Əlyazmalar
İnstitutu yeni
yazılı abidələrimizin surətlərini əldə
etmişdir
AMEA M.Füzuli
adına Əlyazmalar İnstitutu bu yaxınlarda Almaniyada
yaşayan həmvətənimiz, ədəbiyyat tariximizin tədqiqatçısı
Məhəmmədəli Hüseyninin vasitəçiliyi ilə
bir sıra yazılı əlyazma abidələrimizin surətlərini,
dəyərli çap kitablarını əldə
etmişdir. İranın Qum şəhərində yerləşən
kitabxananın elmi əməkdaşı, əlyazmalarımızın
yorulmaz tədqiqatçısı Hüseyn Müttəqi bizə
Tehranın Parlament kitabxanaısnda (Kitabxaneye-Məclise-Şuraye-İslamiye-İran)
saxlanan aşağıdakı əsərlərin əlyazmalarının
surətlərini göndərmişdir: 1) 1483-cü ildə
yazılmış 112 vərəq həcmində ərəbcə-farsca-türkcə
lüğət; 2) Əli Badkubeyi adlı müəllifin
1853-cü ildə köçürülmüş 71 vərəq
həcmində mənzum türkcə-farsca lüğəti.
Müəllif bu əsərində türk sözlərini izah
edərkən əruz vəzninin bütün bəhrlərində
nəzm parçalarını yazmışdır. Əsər
həm də əruza dair dərs vəsaitidir; 3) Əbdüləli
bin Mirzə Vəznəli Xalxalinin 1870-ci ildə Mehrəli
adlı katib tərəfindən
köçürülmüş 83 vərəq həcmində
farsca-türkcə lüğəti. Buradakı Azərbaycan
sözlərinin bir çoxunun Təbriz şivəsində
yazıldığını görürük; 4) "Behcətül-bəhiyyə
fi lüğətül-türkiyyə" adlı 69 vərəqlik,
10 fəsildən ibarət əsər. Burada Azərbaycan
dilinin qrammatik xüsusiyyətləri izah edilir,
ayrı-ayrı fəsillərdə adların, fellərin, digər
nitq hissələrinə aid sözlərin ərəbcə
qarşılığı verilir; 5) 276 vərəq həcmində
Nəvai əsərlərindəki sözlərin lüğəti.
Sözlər qırmızı, mənaları qara mürəkkəblə
yazılmışdır; 6) XIX əsrdə
köçürülmüş şeirlər toplusu-cüng.
Burada Cövhəri və Məhcurun şeirləri daha
çoxdur; 7) Ə.Maraği adlı müəllifin tərtib
etdiyi atalar sözləri və məsəllərdən ibarət
"Əmsal və nəsayehi-türki" ("Türk məsəlləri
və nəsihətləri") adlı XVIII əsrdə
yazılmış əsər. Buradakı bir çox atalar sözləri
və məsəllər "Kitabi-Dədə Qorqud"la səsləşir;
8) Ə.Nəvainin "Məcalisün-nəfais" adlı təzkirəsinin
213 vərəqdən ibarət nüsxəsi; 9) Səma cismlərinin
hərəkətinə, yerini dəyişməsinə dair cədvəllərdən
ibarət türkcə 85 vərəqdən ibarət
1814-cü ildə köçürülmüş "Təqvim"
əsəri; 10) Cüveyni tarixinin 282 vərəq həcmində
türkcə-farsca lüğət hissəsi. Burada müxtəlif
sözlər, yer adları hərfi ardıcıllıqla farsca
izah edilir; 11) Əhməd Meydaninin "Əl-əsami fil-əsami"
əsərinin ikinci hissəsi. Buradakı sözlərin
üzərində türkcə tərcüməsi
verilmişdir; 12) Əsasən Zati, Nami, Baqi, Nabi, Əhməd
Paşa kimi osmanlı şairlərinin şeirlərindən
ibarət 76 vərəqlik cüng. Buraya Füzuli
şeirləri də daxil edilmişdir.
