Rəngli yuxular boyunca
Ötən əsrin 70-ci illərinin sonlarında Azərbaycan oxucusunun marağını çəkən
yeni nəşrlər
sırasında tanınmış
yazıçı Ələviyyə
Babayevanın "Hardasan,
dost, harda", "Adamlar
və talelər" kitablarının xüsusi
yeri var idi. Bu marağın kökündə həmin
əsərlərin üstü
bəzək, ilk baxışdan
hər işin yağ kimi
getdiyi nəhəng sovet sisteminin alt qatında, mahiyyətində
get-gedə özünü
daha qabarıq göstərən neqativ gerçəkliyə fərqli
yazıçı baxışının,
gerçəkliyi əks
etdirmək cəsarətinin
cəlbediciliyi dayanırdı.
İmperiya təbliğatının üfürüb şişirtdiyi
xoşbəxt sovet adamının hər cür probleminin cidd-cəhdlə ört-basdır
edildiyi bir vaxtda yaşanan olayların mahiyyətindəki
mənəvi sarsıntıları,
tale, şəxsiyyət sınıqlıqlarını
bütün dolğunluğu
ilə ədəbiyyata
gətirmək bir növ dövrün yazıçı üzərinə
qoyduğu missiyadan irəli gəlirdi. Həmin illərdə cəmiyyətdə
baş verənlərə
münasibətdə yazıçı
cəsarəti, yazıçı
vətəndaşlığı ilə oxucu marağı daha çox üst-üstə
düşürdü və
ədəbi mühit cəmiyyətə daha yaxın idi. Belə bir vaxtda Ələviyyə
Babayevanın yeni roman
və povestlərinə
olan dərin oxucu sevgisi onun
bir yazıçı
kimi insanların real həyat, yaşam tərzini bütün reallıqları ilə görüb əks etdirmək bacarığından
qaynaqlanırdı. Ələviyyə xanımın qələmə
aldığı əsərlərin
mövzusu həyatın
özündən gəlirdi,
onun qəhrəmanları,
təqdim etdiyi obrazlar gündəlik həyatda oxucunun hər gün, üzbəüz gəldiyi,
rastlaşdığı insanların
bir növ prototipləri idi. Onun əsərlərində təsvir
olunan mühit bir növ bu
insanların gündəlik
həyatından keçirdi.
Yazıçının gerçək həyatı
bütün əyintiləri,
sosial problemləri, mənəvi aşınmaları
ilə bir arada təqdim etməsi maraq doğurur. Onun daha çox
mübarizliyin, mənəvi
saflığın, sosial
ədalətin qələbəsinə
dəstək olmaq məramına hesablanan əsərləri ənənəyə
sadiqliyilə bərabər
yeni bir epoxanın başlanğıcının
ilk özünühissetdirmə mesajı kimi qəbul olunurdu. Ələviyyə xanımın əsərləri
o dövrün mahiyyətinin
bütün gerçəkliyi,
daha öncə təbəddülatları dolğun
şəkildə əks
etdirməsi baxımından
böyük maraq doğururdu. Onun təsvir
etdiyi müsbət obrazlar bir növ
oxucunun dostu-doğması,
eyni dərəcədə
mübarizə yoldaşları
idilər. Ona görə
də sevilir, yadda qalırdılar.
Bunun bir səbəbi Ə.Babayevanın fitri yazıçılıq istedadı,
həyatı yaxşı
bilməsi, müşahidələrinin
dəqiq və iti olması ilə bağlıdırsa,
digər tərəfi
onun dünya ədəbiyyatına, bu ədəbiyyatda qazanılan
forma-axtarış yeniliklərinə
yaxından bələdliyindədi.
