Bu il aprelin 26-da Azərbaycan Milli
Elmlər Akademiyasının illik ümumi yığıncağında ölkəmizin
elm məbədinin müasir
dövrün tələblərinə uyğun fəaliyyətinə böyük
dövlət qayğısı göstərildiyi xüsusi vurğulandı.
Dövlətimizin
başçısı cənab İlham Əliyev
yekun nitqi ilə
çıxış edərək bildirdi
ki, burada söylənən
təkliflər çox dəyərlidir. Bunlar nəzərə alınacaq və müvafiq tapşırıqlar veriləcəkdir
ki, qaldırdığınız məsələlər
tezliklə öz həllini tapsın.
Azərbaycan
Prezidenti dedi: “Nizami mərkəzinin yaradılması ilə əlaqədar
səslənən təkliflər hesab
edirəm ki, təqdirəlayiqdir. Heç kimdə şübhə yoxdur ki, Nizami
Gəncəvi dahi Azərbaycan şairidir. Bunu bütün dünya bilir. Əgər belə ehtiyac
yaranıbsa ki, bunu kiməsə
sübut edək, biz bunu çox asanlıqla sübut edə bilərik. Nizaminin
xatirəsi hər bir azərbaycanlı üçün əzizdir, doğmadır. Nizaminin əsərləri əlbəttə ki, milli şüurumuzun
tərkib hissəsidir. O ki qaldı
hansısa qüvvələr tərəfindən bu əsərlərə yiyə
çıxmaq, yaxud da
özününküləşdirmək məsələsinə,
əfsuslar olsun ki, biz belə hallarla dəfələrlə
üzləşirik. Bunun da əsas səbəbi
ondadır ki, Azərbaycan ədəbiyyatı,
Azərbaycan mədəniyyəti, incəsənəti o qədər zəngindir ki,
başqa tərəflərdən bizim milli sərvətimizi
özününküləşdirmək üçün
cəhdlər göstərirlər. Bu
təkcə ədəbiyyatla, yaxud da ki, Nizaminin
əsərləri ilə bağlı olan
məsələ deyildir.
...Biz heç vaxt, tarix boyu
başqa xalqın milli
dəyərinə, yaxud da
ki, milli irsinə göz dikməmişik. Ancaq
əfsuslar olsun ki, bizə
qarşı həmişə belə cəhdlər olub. Yenə də deyirəm, bunun
əsas səbəbi Azərbaycan xalqının istedadı və
mədəniyyətimizin zəngin olmasıdır. Ancaq biz əlbəttə ki, mədəni irsimizi
qoruyacağıq, bütövlükdə müstəqilliyimizi
qoruyacağıq.”
Nizami ehtişamı
Dahi Nizamini bizdən cismən 870
illik bir məsafə ayırır. Ancaq mahiyyət etibarilə
Nizami Gəncəvi indiyə qədər də və bundan
neçə-neçə əsr sonralar da, əbədi-əzəli
öz doğma xalqının qəlbində yaşayıb və
yaşayacaq. Böyük etiqadına görə, nə vaxt
"Nizami hardadır?" - deyə soruşsalar, hər
misrası dil açıb deyəcək: "Burda,
burdadır!.."
Nizami mərkəzinin
yaradılması ilə əlaqədar Azərbaycan Prezidenti cənab
İlham Əliyevin çıxışında deyildiyi kimi:
"Heç kimdə şübhə yoxdur ki, Nizami Gəncəvi
dahi Azərbaycan şairidir. Bunu bütün dünya bilir. Əgər
belə ehtiyac yaranıbsa ki, bunu kiməsə sübut edək,
biz bunu çox asanlıqla sübut edə bilərik.
...Biz
heç vaxt, tarix boyu başqa xalqın milli dəyərinə,
yaxud da ki, milli irsinə göz dikməmişik. Ancaq əfsuslar
olsun ki, bizə qarşı həmişə belə cəhdlər
olub. ...Bunun əsas səbəbi Azərbaycan xalqının
istedadı və mədəniyyətimizin zəngin
olmasıdır. Ancaq biz əlbəttə ki, mədəni
irsimizi qoruyacağıq, bütövlükdə müstəqilliyimizi
qoruyacağıq."
Həqiqətən
xalqın böyük hadisələrlə, mübarizələrlə,
elmi-mədəni xarüqələrlə, dahi şəxsiyyətlərlə
zəngin tarixi onun bu günü üçün də,
sabahı üçün də ən etibarlı təməldir,
köməkdir.
Burada şəxsən
məni xüsusilə düşündürən, həm də
etiraf edim ki, qürurlandıran bir məqamı
xatırlatmağa ehtiyac duyuram.
Nizami Gəncəvinin
həqiqətən türk oğlu türk olduğunu onun qeyri-adi
dühasını bütün varlıqları ilə duya və
qiymətləndirə bilən Nəvai və Füzuli sənətində,
doğmalığında aşkar görmək
mümkündür.
Yəqin
belə səylər xüsusən gənc nəslin, eləcə
də gələcək nəslin öz kökünə
layiqincə bələdlik haqqını qoruyub saxlamasına
lazımi kömək göstərə bilər.
Ümid
edirəm, oxucu məni qeyri-təvazökarlıqda qınamaz
desəm ki, Türk dünyasının iki dahisinin -
cığatay türkcəsi və Azəri türkcəsinin əvəzsiz
ustadları Nəvainin "Xəmsə"sindən "Leyli
və Məcnun"unu tərcümə, Füzulinin "Leyli
və Məcnun"unu tədqiq işləri məndə belə
bir qənaət yaradıb: həm Nəvainin, həm də Füzulinin
Nizamiyə münasibəti fikir doğmalığı ilə
yanaşı, həm də qan doğmalığının -
hər üçünün türk oğlu türk
olmasının ən yüksək ifadəsidir.
