Dünəninə baxmasan, sabahını görməzsən  

     

Bir sıra elmi araşdırmaları ilə bütöv bir epoxanın qaranlıq səhifələrinə işıq salan akademik İsa Həbibbəyli təkcə 3-4 ilin içərisində Abbas Zamanov, Məhəmmədağa Şaxtaxtlı kimi şəxsiyyətlərin elmi irsinin bir çox səhifələrinin üzə çıxarılmasında, nəşr edilib xalqın milli sərvətinə çevrilməsində çox uğurlu işlər görmüşdür. Belə uğurlu işlərdən biri də Azərbaycan tənqidinin vicdanı və əxlaqı sayılan, böyük şəxsiyyət və təmənnasız fədakar alim, akademik Məmməd Cəfər Cəfərovun həyatı, elmi və ədəbi irsinin bitkin şəkildə yüksək səy və diqqətlə nəşr edilib xalqa çatdırılması kimi nəcib və xeyirxah işidir.

M.C.Cəfərov sağlığında heykəlləşən şəxsiyyətlərdəndir. O, təmiz əxlaqı, vicdanı, təmənnasız və minnətsiz ömrü ilə özlüyündə bir mənəviyyat məktəbi idi ki, bu məktəbin işığı hələ bir çox zamanlar Azərbaycan milli-məfkurə təfəkküründən silinməyəcəkdir. Bu işıqlı şəxsiyyətin 100 illik yubileyi ilə bağlı elmi konfransı akademik İ.Həbibbəylinin rəhbərliyi ilə ilk olaraq Naxçıvan Dövlət Universitetində keçirildi. Onun tərtibi və mənəvi qayğısı ilə 2009-cu ildə nəfis şəkildə işıq üzü görən və akademikin həyatının, yaradıcılığının müxtəlif yön və istiqamətlərini əhatə edən 208 səhifəlik "Akademik Məmməd Cəfər Cəfərov: taleyi və sənəti" adlı məqalələr toplusunu M.C.Cəfərov irsinə böyük hörmətin və qayğının təzahürü kimi ilk addımlardan biri hesab etmək olar. AMEA-nın müxbir üzvü, Azərbaycan filoloji elminin "ağır artilleriya"larından biri Abbas Zamanovun məqaləsi ilə açılan bu kitabda akademik Bəkir Nəbiyev, akademik İsa Həbibbəyli, AMEA-nın müxbir üzvü Yaşar Qarayev kimi mötəbər qələm sahibləri ilə yanaşı, mətbuat və elm sahələrində özlərinəməxsus imzaları olan bir sıra tanınmış müəlliflərin də M.C.Cəfərov haqqında dəyərli yazıları yer almışdır.

2010-cu ildə yüksək poliqrafiya səviyyəsində "Çaşıoğlu" nəşriyyatı tərəfindən yenə də İsa Həbibbəyli zəhmətinin işıqlı bəhrəsi kimi nəşr edilən 316 səhifəlik "Xatirələr" kitabı dünənimizin canlı tarixi olmaqla bu günümüzə də işıq salan dəyərli bir milli sərvətdir.

Oxucular İ.Həbibbəylinin sayəsində "Xatirələr"in "Ədəbiyyat qəzeti"nin 24 aprel 2009-cu il tarixli nömrəsində "Bizim məhəllə" adı ilə dərc edilmiş kiçik bir hissəsilə tanış olmuşlar. "Xatirələr"in bu kiçik hissəsi də tarixilik və milli düşüncə baxımından oxucuya az şey demirdi. Amma xatirələrin bitkin kitab variantı ilə yaxından tanışlıq bütövlükdə mənim yaddaşımda iki böyük obraz yaratdı: bunlardan birincisi Məmməd Cəfər müəllimin bənzərsiz obrazıdır ki, belə bir obraza memuar janrında yazılmış, lap dünya ədəbiyyatında belə az-az rast gəlmək olar. Burada Məmməd Cəfər müəllimin şərqli əxlaqına, türklük psixologiyası və təfəkkürünə, azərbaycançılıq məfkurəsinə məxsus bütöv və dəyişməz bir obrazı canlanır. İkinci böyük obraz isə qələmə alınan mühit və şəraitin, ictimai-siyasi ab-havanın oxucu beynində formalaşan, kökləşən dəyişməz bir obrazdır. İkinci obraz birinci obrazı formalaşdıran, cilalayan, həyata və mübarizəyə hazırlayan obrazdır ki, onun ilkin adı XIX əsrin sonu, XX əsrin əvvəllərinin Naxçıvan mühitini, sosial-ictimai şəraitini və milli-mənəvi əxlaqi dəyərləri özündə ehtiva edən zəmindir.

