Gözəl duyğular şairi

     

XX əsrdə türk xalqlarının ədəbiyyatı coşqun bir vüsətlə inkişaf etmişdir. Bu əsrin gətirdiyi böyük inqilablar, sosial təlatümlər, milli çalxantılar, iki dünya savaşı xalqların və ədəbiyyatların taleyinə öz silinməz damğasını vurmuşdur.

Sovet rejimi türk xalqlarını imkan daxilində bir-birindən ayırmağa, yadlaşdırmağa çalışdı. Bunun üçün çoxlu süni ideyalar icad etdi, hər türk ləhcəsini ayrı ədəbi dilə çevirdi, əlifbaları dəyişdirdi, dilləri bir-birindən uzaqlaşdırdı, nəhayət, milli şüurun daşıyıcısı olan türk ziyalılarını fiziki cəhətdən məhv etdi. Türk xalqlarının yeganə qazancı isə orta və ali məktəblərin yaranması, kütləvi savadlanma, yeni ziyalı zümrəsinin meydana çıxması, saysız-hesabsız eybəcər sapıntılara baxmayaraq öz milli mədəniyyətini, o cümlədən ədəbiyyatını inkişaf etdirmək oldu.

XX əsrin birinci yarısında sovet türk respublikalarında bir-birindən parlaq ədəbi simalar yetişdi. Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Qafur Qulam, Aybək, Zülfiyyə, Berdi Kerbabayev, Qara Seyitliyev, Muxtar Övezov ... kimi görkəmli sənətkarlar ortaya çıxdı. Heç şübhəsiz, bu cərgədə məşhur qazax şairi Qasım Amanjolovun da öz xüsusi mövqeyi və yeri var.

Qasım Amanjolovun ədəbi portretini dolğun şəkildə təsəvvür etmək üçün demək lazımdır ki, o, inqilabi-tribun şair kimi Süleyman Rüstəmə, duyğu yüklü lirikada, xalq ruhuna yaxınlıqda daha çox Hüseyn Arifə bənzəyir. XX əsr qazax ədəbiyyatı onsuz çox kasıb görünərdi.

Şairin öz əlilə yazılmış geniş tərcümeyi-halı yoxdur. Anketlərdən öyrənirik ki, Qasım Rəhimcan oğlu Amanjolov 1911-ci ildə Qazaxıstanın indiki Karaqanda vilayətinin Qarqaralı rayonunun Qızılaray qışlağında yoxsul bir ailədə dünyaya gəlmişdir. Kiçik yaşlarında ata-anasını itirdiyi üçün onu Semey şəhərindəki internat məktəbə vermişlər. Qasım 1924-27-ci illərdə burada, daha sonra Semey baytarlıq texnikumunda və Uralsk şəhərində pedaqoji institutda təhsil almışdır. Uşaqlıqdan qazax akınlarının ifa etdikləri mahnıları, dastanları dinləyən və əzbərləyən Qasım füsunkar xalq poeziyası ilə yaxından tanış olmuşdur. Böyük şair Abayın yaradıcılığı ona xüsusi təsir göstərmişdir. Texnikum tələbəsi ikən rus və dünya ədəbiyyatının klassiklərini mütaliə etməsi onun ədəbi dünyagörüşünü və poetik zövqünü formalaşdırmış, gənc şair ədəbiyyatda ilk kövrək addımlarını o vaxtlar ataraq, öz şeirlərini texnikumun divar qəzetində dərc etdirmişdir.

Qasım Amanjolov ali təhsil almaq üçün Leninqrad Meşə Təsərrüfatı İnstitutuna daxil olmuş, lakin maddi imkansızlıq üzündən doğma vətənə qayıdaraq özünü bütünlüklə ədəbiyyata həsr etmişdir. O, 1930-cu ildə "Leninçi gənclik" qəzetində işə girmiş, sonra isə "Zərbəçi tikinti" qəzetində çalışmışdır. Redaksiyalardakı yaradıcı mühit, xalq kütlələri ilə yaxın ünsiyyət, adlı-sanlı akınlarla tanışlıq gənc şairə çox şey vermişdir. Qasımın bu mətbuat orqanlarında, "Qızıl əsgər" və "Pioner" qəzetlərində bir sıra şeirləri çap olunmuşdur.

1933-35-ci illərdə ordu sıralarında xidmət edən Qasım Amanjolov əsgərlikdən qayıdan kimi Uralskda bir teatrda bədii rəhbər işləmişdir. Bu teatr onun akın, müğənni və artist kimi yetişməsində mühüm rol oynamışdır. Qasım burada özünün bir neçə şeirinə ("Heyhat", "Doğma el" və s.) musiqi bəstələmişdir. Həmin dövrdən təxminən 80 il keçməsinə baxmayaraq, bu mahnılar hələ də xalq arasında populyardır.