Onlar - əvvəlcə
Nəvai, sonra da Füzuli böyük sələflərinin məlum
tarixi şərait səbəbindən ürəyində
qalmış arzusunu ondan dörd əsr sonra imkan
düşüb reallaşdıra biliblər - türk
xalqlarının doğma dilində - cığatay və Azəri
türkcələrində yazıblar.
O da səbəbsiz
deyil ki, hər ikisi eyni zamanda dahi Nizami məktəbinin tələbəsi
kimi böyük poeziya ənənəsi olan fars dilində də
ölməz əsərlər yaratmışdır.
Bir
münasibətlə vaxtilə qeyd etdiyimiz kimi, Nəvainin
Nizami Gəncəvi yaradıcılığına bəslədiyi
böyük doğmalıq məhəbbəti ("Şeyx ilə
görüşmək istəyirəm mən, - Ayağına
düşmək istəyirəm mən".) nəticədə
onu sənətin fövqünə qaldıran ən
güclü təkanlardan biri olur. Zamanında ədəbi
hadisələrin mərkəzində dayanan Nəvai özbək
poeziyasındakı əyintilərlə, ana dilli sənətə
xor baxmaq halları ilə, farsca yazmağı daha şərəfli
bilmək meyilləri ilə nəinki barışmadı, hətta
onu, belə demək mümkünsə, qanundan kənar elan
etdi. Nəvai özbək ədəbiyyatının öz
vaxtına qədər topladığı zəngin təcrübəyə
əsasən, onun yaşamaq, daim yüksəlmək
haqqını müdafiəyə qalxdı. Gözəl poetik
nümunələr yaratmaqla kifayətlənməyib, elmi-nəzəri
əsərlər yazmaq əziyyətinə də
qatlaşdı. "Mühakimətül-lüğəteyn"
("İki dilin müqayisəsi") meydana
çıxdı. Qədim özbək dili ilə farscanı
xeyli misallar əsasında müqayisə edib belə bir nəticəyə
gəldi və ayıq oxucularını da inandırdı ki,
birinci çox mühüm keyfiyyətlərə, hətta bəzi
halda üstünlüklərə malikdir və ikincidən
heç də geri qalmır. Elə ana dilində hər
hansı mürəkkəb elmi, bədii fikri çox
aydın, şirin, canlı ifadə etmək
mümkündür və vacibdir. Doğma dilinə laqeyd
baxanları Nəvai utandırır və bunu sağlam
ağlın qənaəti hesab etmirdi; onun fikrincə, bu diqqətsizlik
dərinliyə yox, unutqanlığa dəlalət edən əlamət
idi. Nəvai bu çağırışa başlayana qədər,
deyildiyi kimi, məsələn, fars dilində "Fani"
imzasıyla Divan ("Divani-fani") yaratmış, ən
mühümü isə istər elmi, istərsə də bədii
əsərlərində ana dilinin o vaxtadək görünməmiş
imkanlarını üzə çıxarmışdı.
"Nəvai və Cami", "Nizami və Füzuli"
kimi fundamental tədqiqatların müəllifi Y.E.Bertelsin
haqlı qeyd etdiyi kimi, son dərəcə mühüm olan
budur ki, Nəvai öz ana dilini müdafiə edərkən
bircə an da olsa fars dilinə və bu dildə
yaradılmış ədəbiyyata kəmetinalıq
mövqeyində dayanmır. O, etiraf edir ki, fars ədəbiyyatının
xidməti böyükdür və bəşər mədəniyyəti
üçün olduqca çox iş görmüşdür.
O, öz dilinin üstünlüyünü,
reallığını heç kəsin inkar edə bilməyəcəyi,
tamamilə obyektiv faktlarla sübuta yetirir. Ancaq mühüm
olanı hətta bu üstünlük də deyil. Mühüm
olanı budur ki, onun xalqının mədəni
inkişafı hər hansı özgə dildən yox -necə
mükəmməl olsa belə - yalnız öz ana dilindən
istifadə etdiyi şəraitdə mümkün olacaqdır.
Türk dillərinin mədəni əhəmiyyəti barədə
Nəvai ilkin olaraq danışır və dərhal da məsələni
yüksək elmi səviyyədə qoyur. Onun
çıxışından sonra bu dillərdən mədəni
məqsədlərlə istifadənin qanunauyğun olduğuna
biryolluq və həmişəlik heç bir şübhə
yeri qalmadı.
Ana dilli ədəbiyyatımızda
məsələyə bu mövqedən yanaşan "qeyri-adi
dahi, fövqəladə dahi Füzuli" (Hammer) oldu.
Təsadüfi
deyil ki, qədim özbək dilində "Xəmsə"nin
olmaması vaxtilə Nəvaiyə rahatlıq vermirdisə,
sonralar Azərbaycan dilində də "Xəmsə"nin
heç olmasa bir hissəsinin yoxluğu Füzulini rahat
buraxmadı və nəhayət, ana dilində "Leyli və
Məcnun"u yaratdı.
Dahi
Nizaminin əsl ehtişamı onun doğma xalqının -
Türk dünyasının, ümumən bütün bəşəriyyətin
yüksək qiymətləndirib yaşatdığı və
həmişə də yaşadacağı böyük sənətidir.
Ayaz VƏFALI
Ədəbiyyat qəzeti.- 2011.- 26
avqust.- S.1.