Hər kəsin öz
Şəhriyarı
Aprelin 22-də AYB-nin Natəvan klubunda ədəbiyyatşünas alim Esmira Fuadın "Söz sərrafı Şəhriyar"
kitabının təqdimatı oldu.
Mərasimi Yazıçılar
Birliyinin katibi Arif Əmrahoğlu açaraq
dedi: "Bu kitab elə bir görkəmli sənətkarın adı
ilə bağlıdır ki, onun işığına
cəm olmamaq mümkün
deyil. Unudulmaz Məmməd Arazın bir misrasını əlavə etməyin yeridi:
"Azərbaycan deyiləndə
ayağa dur ki, Şəhriyarın ürəyinə toxuna bilər!" Şəhriyar
yaradıcılığından söz açmaq bir növ bütöv Azərbaycanın haqqını ortaya qoymaq deməkdi. Onun haqqında çox yazılıb. Dünyada
ana adı ən uca olanıdı. Şəhriyar adı da o gözəl
ünvanlardan biridi. Hər
kəsin öz Şəhriyarı
var, bu gün
də Esmira xanımın Şəhriyarı
ilə tanış oluruq".
Tədbirin aparıcısı,
yazıçı-publisist Flora Xəlilzadə də
Şəhriyar adının əzizliyindən, xüsusilə yurd itkisi yaşamış
insanlara olan simsarlığından söz
açdı. Qeyd etdi
ki, Esmira Fuad Şəhriyar
haqqında söz deməyə haqqı çatan bir elm adamıdır. Yurdsevərliyi, milli-mənəvi
dəyərlərimizə bağlılığı ilə: "O,
təqdim olunan kitabda Şəhriyar poeziyasını ən incə
detallarına qədər təhlilə cəlb edə bilib. Özü də sevərək, xüsusi
ehtiramla".
Professor Gülrux Əlibəyli kitabın elmi, emosional ifadə, təhlil
məziyyətlərindən söz
açdı, tənqidçi Cavanşir Yusifli Şəhriyarın
böyük vətəndaş
hünərindən danışdı:
"Məndə zərrə qədər siyasət mərəzi
yoxdur" - deyən
Şəhriyar əslində bütün gerçəklikləri bilirdi, türk aləmində gedən prosesi incəliklə izləyirdi
və öz münasibətini
bildirirdi. Məncə, təqdim edilən
kitabın dəyəri ondadır ki, Esmira xanım böyük şairin həsrət qəhrinin nədənliyini dolğunluğu ilə əhatə edə bilib".
Şəhriyardan yaddaş ruhumuzun tarixi kimi söz açan
professor Buludxan Xəlilov qeyd etdi ki, bu
böyük sənətkardan
söz açmaq əslində vətəndən
yazmaqdı. Kitabda Şəhriyar
ağrısı çağdaş
Azərbaycanımızın Qarabağ itkilərindən doğan
problemlərlə bir
kontekstdə verilib.
Şair və yazıçılardan Ədalət
Əsgəroğlu, Oqtay Rza,
Aysel Əlizadə, Nüşabə Məmmədli,
Fəxrəddin Ziya, Fərqanə, Kəmalə və b.
çıxış edərək
"Söz sərrafı
Şəhriyar"ın
yüksək vətəndaşlıq duyğusu
ilə qələmə
alındığını qeyd etdilər.
Tanınmış
tənqidçi Vaqif Yusifli
E.Fuadın yüksək ümumiləşdirmə
qabiliyyətini, mövzuya
yaxınlığını, ən əsası şairi sevərəkdən
yazmaq bacarığını önə
çəkdi. "Ədəbiyyat qəzeti"nin şöbə
müdiri Sərvaz Hüseynoğlu E.Fuadın qaynaqlara
xüsusi sayğı
göstərdiyindən danışmaqla bərabər onu
da qeyd etdi
ki, müəllif bəzi məqamlarda
artıq təfərrüatlara yer verib, uzun-uzadı sitatlar
çəkmək, məqalə başlıqları sadalamaqla kitabın həcmini genişləndirib. Nəticədə
mətləb arxa planda
qalıb".
Sonda Esmira Fuad söz alaraq kitabın araya-ərsəyə
gəlməsində ona yetərincə
diqqət və qayğı göstərmiş
Mədəniyyət və Turizm Nazirliyinin, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun, təqdimat mərasiminin keçirilməsinə şərait
yaratdığına görə AYB-nin rəhbərliyinə təşəkkürünü
bildirdi.
S.Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2011.- 29 aprel.- S.2.