Yusif Şirvan –
100
Xatirələrdə
yaşayır
Azərbaycan
yazıçıları arasında Yusif Şirvanın da
adı tez-tez çəkilir, keçmiş tələbələri
onu minnətdarlıqla xatırlayırlar. Onlardan biri, görkəmli
yazıçı Əlibala Hacızadə "Bizim əsr"
qəzetində "Ədəbi mühitlə ilk tanışlığınız
necə olub?" müsahibəsində demişdir: "Ədəbiyyat
aləminə tələbəlik illərində gəlmişəm,
bu aləmdə ilk tanıdığım əziz müəllimlərimdir
- Mübariz Əlizadə, Mir Cəlal Paşayev, Yusif
Şirvan. Ən gənc müəllimim isə Bəxtiyar
Vahabzadə olub. Onlar bizim ürəyimizdə sözə, sənətə
sevgi oyadıblar. Biz hələ indi də onların sənət
işığında yol gedirik".
Sovet
dövründə ədəbi yaradıcılıq ilə məşğul
olan gənc istedadların üzə çıxmasında
yazıçının xidmətləri diqqət çəkir.
Uzun illər - 1932-ci ildən 1950-ci illərin axırına qədər
Yusif Şirvan orta məktəblərdə, neft rayonlarında
(Suraxanı, Ramanıda), Bakı Dövlət Universitetində
ədəbiyyat dərnəklərinə rəhbərlik
etmişdir. Onun dərnəklərdə, xüsusilə,
universitetdə yetişdirdiyi gənclər arasında Həmid
Axundlunun, Süleyman Vəliyevin, Eynulla Ağayevin, Rafiq
İsmayılovun, Firidun Ağayevin və b. adlarını
çəkmək olar.
Ömür
vəfa etsəydi, Yusif müəllim Azərbaycanın ikinci və
əbədi müstəqilliyini də görmək səadətinə
qovuşa bilərdi. Təəssüf ki, 1979-cu ildə o,
öz dünyasını dəyişdi. Bir faktı qeyd etmək
yerinə düşərdi ki, Xalq Cümhuriyyəti
dövründə Azərbaycanda yetişən görkəmli
yazıçı və şairlərin
yaradıcılığı gənc Yusif Şirvanın ədib
kimi yetişməsində böyük rol oynamışdır.
Belə bir güclü ədəbi mühitdə təhsil və
tərbiyə almaq onun gələcək ədəbi
yaradıcılığından təsirsiz ötməmişdir.
Qarşımdakı
saralmış on beş səhifəlik vərəqlər -
onun öz əliylə yazdığı geniş tərcümeyi-halı
Azərbaycanın siyasi, mədəni həyatına sanki bir
"pəncərədir".
On beş
səhifəlik tərcümeyi-halının uşaqlıq illəri
haqda Yusif Şirvan belə yazır: "Mən, Yusif Şirvan Əsgər
oğlu Əsgərov 1910-cu ilin son günlərində
(köhnə təqvimlə dekabrın 26-da) Şamaxı
şəhərində anadan olmuşam (yeni təqvimlə
1911-ci ilin əvvəlində 8 yanvarda). Ailəmiz böyük,
qol-budaqlı idi, böyüklər və
uşaqlar arasında savadlı çox idi. Bizimlə bir evli olan,
atamın dayısı oğlu Əli Fəhmi (Əliabbas Cəfərzadə)
yazıçı, mütərcim və mühərrir idi. O, Bakıda "İqbal"
qəzetində işləyirdi. Onun
bacısı Gövhər Şövqi
Şamaxıda yeni tipli
ilk qız məktəbinin (ana dilində) müdiri və
müəllimi idi. O məktəbdə
qızlarla bir sırada öz
əqrəbamızdan olan azyaşlı oğlan uşaqları da
oxuyardı. Mən də onlarla durub-oturaraq savad öyrənmişdim
və qeyri-rəsmi olaraq həmin məktəbə
gedirdim (Yeri gəlmişkən
qeyd etmək lazımdır ki, M.Ə.Sabir "Əsri-bistümdir
səhab altında qalmaz şəmsü-tər"
beyti ilə başlayan
qitəsində həm o məktəbin
açılmasını, həm də onun
müdirini açıqlamışdı.
