"Günlərin
dolusu, boşu yoxuymuş..."
Müsahibimiz "Mir literaturı"
qəzetinin şef redaktoru Asim Cəlilovdur
- Asim
müəllim, ömür-gün, yaradıcılıq yolunuza
nəzər saldıqca məşhur bir fikrin qaçılmaz
həqiqəti yaddaşımı döyəcləyirdi ki,
şəxsiyyət haqqında olan təsəvvürlərin
inkişafı əslində mədəniyyətin inkişaf
tarixidir. Deyim ki, xeyli vaxtdır eyni kollektivdə birgə
çalışdığımızdan xarakterinizin,
iş-gücə, ətrafınıza münasibətinizin
müəyyən özünəməxsus cizgiləri
haqqında bol təəssüratım var. Ancaq yenə də,
bu müsahibə öncəsi tərcümeyi-halınızın
bir çox səhifələrilə tanışlıq məni
sizinlə qaçılmaz bir söhbətə çəkdi.
Təbii ki, bu söhbətin əvvəli uşaqlıq, ilk gənclik
illərinizin unudulmaz xatirələrindən, ən əvvəli
də adı çəkiləndə yaddaşımızda
Cabbarın, Bülbülün, Xan əminin, Seyidin səsi
havalanan Şuşadan başlayacaq.
-
Tanınmış şair Məmməd İsmayıl şeirlərinin
birində yazır ki, yaşaya bilənə həyat həyatmış,
günlərin dolusu-boşu yoxuymuş. Belə götürəndə,
həyatda yaşaya bilərək ömür
sürdüyümə görə rahatlıq tapmışam.
Bunun da kökündə xalqıma, vətənimə xidmət
yolunda həmişə bacardığım işin
arxasınca getməyim dayanır. Bu, hər şeydən
öncə mənsub olduğum ailədə aldığım
tərbiyədən irəli gəlir. İndicə
Şuşanın unudulmaz adını çəkdiniz,
uşaqlıq illərinin unudulmazlığından söz
açdınız, ani olaraq yaddaşımda gör nələr-nələr
oyanıb keçdi. Şuşa, ana babamın Qurdlar məhəlləsindəki
ikimərtəbəli, qonaqlı-qaralı evi...
Üstünün dəmir çardağınacan, ərzaq
ehtiyatı saxlanan və daha çox soyuducu kimi istifadə edilən
alt qatına - zirzəmisinəcən. Babam Salman Ağamirli o
evi 1916-1917-ci illərdə tikdirmişdi. Kifayət qədər
varlı-hallı, imkanlı adam idi. Onun Şuşada və
Ağdamda bir neçə dükanı fəaliyyət
göstərirdi. Tiflis bazarları ilə geniş əlaqə
qurmuşdu. Görkəmli ədəbiyyatşünas alim Firidun
bəy Köçərlinin yaxın qohumu, Köçərlilər
nəslinin sayılan simalarından olan nənəm Xurşud
xanım həmişə "babanın
ölümünün baisi bolşeviklərin Şuşaya
daxil olması oldu deyərdi. - Var-yoxumuzu müsadirə etdilər.
Buz baltası kimi kişi xəstələnib yatağa
düşdü. Ahın-ufun içində əriyib
getdi..."
O nəhs
günün acı xatirələri bununla bitmirdi. Dayım
Miryusif müsavatçı olduğuna görə göz
altına alınıb. Öz dövrü üçün
mükəmməl təhsil alan Miryusif dayım lap cavan
yaşında Sibirə sürgün edilib, müharibə
dövründə cəbhə xəttinə göndərilmişdi.
Stalinqrad uğrunda gedən döyüşlərdə
ağır yaralanıb 1943-də ordudan tərxis edildi. Təəssüf
ki, 1947-ci ilə qədər yaşaya bildi. Bütün bu
acı xatirələr mənim uşaqlıq yaddaşımda
unudulmaz izlərini qoyub keçdi. Yer quruluşu mühəndisi
olan atam kürdəmirli idi. Ancaq hər il yay aylarını
Şuşada keçirirdik. Gedib iki-üç ay
qalırdıq. Mən dünyaya gələndə anamın
ağrısı İsa bulağının başında
tutubmuş. Sonralar ailəmiz hər dəfə o
bulağın başına cəm olanda həmin günün
sevinci yenidən yaşanardı. Kürdəmir, Şuşa,
Zaqatala yollarının axar-baxarı, unudulmazlığı
uşaqlıq illərimin yol-yoldaşlarıdır. Atamın
Zaqatalada, Kürdəmirdəki işilə bağlı ailəmiz
də bir yerdə qərarlaşa bilmədi.
