"Azərbaycan
romantizmi"
Zaman
keçdikcə ədəbi irsimizin ideoloji əyintilərə məruz
qalmış sahələri ortaya
çıxır. Belə sahələrdən biri
iyirminci əsr Azərbaycan romantizmidir.
Ədəbiyyatımızda
"romantizm cərəyanı"nın
bir əsri tamam olur. Bununla belə bu cərəyan ədəbiyyatı bəzi qadağalar üzündən mövcud
olduğu hüdudlarda
öyrənilməyibdir.
Əyintilər
elə cərəyan üzvlərinin özlərinin müəyyənləşdirilməsindən
başlayır.
Bu fikirləri oyadan filologiya elmləri doktoru Vəli Osmanlının "Azərbaycan
romantizmi" kitabıdır ("Elm" 2010). Burada cərəyan
üzvlərini yeni tərkibdə - birincisi Əli bəy Hüseynzadə olmaqla gorürük.
Bəllidir
ki, romantızmin Azərbaycanda ədəbi
cərəyan miqyasında bərqərar olması hamıdan
artıq Ə.Hüseynzadənin fəaliyyətilə
bağlıdır. Ədibin romantizmdəki fəaliyyətinin
üç tərəfi aşkarlanır:
Bilavasitə, bu sənətin
ilkin bədii nümunələrini
yaratması, Avropa romantiklərinin əsərlərindən
tərcümələr edib, milli mühitdə yayması, baş
mühərriri olduğu mətbuat
orqanları "Həyat" qəzetinin "Füyuzat"
jurnalının redaksiyası ətrafında romantik
yazıçılar nəslini birləşdirib, onu ədəbi cərəyan səviyyəsinə
çatdırması.
Ə.Hüseynzadənin
bədii yaradıcılığı bizdə az
öyrənilib. Bədii yaradıcılığının ilkin mərhələsi Rusiya
imperiyasındakı inqilabın gətirdiyi və romantizmin də bədii tədqiq sahələrindən
olan azadlıq, milli
müəyyənlik və Vətən mövzuları ilə
bağlıdır.
Azadlıq
- inqilabın gedişində irəli sürülən siyasi tələb olmaqdan əlavə
Ə.Hüseynzadənin dünyagörüşündə mənəvi
ehtiyacdır. "Həyat" qəzetində dərc elətdirdiyi
"Hürriyyət" əsəri azadlığın mənəvi
gözəlliyinə həsr edilib. Tədqiqatda
hürriyyətin estetik hüsni,
romantik təbiəti
açıqlanır. "Romantik
estetikanın nümunələri" bölməsi ədibin
"Həyat və meyli-füyuzat",
"Nicat məhəbbətdədir",
"Qırmızı qaranlıqlar içində
yaşıl işıqlar" əsərlərindəki romantizmin estetik tərəflərini
təqdim edir.
Millət,
milli müəyyənlik sahəsində Ə.Hüseynzadənin
xidmətləri kitabın iki fəslində
öyrənilir. Bunlardan biri
regional, digəri qlobal
türklüyə həsr edilibdir. Fəqət, hər ikisində
başlıca mətləb türklərin mənəvi birliyi məsələsidir. Bu
məsələ onun "Turan"
şeirindən
başlayıb, "Türklər kimdir və
kimlərdən ibarətdir?" əsərinədək
uzun bir yol keçmişdir.
Vətən
anlayışı ədibin "Hali-Vətən" şeiri ilə
istiqamət götürüb, "Turan romantik
idealı"na aparır. Azadlıq, Vətən, Millət - Türklük, Turan.
Ə.Hüseynzadənin
romantiklər ədəbi nəslindən kənarda
qalmasına, uzun illər ona
qarşı yönəlmiş ittihamların səbəbini
görməyə təkcə bu deyilənlər
də kifayət edər.
Digər
romantikimiz Abdulla bəy
Divanbəyoğlunun adı yarım əsr bundan
əvvəl ədəbiyyat tarixinin romantizm fəslinə daxil
edilsə də, bu sənətkarın
yaradıcılığı büsbütün
kölgədə qalmışdır. Romantiklərimizin
sırasında əvvəldən axıra nasir
olan Divanbəyoğlunun ilkin
romantik nəsr nümunələrini
yaratması, sentimentalizmdən başlayıb, romantizmə
keçməsilə fərqləndirilir. "Əbdül və
Şahzadə", "Parlaq ulduz" əsərlərindəki sentimental məhəbbət romantizmdə
"qüssəli məhəbbət", deyilən növün əsası kimi
səciyyələndirilir. Yazıçının 1901-ci ildə
yazdığı "Köçərilərin həyatının
müşahidələri" povesti romantizmin doğma yurd, yurdun təbiəti
motivlərini bəyan edir. "Ardoy dərəsi" hekayəsinin özünün qeyri-reallığı ilə
milli bədii təcrübəyə
sehrkarlığın təsviri üsulunu
gətirdiyi bildirilir.