Qasım Amanjolov 1936-ci ildə Almatıya köçərək "Sosialistik Kazakstan" qəzetində və Qazaxıstan Yazıçılar İttifaqında işləmiş, çoxlu məqalə, oçerk, felyeton və şeir yazmışdır. 1938-ci ildə onun "Ürək sirri" adlı ilk şeir kitabı işıq üzü görmüşdür.

1941-ci ildə Qasım Amanjolov İkinci Cahan müharibəsinə getmiş, düşmənə qarşı əlində silah və qələm olaraq savaşmış, çox sayda cəbhə şeirləri və bir poema yazmışdır.

Ordudan tərxis olunduqdan sonra bir neçə il "Ədebiyet jəne öner" ("Ədəbiyyat və incəsənət") jurnalının poeziya şöbəsinin müdiri işləyən Qasım Amanjolov bu dövrdə özünün ən gözəl əsərlərini yaratmışdır.

1947-ci ildən etibarən sənətkarın səhhətində ciddi problem yaranmağa başlamışdır. Gecə-gündüz durmadan çalışan, sağlamlığına fikir verməyən Qasım Amanjolovun ömrünün yeddi ili əsgərlikdə keçdiyindən evlənməyə də macal tapmamışdı. Nəhayət, o, 1948-ci ildə, 37 yaşında ikən Sahibcamal xanımla evlənmişdir. Lakin onun ailə səadəti və rahat həyatı uzun sürməmişdir.

1954-cü ilin payızında Qasım Amanjolov Qazaxıstan yazıçılarının III qurultayında iştirak etmiş, bundan qısa bir müddət sonra yatağa düşmüşdür. 1955-ci il yanvarın 18-də alovlu tribun-şair ömrünün və yaradıcılığının çiçəkləndiyi bir çağda - cəmisi 44 yaşında dünyasını dəyişmişdir.

 

* * *

 

Qasım Amanjolov tipik bir sovet şairi, öz dövrünün, zəmanəsinin övladı idi. Bir sovet şairi kimi öz şeirlərində kolxoz quruculuğundan da, fabrik-zavod fəhlələrinin əmək rəşadətindən də söz açmış, Oktyabr inqilabını, Lenini, kommunist partiyasını, sosializmi, xalqlar dostluğunu vəsf və tərənnüm etmişdir. Bu gün bunları danmaq, onun yaradıcılığını təftiş etmək, yaxud başqa prizmadan dəyərləndirmək nihilizm olardı. Qasım Amanjolov o quruluşa ürəkdən inanmış, ona axıradək sadiq qalmışdır. Çünki o özü və onun kimi yoxsul təbəqədən çıxmış bir çox həmkarı sosializm sayəsində təhsil almış, parlamış, ad-san qazanmışdır.

Şairin 1933-35-ci illərdə qələmə aldığı "Traktorçu Temirbek", "Vəsf et, dilim, əməyi", "Nəcibə", "Yeni batır", "İlxıçı mahnısı", "Sağıcı mahnısı" kimi şeirləri sosializm quruculuğu məsələlərindən bəhs edirdi.

"Nəcibə" adlı şeirində şair bir əmək qəhrəmanını tərənnüm edirdi:

 

"Çapayev" kolxozunda sağıcıdır, bu qızı

Beş ildir vəsf etmədim, yanında heç üzüm yox,

Könlü şaddır, südü bol, nədən olsun narazı,

Artıq onun haqqında söyləməyə sözüm çox.

 

Qasım Amanjolovun 30-cu illər yaradıcılığında bu tipli şeirlər üstünlük təşkil etsə də, o, tədricən ciddi mövzulara müraciət edir. Həmin dövrdə yazdığı "Fatiməyə məktub", "Alma bağında", "Oxu, oxu, bülbülüm", "Sevdim dedin", "Söylə, canım" şeirləri oxucuların rəğbətini qazanır. Artıq şüarçılığı və xırda mövzuları dərin lirizm, zərif hisslər, kövrək duyğular əvəz edir. Şairin "Böyük risk", "Kökşetau", "Fırtına" kimi şeirləri isə onun nə qədər yetkinləşdiyini, püxtələşdiyini göstərir.

Onun öz dostu, döyüşçü-şair Abdulla Cumaqaliyevin hərbi rəşadətindən, qəhrəmanlığından bəhs edən "Akının ölümü haqqında əfsanə" poeması o dövrün qəzetlərində hissə-hissə dərc olunur, gənclərdə vətənə məhəbbət hissləri aşılayır. Bu əsər haqqında tənqidçilər, Nikolay Tixonov və başqaları xoş sözlər söyləyirlər.

