Nəyi xatırlayırsansa, o sənindir

  

 Aprelin 20-də Beynəlxalq Mətbuat Mərkəzi Qarabağ ictimai forumunun təşkilatçılığı ilə xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının "Difai fədailəri" kitabının təqdimat mərasimini açan Umud Rəhimoğlu öncə müəllifin proqram xarakterli fikirləri üzərində dayandı: "Bu sətirlər "Difai fədailəri" kitabının üz qabığında yer alıb - "Nəyi xatırlayırsansa, o sənindir. Unutduqların sənin deyil! Keçmişdən ibrət götürməyən millət gələcəyini qura bilməz! Yüz il öncənin qəhrəmanlığınıbu gün kimliyimizə kölgə salan faciələrimizi niyə unutdun?! Oxu düşün!"

U.Rəhimoğlu vurğuladı ki, kitabda azadlığımız uğrunda dağınıq olmayan, bütöv çabalar əks olunub - bu yolda olan fikir ayrıntıları ilə bir yerdə. Romanda Şuşanın böyük mədəniyyət mərkəzi olması, onun ətrafında baş verən tarixi hadisələr, Uduluda baş verənlərin Xocalıda təkrarlanması böyük ustalıq vətəndaş ağrısı ilə təqdim olunub.

Professor Rəhim Əliyev mərasimdə çıxış edərək dedi: "Bu mövzu Sabir Rüstəmxanlı yaradıcılığı üçün çox xarakterikdi. Kitabın əsas ruhu, aparıcı xətti yaddaşdan, tariximizdən keçir. Əsər maraqla oxunur. Mərkəzdə böyük şəxsiyyət Əhməd bəy Ağayevin obrazı durur. O, Parisdə Sarbonna Universitetini bitirmişdi. Onunla bərabər görkəmli sənətkarlarımız, azadlıq mücahidləri Məhəmməd Əmin Rəsulzadə, Cəlil Məmmədquluzadə, Əli bəy Hüseynzadə, Sabir başqalarının da obrazı bu əsərdən keçir. Bu gün bizim öz keçmişimizi bilməyimizə böyük ehtiyac var və "Difai fədailəri" bu keçmişə maraqlı rakursdan ayna tutur. Bu kitab Sabir bəyi "Ömür kitabı", "Gəncə qapısı" və başqa əsərlərinin yeni və maraqlı silsiləsi kimi oxunur".

Millət vəkili Qənirə Paşayeva da kitabın tarixi əhəmiyyəti bədii özəlliklərindən söz açdı: "Kitabı böyük maraqla oxudum. Azərbaycan ictimai fikir tarixinin ən nəhəng simalarından olan Əhməd Ağaoğlunun 1905-1907-ci illər erməni-müsəlman davasında erməni terrorunun qarşısını almaq, ermənipərəst çar üsul-idarəsinin xəyanətkar anti-Azərbaycan siyasətinə cavab vermək üçün yaratdığı "Difai" adlı təşkilatın fəaliyyəti kitabda böyük vətəndaş-yazıçı səriştəsi mövqeyi ilə təqdim olunub. Məlumdur ki, "Difai"nin meydan oxuması ilə Qafqazda qüvvələr nisbəti Azərbaycanın xeyrinə dəyişmişdi. Bu olayları özündə ehtiva edən əsərlər yazılmalı və oxunmalıdı…"

Professor Qurban Bayramov çıxışında qeyd etdi ki, S.Rüstəmxanlı ömrü boyu xalqımızın qan yaddaşından keçən mövzularda yazıb. "Əsərdə aparıcı yer tutan Əhməd bəy Ağaoğlu fenomen şəxsiyyət idi. Qərblə Şərq arası tanınmış ziyalı, cümhuriyyət uğrunda özünü fəda edən bu böyük insan, ümumiyyətlə, epoxal bir tarix haqqında yazmaq haqqını Sabir bəy qazandığı şərəfli vətəndaş-alim, yazıçı səlahiyyətilə qazanıb. Bu mövzulu əsərləri məhz onun kimi milli, qəlbi, qanı, düşüncəsi türkçülük mücadiləsi aparan adamlar yazmalıdı".

Professor Cəmil Həsənli vurğuladı ki, S.Rüstəmxanlının hər bir əsəri həmişə ictimai fikrin formalaşmasına böyük təsir göstərib: "Onun fəaliyyəti Azərbaycan cəmiyyətinə xidmət üçün böyük nümunədir. Sabir bəy yaradıcılığında çox böyük tarixi simaların işığına sığınır və bu işıqdan böyük vətəndaş amalı ilə çıxış edir. Onun yazdıqlarının böyük səfərbəredici rolu var. Yazır özü o böyük şəxsiyyətlərin silsiləsində öz dəyərli yerini qərarlaşdırır. Sabir bəyin yazdıqları bizim milli düşüncəmizin hüdudlarını genişləndirir. Eləcə də "Difai fədailəri" əsəri.

Millət vəkili Fazil Mustafa "Difai fədailəri"ni Cəlil Məmmədquluzadənin "Anamın kitabı" kateqoriyasından olan bir əsər kimi dəyərləndirdi, tanınmış şair Ramiz Rövşən ondan milli yaddaşa hesablanan sənət nümunəsi kimi bəhs etdi: "Sabir bəyin ədəbiyyat yolçuluğunda çox uzun bir fikri var. Bu fikir özünəqayıdışa hesablanıb. Cümhuriyyət fədailərinin milli ləyaqət hissi bu əsərdə kifayət qədər dolğun verilib".

Millət vəkili Məlahət İbrahimqızı, şairlərdən Rasim Qaraca, Şahin Fazil, Zakir Fəxri və başqaları yeni nəşrin məziyyətlərindən söz açdılar.

Sonda Sabir Rüstəmxanlı tədbirin keçirilməsində əməyi olanlara iştirakçılara təşəkkür etdi: "Ən önəmlisi odur ki, burada danışılanlar Azərbaycanın tarixi, qan yaddaşımızla bağlıdır. Tariximizdəki mənəvi dəyərlərə çatmaq üçün çox işlər görməliyik.

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 22 aprel.- S.5.