Ələviyyə Babayeva - 90

     

Hörmətli Ələviyyə xanım!

Sizi - görkəmli yazıçını 90 illik yubileyiniz münasibətilə təbrik edirik.

Siz 1921-ci ildə Bakıda anadan olmuş, orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almısınız. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc edilmiş "İki həyat" adlı hekayənizlə başlamısınız. "Mənim müəllimim" adlı ilk kitabınız 1950-ci ildə Uşaqgəncnəşrdə işıq üzü görüb. Sonra bir-birinin ardınca "Hekayələr", "Tək ağac", "Kənd yolları", "Payızda", "Mən mən deyiləm", "Kənd yollarında səyahət", "Yenə bahardı", "Kölgə", "Tut ağacı", "Süsən-sünbül", "Hörüklər", "Adamlar və talelər", "Hardasan, dost, harda", "Əlvida", "Dəli Sona" və s. kitablarınız işıq üzü görüb. Bundan başqa siz A.Qaydar, K.Paustovski, V.Korolenko, Y.Sotkin, V.Astafyev, Y.Caruşin və başqalarının əsərlərini dilimizə uğurla çevirmisiniz.

Siz 1951-1973-cü illərdə "Azərbaycan qadını" jurnalında məsul kitab, "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973-1976), baş redaktor (1976-1985) kimi vəzifələrdə çalışmış, Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həm də sovetlər birliyinin bir çox yerlərində keçirilən ədəbi tədbirlərdə iştirak etmiş, Azərbaycan Yazıçılar İttifaqında qəbul komissiyasının üzvü, tərcümə sektorunun rəhbəri olmusunuz. Hazırda Azərbaycan Prezidentinin fərdi təqaüdçüsü kimi yazıb-yaradırsınız.

Hörmətli Ələviyyə xanım!

Sizi bir daha 90 illik yubileyiniz münasibətilə təbrik edir, sizə möhkəm cansağlığı, yaradıcılığınızda uğurlar arzulayırıq.

 

 

Azərbaycan Yazıçılar Birliyi

 

Ədəbiyyat qəzeti.- 2011.- 19 avqust.- S.5.