Unudulmaz xalq şairi Qabilin oğlu Mahir Qabiloğlu atası ilə bağlı lətifələrin bir qisminiAtam Qabilin qəribə əhvalatlarıkitabında çap etdirib. Görkəmli sənətkarın 85 illik yubileyi münasibətilə işıq üzü görən topludan seçmələri təqdim edirik.

 

Divara xalça vurmuşuq

 

Atamın dostları bizə gələndə yerdə xalça-zad olmadığını görüb ayaqqabılarını soyunmurdular. Çünki sonra ipli çəkmələri geyinməkdə çətinlik çəkirdilər. Anam da onlar gedəndən sonra hey deyinirdi ki, bəs ayaqabılarını niyə soyunmurlar, "tapoçka" niyə geyinmirlər. Atam da belə şeylərə fikir verən deyildi, əhlikef adam idi. Lakin bir gün qərara gəlir ki, arvadın dediklərinə qulaq assın. Salam Qədirzadə evə girən kimi atam deyir:

- Salam, ayaqqabını çıxart.

- Niyə?

- Divara təzə "belqiyski" xalça vurmuşuq.

 

Tələs, qardaşım

 

1990-cı ilin yanvar qırğınından sonra bir çoxları kimi, atam da bu təcavüzə etiraz əlaməti olaraq Kommunist Partiyasının sıralarından çıxdı. Lakin bəzilərinin canında hələ sovetin xofu qaldığından, gözləmə mövqeyində idilər. Partiyadan çıxmamışdılar. Lənkəranın tanınmış ziyalısı, atamın dostu Mirhaşım Talışlı da tərəddüd edənlərdən biri idi. 1991-ci il yanvarın 6-da Lənkəranda qonaq olanda ona iradını bildirsə , ürəyi soyumamışdı. Bu şeri yazmışdı:

 

Üzvlük haqqını əlillərə ver,

Şəhidlər qəbrində əklillərə ver.

Əşşi, bu partiya nəyinə lazım,

Yetmiş iki ildir baharım, yazım

Kağız güllər ilə bəzənib ancaq.

Saxta çiçəklərdən uzaq ol, uzaq.

Məsləhət sənindir yenə, ustadım!

Qoy mənim əqidəm, mənim inadım

Səninçün bir qanun-filan olmasın,

Əzizim, zorakı fərman olmasın.

...Mirhaşım müəllim, partiyadan çıx,

Haqqın, həqiqətin əllərini sıx!

Yaman gecikmisən, tələs, qardaşım!

Ürəyimdən qopur bu səs, qardaşım!

 

Məni çərlədib öldürəcəksən

 

Bir dəfə atamı maşın vurub ayağını sındırmışdı, aparmışdılar xəstəxanaya, gipsə salmışdılar. Həkimi hər dəfə ona baş çəkəndə ancaq bir sual verirdi:

- Doktor ölmərəm ki?

- Ayağı sınmaqdan kim ölüb ki... Sən denən axsamayacağam ki, vaxt gipsi açacaqsan?.. "Yoxsa, ölmərəm ki?"

Beləcə eyni sual hər gün təkrar olunur.

Axırda həkim bezib atama deyir:

- Sən ölməyəcəksən, amma məni bu sualınla çərlədib öldürəcəksən.

 

"Pit zapreşayetsya"

 

1984-cü ildə ürəyindən qan təzyiqindən bir müddət xəstəxanada yatdı. Evə gələndə dostları soruşurdular ki, Qabil, bəs vurmaq olar, ya yox? Dedi ki, olar. Maraqlandılar ki, bəs həkim icazə verdi? Dedi ki, .

- Ola bilməz

- Necə yəni ola bilməz. Həkim dedi ki,"kurit stroqo zapreşaetsya, a pit zapreşaetsya". İcazə verməsəydi, içməyə "stroqo" sözünü əlavə edərdi . Deməli olar.

