Folklordan keçən dünyamız

     

AMEA-nın müxbir üzvü, professor Azad Nəbiyevin bu günlərdə "Elm və təhsil" nəşriyyatında işıq üzü görən "Folklorda fasiləsiz transferyuxu paradiqmaları" kitabında alimin son illərdə folklorun genezisi barədə "Oxşar dəyərlərin gen qaynağı - Genealoji nəzəriyyə" tədqiqatının davamı olan araşdırmalar yer alıb." Təqdim edilən əsərdə müəllif dünya xalqlarının folklor yaradıcılığının başlanğıc mərhələsi üçün ənənəvi olan fasiləsiz transfer universal nəzəriyyəsini irəli sürür. Nəzəri baxışlarında Ziqmund Freydin psixoanaliz təlimindən çıxış edən müəllif fasiləsiz transfer prosesinin yaranma və fəaliyyət funksiyalarını, onun riyazi modelini və törəniş mərhələsində yaranmış ilkin folklor paradiqmalarını açıqlayır. Professor həmin başlanğıc mərhələlərdə meydana çıxan bədii dəyərləri dünya elmi-nəzəri fikrinin ilkin elmi qaynağı hesab edərək, onların yeni dəyərləndirmə meyarlarını müəyyənləşdirilmə zərurətini gündəmə gətirir, həmçinin, bu mərhələdə formalaşan paradiqmaları kollektiv icraya qoşulmayan fərdi yaradıcılıq nümunələri kimi səciyyələndirir…"

Annotasiyada vurğulandığı kimi, müəllifə görə, erkən paradiqmalar fərdi yaradıcılıq nümunələri olub, kollektiv icraya qoşulmadan müstəqil janrlaşma prosesi keçmişdir.

Yeni nəşrə maraqlı ön söz yazan professor Fərman İsmayılov vurğulayır ki, A.Nəbiyevin dünya xalqlarının çeşidli folklor yaradıcılığı materiallarına əsaslanaraq irəli sürdüyü çox ciddi, dolğundüşündürücü nəzəri mülahizələrinin hər biri ictimai və humanitar elmlər sahəsində yeniperspektivli nəzəri mülahizələr kimi dəyərləndirilməyə layiq olub, ictimai elmlər, eləcə də folklorşünaslıqda yeni tədqiqat istiqamətlərinin zəruriliyini gündəmə gətirir. Ön söz müəllifin yeni nəşrlə bağlı öz qənaətlərinə akademik Fuad Qasımzadənin mülahizələrini də ortaq etməkdə haqlıdır: "Azad Nəbiyevin bu universal nəzəriyyəsi oxşar dəyərləri əhatə edən dolğun nəzəri fikirlər, orijinal yanaşmalarla zəngin olub, ictimai elmlər sahəsində son dövrlərin ən yeni elmi kəşfi kimi dəyərləndirilə bilər".

A.Nəbiyev kitab oxumağı hamı tərəfindən qəbul olunmuş hörmətə işarə kimi dəyərləndirir. Bu məqamda alimin "folklorda fasiləsiz transferyuxu paradiqmaları" kitabı ilə tanışlıq ilk növbədə cəmiyyətdə qəbul olunmuş dəyərlərə, inancyozumlara dərin rəğbət hissi aşılayır, yaddaşı, ruhu təzələyir. Oxuyub görürsən ki, yuxuda ocaq görmək evdə olmağın hiss edilməsinə, beşiyin yada düşməsinə işarə imiş. Okean xeyirxahlığa, şöhrətə, dövlətə, ot - xoş işə işarədir. Görürsən ki, adicə saç düzümü barışığa, sevgi və səmimiyyətə işarə ola bilərmiş. Uzun saç uzun yolu, saçlar əziyyəti, saç tökümü dost itkisinis. ehtiva edirmiş. Tanış olduqca yuxularında eyzən bütöv şamla şamdan görmək istəyirsən - bu, parlaq gələcəyə işarədir. İstəyirsən ki, yanında da riskli, amma çox şərəfli haqqında xəbər verən şampan şərabı ola. Ən çox da gözəlimiz Qarabağ haqqında sevincli xəbərə qulaq asdığımız bu günlərdə.

Yeni nəşrdə bu tipli şərhlər, yozumlar yüzlərlədi. Azad müəllim bu şərhləri verməkdə ona görə israrlıdır ki, çağdaş həyatımızda "psixoloji gərginlik yüksələn xətt üzrə davam etməkdədir. Onun sürət tempini ləngidib dayandırmaq üçün dünyanı psixoloji məqamlardan yenidən öyrənmək, psixoloji dərketmənin yeni görüntülərini aşkarlamaq, onun bədii düşüncədəki geniş mənzərəsini bərpa etmək lazımdır".

 

 

S.Hüseynoğlu

 

Ədəbiyyat qəzeti.- 2011.- 12 avqust.- S.5.