Sözdən
keçən haqq
"XX əsr Azərbaycan
ədəbiyyatında özünəməxsus yeri olan, lakin
çox təəssüflər olsun ki, totalitar
sovet quruluşu və
bədnam Pəhləvi rejiminin sərt
qadağaları ucbatından öyrənilməsinə, əsərlərinin
çapına qadağalar qoyulan,
dörd cildlik Cənubi
Azərbaycan ədəbiyyatı antalogiyasına adı belə salınmayan başı bəlalı,
təpədən-dırnağacan milli şair və azadlıq təşnəsi, Cənubi
Azərbaycanda 1930-1940-cı illərdə genişlənməkdə
olan milli azadlıq
mücadiləsinin təsiri ilə yetişən qüdrətli
qələm sahiblərindən biri" (Bəkir
Nəbiyev) olan Məhəmməd
Biriyanın "Elm" nəşriyyatında
işıq üzü görən "Əsərləri"
filologiya elmləri üzrə fəlsəfə
doktoru İslam Qəriblinin
tərtibçiliyilə araya-ərsəyə gəlib. "Lirik şeirlər", "Satirik
şeirlər", "Poemalar", "Poema və səhnəciklər", "İzah və qeydlər" bölümləri
ilə təqdim edilən yeni nəşrə
akademik Bəkir Nəbiyev "Talesiz şair" adlı
əhatəli ön söz
yazıb. Görkəmli alimin
"Məhəmməd Biriya hər
şeydən əvvəl böyük lirikdir" dəyərləndirməsinə rəğmən
dünyanın ən böyük dramatik faciəsilə baş-başa
yaşamış, məşəqqətini görmüş
bu görkəmli şəxsiyyətin
soyadının repressiya maşınının
fikir babası L.Beriya
soyadıyla səsləşməsi də taleyin
bir istehzası idi. Taleyin
zamanın gedişatı cəhənnəm bayquşu
olan L.Beriyanı özünün
kəşf edib ətçəkən
maşına döndərdiyi quruluşun
qoluqandallı dustağı, Azərbaycan Milli
hökumətinin liderlərindən və fikir
babalarından biri olan,
alovlu şair
M.Biriyanı Bakı məscidlərindən birində kəfənçi kimi də səhnəyə
çıxardı. Təbii ki, L.Beriya öz şeytan əməlinin buxovları məngənəsini
ağır təəssüf, ağrı hissilə
yaşadı. Məhəmməd Biriya isə
bütün məşəqqətli ömrünü həyatından çox sevdiyi Azərbaycana
"Mən verərəm uğrunda can!" fədakarlığıyla
yaşadı, dörd bir
tərəfdən didilən, parçalanan,
sərvətinə yeriklənən bu qədim
məmləkətə "haqqın üzü
dönməz, inan!" səslənişi
etdi, andı da, sözü, əməli də bir
oldu:
And içirəm namusuma,
məsləkimə,
vicdanıma,
Gün kimi dünyada müqəddəs
tanınan
vicdanıma
Ya səni azad
eyləyim,
ya boyanım al
qanıma.
...Ey torpağı ləlü-mərcan,
Azərbaycan,
Azərbaycan! -
fəxarətilə
zalımlığa, tirançılığa qarşı təpki
göstərdi. M.Biriyanın "Mən xəyanət etmədim
mərhum olan əcdadıma, irs tək verdim bu yurdu qəhrəman
övladıma" səslənişi eyni
dərəcədə də özündə məmləkətimizin
Babək, Səttarxan, Pişəvəri, M.Ə.Rəsulzadə,
Əli bəy Hüseynzadə, Ə.Ağaoğlu
və b. kimi millət
fədailərinin düşüncə və amallarını
ehtiva edirdi.
"Klassik
Şərq poeziyasından eyni zamanda zəngin Azərbaycan folklorundan
məharətlə bəhrələnən M.Biriya
lirikası zamanla nəfəs alır və
dövrün bir
sıra cahanşümul hadisələri çox böyük
ustalıq, bir qədər də romantik pafosla onun poeziyasının predmetinə çevrilir"di. İstiqlal ideyası onun
şeirlərinin baş, aparıcı xətti
idi. Bu şeirlər hər bir türk oğlu türkü "piri cavan" tarixinə ibrətlə baxmağa, qeyrətlə intiqama
hazır olmağa, müstəvidə aman verməməyə və s.
çağırırdı. Bu
çağırış öz
aktuallığı ilə yenə də müasirimiz
və gərəyimizdi. Hesab edirik ki, M.Biriyanın
"Əsərləri"nin yenidən araya-ərsəyə
gətirilməsinin vacibliyini şərtləndirən
məsələlərdən biri də məhz
bu müasirlikdən, aktuallıqdan irəli
gəlir. Lap bugünümüzün,
içərisində yaşadığımız, bizi çevrələyən olayların
üzünə oxunan ittihamlar
kimi təzədi-tərdi Biriyanın bu ölməz misraları:
Paydar olsun gərək
odlar-alovlar torpağı,
Dalğalansın
şanlı bürcündə
ədalət bayrağı!
Bu
qürurlu çağırışa "Amin!" - deyib, daha inamla,
vicdanla çaba göstərmək, böyük
duyğuları, unudulmaz şəxsiyyətlərin xatirəsini
yaşatmaq borcumuz qalır.
S.Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2011.- 26
avqust.- S.6.