- Dayınız Miryusif bəylə bərabər
Vladiqafqaza getdiyinizi də xatirələrinizdən oxumuşam.
- Hə, onda
1944-cü il idi. Təsəvvür edin, dayımı Sibirə
sürgün etmişdilər, sonra sovet-alman müharibəsinin
ən odlu nöqtəsinə göndərmişdilər,
ağır kantuziya ilə tərxis olunmuşdu, ancaq yenə də
ondan əl çəkmirdilər, Bakıda yaşamasına
yasaq qoymuşdular. Getdi Vladiqafqaza. O zaman xalamla bərabər məni
də özüylə apardı. Orta məktəbin birinci
sinfini orada bitirdim. Sonra qayıtdıq Bakıya.
Uşaqlığım indiki Azdramanın çevrəsində
keçib. O ətrafdakı 29 və 3 saylı məktəblərdə
təhsilimi davam etdirdim. Buradan beləsi isə uzun bir tarixdi.
Yada saldıqca özüm də ayları, illəri
qarışıq salıram.
- Maraqlıdır ki, ilk gənclik illərinizin
xatirələrində sizi daha çox təyyarəçi,
idmançı obrazında, istəyində
görürük...
- Doqquzuncu
sinfi bitirəndən sonra İrəvanda xüsusi hərbi hava
qüvvələri məktəbinə qəbul olundum. Bu,
1953-cü il idi. İki il orada oxudum. Sonra Ukraynada Hərbi Təyyarəçilik
məktəbinə daxil oldum. Bir il sonra uçuş üzrə
sınaq yoxlamaları başladı və mən iyirmi dörd
dəfə uçuş etdim. Elə oldu ki, səhhətimdəki
problemlə bağlı məni Xarkovdakı hospitala göndərdilər,
müayinədən sonra həkimlər uçuşa icazə
vermədilər. O illərdəki ən unudulmaz xatirələrimdən
bir çoxu da akrobatika ilə məşğul olmağım
idi. Azərbaycan yığma komandasının üzvü kimi
Moskva və Ukraynada keçirilən yarışmalardakı
uğurlu çıxışlarımı heç unutmuram.
1958-ci ildə evə qayıtdım, bir il sonra Azərbaycan
Dövlət Bədən Tərbiyəsi İnstitutuna qəbul
edildim. "Əla" qiymətlərlə oxumağıma
baxmayaraq ikinci kursdan sonra başa düşdüm ki, məni ən
çox jurnalistika, ədəbi həyat cəzb etməkdədir.
1961-ci ildə sənədlərimi ADU-nun filologiya fakültəsinin
qiyabi şöbəsinə verdim. Buna qədərsə
"Molodej Azerbaydjana"
qəzetilə mütəmadi
olaraq əməkdaşlıq
edirdim. İlk məqaləm 1959-cu ildə
həmin qəzetdə dərc edilmişdi. 1960-cı ildə məni
qəzetə işləməyə dəvət etmişdilər.
O vaxtlar qəzetin baş redaktoru Azad Şərifov idi. Dərin
qədirbilənlik hissi ilə qeyd etməyi özümə
borc bilirəm ki, Azad müəllimi həmişə çox
insanpərvər, təəssübkeş bir insan kimi
xatırlayıram. O, rus dilində nəşr edilən qəzetə
azərbaycanlı jurnalistlərin cəlb edilib yetkinləşməsində
çox işlər gördü. İki ildən sonra mən
həmin qəzetin şöbə müdiri idim, məsul katib
işinə irəli çəkiləcəyim gözlənilirdi.
Ancaq iş elə gətirdi ki, 1963-cü ildə məni
"Pionerskaə pravda" qəzetinə Zaqafqaziya üzrə
xüsusi müxbir dəvət etdilər. Bu dəvət mənim
üçün çox maraqlı idi və 1967-ci ilə qədər
xüsusi müxbir kimi fəaliyyət göstərdim. 1967-ci
ildə isə Azərbaycan Komsomolu Mərkəzi Komitəsinin
dəvəti ilə 1972-ci ilə qədər "Molodejğ
Azerbaydjana" qəzetində baş redaktor işlədim.
