“Sevgim öz xalqımdır”
Uzun müddət idi nəşrləri
ilə vətənin daxilində və onun sərhədlərindən
xaricdə yetərincə tanınan Kərəc şəhərində
fəaliyyət göstərən "Pinar" nəşriyyatından
soraq tuta bilmirdik. Nəhayət, onun oxucularına təqdim
etdiyi "Günəş" məcəlləsinin
dördüncü sayı ilə qovuşmaq intizarımıza
son qoydu. Nəşriyyat eyni zamanda Zəncan
torpağının qüdrətli söz sənətkarlarından
olan şair Huşəng Cəfərinin şeirlər toplusu
da təqdim edib. Toplunun müəllifi oxucularını
intizarda qoymadan özünün yaradıcılıq kredosunu
kitabın üz qabığında dərc etdirdiyi cəmi
üç misralıq qələm məhsulu ilə dolğun
şəkildə təqdim etmişdir:
Sevgisiz
yaşamaq
Qanadsız
quşa, qurumuş bulağa bənzər.
Mənim
də sevgim öz xalqımdır.
Topluya
qısaca giriş yazmış ədəbiyyatşünas
Şərifə xanımın müqəddiməsindən bəzi
mülahizələrini hörmətli oxucuların nəzərinə
çatdırmaq istərdim.
Doğrusu,
hər şeydən əvvəl müqəddimə müəllifinin
poetik aləmin incəliklərinə və tarixi roluna bəslədiyi
münasibət məni cəlb etdi. Bu diqqətdən
yayındırılmağa layiq olmayan bir uğurdur.
Lap
bu yaxınlara qədər Güney ədəbiyyatının
ustad tədqiqatçıları o aləmdə ədəbiyyatşünaslığın
və nəsrin dövr və zamanın tələblərinə
yetərincə cavab verməsini arzulamışlar. Şərifə
xanımın qısaca müqəddiməsi ədəbi
yaradıcılığın bu zəruri sahəsində
uğurlu addımlar atıldığından xəbər
verir.
"Hansı
illətlərlə birisi sevilir, seçilir, minlərlə
şair içində Milli qəhrəman kimi tanınır?
Bu həqiqəti inkar etmədən ki, zövqün
güclü ya gücsüz olması şairin bətnində
və Tanrıdan çatan bir nemətdir. Amma bu nemətdən
nə sayaq və nə qədər istifadə etmək və
o əmanəti yerinə yetirmək özü də önəmli
məsələdir".
Müqəddimə
müəllifinin aşağıdakı fikri ilə
tanış olmaq da yerinə düşərdi: "...Bu
şair də əzablar, tənələr, acılıqlar
çəkərkən bu yerə çatıb, öz millətinin
harayı olubdur".
Maraqlı
burasıdır ki, şair Huşəng Cəfəri
oxucularının ədəbi və sosioloji zövqlərini
müəyyənləşdirməkdə bir ustad zərgər
mövqeyində olmuşdur. Təbii ki, uğur qazanmaq
üçün çox tutumlu özüldür. Lakin bu
böyük həqiqətə biganə qalanlar da olmuşdur.
Şairin onlara münasibəti saf və ləkəsiz müstəvi
üzərində öz əksini tapmışdır:
Sən,
qardaş,
Nə
kimsizliyin sızıltısına sızıldayırsan,
Nə
kimsələrin boğuntusuna.
Sən
öz toxuduğun şəritlərin, kəndirlərin
Düyünlərinə
ilişibsən...
Dünyanın
ən qüdrətli söz ustaları öz görkəmli əsərlərini
anaya, vətənə həsr etməklə şöhrət
qazanmışlar. Sonrakı nəsillər bu motivi yüksək
qiymətləndirməklə poetik
yaradıcılığın ən uğurlu gedişi hesab
etmişlər.
Şair
Huşəng Cəfərinin yaradıcılığı
dünyasında vətənə məhəbbətin çox
çəkili yeri vardır. Yəni əslində bu ülvi
hissi xarici aləmdən təcrid edilmiş şəkildə
tərənnüm etmək təsəvvürü belə məqbul səslənməzdi.
Həqiqət bundan ibarətdir ki, şair vətənin
ülviyyətini, gözəlliklərini dəruni məhəbbət
hissləri ilə tərənnüm etməklə
yanaşı onun maddi, mədəni, sosioloji problemlərinə
də məharətli sənətkar həssaslığı
ilə yanaşmışdır:
Gəzməlidir
Zəncan Çilləxanası,
Görməlidir
Soltaniyyə binası.