Təsadüfi deyil ki, Ələviyyə xanım L.Tolstoy, İ.Turgenev, A.Çexov, V.Korolenko, M.Qorki, K.Paustovski, A.Qaydar, V.Byankin, V.Astafyev, V.Polova, Y.Sotkin, Y.Çaruşin, A.Zegers kimi görkəmli sənətkarların əsərlərini
dilimizə ustalıqla
çevirib. Şübhəsiz ki, bu yaradıcılıq təmasının,
ünsiyyətinin müsbət
təsiri Ə.Babayevanın
sənətkar obrazının
formalaşmasından yan
ötə bilməzdi.
Məhz bu təsirin nəticəsi olaraq bir-birinin ardınca onun "Adamlar və talelər", "Hardasan,
dost, harda", "Son döngə",
"Rəngbərəng yuxular",
"Dəli Sona",
"Süsən-sünbül", "Əlvida" və s. kitabları ara-ərsəyə
gəlir, yazıçı-publisist
flora Xəlilzadənin dediyi
kimi, bu əsərlər ötən
əsrin 70-80-ci illərində
Azərbaycan nəsrinə
yenə nəfəs gətirir, özünə
layiqli yer tuturdu.
Təkcə "Hardasan, dost, harda" povesti üzərində dayanmaq bəs edər ki, Ə.Babayevanın yazıçı vicdanının
nə dərəcədə
cəmiyyətin saflaşmasına,
haqqın qələbəsinə
hesablanmasının miqyasını
bütün detalları,
gerçəkliyilə göz
önünə gətirə
biləsən; yaşlı
nəsil hələ də bu maraqlı
əsərin parlaq obrazlarından biri Elxan Biləndərlinin mənəvi təmizliyinə
olan heyranlığını
unutmayıb. Gənc jurnalist olan
Elxan Biləndərlinin
dərin məhəbbətlə
sevdiyi Ulduz - bu tələbə qız onun həyat
amalını, ruhi paklığını, sədaqətini
layiqincə qiymətləndirə
bilmir, şana-şöhrətə,
firavan, dəbdəbəli
həyata üstünlük
verir, bu dəbdəbənin alt qatındakı
məyusluq hələ
ona çatmır.
Qeyri-qanuni yaşadığı mənəviyyatsız bir insan onunla bir
məşuqə kimi davranıb atır.
İlk məhəbbətin uğursuzluğundan doğan
kədər hissini insanların xoşbəxtliyinə
xidmət göstərməklə
unutmağa çalışan
Elxan Biləndərli iş yoldaşı, gənc şair Ziya kimi vicdanlı
insanların simasında
özünə dost-arxa
tapır, baxmayaraq ki, yolunun üstünə
Ədalət Kərimli
kimi donosbaz, ləyaqətsiz, həyat amalı qarayaxmalardan ibarət olan tiplər çıxır,
vaxtının çox
qiymətli hissəsini
belə insanlarla mübarizəyə həsr
edəsi olur, yenə də Elxan öz həqiqətlərinə
arxa çevirmir, yetim, kimsəsiz İlqarı şəxsi gəlir, qazanc naminə köləyə,
nökərə çevirən
Əflatun kimi harın, həyata, cəmiyyətə ciblərinin
gözüylə baxmağa
vərdişkar olan viruslarla sonacan mübarizə aparır,
Azad Şahdağlının simasında dəyərli insanlara arxa olur. Həqiqətə, paklığa sədaqətli
xidməti yolunda Ziya kimi mərd,
qədirbilən dostunu
itirməyinə baxmayaraq,
Elxan Biləndərli öz amalını, iradəsini sona qədər ləyaqətlə
sürdürə bilir,
şəxsiyyət bütövlüyünü
hifz edir. Bu obraz bütün
yaşantıları ilə
qələm adamlarına
daha yaxın, doğma olduğundan ədəbi həyatın
gündəlik söhbətlərindən
hər dəfə yenidən keçir.
Yadımdadı ki,
"Hardasan, dost, harda"
povestinin oxucu diqqətinə təqdim edildiyi ilk illərdə ali məktəbin
filologiya fakültəsinin
tələbələri Elxan
Biləndərli obrazında
öz gələcək
fəaliyyətlərinin cizgilərini
necə görürdülər,
özlərini onda neçə axtarırdılar...
