Müasirimiz Mirzə Cəlil
Soydaşlarını
maarifləndirmək, yatanları qəflət yuxusundan
ayıltmaq, millətini, vətənini tərəqqi etmiş xalqlar, ölkələr
sırasında görmək arzusu Cəlil
Məmmədquluzadə yaradıcılığının
başlıca leytmotivini təşkil edir. Onun bütün əsərlərində
- hekayələrində, povestlərində, pyeslərində,
felyetonlarında, məqalələrində, məktublarında
el dərdi çəkən bu qüdrətli sənətkarın ürək
ağrılarını sezmək, qəlbinə axan göz
yaşlarını görmək o qədər
də çətin iş deyildir.
Bu
gün Mirzə Cəlilin yaradıcılıq
nümunələrini oxuduqda insanı heyrətə
gətirən məqam budur ki, onun əsərlərinin
mövzu və problematikası nə az, nə azacıq, düz
yüz əsr sonra da gündəmdədir, insanları düşündürür,
qayğılandırır. Elə bil
ki, Mirzə Cəlil bizimlə birlikdə
yaşayır, bugünkü aktual problemlər bizim kimi onu da
düşündürür, onu da
qayğılandırır.
Görün
Cəlil Məmmədquluzadənin bir zaman Şuşa şəhərinin
general-qubernatoru olmuş,
milli qırğın siyasətinin
öncüllərindən olan fitnəkar Qoloşapov haqqında 1906-cı ildə
yazıb "Molla Nəsrəddin"
jurnalında çap etdirdiyi
bu cümlələr cənnət guşəmiz
Qarabağın düşmən tapdağı
altında qaldığı bir vaxtda ölkəmizdə baş
alıb gedən şoularla necə gözəl
səsləşir? "Yoxsa
sənə qabaqcadan məlum imiş ki, sən
Qarabağı topa-tüfəngə tutan vaxt Bakıda müsəlmanlar sazəndə məclisi
quracaqlar, Tiflisdə Vəzirov və Ağalarov kimi millət
başçıları fahişəxana açmaq
fikrinə düşəcəklər, kəndlərdə və
şəhərlərdə qazilər və mollalar
camaatın yuxusunu səkkiz qəpik
alıb təbir edəcəklər?" ("Molla
Nəsrəddin", 28 iyul 1906, ¹17).
İndi
özünüz insafla
deyin, müharibə şəraitində olan bir ölkədə pul qazanmaq xətrinə
görülən işlərlə, televiziyalarımızda baş alıb gedən şoularla
müqayisədə gənclər və yeniyetmələr
arasında apardığımız hərbi vətənpərvərlik
tərbiyəsi nə səviyyədədir?
İndi meyxana
yarışlarını, müxtəlif çeşidli
şouları "SMS" yağmuru ilə
dəstəkləyənləri ötən əsrin əvvəllərində
xoruz döyüşdürən, it boğuşduran gənclərdən
nə ilə fərqləndirmək olar?
O dövrün gəncləri
də kitaba, dəftərə, elmə, təhsilə
yox, mərclərə pul
xərcləyirdilər, indikilər də… O zaman
"gecə klublarında ləhvü ləəblə
vaxtlarını keçirib saat dördə kimi yatmayanlar"la indi səhərə kimi diskotekalarda tullanıb-düşən gənclərin
arasında nə fərq var axı?
Rəhmətlik Mirzə Cəlil demişkən,
papağımızı qabağımıza qoyub
fikirləşməyin vaxtı deyilmi?
Özü
məşhur Qori Müəllimlər
Seminariyasını bitirən, bir müddət
müəllimlik edən Cəlil Məmmədquluzadə vətən
övladlarını qəflət yuxusundan
ayıltmaq üçün yeni tipli məktəblərə
böyük ehtiyac olduğunu dərindən dərk edirdi. Məqalə və felyetonlarında
bu məsələyə dönə-dönə
toxunan Mirzə Cəlil millətin
avamlığını ürək ağrısı ilə satira atəşinə tuturdu.
