Baxarsan nə əl var, nə əl sahibi, -

Amma ki, gözünü tutan nəsə var...

 

Yenə gecə oyaq, ilham oyaqdı

 

Odunsuz ocaqmı pərvanəsiz şam?

Gah verər canını, gah yaxa çəkər...

Gecələr sözləşib yuxuyla ilham

Tənbəl bir bədəni sınağa çəkər.

 

Gah girib yuxuna kökləyər qəmi,

Gah səni ilhama qısqanar gecə.

Axşamdan sabaha ya dua kimi,

Ya bir misra kimi uzanar gecə...

 

Baxtın istəyinə vaxtı oyatmaq

Yenidən dünyaya gəlməkdi bəlkə.

Onsuz da hər gecə ölməkdi yatmaq,

Şairlik - oyana bilməkdi bəlkə?

 

Yazarsan, misralar çıxar canından,

Yerində boşalan bir ürək qalar.

Gecə köç ötürüb keçər yanından,

Sənə də köksünü ötürmək qalar...

 

Yazmasan, umduğun nə səs, nə soraq

İtən misraların yerini vermir.

Dərdin sığınacaq yerimi varaq,

Ya şeir yuxunun qaçdığı yermi?

 

Bayırda nisanın yağmuru yağdı,

Başında Tanrının çaxdığı çaxmaq?

Yenə gecə oyaq, ilham oyaqdı,

Evin işığı da oyaq qalacaq...

 

 

Stalinin öldüyü gün…

5 mart 1953

 

Məktəbə bir radio gətirmişdilər,

Gələn xəbərlərə əsirdi hamı.

Adamlar başını itirmişdilər,

Ağlayıb başını gəzirdi hamı...

 

Nə sinif var idi, nə dərs, nə cərgə,

Dönüb göl olurdu qəm dama-dama.

Mən də ağlayırdım hamıyla birgə, -

Niyə ağlayırdım, bilmirdim amma.

 

Məktəbdən dönürdük tərkində qəmin,

Baharın nəm çəkən yolu palçıqdı...

Sibirdən sürgündən qayıdan əmim

Yerdənmi, göydənmi qarşıma çıxdı:

 

- Niyə ağlayırsan, kim döyüb səni?!

Boşuna susmağın yeri yox, gördüm.

Onsuz da göz yaşım satmışdı məni:

- Stalin ölübdü, deyib - hönkürdüm...

 

- Gör kimə ağlayır axmağın biri,

Di sus, səninləyəm, ayə, karmısan?

Onun var-yoxunu... Ağlama, kiri,

Ağlama, mən ölsəm, ağlayarmısan?

 

 

Getdi, xəbər tutmadım…

 

Dünya ilə nərd oynadım,

Bir dəfə zər tutmadım.

Arxalarda işim yoxdu,

Öndə də yer tutmadım.

 

İllər artdı yeddi-yeddi,

Yeddidən yetmişə yetdi.

Bəxt yanımdan keçib getdi,

Getdi, xəbər tutmadım…

 

Ömür ötdü qayğılarda,

Gününü gün etdim qarda.

Harda başlamışdım, harda

Bitdi, xəbər tutmadım…

 

 

Bütün sualların cavabı birdi

 

Ölümə gedərsən yol yora-yora,

Gedərsən, peşinə yüz fikir düşər.

Atsan, balıq düşməz atdığın tora,

Tutduğun zərə də iki-bir düşər…

Nə səbr gərəkmiş, nə də tək səbir,

Sən gedən yolları gedər ilan da…

Əlidolu da bir, əliboş da bir,

Aldadan da birdi, aldadılan da.

 

Bütün sualların cavabı birdi,

Yatmaq istəsən də yuxuna girməz.

Bəlkə söz sarıdan bəxtin gətirdi,

Varsan, var sarıdan əlin gətirməz…

 

Yoxsa bəxt verənin dəlikmiş cibi.

Sənə dərd verilib, filankəsə var?

Baxarsan, nə əl var, nə əl sahibi,

Amma ki, gözünü tutan nəsə var.

 

Tələsmə, təndirə düşər tələsən,

Qəlbi qaraların üzü olmaz.

Başın açılmır ki, dərddən, biləsən

Dünyanın işindən baş açmaq olmaz.

 

Qazancı kül olar ocaq yerinin,

Könlü ocaqların gözü yaş olar.

Bəxti yüyrək olar niyə birinin,

Başqa birisinin bəxti daş olar?