Sonra Sov. İKP MK-nın yanında İctimai Elmlər
Akademiyasına daxil oldum. Göndərilən beş nəfərin
içindən ancaq mən uğur qazanmışdım. Burada
aspiranturanı bitirib namizədlik işi müdafiə etdim.
1975-ci ildə gəldim Bakıya və o ildən başlayaraq
1979-cu ilə kimi Azərbaycan Dövlət Teleqraf Agentliyində
(Azərinform) direktor müavini işlədim. Baxmayaraq ki, o illər
mənim üçün çox dəyərli oldu, ancaq mən
daha çox qəzet işinə, ədəbi
yaradıcılığa can atırdım. Onu da deyim ki, mənim
birinci kitabım hələ 1968-ci ildə "Gənclik"
nəşriyyatında çap olunmuşdu. Bundan başqa
60-70-ci illərdə bir neçə oçerk, hekayə,
televiziya və radio üçün pyeslərim də
işıq üzü görmüşdü. Məhz həmin
vaxt Cəfər Cabbarlı adına "Azərbaycanfilm"in
direktoru Cəmil Əlibəyov məni dəvət etdi. Orada
baş redaktor və direktor müavini kimi işlədiyim illər
ömrümün ən unudulmaz anlarındandı. Cəmil Əlibəyov
son dərəcə həssas, qayğıkeş bir insandı
və o, mənim rahat işləməyim üçün hər
cür şərait yaratmışdı. Ən əsası isə
sərbəst olmağım idi, yaradıcılıq işinə
geniş vaxtım vardı. Özümü çox səmimi,
doğma kollektiv arasında hiss edirdim.
- Ötən günlərdən isə sizə
jurnalist həyatınızın unudulmaz xatirələri
qalmışdı...
- Həm
şirin, həm də acı xatirələr. Acı
xatirələr ən
çox "İzvestiya"
qəzetinin Azərbaycan
üzrə təmsilçisi
işlədiyim illərlə
bağlıdır. Qarabağ olayları
haqqında verdiyim informasiyaları təhrif olunmuş halda dərc
edirdilər. Məsələn, hadisələrin ilk günlərində
mən məlumat verirdim ki, Azərbaycanın
Bakı-Naxçıvan dəmir yolunun Ermənistan ərazisindən
keçən hissəsində təxribatlar olur, qəzet mənim
fikrimi təhrif edib yazırdı ki, guya bu təxribatlar azərbaycanlılar
tərəfindən törədilir. Sonra da mənim təkidimlə
təkzib verirdilər. Beləliklə, mənimki "İzvestiya"
ilə tutmadı və mən etiraz əlaməti olaraq 1991-ci ildə Moskvada
qəzetin təşkil etdiyi müşavirəyə
qatılmadım. Buna qədərsə, mümkün qədər
çalışmışdım ki, Azərbaycan həqiqətlərini
dünyaya obyektiv şəkildə çatdırım.
Azərbaycanın
ən nüfuzlu informasiya agentliklərində
çalışdığım illərin ən xoş xatirələri
isə ulu öndər Heydər Əliyevin hələ sovetlər
dönəmində Azərbaycana rəhbərlik etdiyi illərdə
bölgələrə etdiyi səfərlərdə onu
müşayiət edən media işçiləri
sırasında olduğum məqamlarla bağlıdır. Ulu
öndərin yerlərdə zəhmətkeşlərlə
görüşünün hər anı bir məktəb idi.
Bu böyük insan Azərbaycanda taxılçılıq,
üzümçülük, pambıqçılıq sahələrinin
inkişafına xüsusi önəm verirdi, bu sahədə
çalışan insanların zəhmətini yüksək
qiymətləndirirdi. Onun sadə zəhmət adamları ilə
söhbətləşməsinin, onların qəlbinə
yaxın olmasının şahidi olmaq, o xoş anları
yaşamaq necə də əziz, unudulmaz idi...
- Siz həm də çoxsaylı
tamaşaçılar tərəfindən sevilən, görkəmli
kino xadimlərinin yüksək dəyərləndirdiyi bir
çox filmlərin ssenari müəllifisiniz. Moskvalı
kinoşünas A.Bolixinin sizin ssenariniz əsasında çəkilmiş
"Şeytan göz qabağında" filmi haqqında dediyi
"Bu film Azərbaycan Kinostudiyasında çəkilmiş
qeyri-adi filmlərdən biridir - yəni vaxtilə bu ölkədə
çəkilmiş "Bir cənub şəhərində",
"İstintaq" filmləri kimi..." fikri dərin təəssübkeşlik
hissi ilə yadımda qalıb.
