Göyərdər yerdən

 

Sakitcə ötüb keçir

Sanma ki, birdən illər;

Kərpic tək qopub düşür

Tək-tək ömürdən illər.

 

Yarı düz, yarı yoxuş,

Bir gün qar, bir gün yağış,

Vurur ömrə min naxış,

İncidən, dürdən illər.

 

Hər ömür uca barı,

Hər sevda könül varı;

Keçirər arzuları

Arazdan, Kürdən illər.

 

Güvən yox heç zərinə,

Döndərər quş dəninə.

Çəpər çəkər önünə,

Bəzən dəmirdən illər.

 

Çəkib bizi sınağa,

Bükər yaşıl yarpağa.

Əkib qara torpağa, -

Göyərdər yerdən illər.

 

 

Bu gecə ay işığı

 

Bu gecə ay işığı,

Parlaq nurlu rəng kimi;

güllərdən toxunmuş

Bəyaz bir çələng kimi.

Elə bil ki, gecənin

Boynundan asılıbdır,

Gecə bir məktub kimi

İşıqla yazılıbdır.

Bu gecə ay işığı

Tökülüb yola-izə,

Ay işığı bu gecə

Az qala çıxır dizə.

Sakit, səssiz, ahəstə -

Axıb göydən tökülür.

Qaranlıq bir yumaq tək

İşıqlara bükülür.

Bir durna qatarı tək

Ağaclar cərgə-cərgə, -

Ay işığı altında

Bürünübdü kürkə.

Yuxu kimi şipşirin

Gecə, aylı bir gecə;

Düşən ay işığıyla

Yuyur üzünü necə...

Sakit, səssiz, qayğısız, -

Hər şey duyğu tək təmiz.

İşıq yağır göylərdən -

Göylər könlümə əziz,

Yerlər könlümə yaxın, -

Deyirəm siz baxın.

Dünya işıq içində,

İşıq tutub dağları.

Üfüq boyu açılır

Qollarım sənə sarı.

Uçuram, hey uçuram;

Könlüm hey qanad çalır.

Göylə mənim aramda

Bircə qarış yol qalır.

İşığa bürünürəm -

Hər telim ay işığı;

Enib mənə sığınır

Sevginin ay işığı.

 

 

Gedəcəksən

 

Bəlkə sən bir gün məni

Unudub gedəcəksən;

Şirin bir yuxu kimi

Uyudub gedəcəksən.

 

Yolçu ol, sevda daşı,

Yolçu, çaş addım başı.

Ocaqda yanan daşı

Soyudub gedəcəksən.

 

Qurudar gün günümü,

Ocaq saxlar külümü.

Bir gün ağlar könlümü

Ovudub gedəcəksən.

 

 

Məmməd Tahir

 

Ədəbiyyat qəzeti.- 2011.- 26 avqust.- S.5.