Özbəkistan
alimləri dahi Azərbaycan şairi Nizaminin oğlu Məhəmməd Gəncəvinin yaradıcılığını
tədqiq edirlər
Azərbaycan
Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli
adına Əlyazmalar İnstitutu direktorunun müavini, filologiya
üzrə fəlsəfə doktoru Paşa Əlioğlu AzərTAc-a
bildirmişdir ki, Özbəkistanın tanınmış ədəbiyyatşünas
alimi Əbdülqədir Haytmetov "Özbək dili və ədəbiyyatı"
məcmuəsində Şeyx Əhməd ibn Xudadad Tarazinin
"Fünunül-bəlağə" əsərini müqəddimə
ilə çap etdirmişdir.
Müqəddimədə
göstərilir ki, əsərin mikrofilmini özbək alimi,
filologiya elmləri doktoru Erqeş Ömərov İngiltərənin
Bodlian kitabxanasından əldə etmişdir. Əsərin
müəllifi Şeyx Əhməd ibn Xudadad Tarazi (alimin vətəni
bir müddət Canbul adlandırılsa da, son zamanlar tarixi
Taraz adı bərpa olunmuşdur) XV əsrin görkəmli
alimi və şairi olmuşdur. Şeyx Əhmədin hicri
tarixi ilə 840-cı ildə (1436-1437) ildə
cığataycada əski özbəkcə yazdığı həmin
əsər Şərq şeirinin nəzəriyyəsinə, əruz
vəzninə, janr, qafiyə, rədif və s. məsələlərə
həsr edilmişdir. Tarazi bu əsəri dövrünün
hökmdarı, Əmir Teymurun nəvəsi Uluğbəyə
ithaf etmişdir.
Müəllif
şeirin müxtəlif məsələlərini təhlil edərkən
bir çox tanınmış şairlərin əsərlərindən,
o cümlədən Gəncədən olan Məhəmməd
Gəncəvi və Qivaməddin Gəncəvinin əsərlərindən
nümunələr gətirir. Məhəmməd Gəncəvi
kimdir sualına Ə.Haytmetov belə cavab verir: "Bu,
böyük Azərbaycan şairi Nizami Gəncəvinin birinci
arvadı, qıpçaq qızı Afaqdan olan oğlu Məhəmməddir".
Nizami
özünün "Leyli və Məcnun", "Həft
peykər", "İsgəndərnamə" poemalarında
ailəsi haqqında müəyyən məlumatlar vermiş,
oğlu Məhəmmədin şeir yazdığını da
bildirmişdir. Özbək tədqiqatçısının qənaətinə
görə, bu onu göstərir ki, orta əsrlərdə Mərkəzi
Asiyada yalnız Nizaminin deyil, Gəncədən olan digər
şairlərin də əsərləri sevə-sevə oxunub
köçürülmüşdür. "Füynunül-bəlağə"
əsərinin beşinci babında (fəslində) Məhəmməd
Gəncəvinin fars dilində yazdığı on şeirindən
misallar gətirilmişdir.
AMEA-nın
Məhəmməd Füzuli adına Əlyazmalar
İnstitutunun mərhum əməkdaşı, filologiya elmləri
doktoru, professor Cənnət Nağıyeva Daşkənddə
elmi məzuniyyətdə olarkən Özbəkistan alimlərinin
bu maraqlı tapıntısından xəbər tutmuş və
bu barədə məlumat vermişdir.
Ədəbiyyat qəzeti.- 2011.- 12
avqust.- S.5.