- O filmi
tanınmış kinorejissor Oqtay Mirqasımov
ekranlaşdırıb. film 1988-ci ildə ümumittifaq
festivalında 1-ci mükafata layiq görüldü. Bir müəllif
kimi qürur duyuram ki, ssenarilərim əsasında çəkilmiş
filmlər həmişə öz aktuallığı ilə
seçilib. Bu aktuallıq Teymur Bəkirzadənin
ekranlaşdırdığı "Yol əhvalatı"nda
da qabarıq görünür, Gülbəniz Əzimzadənin
çəkdiyi "Avqust ayı gələndə", Tofiq
İsmayılovun araya-ərsəyə gətirdiyi "Yayda
yarpaq tökümü" filmində də... "Mozalan"
satirik kinojurnalı mənim ssenarim əsasında on beşə
qədər süjet hazırlayıb ki, bir qələm, sənət
adamı kimi, mən o süjetləri çox gərəkli,
yaxşı süjetlər hesab edirəm.
- Üçcildlik "Zaman həmişə
bizimlədir" kitabınızı maraqla oxumuşam.
Keçib gəldiyiniz ömür yolunun yaşantıları
bu cildlərdə maraqlı şəkildə sərgilənib,
çoxşaxəli yaradıcılığınızı
özündə əks etdirir. Böyük ümid verir ki, hələ
deməyə çox söz, yazmağa çox mövzu, rəngarəng
janrlar var...
-
Sağlıq olsun, "Azərbaycan" jurnalı və
"Zerkalo" qəzeti son hekayələrimdən birini
çap edib. "Axırıncı güllə"
haqqında qələm dostlarım - İntiqam Qasımzadə,
Solmaz İbrahimova, İlham Bədəlbəyli, Məmməd
Oruc və Natiq Rəsulzadənin təəssüratları məni
yeni əsərlər yazmağa ruhlandırdı.
"Şomu" povestim "Literaturnıy Azerbaydjan"
jurnalının builki səkkizinci sayında təqdim olunub.
- "Ədəbiyyat qəzeti"nin əlavəsi
olan "Mir literaturı"nın şef redaktoru kimi
özünüzü necə hiss edirsiniz?
- Deyim ki,
"Bakinskiy raboçiy" qəzetinin baş
redaktorluğundan sonra mən bir növ guşəxanlığa
çəkilmişdim. Oturub əsərlərimi yazır,
bağ evimdə dincəlir, ötən günlərin xoş
xatirələrilə yaşayırdım. Təbii ki, mən
dünyanın bir çox ölkələrində olmuşam,
ömrüm boyu gəzib-dolaşmışam, həmişə
informasiya mərkəzində fəaliyyət göstərmişəm,
tanınmış şəxslərlə ünsiyyətdə
olmuşam. Bütün bunlardan sonra birdən-birə kənara
çəkilib əl-qolunu yanına salmaq da olmur. Qazanılan
təcrübə həmişə adamı o yerə çəkir
ki, məhz həmin yerdə sənin təcrübənə
ehtiyac duyulur. Bu təklif mənə Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anardan gəldi,
məmnuniyyətlə razılaşdım. Elə bil həyatım
təzələndi, qaynar ədəbi mühitlə təmasım
məni yenidən səfərbər etdi. Bilirsinizmi, ədəbiyyat
işi təkcə öz ölkənin coğrafi məkanı
boyunca aparılmamalıdır. O, daim təbliğ olunmalı,
qarşılıqlı əlaqələr
yaradılmalıdır. Ədəbi dünyanın təzahürü
bəşəri müstəvidə, böyük miqyasda
özünü göstərməlidir. Hesab edirəm, "Mir
literaturı" da ədəbi uğurlarımızın bu
miqyasda və müstəvidə görünməsində bir
missiyaçı rolu oynayır və bu işə vicdanla
yanaşıram. Bu işdə mənimlə bir yerdə
çalışan əməkdaşların cəfakeş və
yorulmazlığını, vicdanlı işini xüsusilə
qeyd etmək istəyirəm. Necə deyərlər, tək əldən səs çıxmaz...
Hazırladı: S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2011.- 26
avqust.- S.4.