Ədəbiyyatdan əbədiyyətə

         

  Tanınmış yazıçı-publisist Flora Xəlilzadə bismillahdan xalq üçün yazan, ömrü söz uğrunda girov qoymağı həyat amalı kimi qəbul edən qələm adamlarındandı. Birinci cildini bu günlərdə nəşr etdirdiyi "Yazdıqlarım"a daxil etdiyi ədəbiyyat, mətbuat, eləcə də sözlə bağlı qələmə alıb "Azərbaycan" qəzetində dərc olunan seçmə yazıları da bu dəyərləri özündə ehtiva edir, qədirbilənlik duyğusu ilə oxunur.

Kitaba maraqlı ön söz yazmış xalq yazıçısı, AYB-nin sədri Anar da haqlı olaraq Flora xanımın sözə olan vəfadarlığının, aşiqliyinin üzərində daha çox dayanır. Yazır ki, ürəkdən gələn sözün özünəməxsus cazibəsi var: "Qəlbdə elə ovqat yaradır ki, sözün ovsunu səni əməlli-başlı tərk-silah edir, imkan vermir ki, ondan ayrılasan. Söz həmişə sahibinin kimliyini bəyan edir. AYB-nin üzvü, tanınmış yazıçı-publisist, həm də şair Flora Xəlilzadənin "Ön söz yazmaq üçün mənə verdiyi "Yazdıqlarım" kitabının maketini vərəqləyəndə bu hissləri yaşadım… Kitabın səhifələrindən ədəbiyyatımızın inkişafında, ədəbi tənqidimizin yüksəlişində, poeziyamızın zənginləşməsində xidmətləri olan insanların işıqlı sifətləri boylanır…"

Kitabın "Sözün zamanın ucalığında" bölümü sənətin, sözün yaxın dostu, ulu öndər Heydər Əliyevin müxtəlif illərdə yazıçı və şairlərlə olan görüşlərini əks etdirən təəssüratlarla açılır. Sonra gəlir "Yaşıl qələm"dən başlanan yolun, "Qızıl qələmlər"in Azərbaycan Yazıçılar İttifaqı mərhələsini əks etdirən məqalə. Ardınca da İttifaqın ilk sədri seçilmiş Məmməd Kazım Ələkbərlidən başlanan sonrakı illərdə bu vəzifədə çalışmış Seyfulla Şamilov, Səməd Vurğun, Rəsul Rza, Süleyman Rəhimov, Mirzə İbrahimov, Mehdi Hüseyn, İmran Qasımov, İsmayıl Şıxlı və Anar kimi ədəbiyyatımızın inkişafında xüsusi xidmətləri olan görkəmli söz ustaları haqqında ətraflı bəhs olunur.

Müəllif "Ədəbi çağlayışın Naxçıvan qanadı"nı da səriştəli qələm adamı kimi araşdırır, 1934-cü ildən başlamış günümüzə qədər Naxçıvan ədəbi mühitini əhatə edir.

"Qarabağ - milli sərvətimizin beşiyi" məqaləsində AYB-nin Qarabağ, "Aranın mənəviyyat ocağı"nda Aran, "Sözdən, sənətdən güc alan Gəncə" Gəncə, "Quba ədəbi mühiti"ndə Quba, "Qədim Şəkinin ədəbiyyat dastanı"nda Şəki, "Mingəçevirin söz işıqları"nda Mingəçevir, "Tükənməz Muğanın sözü-söhbəti"ndə Muğan, "Şairlər diyarı Qədim Şamaxı"da Şamaxı, "Şairlər vətəni bizim tərəflər" Qazax, "Sazı-sözü şöhrətli Şirvan"da Şirvan, "Cənub bölməsinin ədəbi həyatı"nda Lənkəran, "Sumqayıtın söz sərvəti"ndə Sumqayıt bölmələrindən ətraflı bəhs olunur. Bu yazılanlar kitabın "Yazıçılar Birliyi bölgələrin söz mühiti" bölümündə yer alıb.

Yeni nəşrin "Söz şimşəkləri" bölümü isə Aşıq Pəri, Molla Vəli Vidadi, M.P.Vaqif, Heyran xanım, Aşıq Ələsgər, Abdulla Şaiq, Yəhya bəy Dilqəm, Mirzə Cəlil, Ə.Haqverdiyev, Ə.Qəmküsar, Sabir, Ü.Hacıbəyli, Ə.Cavad, M.Müşfiq, A.İldırım və başqa görkəmli söz ustalarının yaradıcılığından bəhs edən məqalələri əhatə edir.

Sonra da gəlir kitabın "Söz uğrunda döyüşənlər", "Sözlə fəth edilən zirvələr" və başqa bölümləri. Burada unudulmaz İlyas Əfəndiyev, Nigar Rəfibəyli, Süleyman Rüstəm, Mir Cəlal, Söhrab Tahir, Xəlil Rza Ulutürk, Məmməd Araz, Anar, Elçin, Sabir Rüstəmxanlı, Fikrət Qoca, Bəxtiyar Vahabzadə, İsa Hüseynov, Qabil, Nəriman Həsənzadə, Qəzənfər Paşayev, Nüsrət Kəsəmənli, Gülrux Əlibəyli b. yaradıcılığına ayna tutan maraqlı yazılar verilib.

Bu kitab bütövlükdə bədii söz sənətimizə ləyaqətlə xidmət etmiş qələm adamlarımızın əməyinə, söz dünyasına dərin vətəndaş qüruru ilə yanaşan bir qələm adamının təmənnasız ehtiramının ifadəçisi kimi araya-ərsəyə gəlib. Hər bir yazıda, münasibətdə Flora xanımın "bütün ömrüm boyu balıq üçün yox, xalıq üçün yazdım" bəyanı üst qatdadı. Müəllif fərqindədi ki, "Yazdıqlarım" qalacaq, xalıq qarşısında bu yazılanlarla bir arada çıxacaq.

 

 

S.Aranlı

 

Ədəbiyyat qəzeti.- 2011.- 29 aprel.- S.4.