Deyildiyi kimi, bəlli səbəblərdən elmi tədqiqatlardan kənarda qalan
bu yazıçının povest və hekayələrindəki həssas məhəbbət
süjeti Nərimanovun "Bahadır və
Sona" romanının ənənəsi
kimi qiymətləndirilir. Avropa
romantizm ədəbiyyatı ilə də analoji oxşarlığın olduğu
nəzərə çatdırılır. "Bədii-estetik
baxımdan romantizmin hisslər dövrünü yaşamış sentimentalizmin davamı" olduğu
deyilir.
İyirminci
əsr romantizm ədəbiyyatımızda
ayrıca yeri olan A.Səhhətin
yaradıcılığı kitabda
"Hürriyyət və Vətən duyğuları",
"Millət qayğısı", "Təbiətə meyl" və "Səhhətin sənət
görüşləri" başlıqları altında təhlil
olunur. Rusiyada
baş verən fevral
inqilabının sədalarını hələ
Şamaxıda eşidən Səhhət "ancaq
adı gələn azadlığı", "hürriyyət
mələyi" deyə obrazlaşdırmışdır.
Şairin
yaradıcılığında təbiət mənzərələri,
ilin fəsilləri haqqında lirik-romantik peyzajlar sənətkarın
"dünyagörüşü və həyata
münasibətilə bağlı məsələ" kimi, həm də romantizmin
yaradıcılıq prinsiplərinin ümumiliyi
ilə izah edilir. Doğrudan da Azərbaycan romantik şairləri içərisində
ümumən təbiət lövhələri, yaxud
ilin hər bir fəsli
A.Səhhət yaradıcılığında daha
dolğun məzmun, daha
incə çalarlarla əks olunur. Bu, hər şeydən
öncə, şairin dərin və incə
müşahidə qabiliyyəti, eləcə də romantizmin mövzularından olması ilə əsaslandırılır.
A.Səhhətin "İlk
bahar", "Yaz",
"Yay", "Yay
gecəsi", "Yay səhəri",
"Qış" və s. şeirləri
buna misal göstərilir.
Şairin "Dərya kənarı"
adlı şeirini bu baxımdan geniş təhlil
edən tədqiqatçı, Səhhətin "xüsusi təsisat" kimi
irəli sürdüyü hissi
şeir tələbinin onun "uşaq şeirlərindən"
başlayıb, bütün
yaradıcılığı boyu, hətta
müxtəlif sənətkarlardan etdiyi bədii
tərcümələrdə də özünü
göstərdiyi bildirilir.
Əsərlərində
"fikirdən artıq hiss və xəyalın
hakim olduğu" (A.Şaiq) A.Səhhətin sənət
görüşlərini də ayrıca tədqiqata cəlb edən
müəllif şairin "Həyat"
qəzetinin redaksiyasına göndərdiyi məktubunda "ədəbiyyatımızın
islahatı" məsələsini
qaldırdığını qeyd edir. Bu islahat
"təzə şeir necə
olmalıdır?" şəklində qoyulur
və "təzə şeir hissi şeir
olmalıdır" kimi
cavablandırılır. Bu cavab tədqiqatçının öz sözlərilə desək, "bir növ şairin
özünün də yaradıcılıq istiqamətini
müəyyənləşdirmiş olur".
Sənətkar, sənət və
həyat məsələlərinin romantizm
ədəbiyyatında əksindən danışan
V.Osmanlı "təkcə A.Səhhət
yaradıcılığının deyil,
bütünlükdə Azərbaycan romantizminin
incisi" saydığı "Şair, şeir pərisi
və şəhərli" əsərindən söz açır. Özü də bu motivlərin H.Cavidin "Qüruba
qarşı", C.Cabbarlının "Qürub
çağı bir yetim"
adlı əsərlərində də
rastlandığını qeyd edir. Şeir pərisi
obrazını "poeziyamızda hadisə" sayan tədqiqatçı A.Səhhətin bu poemasında həm də iki
ədəbi dünyabaxışın - romantik
sənətlə realist sənətin
qarşılaşdırıldığını sezir.
Romantik ədəbiyyatımızın
öyrənilməsində çatışmazlıqlardan biri bu cərəyan
üzvlərini tam tərkibdə əhatə
edən monoqrafiyanın olmaması idi.
