Vətən
məhəbbətli, vətən ünvanlı..
Hələ
gənc vaxtlarımdan "Ədəbiyyat qəzeti" ən
çox sevdiyim qəzet
olub. Bu qəzet bədii
sözə münasibəti, tələbkarlığı ilə
mətbu orqanlardan fərqlənib. Qəzetin
ədəbi ictimaiyyət arasında nüfuz
qazanmasına səbəb onun yaşlı
və gənc nəslə mənsub tanınmış müəlliflərilə
yanaşı, həm də yaradıcı, fədakar əməkdaşları
olub. Belə qələm adamlarından biri qəzetin poeziya
şöbəsinin müdiri, istedadlı şair Davud Nəsib idi.
Davud Nəsib
1942-ci il avqustun 25-də Qazaxda anadan olub. ADU-nun kitabxanaçılıq fakültəsində
təhsil alıb. Ədəbi fəaliyyətə
1956-cı ildə "Qalibiyyət bayrağı" qəzetində
dərc edilən "Mənim doğma çayım
- Mənim Kür çayım" adlı
şeiri ilə başlayıb. Moskvada Ali ədəbiyyat
kursunu bitirib. Ömrünün sonunadək
"Ədəbiyyat qəzeti"ndə işləyib. Bir sıra təltiflərə layiq
görülüb. "Könlüm səni
axtarır", "Dağlar danışsaydı", "Məhəbbət
yolları", "Bizdən sonra yaşayanlar",
"Ümid qatarı" və digər kitabların müəllifidir.
Vətən
məhəbbətli, vətən ünvanlı
Bir
ürək döyünür köksümün altda.
- yazırdı Davud Nəsib.
İkinci
Cahan savaşı illərində doğulan şairin
canından müharibənin ağrı-acıları uzun
müddət getmədi. Axı müharibə qurtarsa da, onun törətdiyi fəsadlar
başsız qoyduğu ocaqlarda, ata-oğul niskilli insanların
qəlbində kök salıb yaşayırdı. Odur ki, ötən əsrin 60-cı illərində
ədəbiyyata gələn
nəslin yaddaşında,
qələmində müharibə
motivləri geniş yer tutdu. Vətən, torpaq, ana mövzularının daha da
müqəddəsləşməsinə xeyli təsir göstərdi.
Davud Nəsibin də şeirlərinə o
barıt qoxulu illərin havası hopmuşdu. Müharibədə
həlak olan həmvətənlərinin, davadan geri
qayıtmayan atasının ruhu dolaşırdı bu nəğmələrdə...
Çox
keçmədi şairin vətən eşqi və dağlarda
bitən zərif güllərin ətri barıt qoxusunu onun
şeirlərindən qismən də olsa uzaqlaşdıra
bildi. Şair ağ
günlərin şeirini
yazdı.
Davud heç
də olmaz razı
Elsiz ola bir avazı;
Kökdən
düşər könül sazı,
Telsiz
qalar eldən ayrı.
Davud Nəsib
elinə-obasına bağlı şair idi. O, bilirdi ki, eldən-obadan kənarda
dayanıb, yaxşı şeir yazmaq olmaz. Eyni
zamanda şair təkcə öz şəxsi
qayğıları ilə deyil, mənsub olduğu xalqın,
millətin arzuları ilə yaşamalıdır.
Onun
şeirləri də məhz xalqın ruhuna köklənən
şeirlərdir.
Davud Nəsiblə
uzun illər bir yerdə işləmiş şair, ədəbiyyatşünas
Ayaz Vəfalını verilişimizə dəvət etmişdik. Ayaz müəllim qələm
dostunun, xüsusən gənc müəlliflərə
böyük qayğı ilə yanaşmasına,
bacardığı qədər kömək göstərmək
istəyinə dair məqamları xatırladı.
Eyni
zamanda şəxsən unuda bilmədiyi bir poetik təəssüratı
da dinləyicilərlə bölüşdü.
Bir
gün Davud Nəsibin yolu təsadüfən Cəlilabad
rayonuna düşür. Davud soraqla gedib Sabirabad kəndinə
çıxır və Ayaz müəllimin anası Ətlaz
xanıma baş çəkir. Redaksiyaya
qayıdanda əhvalatı olduğu kimi də
danışır. Ayaz Vəfalı bu təəssüratı
“Dostuma da qurban olub...” şeirində həm anasına, həm də dostuna dərin hörmətlə
qələmə alır:
“Kəndinizə
düşdü yolum, -
Gedib
çıxdım evinizə;
Yaxşı
yerdir, ağrın alım,
Anan qulluq etdi
bizə, -
Yaman qulluq
etdi bizə...
