Səhnə

 

Xalq yazıçısı Anara

 

Səmavi kitablarda

Allahın sözüdü, onun səsidi.

Yer üzü

Yaradanın bir səhnəsidi.

Bu səhnədə

hamı öz rolunu gedir.

Öyrənən öyrənir,

öyrədən öyrədir.

Tamaşa gərgin gedir,

Hamı oyunçudu

hər kəs tamaşaçı.

Kiminin dili şirin,

kiminin dili acı.

Qəhrəmanın belində

yalançı qılıncı,

şahının başında

yalançı tacı.

Səhnənin nuru

insan ağlının işığıdı.

Səhnə torpaqdan yuxarıdı,

göydən aşağıdı,

O da bizim yaratdığımız həyatdı.

Səhnə kentavrdı,

yarı insandı, yarı atdı.

Səhnədə yoxdur

özümüzünkilər, özgələr.

İnsanlar keçir səhnədən

bir gözü ağlar,

bir gözü gülər.

Hər səhər biz

evimizdən səhnəyə çıxırıq.

Dayanırıq oyunçularla,

tamaşaçılarla üz-üzə,

İpimiz Allahın əlindədir, -

Səhnədə yazığım gəlir özümüzə.

 

 

Dilənçi

 

Söykənib daş divara,

Qalmayıbdı taqəti.

Ağarmış birçəyində

Bir ömrün şikayəti.

Üzündəki qırışlar

Uzun ömrün qışıdı.

Titrəyən barmaqları

Taleyin qarğışıdı.

Gözlərini dondurub,

Dilini kilidləyib.

Olan-qalan vüqarı

Dünyaya əl uzadıb,

Yox, dilənmir bu qarı.

Gələn-gedən işində,

Öz alış-verişində.

Beş-on quruş verəndə

Gücü dilinə verər.

Allah almış bəndəyə

Bəndə versə, verər?

Gözlərindən süzülür

Ovcuna mirvarilər.

Dörd tərəf daş binalar, -

Evlər dəmir qapılı,

Şüşəsi kor aynalar.

Bir qadın var, ana var, -

Bir əlini uzadıb

danışır, dinir.

Bizə, sizə, dünyaya

Vicdan, insaf dilənir.

 

 

Görsünlər

 

Eheyyy! Hardasan, insan? -

gec doğulursan.

Zaman qranitə dönüb

içində insan boğulur, insan.

Gəl yon qraniti,

çıxart o insanı üzə.

Aparaq Zəngəzura,

Dərbəndə, Təbrizə.

Zamanın dibindən gələn

Ölməz canlını görsünlər.

Yolda yorulmayan,

odda yanmayan,

buzda donmayan,

dar ağaclarında boğulmayan

Azərbaycanlını görsünlər.

 

 

Ömrün hər anı

 

Ömrün hər anı

Təcrübədi, bilikdi.

Yaşamaq mübarizədir,

İntihar-fərarilikdi.

 

 

Səndən o yana

 

Özüm əkdiyim bağ kimi,

Yaşadığım otaq kimi,

Yatdığım yataq kimi

Qoynuna gedəcəyim ana torpaq kimi.

Sevirəm səni, yarım,

sevgili qarım -

Səndən o yana qurtarır yollarım.

 

 

Kölgəm

 

İşıqlı gündə, küləkli gündə,

Daşın, torpağın üstündə

Sürünürsən ətrafıma dolana-dolana.

Ayaqlar altında tapdalanırsan,

Duru suda yuyunursan,

Bulanıq suda bulanırsan;

Bütün günü başıma dolanırsan, -

Kölgəm, kölgəm, kölgəm.

 

Gecə ürəyimin üstündə,

Ana südü kimi doğma, istidə

Xumarlanırsan.

Ürəyimin döyüntüsü ilə

Oxşanırsan, tumarlanırsan

Kölgəm, kölgəm, kölgəm.

 

Başımın üstünü bulud alanda,

Havanın qanı qaralanda,

İçimdəki bir tində, bir dalanda

Gizlənirsən.

Bir bəhanədə, yüz yalanda

Gizlənirsən,

Yenə əzizlənirsən

Kölgəm, kölgəm, kölgəm.

 

İndi it saxlayan it saxlayır,

Pişik saxlayaq pişik.

Biz daha sırtılmışıq,

Bir-birimizə öyrəşmişik.

Heç bilmirəm mən səni saxlayıram,

yoxsa sən məni?

Mən çox vaxt səni görmürəm,

Sən həmişə görürsən məni.

Sən olmayanda darıxıram,

Gözlərim səni axtarır.

Ora-bura baxıram,

Kölgəm, kölgəm, kölgəm.

 

Min rəngə çalan işıqlı yuxularımda

Ayağımı yerə vurub uçanda,

Özümdən qabaqda qaçanda,

Arzularım çiçək açanda

Səni heç görmədim, kölgəm.

Bəlkə yuxuda

Şüşə kimi şəffaf oluram,

Bəlkə yuxuda

İçimdən qara fikirlər axmırlar,

Bəlkə sənin kimi şirin yaltaqları

Yuxu kimi müqəddəs aləmə buraxmırlar?

Elə isə yazıq mənim dünyam,

Yazıq mənim ölkəm,

Kölgəm, kölgəm, kölgəm.

 

Bizi şəffaf yaratmışdı Allah,

Adəmin, Həvvanın nəfsi,

Tamahı, gödəni,

Yedi - yarandı bədəni,

bədənin kölgəsi yarandı.

Bax, o gündən dədəmiz yandı!

Hər kəsin kölgəsi

Özünün qəfəsidir, qəfəsi.

Acgözlük, qazanmaq ehtirası,

Yaltaqlıq pilləsi,

Mənəmlik həvəsi

Hər kəsin ölümü

Canında gəzdirdiyi kölgəsidi.

Mən sənin yaşadığın mülkəm,

Məni özün dağıdırsan

Kölgəm, kölgəm, kölgəm.

 

 

Qaranquşlar gəlibdi

 

Bir gözəl aprel günü,

Gül ətirli bir səhər

Quş səsinə oyandı

qışdan çıxmış bu şəhər.

Qaranquşlar gəlmişdi

Havada qaynaşırdı.

Enmək, qonmaq istəyir

Tanımırdı, çaşırdı.

Şığıyıb qalxırdılar,

Qalxıb doğma Bakıya

Səmadan baxırdılar.

Onlar qoyub getdiyi

yuvaları yox idi,

Onlar yuva tikdiyi

binaları yox idi.

Nənələrə oxşayan

Balacaboy binalar,

Balacaboy nənələr,

Qoynu isti analar

Hara uçub getdilər.

Yerində ucalıbdı

Cavan-cavan binalar.

Başı buluda dəyən

Rəngi əlvan binalar.

Hər tərəf gül-çiçəkdi,

fəvvarələr dibçəkdi.

Gözündə günəş yanır,

Rəngdən-rəngə boyanır.

Qaranquşlar enməyə

qorxur, çəkinir bir az.

Vərdiş eyləyəcəklər -

Şəhərə yaz gəlib, yaz!

 

 

Fikrət Qoca

 

Ədəbiyyat qəzeti.- 2011.- 29 aprel.- S.4.