 

Göylərin gözündə hansı şanslıdı, -

Tökülən yarpaqmı, qalan budaqmı?

Yaşayan hansıdı, ölən hansıdı, -

Yaşayan insanmı, yaşanan vaxtmı?

 

Ha dadın ağzında qalmadı dadı,

Çəkilməz dərdləri çəkən bədən - biz.

Bu dünya yerində qalan dünyadı,

Qoynundan əliboş keçib gedən - biz.

 

 

Vərdiş

 

Özgələr dəyişdi vaxt qatarını,

Özün də bilmədin heyif, yerini.

Tutdular könlünün sus damarını,

Bildilər ruhunun zəif yerini.

 

Qarışıb bir ana bətnində genlər,

Qardaş qardaşı sevməz,

Dəyirman daşıdı deyib keçənlər

Alt daş üst daşı sevməz.

 

Bir zaman yoğrulub qanla bu torpaq,

Bəlkə azadlığın mayası qandı?

Canı unutmaqdı qanı unutmaq,

Qanı unudanlar unudulandı.

 

Unutmaq sırası sənəmi düşdü?

Unutma, elə bir an gələ bilər.

Bu gün şəhidləri unutsan işdi,

Sabah bulaqlardan gan gələ bilər.

 

Gör hansı tufanın yelinə söndün,

Gör hansı bayquşu zərdüşt elədin.

Əvvəlcə ikiyə, üçə bölündün,

Sonra bölünməyə vərdiş elədin…

 

 

Geriyə dönəcək qış…

 

İşığını söndürüb

əvvəlcə pəncərələr yumur gözünü

sonra

daş-divar yuxuya dalır,

dünən dünəndə qalır

dünya

daha bir gün də qocalır.

Bir az aşağıda

səssiz-səmirsiz

dənizə açılır boğaz,

qara dönüşür yağış…

Günü, saatı bəlli

sabah yenə

Köçəri quşların qanadlarında

Geriyə dönəcək qış…

 

 

Sap

 

Dilinin şüarı: - nə üçün, niyə?

Onun da bir belə şakəri vardı;

Evdə deyiləni unudar deyə,

İşdə barmağına sap bağlayardı…

 

Unutdun nə idi sözünün ardı,

Nəyin sorağıydı qaralan qanın?

Hərdən barmağına sap bağlayardın,

Bəlkə də o sapa bağlıydı canın...

 

Verilən sualmı alınan cavab -

Gedib bir əlaqə tap arasında.

Kim bilir, heç nəyin nəsiymiş o sap,

Nə varmış fikirlə sap arasında?

 

Sirri var burnuna dəyən hər iyin -

Yaxın bir təmasmı, uzaq görüşmü?

Vətənin yadından çıxıb getdiyin

Heyif ki, vətənin yadına düşmür.

 

İzi yox çəməndən çəkilən çənin,

Çoxdan unudulub sənin də adın?

Qürbətə düşəndə ana vətənin

Gərək "barmağına" sap bağlayaydın...

 

 

Qürbət

 

Sənə nələr demədim

Keçən bu on üç ildə...

Sən də pıçılda, qürbət,

Sən də bir şey pıçılda...

 

Üzünü görmək də pul,

Bircə dərdin havayı.

Həsrəti bilməyənə

Öyrədərdin havayı.

 

Üzü yox ki görəsən,

Üzünə gülən deyil.

Qürbət, əllə tutulub,

Gözlə görülən deyil.

 

Belə, özün-özünü

Aldadardın ən azı.

Olmasaydı yaxında

Çanaqqala boğazı.

 

Ya bir yaz axşamında,

Ya payız gecəsində

Səsi duyulmasaydı

Martıların səsində.

 

Qürbəti qəribsədər

Qərib durna qatarı.

Qayığa yelkən olan

Qağayı qanadları.

 

Sənə nələr demədim

Keçən bu on üç ildə...

Sən də pıçılda, qürbət,

Sən də bir şey pıçılda...

 

İşdi yalan söyləsəm,

Çıxart yalanı, qürbət..

Bircə Ana-vətənmiş

Yerdə qalanı, qürbət...

 

 

Bizim aramızda davaydı düşən

 

Bir arzu var idi gedib çatmağa,

fikirdə aradım, mənada gəzdim.

Ata oğul istər yurd qaraltmağa,

Düşüb ömrü boyu mən ata gəzdim...