Getməmişdim
heç o yana, -
Gəlişimi
kimsə bilib;
Deyibdi ki: - Ana,
ana! -
Oğlunuzun
dostu gəlib...
Tanışlardı
sağım-solum;
Səs
eşitdim astanada:
“Balama da
qurban olum,
Balamın sən
dostuna da...”
...Belə
dedi bu gün dostum;
Mən
həsrətlə qulaq asdım.
Eşitmişəm,
nigaranam;
Eşidənlər
heyran olub:
Qurbanı
olduğum anam -
Dostuma da
qurban olub...”
Həyat
təzadlarla doludur. Davud Nəsib bunları çox yaxşı bilirdi.
Kədərlə sevinc insanların taleyində
növbələşib. Birində az,
birində çox. Bəzən sevincin ən
parlaq şölələri üzünə düşən
bir insanı kədərin qara buludları təqib edir. Sevincin parlaqlığından əsər-əlamət
qalmır. Elə də olur ki, kədərin
qara buludlarını sevincin günəş güclü
şüaları bir anlığa vurub dağıdır.
Lakin zəhmətsiz, hazır səadətin, sevincin
ömrü az olur. İnsan gərək
xoşbəxtliyi öz gücü ilə qazansın. Qarşısına çıxan şər qüvvələrə,
qəmə, kədərə qalib gələ bilsin.
Mübarizəylə qazanılan səadət
ömürlük olur!..
Davud Nəsib
kədərə, dərdə çox "üz verməyən",
onlara "qənim kəsilən" şairdi.
Mətbəədə
işlədiyim vaxtlar idi. Günlərin bir
günü Davud müəllimlə rastlaşdıq. Qoltuğunda qovluğa oxşar bükülü nəsə
var idi. Salamlaşdıq. Hal-əhval tutduq. "Yeni
şeirlərinizi çapa gətirmisiz?" - deyə soruşdum. Boyu uca olduğundan
başını bir az aşağı
endirdi - şeir deyil, romandır. Xalqımın qəhrəman oğlu
Cavanşir haqqında
yazmışam. Heç bilmirəm
necə qarşılanacaq, - dedi. Doğrusu,
şair kimi tanıdığım Davud müəllimin nə
vaxtsa nəsr əsəri yazacağı haqda düşünməsəm
də, təəccüblənmədim. Çünki
istedadına bələd idim. Kitabın
çapının qayğısına qalmağı mənə
ərk elədi: - Elə bil öz kitabındı, - dedi. -
Çapından, keyfiyyətindən muğayat ol, görək
başımıza nə gəlir.
Kitab nəşr
olundu və maraqla qarşılandı.
Dünya silkələnsə,
qopar yerindən
Sən bil ki,
Bu yoldan
dönən deyiləm,
İstəsən
göyləri endirərəm mən,
Eşqin
göylərindən enən deyiləm.
Davud Nəsib
göyün olmasa da, məhəbbətin yeddinci qatına ucala
bilən şairdi. Bunu söyləməyə onun yazdığı məhəbbət
şeirləri, lirik poeziyası əsas verir. Bu, klassik ədəbiyyatdan
gələn məhəbbətə bənzəsə də,
şairin qəlbində yeniləşib,
özününküləşib...
Kökündə
Nizami, Füzuli şeirlərinin ruhu duyulan bu sevgi nəğmələrinin
Davud Nəsib dünyasında öz sədaqəti, etibarı
var.
Davud Nəsib
üzünü dünyaya tutdu. Ürəyini dünyaya
açdı. Yer üzündəki şairlərin səsinə
səs verdi. Haqqın, ədalətin,
sülhün, əmin-amanlığın bəşəriyyət
üçün yeganə yol olduğuna şərik
çıxdı, öz şair qələmiylə buna imza
atdı...
Arzularını,
istəklərini ilhamının gücü çatan qədər
şeirlərində ifadə etdi - "Vətən məhəbbətli,
vətən ünvanlı" şeirlərində.
Xaliq RƏHİMLİ
Ədəbiyyat qəzeti.- 2011.- 19
avqust.- S.6.