"Xatirələr" iki böyük hissədən ibarətdir ki, onun birinci hissəsi "Naxçıvan xatirələri", ikinci hissə isə "Bakı xatirələri" adlanır. Əlbəttə, fikrimizcə, bu adlar şərtidir. Çünki kitabda müəllifin Tiflis, Gəncə və digər regionları əhatə edən maraqlı həyat həqiqətlərinə söykənən dəyərli xatirə təəssüratları da az yer tutmur.

İ.Həbibbəyli "Xatirələr"ə - "Həyatın dibindən böyük üfüqlərə" adlı əhatəli ön söz yazmışdır. Ön sözdə tədqiqatçı Məmməd Cəfər müəllimin simasında bütöv bir ədəbi nəslin inkişaf tarixinə nəzər salır, oxuculara bu görkəmli alimin çoxları üçün "görünməyən" xarakterinin gizli məqamlarını açan aydın obrazını təqdim edir. "Xatirələr"in məziyyətindən, ictimai-elmi əhəmiyyətindən danışan müəllif haqlı olaraq bu qənaətə gəlir ki, "bütövlükdə akademik Məmməd Cəfər Cəfərovun "Xatirələr"inin ictimaiyyətə və geniş oxucu auditoriyasına təqdim olunması elmi-ədəbi mühitimizin əhəmiyyətli hadisəsi sayıla bilər".

"Xatirələr" "Gənc oxucularım" adlı kiçik müraciətlə başlayır. Müəllif oxucu qəlbinə yol tapan ilk cümləsini yazır: "Mənim həyatım elə bir həyat olmamışdır ki, sizin üçün nümunə olsun. Sizə nümunə böyük şəxsiyyətlərin həyatı ola bilər. Mən bu xatirələri yazıram ki, sizin görmədiyiniz ötən günlər haqqında aydın təsəvvürünüz olsun, ötüb keçəni bugünkü həyatla müqayisə edib, lazımi nəticələr çıxara biləsiniz".

Bu sətirlər Məmməd Cəfər müəllimin nə qədər böyük təvazökarlıqla özünü təqdim etməsi onun daxili, mənəvi aləminin bütövlüyündən, zənginliyindən xəbər verən bir ucalıqdır. "Xatirələr"i oxuduqca onun simasında bir həqiqəti aydınlığı ilə dərk edirsən ki, doğrudan da, "insan kərpic kimidir, yandıqca bərkiyir" (P.Buast). İ.Həbibbəylinin də qeyd etdiyi kimi "həyatın dibindən" gələn, uşaqlığından belə güclü fəhmi, dərin zəkası, çevik və iti ağlı ilə taleyin vaxtından əvvəl bir evin, bir ocağın kişisi, ağsaqqalı etmiş xatirələr müəllifi həyatın od-alovu içində yana-yana bərkimiş, bərkiyə-bərkiyə yanmışdır. "Xatirələr"in "Naxçıvan xatirələri" hissəsini oxuyanda, oxucular üçün qəribə səslənsə də, nədənsə Cəlil Məmmədquluzadənin, ən çox da "Danabaş kəndinin əhvalatları" əsərinin bir çox fraqmentləri yada düşür. Və bu məqamda onu da qeyd etməyi vacib sayıram ki, M.Cəlil yaradıcılığının bəzi "gizli" mətləblərini başa düşmək üçün "Naxçıvan xatirələri"nin əhəmiyyəti az deyil. Çünki M.C.Cəfərovun qələmə aldığı, yaddaşında qoruyub saxladığı Naxçıvan mühitinin XX əsrin əvvəlləri M.Cəlil yaradıcılığının dolğun və çiçəklənən vaxtlarına düşür. "Xatirələr"də elə məqamlar, elə obrazlar qələmə alınır ki, onlar bizə M.Cəlilin əsərlərindən yaxşı tanışdır. Bizcə, "Xatirələr"də təsvir olunan insanların yaşayış tərzi, məişəti, dünyagörüşü, peşəsi, ictimai-sosial hadisələrə münasibəti və s. məsələlərin mahiyyəti ilə M.Cəlil yaradıcılığı arasında paralellik axtarmaq olar.

