Türkologiya elmimizin iftixarı

 

Təfəkkür sahiblərindən söz düşəndə göz önünə ilk gələnlərdən biri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Tofiq Hacıyev olur. Görkəmli türkoloq alim öz sahəsində mötəbər və nüfuzlu söz sahibidir.

Əsrlərlə başqa xalqlar əhatəsində adacıq vəziyyətində yaşayan İraq türkmanları

 

Bilmirəm haralıyam,

Torpağım, daşım qərib - deyir.

 

Haradan gəldiyini unudub. Lakin dilini unutmayıb. Tofiq müəllim şüurlu həyatını xalqı yaşadan, yaddaşını kütləşməyə qoymayan bu müqəddəsliyə, dilimizin, dilçilik elmimizin tədqiqinə həsr edib. Təsadüfi deyildir ki, xalq yazıçısı Anar dilimizin, dilçiliyimizin taleyinə cavabdeh olan alimlərdən söhbət açdığı bir yazısında başda professor Tofiq Hacıyevin adını çəkir. Bunun nə demək olduğunu anlamaq çətin deyildir.

Məlumdur ki, elmi yaradan alimdir, ancaq alimi yaşadan və ona əbədiyyət gətirən elmdir. Tofiq Hacıyev türkologiya elmi sahəsində əbədiyyət qazanan, adı dilçilik elmimizin tarixinə qızıl hərflərlə yazılan alimlərdəndir.

Tofiq müəllimin şəxsiyyəti barədə düşünəndə gözlərim önündə qəribə bir mənzərə canlandı. Elmi, təfəkkürü, fitri istedadı ilə seçilən şəxsiyyətlərlə uzun müddət oturub-duranda, təmasda olanda bəzən onlar adiləşirlər. Tofiq müəllim kimi Allahın xoşbəxt bəndələri isə əksinə, gündən-günə insanın qəlbində və gözündə ucalır, əzəmətli dağa dönür.

Alim haqqında, xüsusən də müasirin haqqında yazmaq asan deyil. Sözləri gərək elə diqqətlə seçəsən ki, ifrata varmayasan, qınağa düçar olmayasan. Xoşbəxtlikdən az da olsa elə alimlər, elə şəxsiyyətlər də olur ki, onlar haqqında ən mötəbər sözləri belə deməkdən çəkinmirsən. Professor Tofiq Hacıyev belə ziyalılarımızdan, nüfuzlu alimlərimizdəndir. Onu biz bir alim kimi dil tarixi, türkologiya və ədəbiyyatşünaslıq sahəsində gördüyü işlərə, sanballı əsərlərinə görə yüksək qiymətləndiririk. Tofiq müəllimin də çox sevdiyi yeni türk ədəbiyyatının öncüllərindən olan böyük şair və dövlət xadimi Ziya Paşa (Əbdülhamid Ziyaəddin - 1825-1880) doğru deyib:

 

Ayinəsi işdir kişinin, lafə

baxılmaz,

Şəxsin görünər rütbeyi-əqli əsərindən.

 

Tofiq müəllimin üst-üstə 30-dan artıq monoqrafiyası, dərslik və dərs vəsaiti, 300-dən artıq elmi məqaləsi işıq üzü görüb. Bunlar sadəcə statistika deyil, alim ömrünün göstəriciləridir.

Professor Tofiq Hacıyev həmişə orijinallığı, özünəməxsusluğu ilə seçilən fikir adamıdır. Onun iştirak etdiyi yığıncaqlarda ən arzuolunan çıxışçı Tofiq müəllim olur. Həqiqətən də onun elə bir məruzəsi, çıxışı olmaz ki, duzlu-məzəli kəlamları, məna dolu fikirləri ilə məclisdəkiləri ram etməsin, istiqamətverici ideyalarla zəngin olmasın. Bircə misalla kifayətlənəcəyəm. Ümummilli liderimiz Heydər Əliyevin də iştirak etdiyi Azərbaycan Yazıçılarının X qurultayındakı çıxışında Tofiq müəllim Dövlət Dil Komissiyası yaratmağı təklif etdi. Bəziləri yazıçıların qurultayında belə bir təklifin irəli sürülməsini dərk etmədi, hətta yersiz saydı. Lakin az sonra Prezident Heydər Əliyevin fərmanı ilə Dövlət Dil Komissiyası yaradıldı.