1948-ci ildə şairin "Fırtına" adlı ikinci kitabı çapdan çıxır. Burada toplanmış yeni şeirlər, xüsusilə cəbhə şeirləri Qasım Amanjolovu oxuculara tamamilə başqa bir səpkidə təqdim edir. "Qələbə nəğməsi", "Döyüşçü nəğməsi", "Yoldaş marşal", "Əynimdə boz şinelim" və onlarca başqa şeirləri, "Bizim dastan" poeması ədəbi aləmdə sensasiyaya çevrilir. Şairin "Yaylıq" adlı həzin romansı isə bütün qazax ədəbiyyatında əsl təzahür kimi qiymətləndirilir. Sevdalı bir qız vətənin müdafiəsinə gedən sevgilisinə yadigar olaraq öz əlilə tikdiyi bir yaylıq verir, bu yaylığın onu qoruyacağına inanır. Çox kövrək və həzin duyğularla yazılmış həmin şeir o dövrdə dillər əzbəri olur:

 

Müqəddəs bir andımdır,

Peymanımdır bu yaylıq.

Bürü ona qəlbini,

Uzun çəksə ayrılıq.

 

1949-52-ci illərdə Qasım Amanjolovun "Balbəbək", "Nurlu dünya" adlı şeir kitabları və "Seçilmiş əsərləri" işıq üzü görür. Hər yeni kitabı, hər yeni əsəri şairin yeni sənət uğuru sayılır. Çünki onun bənzərsiz lirikası öz rişələrini qazax folklorundan, Abaydan və Cambuldan, xalq akınlarından alır. Onun şeirləri sanki məxsusi olaraq dombra üçün yazlan nəğmələrdir. Onlarda gözəl ritm, təqti, alliterasiya, assonans vardır. Onlar xalq şeirinə çox bənzəyir.

Q.Amanjolovun ana vətənin gözəlliklərini tərənnüm edən şeirləri də çoxdur. Bunlardan öz doğulub böyüdüyü Karaqandaya, Almatıya, Uralska, İrtışa, Balxaşa, Alatauya, yurdun baharına, payızına, dağına, düzünə həsr etdiyi şeirlərdə bir övlad sevgisi, vəfa duyğusu sezilir.

Şair "Cambul toyunda" adlanan poemada qazax ədəbiyyatının klassiki, ölməz akın Cambul Cabayevin surətini yaratmışdır. Qasım Amanjolovun "Boran" adlı poeması isə ölkənin sənayeləşməsi haqqındadır. Burada gənc qazax mühəndisi Nurlanın həyatı öz əksini tapmışdır.

Qasım Amanjolov qazax ədəbiyyatında ən gözəl tərcüməçilərdən biridir. O, A.Puşkinin "Poltava", M.Lermontovun "Maskarad", A.Tvardovskinin "Vasili Tyorkin" əsərini, T.Şevçenkonun, A.Seretelinin bəzi şeirlərini qazax dilinə məharətlə çevirmişdir. Şair Mayakovskidən tərcümə etdiyi şeirləri 1941-ci ildə "Var səsimlə" adı altında ayrıca bir kitabça şəklində çap etdirmişdir. Qasım başqa xalqların ədiblərinə daim hörmətlə yanaşmış, müxtəlif vəsilələrlə Nizamiyə, Şota Rustaveliyə, Çernışevskiyə, Maksim Qorkiyə, Cambula, Süleyman Stalskiyə şeirlər həsr etmişdir.

Qasım Azərbaycanı sevmiş, onun görkəmli şairləri ilə tanış və dost olmuşdur. 1947-ci ildə Bakıda Nizami Gəncəvinin 800 illik yubileyinə qatılan şair burada öz sənət dostları ilə görüşmüş, Nizami haqqında şeirlər qələmə almışdır.

Görkəmli sənətkarın yaradıcılığına xas olan bəzi cizgiləri də vurğulamaq lazımdır. O, öz şeirlərində ara-sıra Şərq poetik sisteminin "gül", "bülbül", "aşiq", "məşuq", "pərizad" ifadələrini işlətmiş, eyni zamanda "polad", "maqnit", "elektrik", "texnika", "atom" kimi yeni sözləri də qazax şeirinə gətirmişdir. Qasımın başqa bir özəlliyi isə qazax ədəbiyyatında ilk dəfə olaraq on hecalı şeir formasını işlətməsidir. Bir misrası yeddi, digər misrası səkkiz heca olan şeir növü də ona məxsusdur.

Bu günlərdə qazax xalqı Qasım Amanjolovun anadan olmasının 100 illiyini təntənə ilə qeyd edir. Bu münasibətlə TürkSOY xəttilə bir sıra beynəlxalq yubiley tədbirləri keçirilir, şairin həyatı və yaradıcılığı ilə bağlı elmi simpozium və konfranslar təşkil olunur.

Qasım Amanjolov az yaşadı, lakin qazax ədəbiyyatı tarixində silinməz izlər qoydu.

 

 

Ramiz ƏSKƏR

 

Ədəbiyyat qəzeti.- 2011.- 26 avqust.- S.3.