Müəllifin Naxçıvanın o zamankı toy adətləri və dini mərasimləri, məhəllə, şəxs adları ilə bağlı maraqlı məlumatları, şəcərəsi, nəsil tarixinin göstəricisi kimi qələmə aldığı "Babam usta Cəfər", "Məmməd Qasım əmi", "Abdulla əmi", "Əsgər əmi", "Atamın əmisi oğulları" və s. kimi başlıqlar altında verilən həyat həqiqətləri bütövlükdə yüz il bundan əvvəlki Naxçıvan mühiti haqqında geniş və aydın təsəvvür yaradır. Bütövlükdə talelərin təcümeyi-halı təsiri bağışlayan bu əsərdə Durna, Suğra, Xeyrənsə nənə, Nisəbəyim nənə və onlarla digərlərin uğursuz taleləri hər bir oxucu üçün ibrətamiz həyat faktlarıdır.

"Xatirələr"də Naxçıvanın o vaxtkı mədəni həyatının ayrı-ayrı fraqmentlərinə də nəzər salınır. Məlum olur ki, XX əsrin 20-ci illərində "Bakı artistləri Abbas Mirzə Şərifzadə, Sidqi Ruhulla, Mərziyə xanım və b. yay aylarında Naxçıvana qastrola gəlir, "Aydın", "Oqtay Eloğlu", "Hamlet", "Maqbet", "Otello" və s. tamaşalar verirdilər". Bubuna bənzər faktlar bugünkü tədqiqatçılarımız üçün zəngin mənbə rolunu oynaya bilər. Xüsusilə, hələ gərəyincə açılmayan, incələnməyən Naxçıvanın məhəllə adlarının, bir sıra etnoqrafik xarakterli abidələrin tarixinin də qaranlıq məqamlarına işıq salmaq baxımından əsərdə yetərincə materiallar var.

Ali məktəb həyatına qədər elə bir sistemli, ardıcıl təhsil görməyən akademik ilk təhsil ilini, məktəbə getdiyi günü belə xatırlayır: "Yeddi yaşıma təzəcə girmişdim. Atam məni bazar məscidinin həyətində yerləşən və "məktəbi-xeyriyyə" adlanan məktəbə qoydu. Müəllimlərimiz Molla Əli və Hüseyn Cavidin qardaşı Şeyx Məhəmməd idi. Həftədə iki gün harda isə seminariyanı təzəcə qurtarıb gələn Mirzə Həsəndən də rus dərsi alırdım".

Lakin sonralar kündəgirlikdən Naxçıvan Pedaqoji Texnikumunun tələbəsi olanda yeni bir mühit və şəraitlə uğraşan xatirələr müəllifi Naxçıvanın o vaxtkı təhsil həyatında müstəsna xidmətləri olan Murad Tutayuk, Asəf Məlikov, Hadi Mirzəzadə, Əsəd Cəfərov, Həmid Fərzəlibəyli, Həsən Səfərli, İbrahimxəlil Axundov və başqalarının adlarını hörmətlə çəkir, onların fəaliyyətinə dəyərincə qiymət verir.