 

Solsa, birdəfəlik solmur ki, solan,

Bir gün boşalanlar dolmaq istəyir.

Bir dəfə olmur ki, bir dəfə olan

Qayıdıb bir daha olmaq istəyir.

 

Bu qədər insafsız olarmı günah,

Zəmanə bu qədər qədirbilməzmi?

Yetimlik nə imiş mən bildim, Allah,

Oğul atasızlıq nədir, bilməzmi?

 

Bir ömür bəsimdi verdiyin bu qəm,

Vermə, sənə qalsın, - dedim, - qalanlar.

Atasız nə çəkdim bir mən bilirəm,

Nə çəkər atalı yetim qalanlar?

 

Sən yoxsan, mən isə yoxla görüşən,

Atam, qənim mənəm, qənim arama.

Bizim aramıza davaydı düşən,

Nə düşüb nəvənlə mənim arama?

 

Gününü günəşə borcludu kölgə,

Kölgəlik bəxtdisə, bəxtdən qaçılmaz.

Oğul atasının sirridi bəlkə,

Allah istəməsə o sirr açılmaz.

 

Açılar illərin açdığı ara,

Taleyin əlləri saxta pul kəsər.

Mən ata gəzərəm düşüb yollara,

Hardasa məni də bir oğul gəzər...

 

 

Dünyanın ən böyük məğlubiyyəti

 

Bir qadın uğruna qazanılar

Dünyanın ən böyük qələbəsi;

Sonra o biri qələbələr,

Gələr…

Amma yenə də

Qadın xəyanətidir

Dünyanın ən böyük xəyanəti.

Və qadına yenilməkdi,

Sevib, sevilməməkdi

Dünyanın ən böyük məğlubiyyəti…

 

 

Ağlına gəlməzdi…

 

Ağlına gəlməzdi hava dəyişər,

Yazın ortasında qar yağa bilər.

Tələsib eşqinə açan bənövşə

Açılan bəxtini qarğıya bilər?

 

Yalan ümidlərə öyrəşən qulaq

Qapısız bacadı ağrı-acına.

Özü öz syundan içirmi bulaq,

Barından nə qalır bar ağacına?

 

Ağlına gəlməzdi darıxa ürək,

Harasa qayıtmaq istəyə geri.

Ağac olmalıydı, ya daş, ya çiçək, -

İnsanlar içində səhv düşüb yeri…

 

Harda görünmüşdü bilən, bilməsin,

(Südü qatıq edər bir qaşıq maya).

Səndən başqasını görməyən kəsin

Səni də görməyə gözü olmaya.

 

Bir qoca kişiylə cavan bir gəlin

Bundan sonrasını danışma, mumla.

Yazın yağmuruna çağlayan selin

Alına bilərmi qarşısı qumla?

 

Ocaqmı çatmaqdı arzuya çatmaq -

Kül olan arzudan nə qalar yadda.

Sən demə, olarmış səni də atmaq,

Səni də unutmaq olarmış hətta…

 

Sözü uzatmağın mənası varmı,

Buludun istəyi yağan qardımı?

Hər şeytan qadından mələk olarmı?

Ağlına gələydi…

Ağlı vardımı?

 

 

Hər an əsən küləyə can atan qadın…

 

Heyif papağını yandırdın günə,

Hərənin bəxtinə bir ömür düşər.

Könlünü vermişdin böyük eşqinə,

Böyük kininə də təşəkkür düşər.

 

Gözün tutduğunu sevməyə nə var,

Gözündən düşdüsə, sevmirsən demək.

Bir də ki, doğrunu deməyə nə var,

Doğrudan çətinmiş yalan söyləmək…

 

Qəfildən gözünü qamaşdıran nur

Gəl-gəl dedisə,

Kimsə qulağına yalan oxuyub

Gözəl dedisə.

 

Daddınsa tərifin şirin yerini

Hisslərin aldada bildisə səni,

Gecələr yuxuda gördüklərini

Gündüzlər yozmağa getdinsə yəni.

 

Onda nə sən varsan, nə yazı yazan

Gerisi solaxay xəyanətindir.

Bəxtinə düşəni itirmək asan,

Qayıdıb yenidən tapmaq çətindir…

 

Hər əsən küləyə can atan qadın,

Mən dəniz, sən isə qayıq deyilsən.

Böyük sevgilərə layiq olmadın,

Böyük nifrətə də layiq deyilsən…

 

***

 

Milyon ilin təşnəsi tək

Güllərə qonar ac arı.

