Şeiri öldürməyək

 

Xalq şairi, millət vəkili

V.Səmədoğluna

 

Aya, günə bərabər,

Ulduza təndi şeir.

Şeiri öldürmək olmaz,

Elə vətəndi şeir.

 

Şairlərin əlində

Odlu silahdı şeiir.

Yananların köksündə

Bir odlu ahdı şeir.

 

Qüdrətlidi, aqildi, -

Elə Allahdı şeir.

Günahı öldürmək olar,

Allahı öldürmək olmaz.

 

Şeir qızıl külçəsidi,

Ürək səsidi,

Dünyanın ən istiqanlı,

Kövrək səsidi.

Şeir - Azadlıq küçəsidi, -

Şeiri öldürmək olmaz.

 

Şeir - Vətən sevgisidi,

Hopub şairlərin

İliyinə, qanına.

Şeir - şairlərin

Əl ağacıdı,

Əsasıdı,

Şairlər söykənə-söykənə

Yol gedir

Minilliklərin sonuna.

 

 

Dərd adamam

 

Heç incələmə məni,

Bir az kövrək, pərt adamam.

And içirəm qəni-qəni

Kövrəlsəm , sərt adamam.

 

Səhərdən axşama kimi

Kökləyirəm ürəyimi.

Mən bir qəmli ürək simi,

Bir az ötkəm, mərd adamam.

 

Dərdi sıxmışam sinəmə,

Kövrək qəlbim bənddi himə.

Səbirli ol demə, demə,

Mən özüməm, fərd adamam.

 

Fırfıranı azca fırla,

Mələz ol, işin yox cırla

Məni duyan adamlarla

Həmsöhbət, həmdərd adamam.

 

Kəmfürsət, fəndkir olmadım,

Heç vaxt çirkab, kir olmadım,

Mətləb Misir, sirr olmadım,

Beləcə bir dərd adamam.

 

 

faydası

 

Vədə verdin, yarı yolda qoydun məni,

Yarı yoldan qayıtmağın faydası?

Korazehin, kortəbii duydun məni,

Sal duyğunu oyatmağın faydası?

 

Qəmin biri o birini üstələdi,

Yuxulayıb yatsa ağrın, faydası?

Bir ömür ki, lal həsrəti dəstələdi,

Ümmanlarda batsa ağrın, faydası?

 

Çox oxşayıb, sığallasa zaman səni,

Ovutmağın, aldanmağın faydası?

Yarı yolda ətəkləsə güman səni,

Alışmağın, odlanmağın faydası?

 

Ümid qatsa sevgi günün ərk gününə,

Gecikməyin, yubanmağın faydası?

Düşsən ömrün boş gününə, bərk gününə,

Sevgi gəlsə yığın-yığın, faydası?

 

Dərd dayansa yolun üstə boynuburuq,

Tənələyib, qınamağın faydası?

Soyuq həsrət yolun üstə elə durub,

Öz-özünə qaynamağın faydası?

 

Selbələnsən kor həsrətin qucağına,

Lap dəlicə cavanlığın faydası?

Ömür səni itələsə qocalığa,

Yağın-balın, yavanlığın ən faydası?

 

Fayda umma boş qayğıdan, boş qılıqdan,

Çəkin-çəkin kortəbii yaxşılıqdan.

Dal dünyanın ağrısına, əzabına,

Dünya özü bir gün verər cavabını.

 

 

Qabağa

 

Tale qıydı, ömür sürdüm

Hər cür sınaqdan qabağa.

Dünyanı çox rəngdə gördüm

Qaradan, ağdan qabağa.

 

Həsrətimlə ha əlləşdim,

Yenə qəm sinəmi deşdi.

Qismətimə ağrı düşdü

Sevincli çağdan qabağa.

 

Bu çırmalı qol mənimki,

Dərə, təpə, çöl mənimki.

Keçilməmiş yol mənimki

Zirvədən, dağdan qabağa.

 

Titrəmişəm dodaq kimi,

Göynəmişəm damaq kimi,

Çağlamışam irmaq kimi

Qaynar bulaqdan qabağa.

 

Mətləb Misir ağrı çəkən,

Qəm becərib, ağrı əkən.

Hələ keçməyib bu örkən

Bu doğanaqdan qabağa.

Bir sevgim keçə bilməz

Ana torpaqdan qabağa.

 

 

Mətləb Misir

 

Ədəbiyyat qəzeti.- 2011.- 22 aprel.- S.6.