Ay qəhrəman
iyidlərin anası,
Salam sizə,
salam sizin elizə,
Salam gözəl-göyçək
türki dilizə.
Azərbaycan
poeziyasında durnalara şeir həsr etməyin köklü
bir ənənəsi vardır. Diqqətdən yayınmayan
önəmli amal ondan ibarətdir ki, doğma yerlərdən
uzaqlarda, bəzən mərhumiyyətlər və çətinliklərdə
keçən çağların əzabları qoynunda
ömür sürməyə məhkum edilən insanlar
durnaların sərbəst uçuşlarından, qorxu və
yasaq bilmədən öz niskil və həsrətlərini dilə
gətirmək üçün uğurla ifadə etmişlər.
Qatar-qatar uçub keçən durnalara - Bir zaman havada qanad
saxlayın - müraciətinin ardınca - Sözüm
vardır sizə, durnalar - fikrini dilə gətirməklə
şairi səfərbər edən nə olmuşdur? Şeirin
ən önəmli cəhəti oxucunu düşündürən
bu ağır çəkili sorğulara şairin qələminin
çox düşündürücü və ürəyəyatımlı,
həm də zəmanənin əhval-ruhiyyəsinə
çox yaraşan cavablar tapa bilməsidir. Bu misraların
poetik məntiqinə diqqət edək:
Burdakı
durnalar susub danışmır,
Durna var
durnaya yanıb alışmır.
Durna var
satqındır bizə qarışmır,
Qayıdın,
durnalar, qayıdın burdan.
Vətənin
xoşbəxt sabahını diqqət mərkəzində
saxlayan şairin müşahidələri ana yurdun səmalarında
qanad çalan bir müşahidəçi kimi daha dərin
düşüncələrə dalmalı olur. Səbəb?
Balaların sabahını müşahidədən təfəkküründə
formalaşan baxışın heç də xoş müjdələr
verməməsidir. Onun bu ümidsizliyini formalaşdıran
ictimai şaxtadan saralıb-solan gül-çiçəklərin
yaratdığı təəssürat, bu yerlərin sakinlərinin
sabahına naümid baxışları olur. Diqqətdən
yayınmayan həqiqət vətənin taleyi barədə
düşünərkən yaşadığı təlatümlü
anların cəsarətlə real mənzərəsini
yaratması olur. Bu misralar şairin real müşahidə qabiliyyətinə
malik olması barədə dolğun təsəvvür
yaradır:
Bu tayda
suları bulandırdılar,
Haqqı al
qanına boyandırdılar -
- mövcud
real vəziyyəti təqdim etmək sahəsində cəsarətli
addımlar atır.
Şairin qənaətinə
görə bu elə bir mühitdir ki, doğurduğu niskillər
bülbülü yanıqlı-yanıqlı ötmək
üçün dilə gətirir. Onun mahnılar ötən
cəh-cəhinə niskil və təəssüf notları
aşılayır. Bu barədə qəlbinin
sözünü deməyi qələminə həvalə
edir: - Yandırdı, döndərdi külə
bülbülü - deyə fəryad qoparır.
Burası
şübhə doğurmayan bir həqiqətdir ki, Güney
ellərinin qələm sahiblərinin real aləmə
münasibətlərində, duyub dərk etdiklərini tərənnümə
cəlb etməkdə özlərinə məxsus səliqələri
vardır. Şübhəsiz, onların bu səliqələri
yaşadıqları mühitin və ölkədə hakim
olan siyasi ideoloji mühitin məhsuludur. Bu xüsusiyyət
şair Huşəng Cəfərinin
yaradıcılığında aydın cizgiləri ilə
müşahidə olunmaqdadır. Onun kitabda dərc olunmuş
"Hey-hey" ünvanlı qələm məhsulu ilə
tanışlıq yaradıcılığının bu
keyfiyyəti barədə maraqlı düşüncələr
doğurdu. Sən demə, heç bir məhdudiyyət və
yasaq şairi yaradıcılıq dünyasına yol
tapmış problemin tərənnümündən yan
keçməyə məcbur edə bilmir. Zəncanlı qələm
dostumuzun adını qeyd etdiyim şeiri cəmi dörd beytdən,
səkkiz misradan ibarətdir. Doğrusu, əsərin hər
beytində toxunduğu mətləbin misralara həvalə
etdiyi mənalar həm Güney poeziyası, həm də
şairin yaradıcılığına yetərincə maraq
doğurur. Bu misralarda müasir dövrdə həm türk ellərinin
ciddi vəhdətə ehtiyacı olmasından, həm
"haqqı verməzlər, alarlar" fəlsəfəsindən,
onun həqiqiliyindən, insanı kədər aləminə
sürükləyən qəmdən xilas olmaqdan, ən
başlıcası isə türk oğluna susmağın
yaraşmamasından söhbət gedir. Bəs necə və
hansı adda? Bu sorğuya qənaətləndirici cavab almaq
üçün sözü misralara vermək yolunu
seçdim. Hörmətli oxuculardan bircə arzum, bircə təmənnam
vardır. Həmin misraları diqqətlə mütaliə
etsinlər. İfadə etdikləri mənanı yetərincə
dərk etmək zəhmətini qəbul etsinlər:
Babək kimi
dur qollarını çırmala, hey, hey!