Təbii ki, alim üçün bu böyük xoşbəxtlikdir. Lakin belə xoşbəxtlik dərin təfəkkürə, əlahiddə məntiqə, yüksək erudisiyaya malik insanlara qismət olur. Bu xoşbəxtliyi şərtləndirən amillərdən biri də Tofiq müəllimin başqalarına örnək ola biləcək xeyirxahlığıdır. Bu məqamda dahi Azərbaycan alimi Nəsirəddin Tusinin kəlamı yada düşür. Elm adamlarından danışarkən o, xüsusi vurğulayırdı ki, elm sahiblərini elmlərinin çoxluğu ilə deyil, əməllərinin faydalılığı, əxlaqlarının saflığı və özlərinin xeyirxahlığı ilə sınaqdan keçirmək lazımdır.

Tofiq Hacıyev Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirib. Bu, beş il ərzində çəkilən gərgin əməyin bəhrəsi idi. Bu o demək idi ki, beş il müddətinə heç bir fəndən bir dənə də "üç" qiymətin olmaya, semestrlərdə çox az sayda "4" alasan. Dövlət imtahanlarını yalnız əla qiymətlərlə verəsən. Bütün bunlara fitri istedadı, zəhmətkeşliyi, dözümlülüyü ilə seçilən, gələcəyi barədə düşünən, vaxtı boş keçirməyən adamlar nail olurlar. Adətən belə adamlar gələcəkdə elmdə böyük uğurlar qazanırlar.

Tofiq müəllimin bəxti bir də onda gətirib ki, beş il özü kimi əlahiddə istedada malik Yaşar Qarayev və Firidun Ağayevlə bir qrupda oxuyub. İstedadlı idmançılar birgə yarışanda rekord qazandıqları kimi, istedadlı tələbələr də bir yerdə oxuyanda bəhsə düşür və uğur qazanırlar. Maraqlıdır ki, beş il ərzində onlar bütün fənlərdən yalnız əla qiymətlər almış, hər üçü də fərqlənmə diplomuna layiq görülmüşdülər. Sonralar Firidun Ağayev tanınmış yazıçı oldu. Yaşar Qarayev ədəbiyyatşünaslıq, Tofiq Hacıyev türkologiya elmimizin iftixarına çevrildilər.

Filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən Tofiq müəllim iki-üç il rayonlarda məcburi işdən azad olunaraq aspiranturada saxlanıldı (1958) və 1962-ci ildə "Azərbaycan dilinin Cəbrayıl şivəsi" adlı namizədlik dissertasiyasını müdafiə etdi. Cəbrayıl şivəsində həm Cənub, həm də Qərb qrupu dialekt və şivələrinin səciyyəvi xüsusiyyətləri yer aldığına görə onun hansı qrup dialekt və şivələrə aid olduğunu ayırd etmək müşkül məsələyə çevrildiyindən, tədqiqatçı ilk dəfə olaraq keçid şivəsi məsələsini gündəmə gətirmiş və beləliklə, dialektologiya elmimizdə "keçid şivəsi" termininin sabitləşməsinin təməlini qoymuşdur. Alim cəmi yeddi il sonra - 1969-cu ildə "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Bu, alimin fitri istedadından xəbər verirdi. Yeri gəlmişkən onu da deyim ki, dilçilərimizdən belə erkən yaşlarında doktorluq dissertasiyası müdafiə etmək daha iki nəfərə - akademik Ağamusa Axundova və müxbir üzv Nizami Cəfərova qismət olmuşdur. Doğrudur, Tofiq müəllimin də, mənim də elmi rəhbərim olmuş akademik M.Şirəliyev də 31 yaşında (1941-ci ildə) elmlər doktoru adına layiq görülmüşdü. Lakin ona bu adı "Bakı dialekti" adlı namizədlik dissertasiyasına görə birbaşa vermişdilər.

