Gəncədə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək

        

Gələn ay dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcək. Artıq bununla bağlı tədbirlər planı hazırlanaraq təsdiqlənib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, Gəncə şəhər İcra Hakimiyyətində yubiley mərasiminə hazırlıq işlərinin vəziyyətini aydınlaşdırmaq məqsədilə iclas keçirilib. İclasa şəhər rəhbərliyi, müvafiq idarə və təşkilatların rəhbərləri, həmçinin yubileyə hazırlıq məqsədilə yaradılmış komissiyanın üzvləri qatılıblar. Komissiyanın sədri Fuad Əliyev iclasda çıxış edərək yubileylə əlaqədar Nizami Gəncəvi yaradıcılığının müxtəlif dövrlərini əks etdirən kitabların nəşrə hazırlandığını bildirib. O kitabların siqnal nüsxələrini şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə təqdim edib. Komissiya sədri Nizami Gəncəvinin əsərlərindən ibarət toplunun bir neçə dildə çapa hazırlandığını vurğulayıb. Bundan başqa komissiya dahi şairin 870 illiyi ilə bağlı Gəncədə keçiriləcək elmi konfransa hazırlıq işlərini davam etdirir.

Komissiyanın gördüyü işləri dəyərləndirən iclasda çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev fars, özbək və digər xalqların Nizami yaradıcılığına sahib çıxdığını xatırladıb. Və bu təhlükənin qarşısını almaqda nizamişünasların üzərinə böyük düşdüyünü deyib.

Dahi şairin irsinin qorunub saxlanması və tədqiq edilməsi istiqamətində görüləcək işlərdən biri də Gəncə Nizami Gəncəvi Mərkəzinin tikintisi olacaq. Tikintiyə yaxın günlərdə start veriləcəyini deyən Elmar Vəliyev bu mərkəzdə dahi şairin həyat və yaradıcılığını əks etdirən xalq sənəti nümunələrinin, eksponatların, qədim əlyazmaların sərgilənəcəyini deyib. O, Nizami Gəncəvi Mərkəzi üçün eksponatların toplanmasına göstəriş verib.

Toplantıda yubileyə hazırlıqla əlaqədar yaradılmış komissiyanın üzvləri çıxış edərək emalatxanalara Nizami dövrünün həyat tərzini əks etdirən qədim xalq sənəti nümunələrinin sifariş edildiyini bildiriblər. Sifarişlərin gələn aya kimi təhvil veriləcəyi nəzərdə tutulur. Xatırladaq ki, gələn aydan etibarən Nizami Gəncəvinin 870 illiyi ilə bağlı silsilə tədbirlərə start veriləcək. Tədbirlərin Gəncədə və ölkənin digər şəhərlərində keçirilməsi nəzərdə tutulur.

 

 

Ədəbiyyat qəzeti.- 2011.- 26 avqust.- S.1.