Türk ellərini
yığmağa tonqal qala, hey, hey!
…Ay nəsli Nəsimi,
sizə susmaq ki, yaraşmaz,
Türk
oğlu deməz, ax. Dərisin soysalar, hey, hey!
Huşəng
Cəfərinin kitabını mütaliə edərkən və
hər səhifədə qarşılaşdığım şeiri
ilə tanışlıq məndə müəllifin əsərlərində
iz buraxmış nüanslar maraqlı rəy doğurdu. Əsas
məsələ ondan ibarətdir ki, o, hər şeirində tərənnümə
cəlb etdiyi obyekt barədə oxucu üçün yeni və
cəlbedici rəy yaratmağa yetərincə qayğı
göstərir. Hətta başqa qələm sahibləri tərəfindən
tərənnüm obyektinə çevrilmiş obyektlər barədə
yeni keyfiyyətlər üzə çıxarmaq
bacarığı qələm əhli üçün ləyaqət
kimi qiymətləndirməyə dəyər. Bu həqiqət
barədə rəy demək istəyini məndə şairin
"Şəkil" adlı əsəri doğurdu. İlk
baxışda düşünürsən, bir şəkil
çəkmək istəyi oxucuya nə verə bilər? Əsl
mətləb də burasındadır ki, Huşəng Cəfəri
çəkmək istədiyi şəklin simasında
yaşadığı cəmiyyətdə elinə,
obasına, millətinə, xalqına, dilinə, daha nələrə-nələrə
bəslənən münasibət haqqında oyadıcı təsir
bağışlayan rəy yaradır. Yəni əslində bu
mövzular müasir Güney poeziyasında dəbdən
düşməyən, həllini gözləyən problemlər
sırasına daxildir. Əsrimizdə Güney elləri
üçün aparıcı əhəmiyyətə malik
olan məsələlərdən biri şairin mənsub
olduğu eli və xalqı öz çəkisində,
dünya xalqları ailəsində malik olduğu siqlətlə
təqdim etməkdir. Şairin misralarının poetik nəfəsinə
nəzər salaq:
Neyləyim,
dilsiz bir baş çəkəmmirəm,
Sinəmdə
ürək var, daş çəkəmmirəm.
Elimin
gözündə yaş çəkəmmirəm,
Bu elin
mahnısın tarda çəkəcəm,
Elimi baharda
varda çəkəcəm.
Şairin bu
çəkili məsələ ilə əlaqədar başqa
istəkləri də vardır. Yəni əslində təkcə
bu problem mənsub olduğu xalqın tarixi və müasir
taleyini uğurlu şəkildə əks etdirərdi.
Şair
müasir düşüncəli, müasir baxışlı
bir ziyalı kimi tarixən şovinist dairələrin onun
xalqının ünvanına düzüb-qoşduqları
uydurmalara yaxından bələddir. Tarixdə elə qatı
şovinistlər tapılmışdır ki, bu əsilli-köklü
xalqın varlığını inkar etmişlər. Xalq
şairi Azəroğlunun ifadələri ilə desək,
dünyaya Xaqanilər, Nəsimilər, Füzulilər, Saib Təbrizilər
bəxş etmiş qüdrətli bir xalqın dilini sual
altına almaq üçün dəridən-qabıqdan
çıxmışlar. Bu cəfəngiyyatın izləri
Huşəng Cəfərinin yaşayıb-yaratdığı
illərə də gəlib çıxmışdır.
Şairin bu uydurmalara verdiyi cavab hədəfin düz
alnından dəyən atəşə oxşayır.
Desək ki,
Huşəng Cəfərinin şair ilhamı yeri gəldikdə
- söz ustaları bəşərin ən yetkin təfəkkürlü
övladlarıdır - deyiminə həm özü inanır,
həm də oxucularını bu həqiqətə tərəfdar
olmağa dəvət edir - səhv etmərik.
