İşığa doğru

     

  "İsmayıl Qaspıralı babamızın həqiqi nəvələri sayıla bilməmiz üçün bizlər evdə olsun, işdə olsun, camaatçılıqda olsun, rahat dönəmlərdə belə hər bir addımımızı, hərəkətimizi, niyyətimizi, üsullarımızı, xalqımızın inam və etibarını itirməməsi nöqteyi-nəzərindən etməliyik".

O.İ.Sabrinin "İsmayıl Qaspıralı və Krım türkləri" məqaləsindən gətirilən bu sətirlərin alt yapısında Qaspıralının həqiqi nəvələr sayılmaq üçün eyni dərəcədə də türk mənəviyyatımızın irəli aparmasında xüsusi xidmətləri olan dəyərli şəxsiyyətlərin ömür yolunu bir örnək, məktəb kimi öyrənmək, əxz etmək zərurəti dayanır. Filologiya elmləri doktoru Abid Tahirlinin "Bütün türklərin tərcümanı" kitabı da bu zərurətin təlqini, vətəndaşlıq borcu kimi araya-ərsəyə gəlib. "Əsərdə həyat və fəaliyyəti ilə Azərbaycanla qırılmaz tellərlə bağlı olan böyük ideoloq, naşir, yazıçı-publisist, ideya və əməlləriylə bütün dünya, xüsusilə Rusiya müsəlmanlarının taleyində, tərəqqisində misilsiz xidmətlər göstərmiş, onların ictimai-siyasi, mədəni, mətbu həyatında yeni mərhələ açmış, öz dildaş və dindaşlarımızın təfəkkür tərzində dönüş yaratmış İsmayıl Qaspıralının ömür və yaradıcılıq yolundan bəhs olunur".

Dahi şəxsiyyətin, ölümsüz mütəfəkkirin anadan olmasının 160 illiyi münasibətilə araya-ərsəyə gətirilən yeni nəşrə yazdığı "Sönməyən çıraq" adlı ön sözdə xalq yazıçısı Anar haqlı olaraq qeyd edir ki, bu əsəri oxuyan hər kəsin qəlbinə və hafizəsinə bir İ.Qaspıralı portreti həkk olunacaq, hakim kəsiləcək və hər kəs İ.Qaspıralı arzularını gerçəkləşdirmək üçün böyük ideoloqların "əgər xalqa xidmət etmək istəyirsənsə, bacardığın işdən başla" tövsiyəsinə riayət etməyə çalışacaq - bu isə "sözdə, fikirdə, işdə birliyə" aparan böyük yoldur.

Ön sözdə də vurğuladığı kimi, Abid Tahirli yorulmaz bir araşdırıcı olaraq əsər üzərində işləyərkən külli miqdarda etibarlı mənbə və məxəzlərə istinad etmiş, Krım, Kazan, Türkiyə, Rusiya, Azərbaycan alimlərinin çox sayda araşdırmalarını tədqiqat müstəvsinə cəlb etmiş, onları saf-çürük, təhlil, müqayisə edərək dəyərləndirmiş, müəyyən elmi-nəzəri qənaətlərə gəlmişdir. Diqqəti müraciət olunan mənbələrin rəngarəngliyi çəkir. "Maraqlı və təqdirəlayiqdir ki, A.Tahirli ilk dəfə İ.Qaspıralının irsini - onun publisistikasını və bədii əsərlərini qruplaşdırmış, mövzu, ideya baxımından təsnifatını aparmış, təhlil etmişdir". O, Qaspıralının bütün irsindən inciləri, kəlamları seçmiş, toplamış, İ.Qaspıralı irsinə müraciət edən Azərbaycan və xarici ölkə tədqiqatçılarının siyahısını tərtib etmiş, onların çoxunun İ.Qaspıralı ilə bağlı əsərlərindən seçmələri diqqətə çatdırmışdır. Bütövlükdə "Abid Tahirlinin uzun illərin zəhməti, axtarmaları və tapıntıları zəminində araya-ərsəyə gətirdiyi kitab İsmayıl Qaspıralı xatirəsinə dəyərli töhfə olmaqla bərabər, Azərbaycan oxucularına ölümsüz mütəfəkkirin həyatı və yaradıcılığını təqdim etməsi" (Anar) baxımından çox əhəmiyyətlidir və türk düşüncə tarixinə həsr olunmuş əsərlər sırasında bu kitabın da layiqli yer tutacağı şəksizdir.

İsmayıl Qaspıralı yeni məktəbi cəhalətə zərbə vasitəsi kimi qəbul edirdi, birliyi ideyadan əmələ aparan yolun təməli kimi dəyərləndirirdi, alovlu ideoloq, islahatçı olaraq mətbuatı ideyaların reallaşdırma məkanı sayırdı. Onun möhtəşəm portretinin əsas cizgisini önə çəkən Ceyhun Hacıbəyli "Həqiqətən də müsəlman - türk olub İ.Qaspıralı kimi bir xadimi dəyərləndirməmək olmaz" fikrində haqlı idi. Ədəbiyyatşünaslığımızın babası Firidun bəy Köçərli üçün İsmayıl bəyə öldü demək millətimizin çırağı söndü, həyatımızın ruhu pozuldu deməkdir. "İsmayıl bəyin yazdığı məqalələr bir əkinçinin danələri kimi idi ki, hərəsi öz müqavilində göyərmiş və məhsul vermişdir" (Əlimərdan bəy Topçubaşov). "İsmayıl bəy təkdir, ona bərabər xadimin ötən bir neçə əsrlik islamtürk həyatından tapıb çıxarmaq çətindir" (Yusif Akçuraoğlu). "Dünyada türktürkçülük qaldıqca İsmayıl bəy də bərhəyatdır" (Əhməd bəy Ağaoğlu).

Tədqiqatçı alim Abid Tahirlinin "Bütün türklərin tərcümanı" əsəri də ölümsüz mütəfəkkirin yaradıcılığına, mübarizə amalına bəslənən heyranlıq və məhəbbətin, xüsusi ehtiramın nəticəsi kimi araya-ərsəyə gəlib.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2011.- 19 avqust.- S.4.