Məktəbi isə Sabir, Səhhət, Naseh və başqa
ziyalıların təşviqi ilə Əli Fəhmi təşkil etmişdi).
1918-ci ilin mart ayında, tarixçilərimizin böyük səhvə yol
verərək təriflədiyi qüvvələr qədim mədəniyyət,
sənət və ədəbiyyat mərkəzi olan şəhərimizi tamamilə
dağıtdı, minlərlə evlər
yandırıldı, on minlərlə adam öldürüldü…
Qaçqınların
çoxunu da vəba
və yatalaq biçib
tökdü. Ata və
anam, bacı və qardaşım, biz uşaqların əsas tərbiyəçisi
olan bibim o zaman öldü
(nənəmi isə ermənilər süngü
ilə öldürmüşdülər).
…1922-ci
ildə Göyçay və Ağdaşda tutulduğum
ağır malyariya xəstəliyi məni
Şamaxıya gəlməyə məcbur etmiş
və oradakı ibtidai məktəbin dördüncü sinfinə qəbul
edilmişəm".
Yazıçı Qılman İlkinin "Bakı və
bakılılar" publisistik kitabında
1918-ci ilin mart
ayında Şamaxıdakı soyqırımla bağlı tarixi hadisənin məhz hansı düşmən
mövqelər tərəfindən törədildiyi öz əksini tapmışdır: "1918-ci
il martın 14-də Bakı Komissarları
Sovetinin qoşunları daşnak Əmirovun
komandası altında Şamaxıya göndərildi
(yuxarıda Yusif müəllimin qeyd etdiyi "tarixçilərimizin
böyük səhvə yol
verərək təriflədiyi qüvvələr" Bakı
Komissarları Sovetinin nümayəndələri
idi). Müsavat nümayəndələri bu qoşunun Şamaxıya nə məqsədlə
göndərildiyini soruşduqda, onlara bildirdilər ki, qoşun qəzada olan
iğtişaşı yatırmaq məqsədilə getmişdir… Şamaxıda Lalayevin
başçılığı altında erməni
qoşunlarının törətdiyi vəhşiliklərin
xəbəri Bakıya çatanda bütün şəhər əhli ayağa qalxdı".
Göründüyü
kimi, Yusif Şirvanın uşaqlıq və yeniyetməlik illərinin
acı təcrübələri, yaşına uyğun olmayan
yaşadığı çətinliklər, sarsılmayan
mübariz ruhu onun şəxsiyyət kimi formalaşmasında
böyük rol oynamışdır. Yazıçı hələ
13 yaşında məktəbdə səhnəyə qoyulmaq
üçün "Əski tələbələrin
halı" adlı ilk "pyesini" yazır. Tərcümeyi-halında
bu haqda qeyd edir ki, qələmə aldığı pyes S.Ə.Şirvaninin
şeirindən bəhrələnmişdi. Yusif Şirvan daha
sonra yazır ki, Şamaxıya qastrola gələn görkəmli
aktyorlardan H.Q.Sarabski, A.M.Şərifzadə, M.A.Əliyev, Rza
Darablı kimi artistlərin tamaşaya qoyduğu pyeslərdə
məktəbin yuxarı sinif şagirdləri də onlarla
birlikdə çıxış edirdilər.
1924-cü
ildə Şəkidə pedaqoji məktəbdə gənc
Yusif Şirvan həmyaşıdları arasında istedad və
savadı ilə seçilirdi, əlaçı idi. Tərcümeyi-halında
oxuyuruq: "16 yaşından başlayaraq şeir də
yazırdım. Həmin il Şəkidə "Qızıl qələm"
təşkilatı yaradıldı. Məni də oraya
götürdülər. Bu təşkilatın sədri məşhur
şair və dramaturq Rəşid bəy Əfəndizadə,
katibi Heydər Əfəndizadə idi (o, sonra məşhur
kimyaçı oldu. Professor və EA-nın müxbir
üzvü idi). Mən eyni zamanda təşkilatın texniki
katibi idim. İşim-gücüm Rəşid bəyin 150-200
misralıq şeirlərinin üzünü
köçürmək idi. O illər yaxşı aşiqanə
lirik şeirlər yazırdım. Lakin mətbuatda aktual
mövzularda, yeniliyi tərifləyən əsərlər qəbul
edirdilər. Odur ki, "şairliyim" get-gedə zəifləyirdi".