Üzərindəki qeydlərdən
bu əlyazmalardan üçünün
- Nəvainin "Məcalisün-nəfais" əsərinin,
"Əmsal və nəsayehi-türki"nin və Cüveyni tarixi lüğətinin
vaxtı ilə görkəmli Azərbaycan alimi
Cəfər Sultan Əlquraiyə məxsus
olduğunu görürük. Məlum
olduğu kimi,
ölümündən sonra onun kitabları ailəsi tərəfindən Parlament kitabxanasına verilmişdir.
Məşhəddə
yaşayan digər həmvətənimiz Davud Əsgərpur isə M.Hüseyninin
vasitəsi ilə oradakı Astane-Qüdse-Rəzəvi
kitabxanasında saxlanan "Fərhənge-Mirzə İbrahim" əsəri əlyazmasının
surətini göndərmişdir.
Görkəmli
İran alimi Əhməd
Qolcine-Məani Astane-Qüdse-Rəzəvi kataloqunda
göstərir ki, əsər Müniri "Şərəfnamə"sindən
iqtibasdır. İqtibas edən Mirzə İbrahim İsfahani h. 989-cu ildə (m.1581) vəfat etmişdir.
O I Şah İsmayıl Səfəvinin vəziri-əzəmi,
muxtarüd-dövləsi Mirzə Şah Hüseyn İsfahaninin
(Mehtər Şahqulu Rikabdarın əli ilə
h.929-cu il cümadiəl-əvvəlin 8-də
(m. 1522-ci ilin 26
martı) öldürülmüşdür)
oğludur. Ə.Qolçine-Məani qeyd edir ki,
Fazil Ərcümənd
ağa ibn Yusif Şirazi Sipəhsalar
kitabxanası kataloqunun 2-ci cildindəki
"Fərhəngi-Mirzə
İbrahim = Mirzə nüsxəsi"
maddəsində yazır: "Bu
lüğət Müniri Şərəfnamə"sinin
eynidir. Lakin kiçik dəyişikliklər
vardır."
Əsərin bizim
üçün dəyəri həm də
onunla müəyyən olunur
ki, təxminən XVI əsrin sonları -
XVII əsrin əvvəllərində köçürülmüş
bu əlyazmanın kənarlarında
görkəmli Azərbaycan şairi Qövsi Təbrizinin XVII əsrdə Hindistanda olduğu zaman öz xətti ilə
yazdığı qeydlər vardır. Bu qeydlərdə Qövsi bir sıra
sözlərin mənasının
düzgün izah edilmədiyini
bildirərək, düzgün mənanı
vermiş, ilkin mənbələrdən
- Ənvəri, Nizami əsərlərindən
sitat gətirilən zaman
yol verilmiş təhrifləri
göstərmişdir. Bu kitabdakı
qeydlərdən bir daha
Qövsinin klassik ədəbiyyatı,
poetikanı gözəl bilən, yüksək intellektual
səviyyəli şair olduğunu
görürük. Üzə
çıxan maraqlı faktlardan biri də şairin Hindistanda olmasıdır. Məlum olduğu kimi, şairin bir sıra
müasirlərinin, tanışlarının Hindistana
səfər etdiyini bilsək də, onun özünün bu ölkəni ziyarət etməsi barədə
əldə sübutumuz yox
idi. Qeydlərindən birində
Qövsi Fəxrüddövlə Deyləminin vəziri olmuş İsmayıl ibn Əbbad
ibn Abbası fəsahət və bəlağət
elmlərini gözəl bilən, kəramət, himmət, mərdliyi
ilə tanınan adam kimi
təqdim edir, onun böyük Azərbaycan şairi
Saib Təbrizinin müasiri
və həmsöhbəti olduğunu xüsusi olaraq qeyd edir. Qövsinin
şeirlərindən onun Saibi
yüksək dəyərləndirdiyini bilirdik.
Bu əsərdəki qeydindən şairin Saibə müsbət münasibəti
barədə fikir bir daha təsdiqini tapır.
Bu deyilənlərdən başqa Əlyazmalar İnstitutu
bir sıra İran
kitabxanalarında saxlanan əlyazma və çap kitablarının kataloqlarını da əldə etmişdir.
Paşa ƏLİOĞLU
Ədəbiyyat qəzeti.- 2011.- 12
avqust.- S.6.