"Niyə mən dərsdən
qaçdım" yazısındakı bu
sətirlər indi də öz
aktuallığını itirməyib: "Əvvəlinci
nüsxəmizdə demişdik ki, dərsdən qaçan
alim olar və haman sözü indi təkrar edirik: müsəlmanların
cümləsinin alim olmağına əvvəlinci
və axırıncı səbəb dərsdən
qaçmaqdır. Müxtəsər, dərsdən qaçmayan müsəlman deyil"…
Təəssüf ki, elm və təhsildə
bütün uğurlarımızla bərabər
bu sahədə
çatışmazlıqlarımız da
danılmazdır. Əgər yuxarı sinif
şagirdlərinin dərsdən yayınması faktı nazir səviyyəsində etiraf
edilirsə, Mirzə
Cəlili narahat eləyən məsələnin
indi də gündəmdən
düşməməsi faktı ürək ağrıdan deyilmi?
Cəlil Məmmədquluzadəni
təkcə məktəbin zahiri fəaliyyəti
yox, tədris proqramlarının məzmunu,
yeni tipli dərsliklərin,
vəsaitlərin hazırlanması da həmişə
düşündürür,
qayğılandırırdı… "Təzə təlim
kitabı", "Müsəlman içində
gördüklərim", "Bir gürcüyə
cavab", "Səyahətnamə",
"Yar ilə görüşmək",
"Səkkiz yüz molla",
"Müəllimlər" və s. bu kimi felyetonlarında
görkəmli maarifçi bu və ya digər dərəcədə
həmin məsələlərə toxunurdu:
"Hər bir
millət üçün nicat
yolu tapmaq balaca uşaqları məktəbə göndərib
tərbiyə verməklə əmələ gəlir. Əgər
belə olmasa, heç
bir şey fayda bağışlamaz: nə hürriyyət,
nə məşrutiyyət, nə cümhuriyyət, nə zənburiyyət,
nə çənçuriyyət…"
Doğrudur, bu sözlər felyetonda bir gürcü mühərririnin
dilindən verilir, ancaq
müəllif həmin vasitə ilə fikirlərini millətin
başbilənlərinə çatdırmaq istəyir.
Söyləyir ki, Fransada, Almaniyada dövlətin inkişafı məhz
millətin inkişafı, təhsili vasitəsilə bərqərar
olmuşdur. Öz vətənimizdəki
acınacaqlı vəziyyəti isə müəllif
lağlağı bir
soydaşımızın dili ilə belə
verir: "O ki oğlan uşaqlarımızdı, onlar 18 yaşına kimi oxuyurlar: əlif zəbər-ə. Beyzən əb.
Cim zəbər ce… Əlbəttə,
qızlar da oxuyurlar.
Qızların da üç-dördü
bir yerə cəm olanda,
biri götürür
qavalı, biri düşür
oynamağa və qalanları da çəpik vurub oxuyurlar"…
Mirzə
Cəlil millətin maariflənməsinə xidmət etməyən
kitabları "mədfəni-fikir" ("Fikir qəbiristanı")
adlandırmaqda haqlı idi ("Mədfən").
O, yana-yana yazırdı ki,
əlimdə ixtiyar olsa,
şeirdən alınan zövqü qadağan eləyərdim ("Şeir
nəşəsi"). Sözün doğrusunu danışmağı hünər
hesab eləyən Mirzə Cəlilin
fikrincə, ədəbiyyat real həyat hadisələrini
əks etdirməli, çətin vəziyyətdən
çıxmaq, xabi-qəflətdən ayılmaq üçün millətə kömək etməlidir.
"Uşaq teatrları" məqaləsindəki
bu cümlələr indi
də aktuallığını saxlamaqdadır: "Nə
olardı ki, uşaq pyesi yazmağa da bir qədər qəpik-quruş
verilə idi ki,
kasıb və bekar
yazıçılarımız nə qədər kefləri
istəyir uşaq aləminə dair teatr əsərləri
yazıb tökə idilər meydana."
Məktəbi
məktəb eləyən müəllimdir. Mirzə Cəlili
qayğılandıran, düşündürən ən
ümdə məsələlərdən biri
də məktəblərdə savadlı müəllimlərin
çatışmaması idi.