"Xatirələr"dən aydın olur ki, M.C.Cəfərovun Bakı həyatı 1930-31- ci illərdən başlayıb. Bu da məlum olur ki, texnikum tələbəsinin istedad və bacarığını nəzərə alan direktorluq texnikumu bitirməmiş pedaqoji şuranın qərarı ilə onu Bakı Ali Pedaqoji İnstitutun dil və ədəbiyyat fakültəsinə göndərir. Bu illərdən ehtibarən onun həyatında məişət, dolanışıq qayğıları ilə bərabər, daha çox ictimai-sosial qayğılar aparıcı rol oynayır. Bu da təbii idi. Çünki o vaxtın bir əyalət məkanı olan, sənayesiz, böyük ticarətsiz, gəliri-çıxarı bilinməyən Naxçıvan mühitinin vermədiklərini, daha doğrusu, verə bilmədiklərini Bakı mühiti ona verirdi. O, burada yeni düşüncə tərzinə yiyələnməkdə olan bir mühitin içində nəfəs almağa başlayır. Düzdür, ideologiyanın, bolşevik şüarçılığının sərt və amansız dalğası nəticəsində, bir çox hallarda dərindən "nəfəs almaq" problemi qarşıda dursa da, hər halda bu mühitdə onun gördüyü Həmid Araslı, Bəkir Çobanzadə, Feyzulla Qasımzadə, Hacı Baba Nəzərli, Muxtar Hüseynov , Əzəl Dəmirçizadə, Əli Sultanlı, Əli Nazim, Məmməd Arif, Hənəfi Zeynallı və digər tanınmış ziyalı müəllimlər gələcək akademikin həyatında və inkişafında müstəsna rol oynamışlar. Hər bir müəllimin üslubmetodundan, hazırlıq səviyyəsindən səxavətlə danışan Məmməd Cəfər müəllim 37-ci ilin repressiyasından da yan keçə bilmir. Onun həyatında və taleyində unudulmaz izlər buraxan Bəkir Çobanzadənin, Ruhulla Axundovun, Hacı Baba Nəzərlinin, Əli Nazimin, Hənəfi Zeynallının, M.Ələkbərlinin, Əli Səbrinin və digər düşünən, düşündürənlərin faciəli aqibətlərindən ürək ağrısı ilə söz açaraq yazırdı: "Məlumdur ki, 37-ci ildə belə həbs və sürgünlər bütün respublikalarda başlamışdı və davam edirdi. Lakin Azərbaycanda daha amansız şəkildə aparılırdı. Bunun səbəbi sonralar "xalq düşmənləri" bəraət qazanandan sonra Bakıda Bağırovun məhkəməsində anlaşıldı. Məhkəmədə uzun müddət Azərbaycanda "xüsusi idarənin" sədri olangizli daşnak partiyasının üzvü açıq dedi ki, o, Türkiyədəki qırğının intiqamını azərbaycanlılardan almışdır".

Bu kimi faktlarla zəngin olan "Xatirələr" təkcə bir fərdin, bir ictimai qurumun deyil, bütövlükdə xalqın keçdiyi acılı-şirinli bir zaman kəsiyinin canlı tarixidir. Bu tarixdən hər bir oxucu, ictimaisiyasi təfəkkür adamı özü üçün mühüm nəticələr çıxara bilər.

"Xatirələr"in böyük tərbiyəvi, elmi və əxlaqi əhəmiyyətlərindən biriali məktəb müəllimləri, tələbə-müəllim münasibətləri, etik normaları ilə bağlıdır. Həm tələbəlik, həm də ali məktəbdə çalışdığı illərin bitkin təcrübəsinə söykənən müəllif üzünü bugünkü ali məktəb müəllimlərinə tutaraq yazırdı: "Ali məktəb müəlliminin əsas vəzifəsi öz predmetinin de-talları, onun öyrənmə yollarını başa salmaq, ən mühüm problemlərlə tələbənin diqqətini cəlb etmək, lazımi mənbələri göstərməkdən ibarət olmalıdır və o, imtahanda da tələbənin biliyini, səyini, göstərdiyi zəruri mənbələri yoxlamalıdır, soruşmalıdır". Təbii ki, ali məktəb müəllimi qarşısında belə bir professional tələblər qoyan Məmməd Cəfər müəllim təkcə ədəbiyyatşünaslıq elminin deyil, eyni zamanda pedaqoji təhsil sahəsinin və bu sahənin əsas siması olan müəllimliyin də akademiki idi. Bu gün Azərbaycanın ortaali məktəblərində dərs deyən və vaxtilə Məmməd Cəfər kimi bir ustaddan dərs alanlar ən yüksək mənəvi, əxlaqi keyfiyyətlərə və müəllimlik ustalığına görə özlərini bu böyük şəxsiyyətə borclu sayırlar.

"Xatirələr"in ümdə məziyyətlərindən biri də 30-40-cı illərdə gedən ədəbi prosesdəki bəzi qaranlıq və kölgəli məqamlara aydın müəllif mövqeyidir. Düzdür, müəllif şəxsiyyətinin böyüklüyündən repressiya dəyirmanına su tökənlərin adlarını çəkməsə də, pərdəli, eyhamlı şəkildə onların kimliyini bir çox ədəbi nüanslarla üzə çıxarır. Xüsusilə, Səməd Vurğun şəxsiyyətinə və yaradıcılığına olan bəzi qərəzli münasibətlər və bu qaragüruhçu münasibətlərə qarşı Məmməd Cəfər kimi sağlam düşüncəli, qərəzsiz adamların millət, xalq və ən başlıcası böyük ədəbiyyat uğrunda mübarizəsi də tarixin yaddaş səhifələri kimi bu gün də əhəmiyyətlidir.