Bu obraz bütöv
bir dövr Azərbaycan gəncliyinin,
daha çox da mətbuat, ədəbiyyat sevdalısı
olan yeniyetmələrin
həyat idealı səviyyəsində qəbul
olunurdu, bu sənəti sevib-seçən
gənclər üçün
Elxan Biləndərli simvolu çox doğma və əziz idi. Elxan obrazına olan gənclik marağı indinin özündə də öləziməyib.
İqtisadi dəyərlərin mənəvi dəyərləri
bir növ üstələməsi təsəvvürü
yarandığı cağdaş
həyatımızda Elxan
Biləndərli kimi öz sənətinə, işinə qəlbən bağlı olan, əxlaqi cəhətcə
pak, təmiz insanların yeri daha çox görünür.
Ələviyyə Babayeva yaradıcılığını şərtləndirən başlıca
cəhət ondan ibarətdir ki, o, qələmə aldığı,
təsvir etdiyi mühiti "yaxşı
tanıyır, duyur,
hiss edir, həmin mühitin problemlərindən
baş çıxarır,
adamlara yaxşı bələddir, məişəti
mükəmməl bilir
və bütün bu cəhətlər onun əsərlərində
özünün yüksək
bədii-estetik təcəssümünü
tapır". Şübhəsiz, "sənətkarlıqla həyat materialının
dolğunluğu arasında
vəhdət yaranırsa,
yazıçı böyük
bədii nailiyyət qazanır" (Elçin).
Bu baxımdan Ələviyyə Babayevanın
həyatdan gələn
müşahidələrinin sənətkarlıqla qələmə
alınmış əsərlərindəki
təcəssümü çox
maraqlı, uğurlu və yaddaqalandı.
Tanınmış türk yazıçısı
Suaat Dərviş Ələviyyə xanımın
yaradıcılıq uğurlarının,
özünəməxsusluğunun bu cəhətini nəzərdə tutaraq böyük uzaqgörənliyilə
"O, gələcəyin böyük
romançısı olacaq"
yazırdı.
Görkəmli Füzulişünas alim Əkrəm Cəfər məqalələrinin
birində həyatı
öyrənmək və
onu köklü şəkildə ədəbiyyata
gətirmək baxımından
gənc ədəbi qüvvələrə vaxtilə
məsləhət görürdü
ki, gedin Ələviyyənin əsərlərini
oxuyun".
On dörd yaşında ilk hekayəsi işıq üzü gördüyü
vaxtdan bəri, "Yazmaya bilmirəm, yazmasam ölərəm"
düşüncəsilə yaşayan, yazıb-yaradan Ələviyyə Babayevanın
əsərləri bu günə qədər dünyanın müxtəlif
ölkələrində, o cümlədən Rusiyada,
Çində, Fransada,
Yaponiyada, Bolqarıstanda
və qardaş Türkiyədə nəşr
olunub, dərin oxucu marağı qazanıb. Onun sevə-sevə yaratdığı
obrazlar indinin özündə də oxucu marağıncadı və doğmalığıyla
adamı özünə
çəkir, qəlbi
isidir. Bu, istedadlı, zəhmətkeş,
öz sənətinə
qəlbən bağlı,
əbədiyaşar bir
sənət adamının
gərgin əməyinin
ən dəyərli nəticəsidir. Doğru deyiblər
ki, yanmayanlar his verir. Ələviyyə Babayevanın bütün
əsərləri qəlb
işığında qələmə
alındığından, yanaraq
yazıldığından belə
parlaq, rəngbərəng,
cəlbedicidir. Bu əsərlər həyatı
öyrədir, həqiqətə
yol açır, vətəndaşı vətən
daşı olmağa inadla səfərbər edir, "yaxşılığa
doğru addım at, yeri, qorxma" - deyir.
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2011.- 19
avqust.- S.5