Yusif
Şirvanın ev arxivindən götürdüyüm şəklin
kağızı saralsa da, unudulmaz tarixi bir tədbir diqqəti
çəkir. 1934-cü ildə Moskvada keçirilən Sovet
Yazıçılarının I Qurultayında iştirak edən
bir qrup Azərbaycan yazıçılarının şəklindən
gözlərimi çəkə bilmirəm. Maksim Qorki, Aleksey
Tolstoy, Səməd Vurğun, Cəfər Cabbarlı, Yusif
Şirvan və başqalarını əks edən fotoda tarix
yaşamaqdadır.
Yusif
Şirvan 1927-1932-ci illərdə tərcümə ilə də
məşğul olurdu. Professor Əli Sultanlının
tapşırığı ilə Heynenin, Puşkinin şeirlərini
tərcümə edirdi. Əli Sultanlı dərslərində
bu tərcümələrdən istifadə edərmiş.
Yusif müəllim 1934-cü ildə APİ-nin jurnalist-pedaqoq
fakültəsini bitirmişdir. Ən unudulmaz tarix isə
Şamaxıda 1928-1929-cu illərdə Bicov kəndində məktəb
müdiri kimi çalışdığı illərdir.
Çünki vaxtilə qohumu Gövhər xanımın
Şamaxıda açdığı ilk məktəbin
ab-havasında müəllim peşəsinin müqəddəsliyini,
nəcibliyini dərk etmiş və bu doğma hisslər onun
ruhuna hopmuşdu. Daha sonra Yusif müəllim 1934-1939 və
1939-1940-cı illərdə "Ədəbiyyat qəzeti"ndə
məsul katib kimi səmərəli işləmişdir.
1934-1940-cı illər arasında Baş mətbuat
müdirliyinin Azərnəşr yanında müvəkkili, 132
saylı orta məktəbdə ədəbiyyat müəllimi,
Azərnəşrdə, Uşaqgəncnəşrdə
redaktor kimi fəaliyyət göstərmişdir. Bunlarla
yanaşı, keçən əsrin 30-cu illərində Azərbaycan
kinostudiyasında bədii büronun üzvü, Nizami adına
Ədəbiyyat İnstitutunda folklor şöbəsində
elmi işçi, 1941-ci ildə "Kommunist" qəzetinin ədəbiyyat
və incəsənət sektorunun müdiri, Azərbaycan
Dövlət Pedaqoji İnstitutunda baş müəllim
olmuşdur. 1979-cu ildə yazıçının vəfatı
münasibətilə Hikmət Ziya "Ədəbiyyat və
incəsənət" qəzetində Yusif Şirvan haqda
xatirələrində yazır: "O tələbələrinin
dərin hörmətini qazanmış ləyaqətli müəllimlərdən
biri kimi tanınmışdı… Onun xalqımızın
böyük oğulları Mirzə Ələkbər Sabir,
Üzeyir Hacıbəyov, Səməd Vurğun haqqında necə
coşqunluqla danışdığı məclislərin dəfələrlə
iştirakçısı olmuşam".
Nəbzi
zamanın nəbzi ilə döyünən, vətən
sevgisi ilə yanan yazıçı Yusif Şirvan
ömrünün çox hissəsini gənclərin təlim-tərbiyəsinə
sərf etmişdir. 1949-cu ildən ömrünün sonuna kimi
Azərbaycan Dövlət Universitetində müəllim kimi fəaliyyətə
başlamış, daha sonralar şərqşünaslıq
fakültəsinin dekanı, Yaxın şərq xalqları ədəbiyyatı
tarixi kafedrasının müdiri vəzifələrində
çalışmışdır. Bu illər ərzində
onun yetişdirdiyi tələbələr respublikamızda
tanınıb seçilmiş ziyalılar olmuşdur. Rəhim
Əliyev 525-ci qəzetdə "Sözü təzələyən
istedad" məqaləsində yazır: "… Biz tələbə
olanda da hər şeydən razı deyildik. Amma o vaxt da
bilmirdik ki, bizə dərs deyən Mir Cəlal, Məmməd Cəfər,
Bəxtiyar Vahabzadə, Əkbər Ağayev, Ağamusa
Axundov… Yusif Şirvan və başqaları ilə ünsiyyətdə
olmaq bir qismət idi. Onlar başqa dünyadan idilər. O
dünyada mədəniyyətə və əxlaqa xidmət hər
şeydən uca idi..."
