Qabil – 85
Əbədiyaşar
sənətkar
Ulu Nəsimiyə doğru can atdı,
Bir ustadsayağı heykəl yaratdı...
Çağdaş Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biri olan xalq
şairi Qabilə ünvanlanan bu misralar böyük sənətkarımıza məhəbbətdən
yoğrulan, istəkdən
qaynaqlanan əvəzsiz
bir ədəbi qənaət, reallığı
dəqiqliklə əks
etdirən bədii kəlamdır.
Qürur hissi ilə
deyə bilərik ki, Qabil haqqında
fikirləşəndə öncül
yer tutan onun təmizlik, obyektivlik, doğruluq, ədalətlilik... və özünün dediyi kimi qibləgahı həqiqət məramlı
bir şəxsiyyət
bütövlüyü ilə
gözümüzün qabağında
canlanır.
O, şəxsiyyət bütövlüyü
ilə seçilən
elə böyük sənətkarlarımızdandır ki, bu onun
yaradıcılığında da öz ifadəsini
tapırdı.
İlhamlı şair gözəl lirik, epik-dramatik şeirləri ilə yanaşı, hər cəhətdən tamamlanmış poemaları
oxucular tərəfindən
həmişə hərarətlə
qarşılanmışdır. Elə buna görə
də Qabilin əsərləri həmişə
oxunur, əzbərlənir,
ən mötəbər
tədbirlərdə həm
qabilsevərlər tərəfindən,
həm də görkəmli qiraət ustaları tərəfindən
şövqlə səsləndirilir.
Eyni zamanda xalq
tərəfindən həmişə
sevilən Qabil bütün yaradıcılığı
ilə dillər əzbəri olan "Səhv düşəndə
yerimiz", "Bakılı",
"Çörək", "Təmizlik", "Gülləbaran
eylədilər", "Nəsimi
bazarında", "Beşiyimdir-məzarımdır
o mənim", "Dağlar",
"Azərbaycan torpağı",
"Göy göl",
"Mübarəkdir Qız
qalası", "Məhəbbət
deyil", "Küləkli
havalarda, yağışlı
havalarda", "Türkün
qəbri", "Ümid
sənədir ancaq",
"Gedən yerim olaydı", "Əslində",
"Sənə qurban"
kimi qeyri-adi şeirləri və "Nəsimi" kimi fəlsəfi-psixoloji, epik-dramatik,
fundamental poeması ilə
əbədiyyət qazanmışdır.
Onun 1969-cu ildə yazdığı və xalq tərəfindən rəğbətlə qarşılanmış
"Səhv düşəndə
yerimiz" şeiri isə ictimai siqləti ilə o qədər məşhurlaşdı
ki, mükalimə mövzusu kimi hər evə, müəssisə və təhsil ocaqlarına ayaq açdı. Altı bənddən ibarət bu şeir poetik kəşf sayıldı və Qabilin yaradıcılığında yeni üfüqlər açıldı.
Qabili yaxşı tanıyan oxucular gözəl bilirlər ki, o daim klassikləri,
xüsusilə Allaha, gözəlliyə, həqiqətə
qovuşmaq yolunda hər cür fədəkarlığa can atan
Nəsimini necə məhəbbətlə sevmiş,
oxumuş, onu öyrənməkdən mənəvi
bir zövq almışdır. Onun
"Nəsimi"si məhz
bu baxımdan daxili sevgiyə canlı bir misaldır. Söz sənəti və ya Nəsimi Qabil üçün ən müqəddəs səcdəgah, qibləgah
olmuşdur.
On il ərzində işlədiyi poemasında
Qabil, sözün həqiqi mənasında, böyük mütəfəkkir
və dahi şairimiz İmadəddin
Nəsiminin daxili, fiziki-mənəvi aləminin
açarını tapmışdır.