İnsan arı, vətən çiçək -

Qürbət sevginin açarı..

 

Ha alnını qırışdırdın,

Ha pozdun, yenə yazıldı;

Niyə bu qürbət deyilən

Sənin bəxtinə yazıldı?

 

Öndə gələcək umudun,

Sonda keçmişin qalmadı.

Canını dişinə tutdun,

Ağzında dişin qalmadı...

 

Bəlkə Allah da unudar

Sən məni unutduğun gün.

Öləcəyəm, gec-tezi var -

Ürəyini tutduğun gün...

 

 

Fin torpaqları

 

Könlü açıqlara könlünü açar

Aynalı gölləri, gen torpaqları...

 

İgid oğulları ayağa qalxdı

Nə zaman görməsə gün torpaqları...

 

Yolu qarağatlı, göbələklidir

Verir yolçulara yön torpaqları...

 

Tükənməz qranit qayalarıyla

Qazanıb dünyada ün torpaqları.

 

Hərdən gecəsi də gündüzə dönər

Allahın quzeydə son torpaqları…

 

Şerini əməlli yaza bilmədim,

Məni bağışlasın fin torpaqları...

 

 

Xəzri-gilavar arası

 

İçimdəki havanın

Qayıb mətni çatışmır.

Hələ millət olmanın

Ana bətni çatışmır.

Gözlərə səpilən qar

Şerinin başlıqları.

Göz yaşıyla doldurar

Tarixi boşluqları...

Olum, ölüm kimidir

Yurdun o tay-bu tayı.

Azadlıq iqlimidir

Şah İsmayıl Xətai...

Hələ ruhu göylərə,

Bədəni yerə çəkir.

Bu iki aralıqda

Koroğlu nərə çəkir.

 

...Hamı bir-birinə düşmən,

Kimin kimnən var arası?

Bir Tanrı əyriliyi var,

Xəzri-gilavar arası...

 

 

Keçmiş - su, gələcək - su

 

Sudur qanın içində

Köksündəki ürək - su.

Divarlara dırmaşan

Bayırdakı tənək - su!

Çay üstə qanadlanan

Masmavi kəpənək - su!

Gözlərdə bir damla nəm

Bulaqda bir sənək - su!

Qızının göz yaşında

Səninlə öləcək - su!

Nə əvvəli, nə sonu,

Keçmiş - su! Gələcək - su!

Peyğəmbərlər üzündə

Görünən mübarək - su!

 

 

Yazığım gəlir…

 

Məni yetim qoyan illərə,

Başıma ələnən küllərə,

Eşqimə "yox" deyən dillərə

Və… sonradan

Peşiman olan könüllərə

Yazığım gəlir…

 

Qız qarıyan,

Yalanlardan yarıyan

Və…

Bu bədbəxt dünyada

Xoşbəxtlik arayan adamlara,

Qara gələn yazıma,

Qara köynəyinə əsir düşən sazıma,

Taleyini yaşadığım Nazimə,

Başıma oyun açan

Alın yazıma, -

Həyatıma oxşamayan arzuma

Və hamıdan çox özümə

yazığım gəlir…

Hər şey boyad, hər şey yad,

Ay səni…

Arzuma oxşamayan həyat…

 

 

Yaşadım

 

Onsuz həyat boşunadı, boşadı,

Boşanmazdım, dünya məni boşadı.

Arxasıyla sürüklədim boş adı,

Boş-boşuna o boş adı yaşadım.

 

Harası var, gedə hara gəncliyim?

Dönüb getdi kərdiyara gəncliyim.

Kaş öləydim, səndən sonra gəncliyim,

Ömür adlı bir boyadı yaşadım..

 

Ölüm payız dumanıydı bələndə,

Nə biləydim nə olacaq gələndə...

Mən onsuz da öləsiydim öləndə,

Nə qədər ki o yaşadı, yaşadım.

 

Gələnləri vurulmuşdu adıma,

Gedənləri getdi mənim badıma.

Yada düşdü, daş düşəydi yadıma,

Ölüm-zülüm mən o yadı yazdım.

 

Dalğa kimi dərd döydükcə döşünə,

Tənha könlüm üşüm-üşüm üşünər.

Ömür demə, gün tutular, "göy kişnər,

bulud ağlar" bir bayatı yaşadım.

 

 

Məmməd İsmayıl

 

Ədəbiyyat qəzeti.- 2011.- 12 avqust.- S.4.