Yusif müəllimi
xoşbəxt ziyalılardan hesab etmək olar, ona görə
ki, zəngin olduğu qədər də mənalı bir
ömür yaşamışdır. Vətənin çətin,
ağır günlərində öz qələmi, əqidəsi,
vicdanı ilə xalqına xidmət etmişdir.
Alim,
publisist Abid Tahirlinin "İsmayıl bəy
Qutqaşınlı - 200" adlı məqaləsinə
("Ulduz" jurnalı) müraciət edək: "…
Bütün maneələrə baxmayaraq, sovet dövründə
həm mövzu, həm sənətkarlıq baxımından
diqqətçəkən və təqdirəlayiq nümunələr
də çoxdur. Məmməd Səid Ordubadi, Seyid Hüseyn,
İlyas Əfəndiyev, Mirzə İbrahimov, Mehdi Hüseyn,
Süleyman Rustəm, Səməd Vurğun, Qulam Məmmədli,
Mir Cəlal, Bəxtiyar Vahabzadə, Sabit Rəhman, Əbülhəsən,
Osman Sarıvəlli, Süleyman Vəliyev, Yusif Şirvan, Əvəz
Sadıq, Əbil Yusifovun publisistikası həm məzmun, həm
də sənətkarlıq baxımından örnək ola bilər".
Yusif müəllim
bir çox yazıçılarımız kimi, İkinci
Dünya müharibəsi illərində də öz vətəndaşlıq
mövqeyinə sadiq qalmışdır. Tanınmış tənqidçi
Vaqif Yusiflinin Azərbaycan Yazıçılar Birliyinin 75
illiyi münasibətilə "525-ci qəzet"də
çap olunan "Sənət məbədimiz" məqaləsində
o dövrdə müharibədə iştirak edən
yazıçılarımız haqda qeyd edir: "…Müharibə
başlayan günün səhərisi Azərbaycan
yazıçılarının mitinqi keçirildi… Heç
bir mübaliğəyə varmadan deyə bilərəm ki, həmin
illərdə Azərbaycan Yazıçılar Birliyi MK, Nazirlər
Soveti səviyyəsində bir təşkilata
çevrilmişdi… Müharibədə iştirak etmiş Azərbaycan
yazıçılarının sayının yetmişi
ötdüyünü gördüm… Budur onlar: Abbas Zamanov,
Abdulla Faruq (həlak olub), Bayram Bayramov. Böyükağa
Qasımzadə, Cabbar Məcnunbəyov, Cəfər Cəfərov,
Cəfər Xəndan… Yusif Şirvan…" Yusif müəllim
yazdığı tərcumeyi-halında göstərir ki,
1941-1947-ci illər sovet ordusunda - Zaqafqaziya və Bakı dairələrinin
siyasi idarəsində xidmət" etmişdir. O dövlət
tərəfindən "Qafqazın müdafiəsinə
görə", "Böyük Vətən müharibəsində
Almaniya üzərində qələbəyə görə"
və s. medallarla təltif edilmişdir.