Açılan seminariyalarda müsəlman
balalarının sayının müqayisə edilməyəcək
dərəcədə azlığı onu
dəhşətə gətirirdi. "İrəvan
seminariyası və qazinin nitqi"
felyetonunda yazırdı ki,
axı belə olmaz, bizim
millət yazıqdır. Seminariyanı doldurublar
rus uşaqları ilə. Müəllimin
tapılmamasının səbəbi odur ki, seminariyadan üç ildə hıqqana-hıqqana bir müsəlman müəllimi çıxa,
ya çıxmaya. Savadsız müəllimlərin
dediyi dərslər isə lap
dəhşətdir.
"Məscidlər"
adlı yazıda beş müsəlman məktəbinin
açılmasından söhbət açılır və qeyd olunurdu ki,
bu hadisədən əcnəbilər, xain qonşularımız narahat
olurlar ki, birdən
müsəlman oxuyub ayılar, öz haqqını qanır. Dostdoğmaca din xadimlərimizi
isə narahat edən budur
ki, elm öyrənən
müsəlmanlar ibadət və şəriəti yavaş-yavaş unuda bilərlər.
Həmin məktəbdə keçilən dərslərin
məzmunundan xəbər verən müəllif yana-yana həm əcnəbilərə, həm
də əcnəbilərə gözaydınlığı verirdi ki, narahat
olmasınlar, o məktəbdə ki, bu cür
dərslər keçilir, millətin
övladları çətin ayıla: "Yəqinimdir ki, əgər işin həqiqəti
necə ki, lazımdır
açılarsa, nə murdar
qonşularımız bizdən qorxar, nə
pak hacılarımız bizdən küsər."
Məktəbə,
elmə, təhsilə az pul
ayrılması, müəllimlərin məvacibinin
azlığı dahi mütəfəkkiri
çox narahat eləyirdi.
O, kinayə ilə "Qənaət" felyetonunda
yazırdı ki, müəllimə məvacib
verəndə israfçılığa yol
verməsinlər, bu işə nə qədər
az pul xərcləsələr,
bir o qədər
yaxşıdır.
"Fərrux bəy Vəzirov"
adlı yazıda qeyd olunurdu
ki, müəllimin məvacibi bir ay yetişər, ancaq altı ay yetişməz,
çünki nə hökumət verir, nə camaat verir. "Xeyirxahlıq" felyetonunda
müəllif qazi ağaya
üzünü tutub
kinayə ilə deyirdi ki,
niyə şagirdlərə yazığınız gəlmir,
məgər bilmirsiniz ki,
elm insanı korlayır?
"Mikroblar" adlı felyetonda
millətin şirin canına mikrob kimi dadananlara
üzünü tutan
maarifpərvər ziyalımız soydaşlarımızı fəaliyyətə
səsləyirdi: "Nicat, nicat deməklə nicat yolu öz-özünə tapılmaz. Məktəb,
məktəb deməklə öz-özünə
açılmaz və açılsa da,
"Cameyi-Abbas" kitabından savayı orada özgə bir dərs
verilməz. Müftə-müftə nicat,
məktəb deməklə "Fatıya tuman olmaz!".
Lazımdır mikrobları millətin bədənindən kənar
eləmək. Yoxsa nə göz
yaşı tökməklə azarlı şəfa tapar, nə dua yazmaqla!"
Cəlil
Məmmədquluzadənin öz
felyetonlarında verdiyi suallar
indi də cavabını gözləyir, indi də maarifpərvər, millətin gələcəyini
işıqlı görmək istəyən ziyalıları düşündürür.