Huşəng
Cəfərinin qəzəl janrına tez-tez müraciət etməsini
təsadüfi hesab etmək məncə, doğru olmazdı.
Onun satirasının siyasi mahiyyətə malik olan
mövzuları belə lirik nüanslarla tərənnüm etməyə
meyli çox güclüdür. Təbii ki,
yaradıcılığının bu ahəngi
başdan-bianadan lirik mahnılar etməyə meyilli olan qəzəl
janrında daha qabarıq cizgiləri ilə təzahür edir.
Şairin yaradıcılığının bu xüsusiyyəti
"Ətrini sənin, gül üzlü gülüm,
güldən almışam" misralarla, oxucuları ilə
görüşə gələn qəzəlində daha
qabarıq cizgilərlə özünü göstərir. Şeiri
janr baxımından qəzəl adlandırsa da, onun
misralarında ifadəsini tapmış siyasi yön daha
güclüdür. Fəqət, bununla yanaşı, qəzəl
janrının təbiətindən doğan lirik nəfəsə
biganə qalmır. Bu misraların təbiətindən
doğan lirikanın ahənginə diqqət edək:
Bir
bülbüləm sınıb qanadım tənə
vurmayın,
Gül yoxdu,
bir tikan koluna daldalanmışam.
Gülşəndən
ayrı saldı məni bir cəfalı yel,
Çaldıqca
dağ-daşa əzilib ovxalanmışam.
Lakin
zamanın hakim dairələrinin şairi dağa-daşa
çalıb onu ovxalamasına baxmayaraq o, mübariz bir
xalqın övladı kimi özünün döyüş
andına sadiqdir. Bu yerdə xatırladılmasına ehtiyac duyulan
mətləblərdən biri şairin yaradıcılıq
kredosunun vətənin şərəfini qorumaq uğrunda
canlarından keçmiş sələflərinin
döyüş andına sədaqətlərini qoruyub
saxlamalarıdır. Bu baxımdan Huşəng Cəfərinin
nəzərində Babək, Səttarxan, Səməd Behrəngi
irsinin müqəddəsliyini əziz tutmağı, bu tükənməz
xəzinədən müasir nəslin güc və qüvvət
alması üçün misralarını odlu-alovlu natiq kimi
həmişə döyüş meydanında olmasını qələminə
borc hesab edir:
Qələmim
dən kimi qəmdən göyərənlərdəndir,
Səmədimdən
qalan ol şanlı qələmlərdəndir.
Baxmayın
bayrağına qan səpilib dən-dən olub,
Bu Araz
qışqırığı coşqun ələmlərdəndir,
Babəkin and
ola çaqqal budayan qollarına
Türklərin
torpağı Babək törədənlərdəndir.
Təbii ki,
şairin poetik dünyasının yeni zirvələr fəth
etməsində bu sarayın hansı özül üzərində
ucaldığının da təsirli rolu olmuşdur. Poetik nəhal
öz kökləri ilə mənsub olduğu, başqa
sözlə desəm, qidalandığı zəminə
borcludur. Bu baxımdan Zəncan torpağının yetidirdiyi
şair övladının çox məqbul səslənən
etirafı vardır. O, açıq ürək, sədaqətli
qəlbinin hökmü ilə poetik yaradıcılıqda əldə
etdiyi uğurların baş ustadları Füzuli, Nəsimi
kimi korifeylər olduğunu etiraf edir. Bu sırada
yaradıcılıqda doğma ana dilinə
bağlılığının möhtəşəm rol
oynadığını dilinə gətirməyi özünə
müqəddəs borc hesab edir. Həyatda bu dayaq nöqtələrinin
olması onun sənətinin bütün qədd-qaməti ilə
özünü təqdim etməsində əvəzsiz ustad
rolunu oynamışlar:
Yaşıl
çəməndə bitən sinə dağlı bir lalayam,
füzuli nəğməsiyəm
mən, Nəsiminin qanıyam.
Arı kimi
dolanın güllər üstə, bar gətirin,
Anam dili
şirədir, mən o şirənin şanıyam.
Bir haqqı
batmış elin sinə dağlı şairiyəm -
Qəzəlçi
Cəfəriyəm, ölkəmin adı-sanıyam.
Huşəng
Cəfərinin şeir toplusu ilə tanışlıq məndə
oldqca xoş təəssürat doğurdu.
Sabir NƏBİOĞLU
Ədəbiyyat qəzeti.- 2011.- 26
avqust.- S.4-5.