olduğuma görə çoxunu mənə,
azını sənə çəkmişdi. Sənin necə
ağlamağın yadımdadır. İndi isə
rahatlandım..." - deyib gözlərini həmişəlik
yumdu..." xatirəsi hamını göz yaşlarına qərq
etdi.
Əlfi Qasımovu ilk dəfə nə zaman gördüyümü
xatırlamıram. Bir onu
bilirəm ki, uşaqlıqdan tanıdığım
bu adamla onun ölümündən sonra
daha yaxından
tanış oluram. Jurnalistika fakültəsinin
tələbələrinin həyatından bəhs edən
"Adilənin taleyi" romanını
oxuduqca müəllifin bu
sahənin problemləri
ilə bağlı məsələlərə dərindən
əhəmiyyət verdiyinin şahidi oluram. Əlaçı
tələbə Adilənin sarıbəniz oğlana
müraciətlə
söylədiyi: "Sən "Molla Nəsrəddin" ənənəsinin
müasir jurnalistikada davamını ancaq forma bənzəyişlərində
görürsən. Bu da
məsələyə səthi, həm də
birtərəfli yanaşmaqdır (səh.26)" qeydi ənənə və müasirlik əlaqələrinin təzahürünə
çevrilir. Burada müəllif
jurnalistikada ənənənin
zahiri görüntülərdə deyil, qoyulan məsələnin məğzində
axtarılmasının tərəfdarına çevrilməklə
təkcə ədəbiyyatda və sənətdə deyil, jurnalistikada da sosrealizmdən əvvəlki tənqidi realizm dövrünə birbaşa keçidin əhəmiyyətini vurğulayır.
"Jurnalist məsuliyyəti"
mövzusundakı məşğələdə
Adilənin dilindən səslənən: "Jurnalist
hər şeyə
qarışmalı, kiçikliyindən,
böyüklüyündən asılı olmayaraq
bütün məsələlərə
fəal müdaxilə etməlidir. Seyirçilik, xüsusilə passiv seyirçilik, hadisələrin
qeydçisi səviyyəsinə enmək
jurnalistin ölümüdür,
mənəvi məhvidir" (səh 36) cümlələri
peşə cəbbəxanasına bələdçilik dərəcəsinin
göstəricisi olan peşəkar
üslubun tələblərini önə
çəkir.
Adilənin
savadlı, sağlam təfəkkürlü
Elsevəri deyil, fiziki cəhətdən güclü boksçu Həmzəni seçməsi səbəb - nəticə
əlaqəsinin göstəricisi olan süjet daxilində deyil, əsas dramaturji hadisənin göstəricisi
sayılan fabula mexanizmində
həyata keçirilir. Həmzənin
Adiləni soymaq istəyən cüvəllağıların
"dərsini verməsi", qızın başını onun güclü sinəsinə qoyması fabula
mexanizmində həlli
audiovizuallığı artırır. Adilənin
sonradan içki düşkününə çevrilən Həmzəyə
xitabındakı "jurnalist ki, yazanda pul
barədə fikirləşdi, gözlərinin
qabağına alacağı qonorarı tutdu
onda ilham pərisi
küsər, qələm kəsərdən düşər, əsl
vətəndaşlıq unudular" (səh 45) kəlmələri müasir jurnalistikanın demokratiya və bazar iqtisadiyyatı mərhələsində
də aktual səslənir.
"Oçerkin əsas nöqsanı odur ki, burada əsas əmək
adamlarının işi, onların
arzu və istəkləri, yaradıcı əməyin
poeziyası öz əksini
tapmamışdır" - fikirləri də
maraqlı səslənir. Belə ki, otuzuncu illərdə
meydana çıxan Staxanov hərəkatının təsirindən
yaranmaqla sonradan təkcə iqtisadi deyil, siyasi və mədəni
liderlərin portretlərinin təzahürünə
çevrilən oçerk janrı
bir qapıya vurulan futbol oyununa bənzəməklə
dramatizmini itirən formal "janr" kimi sovetlər birliyindən
kənarda analogiyasını tapmasa da, müəllif mətninə çevrilən
bu sətirlər geniş yayılmaqda olan janrın xilası məqsədini
daşıyırdı.
Romanda Həmzədən üz
çevirən Adilənin Elsəvərlə gələcək
taleyi sosrealizmin diktəsi ilə real final həllini tapmasa da əsər
bu gün də xüsusən jurnalistika
fakültəsinin tələbələri
tərəfindən sevilə-sevilə oxunur.
Hələ kinoşünaslığımızın
tam təşəkkül
tapmadığı əllinci illərdə
Cəfər Cabbarlının, Mirkazım Ələkbərlinin
bu sahədəki fəaliyyətini davam etdirən Bəkir Nəbiyev
və Əlfi Qasımov kimi filoloqlar bu sahədəki boşluğu doldura
bilirdilər.