Qonşu
millətlərlə özümüzü
tez-tez müqayisə edən ədibimiz
göynəyə-göynəyə millətin
övladlarını xoruz
döyüşdürməkdən, it boğuşdurmaqdan əl çəkib elm və savad öyrənməyə,
qəflət yuxusundan ayılmağa, millətin,
xalqın tərəqqisi naminə işlər
görməyə səsləyirdi. Divarı yazan "saqqallı uşağın"
savadsızlığından dəhşətə gələn
Cəlil Məmmədquluzadə nə biləydi ki, iyirmi birinci
əsrin gəncləri gündən-günə çiçəklənən,
gözəlləşən ölkəmizin
yaraşıqlı binalarının divarlarında əyiş-üyüş
xətlərlə öz kimsəyə gərək
olmayan internet
saytlarının adını yazacaqlar? Cəlil Məmmədquluzadə hardan
biləydi ki, ötən əsrdə
bekarçılıqdan xoruz
döyüşdürən gəncləri əvəz eləyən
bu günkü yeniyetmə
və cavanlarımızın başı
bekarçılıqdan ucuz, tərəqqiyə
mane olan, qəflət
yuxusunda yatanlara layla çalan televiziya şoularına qarışacaq? Cəlil Məmmədquluzadə nə biləydi ki, iyirmi birinci
əsr gəncliyinin digər bir qismi dini təriqətlərin
təsiri altına düşüb öz təhsillərini, elmlərini
artırmaq, xalqın maariflənməsi üçün
mübarizə aparmaq yolundan
uzaq düşəcəklər?
Qəbrin
nurla dolsun, Mirzə Cəlil,
indi bizim sənə çox böyük
ehtiyacımız var…
Dilin
saflığı, təmizliyi Mirzə Cəlili daim düşündürən məsələlərdən
idi. O da digər maarifpərvər
ziyalılar kimi
çalışırdı ki, məktəblərdə
türk dili tədris olunsun. Ancaq onu da yaxşı bilirdi ki, hələ bu icazə ilə hər şey
həll olunmur. Dili yeni nəslə mükəmməl öyrətmək
üçün mütəxəssis
lazımdır. Ancaq ən
ağrılı məsələlərdən biri
də bu idi ki, öz dilini
mükəmməl bilən müəllimlər yox dərəcəsindədir.
"Türk dili müəllimlərinin
və müəllimələrinin çoxusu
türkcə danışmağı yaxşı bacarmır, bu səbəbdən bunlara
izn verilsin ki, rusca
danışsınlar" ("Azərbaycan"). Bu cümlənin sətiraltı mənasında
gizlənmiş kinayə adamın ürəyini göyüm-göyüm göynədir.
Bədii əsərlərində
olduğu kimi, Mirzə
Cəlilin "Sizi deyib
gəlmişəm", "Lisan bəlası",
"Dil", "İlan-qurbağa"
(imza, xətt məsələsi) "Savad məktəbləri", "Maarif işləri",
"Uşaqlarımız", "Dəxi nə istəyəcəklər",
"Qatıq ağdırmı, qaradırmı?", "Xala xətrin qalmasın", "Latın
hürufatı və ingilislər", "Eşit,
inanma" və s.
felyetonlarında bu və ya
digər dərəcədə dil, onun saflığı, yeni
əlifba məsələlərinə toxunulur.
Dini,
xürafatı Cəlil Məmmədquluzadə kimi
tənqid edən ikinci bir
ədibimiz yoxdur. Ancaq
onun özünün
də yazdığı kimi "Molla Nəsrəddinin məqsədi nə dinə
sataşmaqdır, nə təzə bir məzhəb
icad etməkdir. Molla Nəsrəddinin
qəsdi vəhşi adətlərin ortalıqdan
götürülməyi yolunda
çalışmaqdır" ("Cavabımız"). Mirzə
Cəlil "Müsəlmançılıq" adlı məqaləsində
qeyd eləyirdi ki, milləti
"bir tərəfdən
naxçıvanlılıq, bir tərəfdən
müsəlmançılıq" yaman
günə qoyub. Onu narahat eləyən
soydaşlarımızın dinə inamı və etiqadı yox, avamlığı, əqidəsizliyi idi. Cəlil Məmmədquluzadə
təsadüfi yazmırdı ki, hər kəs
istəsə mən mərc gələrəm ki,
tamam Qafqazda məscidlərə
doluşub, başlarına vuran
müsəlman qardaşların cəmisini bir
günün içində özgə bir dinə çöndərmək mümkündür
("İcazeyi-ictihad"). Zaman böyük ədibin
bu fikrinin də doğruluğunu bir daha sübut elədi. Təəssüf
ki, indi
ayrı-ayrı dini təriqətlərin
təsiri altına düşən avam,
savadsız gənclərimiz az deyil.