Xüsusi vurğulamaq istəyirəm ki, Tofiq Hacıyev əldə etdikləri ilə kifayətlənməmiş, yaşamağın mənasını yazıb-yaratmaqda görmüş, ömrünü bütövlükdə elmə həsr etmiş, öz sahəsinin elm fədaisinə, nüfuzlu söz sahibinə çevrilmişdir. Alim dil tarixi, türkologiya və ədəbiyyatşünaslıq sahələrində ciddi tədqiqatlar aparmış, çoxşaxəli yaradıcılıq üfüqlərini fəth etmişdir. Professorun "Sabir: qaynaqlar və sələflər", "Şeir - dilimiz, düşüncəmiz", "Mikayıl Baştunun "Şah qızı dastanı" və poetikası" və s. kimi əsərlərinin hamısı ədəbiyyat mövzusudur. Onun ədəbiyyatşünas alim kimi tanınmasına dəlalət edir. Lakin o, ədəbiyyat mövzusunu dilçilik baxımından təhlil edir və orijinal fikirlər irəli sürür.

Alimin müasir ədəbi proses, dil-üslub, ədəbi tənqid, poetika və s.-dən bəhs edən onlarla məqaləsi nəinki ədəbi ictimaiyyətin, eləcə də ədəbiyyatşünasların həmişə diqqət mərkəzində olmuş, böyük maraqla qarşılanmışdır. Müəllifin "Gözəlliyin dili və dilin gözəlliyi", "Elmi-zehni səviyyə və bədii dildə novatorluğun faktı", "Yazıçı qayğısı, yazıçı mədəniyyəti", "Zaman, janr və dil", "Nəsr dilinin müasirlik məzmunu və müəllif çaları", "Üç Məmməddən biri Araz, biri İsmayıl, biri Aslan" və başqa məqalələrində ədəbi-bədii dilin əsas istiqamətləri, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili tədqiqat süzgəcindən keçirilir. Ədəbi proses 1981-ci ildən Yazıçılar Birliyinin üzvü olan Tofiq müəllimin həmişə diqqət mərkəzində olmuşdur. Onun R.Rza, O.Sarıvəlli, İ.Əfəndiyev, Ə.Vəliyev, İ.Şıxlı, T.Elçin, Q.Xəlilov, Anar, Elçin, H.Kürdoğlu, Ə.Əylisli, F.Mehdi və başqalarına həsr etdiyi məqalələri ədəbi-mədəni prosesin inkişafına xidmət baxımından xüsusi əhəmiyyət kəsb edir.

Tofiq müəllim ədəbiyyatla yaşayan adamdır. 1994-cü ildə alimin öz vəsaiti hesabına İraqa - Füzulinin 500 illik yubileyinə getməsi çox mətləblərdən xəbər verir. Ədəbiyyatımıza sonsuz məhəbbətin nəticəsidir ki, ədəbi proses, dil-üslub, ədəbi tənqid, poetika və s. ilə davamlı məşğul olan Tofiq Hacıyev, eləcə də Ağamusa Axundov, Musa Adilov, Yusif Seyidov bu sahədə məktəb yaratdılar. Onların davamçıları meydana gəldi. Nizami Cəfərov, Kamal Abdulla, Qəzənfər Kazımov, Kamil Vəli Nərimanoğlu, Buludxan Xəlilov və başqaları bu məktəbin ən ümdə müdavimləri oldular.

Deyilənlər öz yerində. Tofiq Hacıyev Azərbaycan ədəbi dili tarixi və türkologiya sahəsində şəksiz, görkəmli mütəxəssisdir. Təsadüfi deyildir ki, o, 1986-cı ildən Sovet İttifaqı süqut edənə qədər Türkoloqların sovet komitəsinin üzvü olmuşdur. Alimin dil tarixi sahəsində apardığı dəyərli tədqiqatlarında dilimizin mənşəyi, ədəbi dil tarixinin dövrləşməsi ön plana çəkilir. "Kitabi-Dədə Qorqud" eposunun, Nəsiminin, Füzulinin, Sabirin dil poetikası araşdırılır. Onun "Azərbaycan ədəbi dili tarixi", "Satira dili", "XX əsrin əvvəllərində Azərbaycan ədəbi dili", "Yazıçı dili və ideya-bədii təhlil", "Molla Nəsrəddin"in dili və üslubu" və başqa fundamental əsərləri ümumən filologiya elmimizin nailiyyətidir - desək, səhv etmərik.