Əbulfət
Qasımovun "Barıt qoxulu, qələbə arzulu
misralar" məqaləsində ("525-ci qəzet")
müharibədə iştirak etməklə yanaşı, vətənpərvər
şeirləri ilə seçilən şairlərimiz oxucuya təqdim
edilir. "Azərbaycan şairlərinin
yaradıcılığında cəbhə şeirlərinə
rast gəlmək mümkündür. Ənvər Əlibəyli,
Yusif Şirvan, Əhməd Cəmil, Zeynal Cabbarzadə və
başqa yazarlarımız bilavasitə döyüşən
ordularda xidmət edib, imkan düşdükcə
duyğularını qələmə alıblar. Hətta
bildiyimə görə, sovet dövründə ölkəmizdə
"Cəbhə şeirləri" adlı almanax da nəşr
edilmişdir",
Yusif
Şirvanın yazıları rus, fransız , tatar,
gürcü, Ukrayna, özbək, türkmən dillərində
çap olunmuşdur. "Sularda yanğın",
"Meşələr səslənir", "Ömür
çiçəklənir", "Həyat poeması",
"Lalə dəstəsi", "Baba və nəvə",
"Anama söyləyin", "Tanışlar" və s.
povestlərin, 47 adda elmi məqalələrin, 20 çap vərəqi
həcmində dərsliyin müəllifidir.
Yazıçının
geniş oxucu marağına səbəb olan "Şəfəq"
romanı 1958-ci ildə, "Buludlar dağılır"
romanı 1964-cü ildə, "Məzunlar" romanı
1974-cü ildə çapdan çıxmışdır.
Yusif Şirvanın redaktor, tərcüməçi kimi fəaliyyəti
də geniş tədqiqat mövzusudur, biz onun
çalışdığı bu sahəyə az da olsa
toxunmağı vacib bilirik. O, öz tərcümeyi-halında
yazır: "…Azərnəşr və Uşaqgəncnəşr
üçün Latsinin "Qanadsız quşlar"
romanını, Kuninin "Uzaq ellərdə", Katayevin "Pioner"
adlı povestini, "Sovet İttifaqı xalqlarının
nağılları" adlı kitabı tərcümə etməklə
bərabər, Əziz Nesinin və Səbahəddin Alinin 20-dən
artıq hekayəsini, bir neçə ərəb hekayəsini,
özbək və tatar hekayələrini də dilimizə
çevirmişəm. Redaktor kimi işlədiyim nəşriyyatlarda
cari planda olan bir sıra əsərlərin redaktəsini
ayrıca qeyd etmək istərdim. Çünki onların
çapa hazırlanmasında böyük və
yaradıcılıq əməyim olmuşdur. Bunun biri
A.S.Puşkinin əsərlərinin 6-cı cildi və türk
yazıçısı Rəşad Nurinin "Dodaqdan qəlbə"
romanı və Əziz Nesinin "Kor
döyüşü" hekayələr məcmuəsidir".
Tanınmış
şair Famil Mehdi "Tərcümeyi-halım" sənədli
romanında Yusif müəllimin redaktor kimi zəhmətini qeyd
edir: "1957-ci ildə universitetin nəşriyyatında Bəxtiyar
Vahabzadə və Yusif Şirvanın redaktorluğu ilə
"Gənclik nəğmələri" almanaxımız
çap olundu" (Yusif müəllimin redaktor fəaliyyəti
haqqında yazarkən uzun illər nəşriyyatda redaktor kimi
çalışdığım dövrü nostalji hisslərlə
xatırladım. Əvvəllər yüz minlərlə oxucu
üçün kitablar hazırlayan dövlət nəşriyyatlarının
təəssüf ki, çoxu artıq fəaliyyət göstərmir).
Yusif müəllim
Nazim Hikmətlə, Azərbaycanın görkəmli
yazıçı və şairləri, tədbirlərdəki
şəkillərinin tarixi ilə bağlı nə qədər
maraqlı söhbətlər edə bilərdi. Təəssüf
ki, bir çox suallarım cavabsız qalsa da, inanıram ki,
keçən əsrlə bu günün zaman sərhəddində
qocaman yazıçı ilə müsahibəmiz baş tutub.
Fikirlərimin
sonunda demək istəyirəm ki, Yusif müəllim, siz 100
yaşında da şəxsiyyət kimi öz tələbələrinizin,
qədirbilənlərin qəlblərində işıqlı
xatirə kimi yaşayırsınız. Axı, nəcib əməllərin
ömrü zamandan ucadır, o heç vaxt nə qocalır, nə
də unudulur.
Zöhrə ƏSGƏROVA
Ədəbiyyat qəzeti.- 2011.- 12
avqust.- S.2.