Hazırkı tədqiqatda romantiklərin hamısı əhatə
olunub: Əli bəy Hüseynzadə, Hüseyn Cavid, Məhəmməd
Hadi, Abdulla Şaiq, Abbas Səhhət,
Abdulla bəy Divanbəyoğlu, Cəfər
Cabbarlı.
Tədqiqat
romantik yazıçıların ədəbi
portretləri şəklində qurulub. Bu sənətkarların hər birinin yaradıcılığına romantizm mövqeyindən ayrıca
yanaşılır. Məhz romantizm mövqeyindən.
Təcrübə göstərir ki, bizim ədəbiyyatşünaslıqda romantik yazıçıların
yaradıcılığı da əsasən
realizm mövqeyindən
araşdırılıb. Romantizmin öz təhlil üsuluna
varılmayıb. Hazırkı tədqiqatda romantik
əsərlərə bu sənətin öz yaradıcılıq prinsiplərilə
yanaşıldığından yeni bir ədəbi məhsul meydana
çıxarılır. Bunun üçün romantiklərimizdən birinin - məsələn, az
öyrənilmiş Məhəmməd Hadinin
yaradıcılığının portret
tədqiqi ilə aşkarlananlara ötəri
bir nəzər salmaq olar. Budur, iyirminci
əsr Azərbaycanının siyasi və
mənəvi ehtiyacı olan azadlıq. Dövrün realist ədəbiyyatında
bu məsələ həmişə
üzdə olub və barəsində çox deyilib. Lakin romantizm ədəbiyyatında azadlığın qoyuluşu, onun təsvir
üsulları, mənəvi gözəllikləri yetərincə
axtarılmayıb. Azadlıq burada mənəviyyat
hadisəsi olaraq, özünün
təsvir üsullarına malikdir. Hadi azadlığın romantik
sinonimi olan hürriyyəti
gözəl qız, sevgili simasında
obrazlaşdırıb şeirə gətirmişdir. Burada sevgiliyə vurğunluqdan
hürriyyətə vurğunluğa keçilir. Bu vurğunluğun üç
mərhələsi müəyyənləşdirilir. Birinci mərhələ deyildiyi
kimi, hürriyyətin gözəl qız,
sevgili simasında
obrazlaşdırılmasıdır. Bu mərhələdə
hürriyyət "can alan
gözəl", "məhbub", "dilbərdir" bir sözlə, yer gözəlidir.
İkinci mərhələdə
hürriyyət -"mələk", "hur",
"pəri"dir, yəni səma gözəlidir. Üçüncü mərhələdə
hürriyyət - ümumən gözəldir, estetik
kateqoriyadır. Bunların hər biri
hürriyyətin simasında açılan çeşiddir,
şeirdə rənglərdir, nəticədə bədii tərəqqidir.
Bu cür
çeşidləri, rəngləri hürriyyətin qoşa qanadları olan Vətən
və millət mövzulu əsərlərin
romantik şərhində də görürük. "Vətən mövzusunun romantikcəsinə ifadəsi birinci növbədə Vətəni yurd, məkan maddiliyindən mənəviyyata
keçirməkdə, mənəvi nemət kimi
duyub, dərk etməkdə göstərilirdi.
Yaxud, Vətən
tarixi sınaq qarşısında qalanda belə, romantik əsərlərdə
onun qurtuluşunda
açıq ölüm-dirim mübarizəsi
səhnələrindən daha çox, mənəviyyatda oyatdığı
təlatümlərin təsvir edilməsi, Vətən
şeirlərinin əksəriyyətinin pessimist
ruhda olması". Bunlar
yığılaraq romantik ədəbiyyatımızda
zəngin bir vətəndaşlıq
poeziyası yaratmışdır.
Hadinin
"ürəkdə bəslənən amalımız iqbali - millətdir", - bəyanı "burada yalnız üsyan yox, həm də fəryad, təkcə nikbin fəlsəfi çağırış
yox, eyni zamanda giley, şikayət,
ələm və lənət də özündə əks
etdirə bilirdi".
Romantik Hadinin insan mənəviyyatı
ilə daha artıq məşğul
olması romantizmin özündəndir.
"Yeni sənət növü
olmaq etibarilə romantizmin
ən böyük nailiyyəti mövcud real dünya səviyyəsində və bərabərində
insanın özündə tam bir dünya - daxili dünya kəşf
etməsidir. Real dünyaya
qarşı fərdin mənəvi dünyasını irəli
sürməsidir". Fərdin
mənəvi dünyasından ümumi
insanlığa varılır. Romantizmin
simvollaşdırma üsulu ilə ümumi insanlıq "bəşər"
adında şeirə gətirilir. Bəşərpərvərliyi
özünün əbədi məsləki
qılmış şair insana
sadəcə "bəşər" deyə müraciət
etdiyindən şeirlərindən elə beləcə "bəşər"
adlananlar da vardır.