Geniş yaradıcılıq istiqamətinə malik olan "Xatirələr" müəllifinin həyatının mühüm və həm də başlıca bir hissəsini, özününqeyd etdiyi kimi, qəzetçilik fəaliyyəti təşkil edir. Böyük Vətən müharibəsi illərindən 1948-ci ilin axırına qədər "Ədəbiyyat qəzeti"ndə redaktor olmuş Məmməd Cəfər müəllim sonralar qəzetçilik işini də yaradıcı adam üçün bir məktəb hesab etmişdir. Buna görə də müəllif bugünkü jurnalistlər, qəzetçilər üçün örnək olaraq yazırdı ki, "qəzetçi yalnız öyrətmir, eyni zamanda öyrənir, yalnız tərbiyə etmir, eyni zamanda tərbiyələnir. Məndən soruşsaydılar ki, "haranı qurtarmısan?" bitirdiyim məktəbləri sayandan sonra deyərdim:

- Bir də "Ədəbiyyat qəzeti" məktəbini qurtarmışam".

Qəzetin cəmiyyətdəki rolundan, millətin məfkurəsinin formalaşması sahəsindəki vəzifələrindən danışan müəllif bir redaktor kimi ideologiyanın təsirindən doğan mənəvi sarsıntılara, ağrılara da biganə qala bilmir. Amma yenə də qəzetin böyük rolunu həmişə diqqət mərkəzində saxlayır: "Qəzet bir çox istedadı, səyləri, bir-birini oyadan, tamamlayan fikirləri vahid bir məqsəd ətrafında birləşdirir".

"Xatirələr" "Heydər Hüseynov haqqında qeydlər"lə başa çatsa da, bu gözəl tale romanının işıq üzü görməsində mənəvi övladlıq borcunu səxavətlə yerinə yetirən professor Ulduz Haşımovanın "Məmməd Cəfər müəllimin ailə mühiti və münasibətləri" adlı çox məhrəm, isti, duyğulu və qayğılı yazısı ilə tamamlanır. Oxuculara müraciətlə yazılan və özününqeyd etdiyi kimi, "söz ardı" təsiri bağışlayan 14 səhifəlik yazı Məmməd Cəfər müəllimin xarakterini bütövləşdirən, şəxsiyyətini daha da ucaldan bir yazıdır. Ulduz xanımın yazısından aydın olur ki, dayısı, mənəvi atası və çətin günlərinin yaxın dostu Məmməd Cəfər müəllim bir şəxsiyyət kimi cəmiyyətdə, elmi, ictimai mühitdə hansı rolu oynayırdısa, o, evdə, ailədə də o rolu, səmimiyyəti bir azərbaycanlı kişisi kimi axıradək qoruyub saxlamışdır. Onun ailə həyatı da bu günümüz üçün çox gözəl bir nümunədir.

Zəngin dilə, milli koloritə malik "Xatirələr" əsəri bugünkü dilçilərimiz, tarixçilərimiz, etnoqraf tədqiqatçılarımız üçün də dəyərli mənbə rolunu oynamağa qadirdir.

Əlbəttə, bütün mətləb və təfərrüatları haqqında geniş danışmaq imkanı bir məqaləyə sığmayan "Xatirələr" bir həyat dərsliyidir. Bu dərsliyin səhifələrində müəllif həm binəsiblərin, həm də nəsiblərin şirinli-acılı talelərilə sözbəsöz, cümləbəcümlə bizə, xüsusilə bugünkü gəncliyə yaşamağın düsturunu göstərir ki, o düsturun yazılı formulu budur: dünəninə baxmasan, sabahını görməzsən. Çünki bu gün dünəndən, sabah bu gündən başlanır.

 

P.S."Xatirələr"in son cümləsini oxuyub kitabı qatlayanda nədənsə xəyalımda Nizami adına Ədəbiyyat İnstitutunun 20-30 il bundan əvvəlki uzun dəhlizi canlandı. Və bu dəhlizdə pencəyini çiyinlərinə salaraq, köynəyinin üst düyməsini açıb ağır-ağır, ləngərli addımlarla sabaha addımlayan insan cildində, insan donunda bir işıq gördüm. Bu işıq yaddaşlara əbədi hopmuş bir şəxsiyyətin - Məmməd Cəfər Cəfərov şəxsiyyətinin işığı idi...

 

 

Xanəli KƏRİMLİ

 

Ədəbiyyat qəzeti.- 2011.- 26 avqust.- S.2.