Nəticədə Qabilin
"Nəsimi"sində mərdlik,
bahadırlıq pafosu,
ölməzlik əzmi
olduqca güclü şəkildə verilmişdir.
Onun tarixi və lirik qəhrəmanı
Nəsimi özünə
inamda və fəlsəfi idrakında qətiyyətlidir, mənəvi
kefiyyətləri ilə
əbədiyaşardır.
Bunu humanist, mütəfəkkir,
dahi Nəsimi bilirdi ki, özlüyündə
gizli tilsimləri ilə əbədidir və bunun təsdiqi
kimi bir şeirində də demişdir:
Mən ol tilsimi
pünhan ki,
bu gün
cahana gəldim,
Əzəli
nişansız idim,
əbədi
nişanə gəldim.
Nəsimi kimi
böyük bir şəxsiyyətin qayə və
ideallarını hərtərəfli öyrənmək,
araşdırmaq və təhlildən keçirib poetik dillə
tərənnüm etmək nə qədər çətin olsa
da, xalq şairi Qabil 1973-cü ildə şərəflə
"Nəsimi" poemasını bitirdi və xalqın
ixtiyarına verdi.
Çox
keçmir ki, "Nəsimi" poeması poeziyamızın əlamətdar
hadisələrindən biri sayılır və Dövlət
mükafatına layiq görülür.
"Nəsimi"
poemasının uğurunu görkəmli alim, professor Tofiq
Hacıyev belə qiymətləndirir:
"Qabil Füzulini daha yaxşı bilirdi. Hesab edirəm ki, Qabili cəlb edən Nəsiminin
tarixi iradəsi məslək döyüşçüsü
olması olub. Ölümlə üz-üzə durarkən də
Nəsimi qayəsini dəyişmədi. Əli Kərim
demişkən, qaşlarını bir vergül qədər
çatmadı. Bu xasiyyət Qabilin yaradıcılıq tərcümeyi-halına
doğmadır. Bədii yaradıcılığında Qabil məslək
adamıdır. Qabil içdən gələn duyğuları
ilə dərk edirdi ki, siyasi satqınlığın, ictimai
yaltaqlığın baş alıb getdiyi zaman cəmiyyətə
bir Nəsimi iradəsi, bir Nəsimi faktoru gərəkdir.
Ona görə də Füzulini yox, məhz Nəsimini seçdi. Həm
də onun yaradıcılıq məhsulu ədəbiyyatşünaslıqda
səciyyələnən tipdə adı poema janrı deyil.
Qabilin poeması dastançılıq cizgiləri ilə
dolğunlaşır və Qabilin Nəsimisi qəhrəmanlıq
dastanının obrazıdır, poema dastan epikliyi ilə səciyyələnir."
Xalqın bir
çox alim, şair və ziyalıları "Nəsimi"
poeması barədə çox qiymətli fikirlər söyləmişlər.
Bəkir Nəbiyev, B.Vahabzadə, N.Xəzri, Əliağa Kürçaylı,
Əli Səmədli,
Elçin Əfəndiyev,
Məmməd Cəfər
Cəfərov, Fikrət
Sadıq, Anar, Əmir Mustafayev, Abbas Abdulla, Cabir Novruz, Vaqif Yusifli, İsa
İsmayılzadə, Nüsrət Kəsəmənli, Sabir
Rüstəmxanlı, Qürbət Əziz və bir çox
başqaları "Nəsimi" poemasının
böyük əhəmiyyətindən, Qabil təxəyyülündən,
onun daxili aləmindəki mərdlik, bahadırlıq pafosu və
ölməzlik əzminin ştrixlərindən və bir
çox məziyyətlərindən danışaraq onun bizdə
öz keçmişimizə, ümumən ədəbiyyatımıza,
xalqımızın qəhrəmanlığına, eyni zamanda
azadlıq uğrunda apardığı mübarizəyə dərin
bir məhəbbət oyatdığını, xarici
istilaçılara, mənfur düşmənlərimizə
qarşı amansız olmağa
çağırdığını, Vətənimizi,
xalqımızı daha da dərindən sevdiyini çox
tutarlı faktlar və misallarla təhlil edib, poemanın
Dövlət mükafatına layiq görülməsini əsaslandıraraq
alqışlamışlar.