1 dekabr 1957-ci ilin "Azərbaycan
gəncləri" qəzetindəki "Qızmar günəş
altında" məqaləsində Əlfi Qasımov milli kinomuzun patriarxlarından olan Lətif Səfərovun ekran əsərini tutarlı mülahizələrlə tədqiqata
cəlb edir. Qeyd etmək gərəkdir ki, dramaturji materialın zəifliyinə rəğmən filmin rejissor həlli qismən də olsa
maraq doğursa da, A.Gəraybəyli (Sərdarov),
A.Cavadov (Pirioğlu), M.Şeyxzamanov (Əmir
dayı) kimi peşəkarların
fonunda Aydın və Nərminə
rollarının aktyorlara həvalə
olunmaması bu personajların yalnız zahiri tərəflərinin üzə
çıxmasına səbəb olur. Aktyorların ifasını
dəyərləndirən yazıçı- jurnalist
Əlfi Qasımovun: "Şeyxzamanov
oğlu lal olmuş atanın iztirablarını necə də
inandırıcılıqla verməyi bacarmışdır.
Pilləkan üstündə oturub qəlyan çəkərkən
belə biz onun həyəcan keçirdiyini,
oğlunun taleyi üçün qəlbən
acı-acı ağladığını
hiss edirik. Təəssüf
ki, bu sözləri
Eldarın anasının rolunu oynayan T.Paşazadə
haqqında demək olmaz. T.Paşazadənin
oyunu ayrı-ayrı yerlərdə quru və təsirsizdir. Aktrisa sevimli övladı qəflətən lal olmuş ananın iztirablarını, kədərini, həyəcanlarını,
qəlb çırpıntılarını kifayət qədər
verə bilməmişdir. Onun hönkür-hönkür ağlaması
belə tamaşaçını təsirləndirmir" qənaəti
dəqiq müşahidənin nəticəsidir. Filmdəki dil problemində müəllifin
və aktyorların məsuliyyətsizliyinə diqqət
çəkən Əlfi Qasımovun: "Danışıq dili ifadə tərzindən uzaqlaşmaq
təkcə cavanların
deyil, hətta M.Kələntərli kimi təcrübəli aktrisanın
ifasında da özünü
göstərir. Ssenarinin özündə
də canlı danışıq dilinə
uyğun gəlməyən
cümlələr vardır.
Aydının Mürsələ dediyi:
"Güman edirəm
mənə bir neçə
dəqiqə vaxt ayıra bilərsiniz", yaxud
Cəlalın Aydına
dediyi: "Sahman olun" cümlələri dediklərimizə
misaldır" fikirləri faktlara əsaslanır.
Düz beş il sonra Lətif Səfərovun lentə
aldığı "Leyli və
Məcnun" filminin yaradıcılıq mübahisələrinə
səbəb olduğu bir
mərhələdə Əlfi
Qasımovun peşəkar qələmi bu ekran əsərinin ilk baxışda diqqətdən qaçan məziyyətlərini önə çəkə bildi.
23
iyun 1962-ci il tarixli "Ədəbiyyat
və incəsənət" qəzetindəki "Leyli və Məcnun"
məqaləsində: "Ən əhəmiyyətli cəhət
bir də budur ki, rejissor
o zamanın hadisə və insanlarına bu günün gözü ilə baxmış, bu cəhətdən bəzi yerlərdə ölçü
hissini itirsə də, əsasən
müvəffəqiyyətli səhnələr yarada
bilmişdir" - yazan
Əlfi Qasımovun: "Məcnun məşhur
məhəbbət dastanının qəhrəmanı kimi, Leylini ülvi
məhəbbətlə sevən aşiq kimi zəifdir, qurudur. Belə ki, şair
Məcnun, filosof Məcnun,
haqsızlığa qarşı üsyankar
Məcnun sevən Məcnundan,
eşq divanəsi Məcnundan güclüdür.
Bu nöqsan müəyyən mənada həm ssenari, həm də rejissor işi ilə əlaqədardır.
Əlbəttə, Leyli-Məcnun məhəbbətini ictimai əsasdan təcrid edilmiş şəkildə,
dövrün əxlaq prinsiplərindən,
ictimai bərabərsizlikdən
ayrı götürülmüş
halda təsəvvür
etmək olmaz. Ancaq
ictimai məsələlərə həddindən
çox aludəçilik
göstərib dastanın əsas pafosunu qabarıq verməmək düzgün
deyildir" - fikirləri isə daha obyektivliyi ilə bu günümüzdə
də aktuallığını itirmir.
Göründüyü kimi, Əlfi
Qasımovun çoxşaxəli yaradıcılığı
ədəbiyyat və sənət aləmində daim xatırlansa da, onun qoyub
getdiyi ən dəyərli miras
peşəsini davam
etdirən oğlu İlqardır. 1992-ci
ildə çapdan çıxan, ekran sənətinə dair
"Gerçəkliyin astanasında"
kitabımda AzTV-nin ilk rejissorlarından
Arif Babayevin qardaşı Vasifin rejissoru olduğu "Dalğa" bədii-publisistik
verilişi ilə bağlı
yazdığım: "Söhbət aparıcıların professional səviyyələrindən
getmir, onların ən məşhuru
İ.Qasımovdur. İ.Qasımov məntiqi düşüncə
tərzinə malik aparıcıdır. Xarakterik cəhəti ünsiyyətə girmək
bacarığıdır" qənaətimin bu
gün də
üstündə dururam. Yəqin
ki, İlqar Qasımovun məntiqi
düşüncə tərzi, ünsiyyətə girmək
bacarığı, aldığı təhsildən daha çox evdə valideynlərindən - Rəhilə
xanımdan və xüsusən Əlfi müəllimdən əxz
etdiyi genetik kodların nəticəsidir.
Aydın
Dadaşov
Ədəbiyyat
qəzeti.- 2011.- 29 aprel.- S.6.