"İnsan" sözünü
"bəşər"lə əvəz edib,
daha doğrusu, "bəşər"i
insanın sinoniminə çevirib, onunla canlı bir tərəfdaş
kimi dialoqa girmək olurmuş. Bəşərin "böyük idrakı" ilə
yanaşı, onun şərə qadirliyi romantizmin humanizmi ilə təhlil edilir,
fikirlər bəşərin öz əməlləri
ilə özünə qənim kəsilməsi üzərində
cəmləşir. "Beşikdən məzara qədər bəşərin
əhvalı" poemasının təhlilində o əməllərin ifadəsi izlənir.
Şairin bəşər
məfhumu ətrafındakı mühakimələrinin izilə
növbəti - "Bəşərin taleyində kədər"
fəslinə gəlib, çıxırıq. "M.Hadinin sənətkar əhval-ruhiyyəsi
qüssəli əhval-ruhiyyədir. Onun bədii
ilhamı kədər üstündə köklənmişdir.
Şairin yaradıcılığında
kədərin bir neçə növü ilə
qarşılaşırıq". Tədqiqatçı onlardan romantizmin
poetikasında mühüm yer
tutan "dünya kədəri"
deyilən növün üzərində
dayanır. Hadinin lüğətində bu ifadə "hüzni-ümumi"
şəklində işlədilmişdir. "Hüzni-ümumi"nin haradan doğmasına gəldikdə,
müəllif yazır: "Romantizmin fəlsəfəsinə
görə ümumiyyətlə, dünyanın elə işləri
vardır ki, onlar əvvəldən
düzgün qurulmayıb. Hadinin
dili ilə desək, dünyada
bir çiçək varmı ki, solmasın, bir gül varmı ki, xar olmasın, bir ömür varmı ki, puç olmasın..."Dünya
kədəri" dünyanın məhz bu
qayğılarından qalanıb".
Hadinın
romantizmində həqiqət, xəyal, şüur
mənəviyyatın predmeti kimi fərdiləşdirildiyi bildirilir.
Bu mənəviyyat predmetlərinin hərəsi
silsilə şeirlərdə bədii yolla
tədqiq olunur, hərəsinə də kitabda ayrıca fəsil həsr edilib.
Cərəyan
üzvlərinin hər birinin
yaradıcılığı bu sayaq romantizmin bədii tədqiq
sahələri, mövzuları üzrə
qruplaşdırılıb ayrıca fəsillərdə qoyulmuşdur. Belə yanaşma
üsulu hər yazıçının
yaradıcılığının açılmamış tərəflərinə
işıq salmışdır. Doğrudur,
bu yazıçıların ədəbi irsi həmişə öyrənilibdir. Bununla belə,
hər romantikin
yaradıcılığında bu qədər
ədəbi məhsul kölgədə qalıbmış. Bunun səbəbləri müxtəlifdir. İdeoloji maneələrdən tutmuş, bədii materiala,
romantizmin öz
yaradıcılıq prinsipləri ilə
yanaşılmamasınadək.
Keçən
əsrin səksəninci illərindən Azərbaycan romantizm ədəbiyyatı ilə
ardıcıl məşğul olan
V.Osmanlı bu sahədə silsilə
araşdırmalar aparır: "Azərbaycan romantikləri"
(1985), "Abdulla Şaiqin
romantizmi" (2004), "Məhəmməd
Hadinin romantizmi"
(2006) monoqrafiyalarını
buraxdırmışdı. İndi də "Azərbaycan romantizmi birinci cild" adlı fundamental kitabını
çap etdirmişdir.
Tədqiqatın iki cildlik həcmində nəzərdə
tutulmasını müəllif
iyirminci əsr Azərbaycan romantizm ədəbiyyatının zənginliyi
və indiyədək
onun öyrənilmə
vəziyyətilə əsaslandırır.
İki cild - iki tədqiqat
istiqamətini ifadə
edir. Birincisi, burada əks
olunduğu kimi, hər sənətkarın
romantik yaradıcılığını
ayrılıqda ədəbi
portret oçerk şəklində araşdırmaq.
İkincisi, bu yazıçıların
hamısının romantik
əsərlərini - bütünlükdə
romantizm ədəbiyyatını
bəhs olunan təsvir sahələri, mövzular, problemlər üzrə tədqiq etmək. Hazırda ikinci istiqamətdə
işlər davam etdirilir.
Zəkulla BAYRAMLI
Ədəbiyyat qəzeti.- 2011.- 19 avqust.- S.4.