Xalq şairi
Qabilin 70 illik təntənəli yubiley gecəsində
ümummilli lider Heydər Əliyev sevimli şairimizin mənəvi
kefiyyətlərini və onun "Nəsimi"
poemasının əbədi dəyərini belə qiymətləndirmişdir:
"Qabilin Nəsimi haqqında yazdığı mənzum
roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o
çox böyük iş idi və Qabil bu işi
gördü. Bu həqiqətən, Dövlət
mükafatına layiq bir əsərdir. Çünki Nəsimi
haqqında belə böyük, sanballı, dərin fəlsəfi
fikirlərlə dolu olan mənzum roman yazmaq hər adamın -
şairin, yazıçının işi deyil. Qabil bunun
öhdəsindən gəldi...
...Mən bu
gün bu yubiley gecəsinə böyük məmnuniyyət
hissi ilə gəlmişəm. Qabilin xidmətləri çox
böyükdür."
Həmin
yubileydə ulu öndər Heydər Əliyev xalq şairi
Qabilin xarakterindəki özünəməxsus incə yumor
hisslərindən də söhbət açmışdır.
Qabil bu zirvəyə
elə-belə gəlib çatmamışdır. O, parlaq
istedadı və qüdrətli sənətkar təxəyyülü
ilə dövrümüzün ən çox sevilən, oxunan
və sayılan şairlərindəndir.
Qabilin
yaradıcılıq yolu həmişə şəxsiyyəti
ilə daim həmahəng olmuşdur. Eyni zamanda həyatda
mehriban, səmimi və duzlu zarafatları ilə yanaşı,
onun haqqında yaradılan maraqlı lətifələr də
xalqa çoxdan bəllidir. Bu, əlbəttə, şair
üçün ən böyük səadətdir.
Heç bir vəzifə
sahibi olmayan Qabil azad söz sahibi olmuş, xalqın istək və
arzularını həmişə yuxarı dairələrə
çatdırmışdır. Bu da ondan irəli gəlirdi
ki, Qabil yuxarıda dediyimiz kimi həqiqəti,
düzlüyü, təmizliyi, obyektivliyi əqidə, amal kimi
qəbul edən yüksək kefiyyətli nadir vətəndaşlıq
mövqeli, təəssübkeş böyük şair idi.
Daim poetik
duyğularla qəlbində vətəninə millətinə
tükənməz məhəbbəti olan Qabil böyük
ictimai hisslər, duyğularla, gərgin zəhməti və
yaradıcılıq axtarışları, canlı həyat
müşahidələri ilə vicdanla xalqına xidmət
etmişdir.
Böyük
çağdaş şairimizi xalqa sevdirən bu cəhətlər
içərisində ən başlıcası - Qabil
poeziyasına uğur gətirən cəhət - yüksək
vətəndaşlıq mövqeyinin bu poeziyada güclü
şəkildə poetik dolğunluqla ifadə edilməsidir.
Qabilin dillər
əzbəri olan atalar sözü, zərb məsəllər
kimi əks-səda verən misraları, rübailəri, beytləri,
ayrı-ayrı şeirləri bunu deməyə əsas verir.
Xalqının,
millətinin problemlərini bir an da olsun nəzərindən
qaçırmayan, zamanın nigaran suallarına cavab verməyə
çalışan Qabil şeirləri 60 illik bir dövrdə
Azərbaycan xalqının ictimai-siyasi həyatının bədii
salnaməsidir.
Bu müddətdə
xalqımızın tarixində elə bir mühüm
ictimai-siyasi hadisə olmamışdır ki, Qabil bu hadisəyə
öz vətəndaş mövqeyini bildirməsin.
