İstəklər göyərçin biçimindədir

       

Bir pünhan yolçuluq çəkdiyi yerdə gəlib gözlərimin durdu önündə, ruhumu oynatdı, yolumdan etdi, yaddaşı qanatdı bu yazılanlar:

 

İçimiz boşaldı torpaqdan öncə,

Sonra can göründü vətən yerinə.

Öncə cansağlığı deyən kəslərin

Torpağı bölündü bədən yerinə.

 

Biz dərd böyütdükcə vətən kiçilir,

Söylənən diləklər qubar, qəm dolu.

Ödənə bilməyən vətən haqqına,

İçimdə hər gecə məşhər qurulur.

 

Uğrunda ölməyi bacarmadıqca torpaq unudacaq vətən olmağı” - təlaşıyla baş-başa, nəfəs-nəfəsə yazılıb bu kövrək misralar.

Sən demə, üzündən sapsarı ölüm yağan heyva, yola qardaş olub sirdaşa dönən çinar ağaclarına şerin, sözün mehrində beləcə doğmalaşmaq olarmış, yaz yağışlarını səngitmək üçün İlahiyə minnətçi düşüb irtica etmək olarmış ki:

 

Qurban olum, İlahi,

Kəs bu yağışı...

Öyrətmə bu kövrək çiçəyi

Başı dəyənəkli olmağa!

 

Bu kövrək, zərif misralar imanlı və inamlı bir qələm adamının ən kiçik, adi görünən detalda belə dünyanın, bəşəriyyətin, anamız Yer kürəsinin taleyi sarıdan nigaran yaşantılarını bütöv, boya-boy göz önünə gətirir. Beləcə, Sona Vəliyevanın “Arazbarı”sının zilini zil, bəmini bəm edə-edə “Dəli bir ağlamaq keçir könüldən” - quru yollarına qurdlar daraşan Naxçıvandan sarı, taleyi bağlı qapı arxasında həll edilən millətlər sarı, “Şuşanın dağlarını oynayan oğlan” sarı. Sonanın şeirləri “Ay qonşu, bu evin yiyəsi hanı?” (Camal Yusifzadə) kökündədir, “Arzum da, Araz da bölündü iki... nifrət o günə ki, o saata ki, bir xalqın iki cür taleyi oldu” (Məmməd İsmayıl) havasındadır, “Kimdən soraq boyumuzu, kimdən soraq soyumuzu” (Ələkbər Salahzadə) savaşıncadır. Və bütövlükdə “Kökdən gəlib kökə gedən” (Zəlimxan Yaqub) Türk poeziyasının qapsadığı məramdan, mahiyyətdən keçir. Bu şeirlər bütün ölçü-biçisi, texnologiyası ilə bahəm daha çox Anna Axmatovanın poetik ruhuyla səsləşən iç dünyamıza hesablanıb. Ancaq burada şəxsi, fərdi qəzavü-qədərin ağrısından daha çox tamın, bütövün - ümumun yaşantısı öndədi. Sona xanımın “Sərçələrin yurd sevgisişeirində bu tendensiya daha qabarıq sərgilənib:

 

Biz yurd üstə savaşıb,

Yurd üçün ölməməyin,

Sevib qoruya bilməməyin

Bəlasını çəkirik -

bizimki bizlikdən keçib.

...Sən bu dağılmaqda

olan dünyanı

yuva quran, balasını

qorumağı bacaran

əzabkeş, yurdkeş

sərçələrin yurd sevgisinə bağışla,

Çör-çöp sevgisinə bağışla.

 

“Arazbarı” Sona Vəliyevanın bir söz adamı olaraq daxili enerjisini, vətəndaşlıq qayəsini və başlıca olaraq ədəbi boyartımını yetərincə sərgiləyir. Bu kitaba daxil edilən şeirləri oxuduqca müəllifin simasında özünə mənəvi dost, həmdərd, həmsöhbət və arzularına doğru aparan yolçuluğun yol yoldaşını tapırsan. Sona xanımın şeirlərindən adama əlbəəl sirayət edən səmimiyyət, vəfadarlıq hissi oxucu yaddaşında xoş rayihəsi ilə qalır. Elə xalq şairi Sabir Rüstəmxanlı da “Arazbarı”ya yazdığı ön sözdə daha çox bu məqamların üzərində dayanır: “Sona xanım şeiri ictimai hadisə sayır, heç bir şeirində millətin taleyindən, zamanın dərdlərindən kənarda deyildir. Bu baxımdan onun şeirlərinin ədəbiyyatımızda müstəqilliyimizə özül hazırlayan Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Hökümə Billuri və başqalarının vətəndaşlıq xəttinə bağlılığı göz qabağındadır... Sona xanımın şeirləri ürəyimizdə vətən havasını, uşaqlıq dünyamızın xiffətini əsdirir, yenidən tərk edilmiş ocaqlara qayıdırıq, payızın sarılığından, narın yağışların kədərindən, ot basmış qəbiristanlıqlarda məzar daşlarına dönmüş atalarımızın, analarımızın şirin xatirələrindən keçirik. Nəfəsimiz genişlənir, ruhumuz təzələnir, bu ocaqlarda aldığımız böyük mənəviyyat, sevgi, halallıq, mərdlik, nəciblik, xeyirxahlıq, təmənnasızlıq, gözütoxluq dərslərimiz yenidən yada düşür”.

Bu deyilənlərin arxasında Sona xanımın “Yollar”, “Ata evim”, “Bu uşaqlıq mənimdi”, “Adi qayğılardan bezmişəm daha”, “Pəncərə işığı, qadın baxışı”, “Bir ana köçünə çatmamışam mən” və b. şeirləri, ən başlıcası, onun doğma, munis şair obrazı ləyaqətlə durur. Onun bu girdə dünyanın çevrəsini aşmaq, yuxu tək, nağıl tək sirrə bələnmək, unudub bəndəlik qayğılarını, bircə an ağaca, çiçəyə dönmək arzusu əslində hər bir bəşər övladının gündəlik düşüncəsindən keçən cəlbedici bir istəkdi və bu istək çox gözəldir. Onun bu şirin istəklər boyunca özünə qoşmağa insan axtarmaq sevdası adamın sümüyünə düşür. Oxucu Sona xanımın “Yolutək ümidi qeyb olanlara mənim qollarımı körpü eyləyin” həmrəyliyilə yan-yana, çiyin-çiyinədir. Bu misraların doğurduğu effekt uzun, lap uzun bir müddət oxucu yaddaşından hara çəkilib qeyb olur ki:

 

Anamın əlin gəzirəm,

Milyon əlin içində.

Gözümə nur gətirəcək,

Göyərçin biçimində.

 

Bütövlükdə “Arazbarı”nın özü göyərçin biçimli bir insan kimi yaddaşımızın önündə durduqca bütün uzaqların yaxın görünməsi təbiidir.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2011.- 12 avqust.- S.6.