Bu baxımdan professor Nizami Cəfərovun fikri dediklərimizə dayaq olur, Tofiq müəllimin bu sahədəki yaradıcılığına işıq tutur:

"70-ci illərin ortalarında "Azərbaycan ədəbi dili tarixi" kitabı çapdan çıxanda təkcə Azərbaycan filologiyasına deyil, ümumən Azərbaycan elmi təfəkkürünə elə bil ki, yeni nəfəs gəldi... yeni ideyalar irəli sürüldü. Həmin ideyalar çox sürətlə yayılıb nəinki gənc filoloqlar, həm də orta və yaşlı nəsildən olan dilçilər, ədəbiyyatşünaslar, tarixçilər arasında da öz tərəfdarlarını tapdı".

1985-ci ildən bu günə kimi Bakı Dövlət Universitetinin Türkologiya kafedrasına rəhbərlik edən Tofiq Hacıyev türkologiya elmimizdə bir mərhələdir. O, qiymətli tədqiqatları ilə çağdaş türkologiya elmimizin flaqmanı mərtəbəsinə yüksəlmişdir. Bu sahədə məktəb yaradıb. Tələbələri ona "Tofiq Hacıyev məktəbi" adı veriblər. Bu məktəbdə dərs alan gənclər indi respublikamızda və Türk dünyasında tanınan, adlı-sanlı, nüfuzlu söz sahibi olan alimlərdir. Nizami Cəfərov, Kamil Vəli Nərimanoğlu, Elbrus Əzizov, Məhərrəm Məmmədli, Sərxan Abdullayev, Ramiz Əsgər, Rasim Özrək (Türkiyə), Sevda Sadıxova, Qızılgül Abdullayeva, Gülxanım Vəliyeva və başqaları "Tofiq Hacıyev məktəbi"nin yetirmələridir.

Bu sətirləri yazarkən yaddaşımda görkəmli dilçi alim Muxtar Hüseynzadənin 80 illik yubileyi canlandı. Azərbaycan Dövlət Universitetində təntənəli şəkildə qeyd olunan yığıncaqda Muxtar müəllim hamının marağına səbəb olan bir məsələdən söz açdı. Dedi ki, müəllimlik fəaliyyətimə, monoqrafiya, dərslik və dərs vəsaitlərinə görə mənə professor rütbəsi vermişdilər. Doktorluq dissertasiyası müdafiə etmək istəmirdim. Bu "uşaqlar" məni məcbur etdilər. Uşaqlar deyəndə Muxtar müəllim yanında cərgə ilə oturmuş tələbələrini - professorlar Əlövsət Abdullayev, Fərhad Zeynalov, Yusif Seyidov, Ağamusa Axundov, Musa Adilov, Tofiq Hacıyev, Ağaməli Həsənov, Əbülfəz Rəcəbov və başqalarını nəzərdə tuturdu. Vaxt keçdi, Tofiq Hacıyev müəlliminin mərtəbəsinə yüksəldi.

Alimin yaradıcılığında "Kitabi-Dədə Qorqud"la bağlı tədqiqatlar xüsusi yer tutur. Təkcə onu demək kifayətdir ki, o, ikicildlik "Kitabi-Dədə Qorqud" ensiklopediyası"nın aparıcı müəlliflərindən biri və onun 1-ci cildinin (Bakı, 2000) redaktoru olmuşdur. "Kitabi-Dədə Qorqud" ensiklopediyası"nda alimin yüzdən artıq məqaləsi yer alır. Tofiq müəllim, eləcə də "Üzeyir Hacıbəyov ensiklopediyası" (Bakı, 1996) və AMEA-nın Ədəbiyyat İnstitutunun hazırladığı altıcildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin müəlliflərindəndir.