60-ci illərdə
yazdığı "Tramvay parka gedir"dən tutmuş
1990-cı ilin 20 Yanvar gecəsində
qələmə alınmış
"Mərsiyə" şeirinə
kimi heç də az iş görməmişdir.
Onun müstəqilliyimizin
ilk illərində, ağır sınaq günlərində
ürək yanğısı ilə yazdığı
şeirləri əsl
vətəndaş qayəli,
vətən təəssübkeşliyini
əks etdirən misilsiz poetik nümunələrdir.
Bu eşq, bu
ehtirasla da "Ümid sənədir ancaq..." şeirini yazıb.
1996-cı ildə
qələmə alınmış 90 misralıq bu şeir
başdan-başa sonuncu ümid və güman yeri olan qəhrəman
Vətən övladına- Azərbaycan əsgərinə hədsiz
inam və məhəbbətdən yoğrulmuşdur.
Təsadüfi deyildir ki, İctimai televiziya həssas qəlbli xalq şairi
Qabilin "Ümid sənədir ancaq..." şeirinə
qısametrajlı film çəkərək,
tez-tez mümayiş etdirməklə işğal altında
qalan torpaqlarımızın azad olunmasına güc və
qüdrətimizi göstərməklə hərbi vətənpərvərlik
tərbiyəsini daha da geniş təbliğ edir.
Qabilin bu vətəndaşlıq
mövqeyi, vətəndaşlıq qeyrəti Sabirdən gəlirdi.
Ona görə də Qabil M.Ə.Sabiri hədsiz dərəcədə
sevir, onun yaradıcılığından qaynaqlanır və
onun haqqında dahiyanə fikirlər söyləmişdi:
Sabir köhnəliyin
vəlvələsiydi,
Milli
idrakımın zəlzələsiydi.
Vətən
fəxr etsə də şairlərilə,
Sabir təkbaşına
xalqın bəsiydi.
Məhz yüksək vətəndaşlıq mövqeyinin
nəticəsi idi ki, Qabil xalq şairi Rəsul
Rza və böyük Sabirşünas Abbas Zamanovdan sonra
Şamaxıda, Balaxanıda və Bakıda keçirilən
Sabir Poeziya günlərinin komissiya sədri kimi uzun illər əvəzsiz
xidmət göstərmiş, həmişə arzu etdiyi Sabir məqbərəsinin
ucaldılması üçün səy göstərmiş,
təşəbbüslə çoxlarına müraciət
etmişdir. Nəhayət, bu müraciətlərin nəticəsində
xeyriyyəçi, şair Gülağa Tənhanın vəsaiti
hesabına möhtəşəm və əzəmətli məqbərə
ərsəyə gəlmişdir.
Qabilin
ömür karvanının yır-yığış
günündə, ölkə Prezidenti cənab İlham Əliyevin
iştirak etdiyi dəfn mərasimində sənət
dostları Elçinin, Anarın, Bəkir Nəbiyevin, Sabir
Rüstəmxanlının, Zəlimxan Yaqubun, habelə
oğlu Mahirin hüznlü sözlərində, coşqun fikir
və mülahizələrində bu həqiqətə bir daha
inandıq ki, sənətkar getdi, lakin sözü, sənəti,
duzlu zarafatları, maraqlı lətifələri, müdrik kəlamları
əbədi olaraq xalqına yadigar qaldı.
Bunlar bizim
üçün bir təsəllidir. Akademik Vasim Məmmədəliyev
də bu fikirdədir: "Qabilin vəfatı ədəbiyyatımız
üçün böyük itkidir. Onun cismən yoxluğu
günü-gündən daha çox bilinir. Lakin biz bir
şeylə təsəlli tapırıq ki, Qabilin həmişə
oxucusu olub, var və olacaq. Sənətkar üçün əbədiyyət
budur".