 

Bəxtiyar Qasım

 

Əsl sənətkarlar həm uşaq kimidilər. Xırda bir şeydən inciyə, həyəcanlana bilər, bir sözün üstündə hətta dava da eləyərlər. Bir vaxtlar şair Qasım Qasımzadəylə Bəxtiyar Vahabzadənin arası sərin imiş. Atam Qasım Qasımzadənin 60 illik yubileyindən xoş fürsətdən istifadə edib onları barışdırmaq üçün 24 iyun 1983-cü ildə hər ikisinə məktub yazır:

 

Ömrün xəzanında

üşüyür ürək,-

Ona sərinlik yox,

hərarət gərək.

Köhnə xatirələr qoy

düşsün yada,-

Ömrə vəfa varmı,

deyin dünyada?!

 

Bu yaşda "gizlən-qaç"

zarafat deyil,

Görün söyləyir sizlərə

Qabil:

Sındırın şeytanın belini

bu gün,

Ay Qasım, Bəxtiyar,

gəlin öpüşün!

 

Köhnə can-ciyərlər,

verin əl-ələ!

Kövrək kitabıma siz qulaq asın!

Küsünün müddəti

bu gündən belə

Bircə saniyə uzadılmasın!

 

Məktubun nəticəsi çox yaxşı olur. Yubiley ziyafətində dostlar yanaşı otururlar.

 

Bir qaşıq da bəsdir

 

İstər "Ədəbiyyat və incəsənət" qəzetində, istərsə də "Azərbaycan" jurnalında işləyəndə redakisyaya təqdim olunan şeirlərə qarşı xüsusilə tələbkar idi, xüsusilə yox, qəddarcasına tələbkar idi. Fikrini də o saat deyirdi, "get sabah gəl", "yaxşı olar" demirdi, heç bir ümid yeri qoymurdu. Günlərin bir günü də gənc şairlərdən biri daxil olur atamın otağına və şeirlərini bir-bir təqdim edir. Atam birinci şeirə ötəri baxan kimi deyir "bu heç", ikincini 2 misra oxuyur deyir "bezdarını". Bu minvalla bütün şeirləri "brak" eləyir. Pərt olan gənc şair deyir ki, Qabil müəllim, bildim e pisdir. Amma siz şeirləri axıracan oxumadınız axı, bir-iki misra oxudunuz vəssalam, axıracan oxusaydınız, bu sözünüz məni yandırmazdı.

- A bala, yeməyin dadına baxanda onun dadlı-dadsız olmasını bilmək üçün xörəyi axıracan yeyirsən? Bir qaşıq bəs edir də...

 

Orxan Vəzir Çəmənzəminli

 

Yusif Vəzir Çəmənzəminlinin oğlu - qonşu Orxan həyat yoldaşı Fəridə xala bizə gəlmişdilər. Söhbət əsnasında atama dedi ki, Qabil, sənin ürəyin həmişə sağlam olacaq.

- Hardan bilirsən?

- Çünki ürək akkumulyator kimidir. Akkumulyator bir tərəfdən dolanda bir tərəfdən boşalmalıdır. Bir tərəfdən boşalanda o biri tərəfdən dolmayanda da xarab olur. Bir tərəfdən dolanda o biri tərəfdən boşalmayanda partlayır. Sən ürəyində heç saxlamırsan. gəldi deyirsən.

 

50, 60, 70 80

 

Ad günləri yubileylər keçirməyi çox xoşlayırdı. Bununla bağlı bir fəlsəfəsi var idi:

50-dək gərək hər 10 ildən bir yubiley keçirəsən. 50-dən 70-dək hər 5 ildən bir 70-dən 80-dək hər il. 80-dən sonra. Çünki 80-dən sonra yaşanılan hər gün qənimətdir.

 

 

Mahir QABİLOĞLU

 

Ədəbiyyat qəzeti.- 2011.- 12 avqust.- S.3.