Yenə bir arada
Qərib Mehdi: "Fikrin nədir". "Vektor" nəşrlər
evi – 2011
Doğrudan
da çox şey dəyişdi - ölçülər,
meyarlar, dəyişilə bilən nə vardısa
hamısı, hamısı.
Bu təbii,
qeyri-təbii dəyişmələr bəhsləşmələrindən
sağ çıxanlar, özünə sadiqlər bizə
qaldı. Tanınmış yazıçı Qərib Mehdinin "Fikrin nədir?" kitabında da elə bu dəyişməz, əbədi bizimlə
olanlardan yazılıb. Bütövlükdə, bir
kontekstdə bu yeni nəşrin adını belə
də yazmaq olar: Qərib Mehdi: "Fikrin nədir".
Hər iki
halda kitaba daxil edilən hekayə, ocerk və esselər, eyni
zamanda da Qərib Mehdinin özü haqqında yazılanlar
bütövlükdə bir vacib məqamın altını lap
qalın xətt, ayırma ilə cızır ki, yaxşı,
xeyirxah, müdrik insanla Tanrı arasında tək bircə
barmaqlıq məsafə var.
Qərib
Mehdinin şəxsən tanıyıb, ünsiyyət
saxlayıb, yaradıcılığına bələd olanlar
yaxşı bilir ki, o, bütün həyatını bu təbərrik
bircə barmaqlıq məsafə çevrəsində
yaşayıb. Ötən
əsrin səksəninci illərində Gəncə ədəbi
mühitində "Qərib müəllimin yetimləri"
adıyla bir arada olan və bu gün ədəbi həyatımızda
bu və ya digər dərəcədə özünəməxsus
yerləri olan şəhid şairimiz Nizami Aydın, professor
Elçin İsgəndərzadə, Qəşəm Nəcəfzadə,
Valeh Bahaduroğlu, Xəzangül, Firəngiz
İdrisqızı, Fərruxə
Pərişan, Q.Mehdi qayğısıyla əhatələnmişdi.
O illərdə Qərib Mehdi Gəncə ədəbi
mühitinin bürcləri kimi qəbul olunan tənqidçi
alim Mürşüd Məmmədli, füzulişünas Sabir
Əliyev, nizamişünas Xəlil Yusifli, məşhur
yazıçı Altay Məmmədov,
tanınmış şair
Fəridə Əliyarbəyli,
jurnalist Əhməd İsayev, yerli qəzetin baş redaktoru Sabir Hacıyev,
Nüşabə Məmmədli, eyni dərəcədə
yaşlı nəslin istedadlı nümayəndələri
Musa Urud, Sahib İbrahimli, Bahadur
Fərman, İnqilab İsaq, Məzahir
Hüseynzadə, Ələsgər Əlioğlu, Mahir Rəfizadə,
Aydın Murovdağlı arasında keçid
körpüsü, bağ kimi idi. Qərib müəllim gənc ədəbi qüvvələri bu körpüdən keçirib
Füzuli, Sabir, Mirzə Cəlil, Rəsul Rza, Nazim Hikmət, İsa Muğanna, Məmməd
Araz, Məmməd İsmayıl, Anar, Elçin, Əkrəm Əylisli,
Sabir Əhmədli, Əli Kərim, Nəriman Həsənzadə
dünyasına aparırdı. Oradan da dünya ədəbiyyatı
arenasına çox etibarlı bir yol başlayırdı.
Yeni
kitabında Qərib müəllim yenə də özünə,
sözünə, amalına sadiqdi. Özündən çox
yetirmələrindən yazır, ustadlarını minnətdarlıqla
yad edir. Unudulmaz Altay Məmmədovun
ustadlıq haqqını "Onun çoxcəhətli fəaliyyəti,
xüsusilə bədii yaradıcılığı Gəncə
ədəbi mühitinin inkişafında bir mərhələdir"
sözləri ilə bir daha etiraf edir. Yetirmələri
haqqında fəxrlə "Elçin İsgəndərzadə,
Qəşəm Nəcəfzadə mənim uzaq məsafələrə
hesablanmış nəfəsim, Sərvaz qabarlı əllərimdir".
Bu arada Nizami Aydının, İradə Aytelin, Ofeliya Mədətqızının,
Hüseyn Əşrəfoğlunun, Xosrovun, Şəmsi
Qocanın, Valeh Bahadurun ayrıca yeri var. Qərib müəllim
haqlı olaraq yazır ki, Azərbaycan ədəbiyyatını
bütövləşdirmək üçün ədəbi
coğrafiyanı, istedad yayımını diqqətdə
saxlamaq çox vacibdir.
Yeni nəşrdə
yazıçının xalq şairi Zəlimxan Yaquba,
tanınmış şairlər Əjdər
Ol, Bahadur Fərman, yazıçı
Nüşabə Məmmədli
və b. haqqında yazdığı məqalələr,
BMT-nin Beynəlxalq Mükafat Komitəsi tərəfindən
"Şərəf və vicdan" ordeni ilə təltif
edilməsi münasibətilə Beynəlxalq Təltif
Birliyinin prezidenti M.A.Deilisin, eləcə də əməkdar mədəniyyət
xadimi, şair Barat Vüsalın, Gəncə şəhər
mətbəəsinin direktoru İlham İmanquliyevin,
Mikayıl Yanar, professor Nəzakət Əliyeva, əməkdar
jurnalist Əhməd İsayev və başqalarının təbrikləri,
müsahibələri, ayrı-ayrı illərdə qələmə
aldığı hekayə, təmsil və lətifələrdən
nümunələr daxil edilib.
S.Əsgərli
Ədəbiyyat qəzeti.- 2011.- 26
avqust.- S.6.