"Şeirim" əsərindəki
dialoqunda
Çoxdan
ayrılmışıq bir-birimizdən,
Yaxın
ola-ola uzaq düşmüşük.
Yoxsa xatirəyə
çevrilmisən sən?
Xatirə
eşqinə nahaq düşmüşük.
Hələ
xatirəlik bir şeyimiz yox...
- deyən
şair bu gün özü bizi qəhərləndirəcək
dərəcədə xatirəyə çevrilmişdir.
Hələ
sağlığında Qabil haqqında İsmayıl
Şıxlının, Bəkir Nəbiyevin, B.Vahabzadənin,
N.Xəzrinin, Balaş
Azəroğlunun, Çingiz
Abdullayevin, Əlağa
Kürçaylının, H.Abbaszadənin, Elçinin,
Anarın, Sabir Rüstəmxanlının, Fikrət
Qocanın, Fikrət Sadığın, Cabir Novruzun, Hüseyn Arifin, Yusif Səmədoğlunun,
Ramiq Muxtarın, Abbas Abdullanın, Azər Abdullanın, Oktay
Rzanın, Tofiq Hacıyevin, Qəşəm İsabəylinin,
Vaqif Səmədoğlunun, İsa Muğannanın, Ayaz Vəfalının,
Qulu Xəlilovun, İsa İsmayılzadənin, Əmir
Mustafayevin, Musa Urudun və yüzlərlə qabilsevərlərin
söylədikləri maraqlı xatirələr və
böyük şairimiz haqqında duzlu-məzəli söhbətləri
daim yaşayacaqdır.
Böyük
şairə sənət dostları çoxsaylı şeirlər
həsr etmişdir ki, onlardan biri də istedadlı şair Musa
Ələkbərlinin Qabil şəxsiyyətinə çox
yüksək qiymət verməsi - onu çağdaş
poeziyamızın "qan təzyiqi" adlandırması
maraqlı cəhət kimi necə də gözəl ifadə
olunmuşdur:
Qabil şeirimizin qan təzyiqidi.
Qabil şeirimizin məhəng daşıdı.
Gah enən,
gah qalxan bu təzyiqlə o,
Qəlbində
dağ boyda ağrı daşıdı.
Sözdən
körpü çəkdi gələcək əsrə,
Sabirin,
Vurğunun çağdaş yaşıdı.
Qabil
haqqında nə qədər yazsaq, azdır. Onun böyük
yaradıcılıq yolu barədə bir yubiley məqaləsində
danışıb yekunlaşdırmaq o qədər də asan
deyil.
Qabil şəxsiyyəti,
Qabil bütövlüyü, Qabil dostluğu, Qabil
yaradıcılığı barədə bir yubiley məqaləsində
hər şeyi demək imkan xaricindədir.
Qabil
haqqında əsl sözü gələcək zamanlar daha
yaxşı deyəcək.
Çünki
Qabil təkcə yaşadığımız dövrün
yox, həm də bizim üçün əlçatmaz olan gələcək
zamanın şairidir.
Allaha, gözəlliyə,
həqiqətə qovuşmaq yolunda öz Nəsimisi kimi
ölməzlik qazanmış böyük şair və
maraqlı şəxsiyyət Qabil də öz sənətində
poetik kəşfləri ilə ölməzlik qazandı.
Şah beytlərində, şah misralarında, qədirbilən
xalqının qəlbində həmişəyaşar olan
Qabilin bu gün 85 illik yubileyi çox məqamlardan xəbər
verir. O bilirdi ki, əbədiyaşar şairdir. Ona görə
də özünün müstəqil gəmisi, öz
bayrağı, yaşıl qələmi, bu dünyada al-əlvan
günləri olduğu kimi, axirət dünyasında da cənnətlik
yeri vardır.
Ədalət MƏMMƏDOV
Ədəbiyyat qəzeti.- 2011.- 12 avqust.-
S.3.