Professorun diqqət çəkən bir xidmətindən də söz açmasaq, ən azı insafsızlıq olardı. Alim AMEA-nın folklor İnstitutunun yarandığı 2003-cü ildən orada "Qorqudşünaslıq" şöbəsinin müdiridir. İnstitutda "Dədə Qorqud" adlı elmi-ədəbi toplunun redaktoru kimi səmərəli fəaliyyət göstərir. Alim eləcə də "Dədə Qorqud kitabı"nın izahlı ensiklopedik lüğəti"nin hazırlanmasına rəhbərlik edir. Bütün bunlarla bərabər, professor Tofiq Hacıyev elmi kadrların hazırlanmasına da xüsusi qayğı göstərir. Rəhbərliyi ilə 20-dən artıq namizədlik, məsləhətçiliyi ilə beş doktorluq dissertasiyası müdafiə edilib. Bir çox namizədlik və doktorluq dissertasiyaları üzrə opponent olub.

Tofiq müəllimin elminə və şəxsiyyətinə dəlalət edən bir məsələni də yada salmaq istərdim. 2005-ci ildən bu günə kimi Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü və filologiya elmləri üzrə ekspert şurasının sədridir. Ekspert şurasına sədr adətən bir müddətə seçilir. Lakin professor Tofiq Hacıyev 3-cü müddətdir ki, bu şuraya sədr seçilir. Bu faktın özü çox mətləblərdən xəbər verir.

O, görkəmli və tanınmış elm xadimlərinin yaradıcılığını izləyən və qiymətləndirən alimlərimizdəndir. Onun akademiklərdən M.Şirəliyev, B.Nəbiyev, B.Budaqov, V.Məmmədəliyev, müxbir üzvlərdən Z.Budaqova, K.Abdulla, professorlardan Ə.Abdullayev, F.Zeynalov, Q.Kazımov, folklorşünas alim Ayaz Vəfalı və başqaları haqqında yazıları örnək olmaq baxımından qiymət kəsb edir.

Alimin özü haqqında da sanballı yazılar qədərincədir. Budaq Budaqov, Anar, Elçin, N.Cəfərov, Kamal Abdulla, V.Aslanov, M.Məmmədov, Q.Kazımov və başqaları nüfuzlu mətbuat orqanlarında Tofiq müəllimin yaradıcılığının müxtəlif cəhətlərinə işıq tutan yazılar dərc etdirmişlər.

Professor Tofiq Hacıyev türk dünyasında sayılıb-seçilən tədqiqatçılardandır. 1995-ci ildən Türkiyə Cümhuriyyəti Atatürk Dil, Tarix və Kültür Qurumunun fəxri üzvüdür. 1998-ci ildə Türkiyə Cümhuriyyətinin "Ləyaqət nişanı" ordeni ilə təltif olunmuşdur. 2002-ci il üzrə Türkiyənin Sənətçilər və Yazıçılar Vəqfinin "Türk dünyasına xidmət" ödülünün sahibidir. 2004-cü ildə Atatürk Dil Qurumunun "Üstün hizmət Baratı"na layiq görülmüşdür.

Alimin tarixi dəyəri xalqı qarşısında xidmətləri ilə ölçülür. Tofiq müəllim hər baxımdan yüksək qiymətə layiq alim və pedaqoqdur. Bunu nəzərə alan dövlətimiz prof. Tofiq Hacıyevin əməyini yüksək qiymətləndirmişdir. "Şöhrət" ordeninə və əməkdar elm xadimi kimi şərəfli ada layiq görülən alim, eləcə də Milli Elmlər Akademiyamızın müxbir üzvü seçilmişdir.

May ayının 1-də görkəmli alim və pedaqoq Tofiq Hacıyevin 75 yaşı tamam olur. Qürur duyduğum, buna görə də ürək sözlərimi əsirgəmədiyim Tofiq müəllimə ən azı elmimiz naminə möhkəm cansağlığı diləyir, qalan ömür payını da həmişəki kimi alnıaçıq, üzüağ yaşamağı, şərəfli ömür sürməyi təmənna edirəm.

 

 

Qəzənfər PAŞAYEV

 

Ədəbiyyat qəzeti.- 2011.- 29 aprel.- S.5.