Bir
tərəfdən avamlıq, nadanlıq, digər tərəfdən
"müsəlmanların qeyri millətlərdən
də artıq içib keflənmə dərdinə
mübtəla olmaları" ("Məşrubat"), məscidlərin
ibadətxana yox, dilənçixana
olması ("Məscidlərimiz"), müsəlmənların
ilin on iki ayını ağlamaq ilə gününü keçirmələri
("İfratın mənfəəti"), Şeytanbazar
deyəndə müsəlman aləminin göz
önünə gəlməsi ("Səyahətnamə"),
Bakıda hərdən bir dəstə, hərdən
bir erməni-müsəlman, hərdən bir də bekarçılıq davası düşməsi ("Meşədə
gördüklərim"), lotubazlıq və
arvadbazlığa rövnəq verən siğəbazlıq məsələsi
("Erməni və müsəlman övrətləri"), bizim yetkin
qızlarımıza ər tapılmaması
("Mırt-mırt"), saxta qeyrət,
yatanda belə başdan
papağın çıxarılmaması ("Çanaq"), müsəlmanların
bircə Ramazan ayında yeyib-içməyə
on bir ayda
xərclədiklərindən çox pul xərcləmələri, küçədə
gedəndə, hətta namaz vaxtı belə
onların yalnız yemək haqqında fikirləşmələri
("Tədarük"), dünyanın heç
bir ölkəsində bizdəki kimi şeytanın modda olmaması ("Şeytan"),
qadınların noxudu bozbaşa
salanda belə aşpazla
yox axundla məsləhətləşmələri
("İstifta"), öz
içimizdə yüz yetmiş
min din və məzhəb
olması ("İcazeyi-ictihad") və
s. bu və buna bənzər məsələlər, həllini
gözləyən problemlər Cəlil Məmmədquluzadəni
narahat eləyir, onun vətəni,
xalqını dərin məhəbbətlə sevən ürəyini
ağrıdırdı.
Xalqı pis
günə qoyan, onu əsarətdə
saxlayan siyasətçilər, millətin
dərdindən çox öz
şəxsi mənfəətləri haqqında
düşünən millət vəkilləri, camaatı avam yerinə qoyub
onları soyan din
xadimləri, "xabi-qəflət"dən ayılmayan millət,
dilinə xor baxan
ziyalılar, insan hüquqlarını
tapdalayanlar, onların şərəf və
ləyaqətini təhqir eləyənlər Cəlil Məmmədquluzadə
satirasının əsas tənqid hədəfləridir.
Cəlil
Məmmədquluzadənin məramı söylədiyi bu cümlələrda aydınca
duyulmaqdadır: "Amandır, qardaşlar,
huşyar olun!" ("Tərəkəmə"), "Sözün doğrusunu
danışmaq da hünərdir"
("Erməni və müsəlman övrətləri"),
"Nə qədər ki gözlər
yuxudadırlar, heç bir
şey görməzlər, amma açılandan sonra çox şey görərlər"
("Divar")…
Adamı heyrətə gətirən
budur ki, görkəmli
mütəfəkkirin yüz il bundan əvvəl
yazdığı əsərlərin: povest
və hekayələrin, pyeslərin, felyeton
və məqalələrin heç biri mövzu və problematika, eləcə də bədii sənətkarlıq
baxımından öz əhəmiyyətini,
aktuallığını itirməmişdir. Cəlil
Məmmədquluzadə iyirmi birinci yüzillikdə də bizim
müasirimiz, dostumuz,
ayıq düşünən, millətə xabi-qəflətdən
qurtulmaq yollarını göstərən
ziyalımız, sözün doğrusunu deməkdən çəkinməyən
qüdrətli, namuslu qələm sahibimizdir.
Rafiq YUSİFOĞLU
Ədəbiyyat qəzeti.- 2011.- 12
avqust.- S.5.