Həyat həqiqətinə sədaqətlə

     

Məzahir Süleymanzadə: "Bir qucaq çiçək". "Elm və təhsil" nəşriyyatı – 2011

 

"Mənim üçün həyəcanlı günlər kitabım nəşr olunandan sonra başlayır... Səbirsizliklə bu sualın cavabını gözləyirəm - görəsən necə qarşılanacaq?"

Tanınmış yazıçı-jurnalist Məzahir Süleymanzadənin "Bir qucaq çiçək" kitabı bu səmimi etirafla açılır və bu nigarançılıq hər bir qələm adamı üçün çox təbii qəbul olunur. Müəllif oxucu münasibətini zəhməti müqabilində ona bağışlanan ətirli çiçəklərin bir-birinə bənzəmədiyinin, rəngarəngliyinin fərqindədi.

Əməkdar jurnalist Rəhim Hüseynzadənin yeni nəşrə yazdığı "Fədakar jurnalistin ömür yolu" adlı ön sözündə də xüsusilə vurğulandığı kimi, qələm adamının öz həmkarı haqqında ürək genişliyilə söz açması təqdirəlayiq, arzuedilən bir haldı. Bu mənada bir çox tanınmış sənət dostlarının ayrı-ayrı vaxtlarda Məzahir Süleymanzadənin yeni kitabları, maraqlı yazıları haqqında qələmə alıb çap etdirdikləri yazılara "Bir qucaq çiçək"də toplu halında nəzər salmaq çox maraqlıdır. Fərqli, özünəməxsus dəst-xəttə, yanaşma tərzinə malik peşəkar qələm adamları, tanınmış mətbu orqanlar təbii ki, Məzahir müəllimin yazılarını müxtəlif yönümlərdən incələyir, münasibət bildirirlər. Məsələn, "Yeni Azərbaycan" qəzeti onun "20 Yanvar: Güllələnmiş qəzet" kitabından məlum olaylara tutulan ayna kimi söz açır, "Ədalət" qəzeti həmin nəşri "Şəhid və şahid "Səhər" qəzeti haqqında kitab" kimi dəyərləndirir. "Ədəbiyyat qəzeti" isə bu cəfakeş söz adamını "Jurnalist ömrünün naxışları" kitabını sonu görünməyən, ömür boyunca çözələnən xatirələr boxçası kimi dəyərləndirir. Bu baxış müxtəlifliyi "Yeni təfəkkür", "Respublika", "525-ci qəzet", "Xalq qəzeti", "Zaman", "Azərbaycan" və s. qəzetlərin səhifəsində yer alan məqalələrdə də öz əksini yetərincə tapıb və bütün yazılanları bir vacib qənaət bir araya gətirir ki, yüksək vətəndaşlıq, obyektivlik duyğusu, peşəkarlıq və sənətinə bağlılıq hissi Məzahir Süleymanzadənin irili-xırdalı hər cür yazılarını əhatə edir. Bu yazılanlarda xalqa, tarixə, milli dəyərlərə dərin vəfadarlıq ehtiva olunub, hər mətləbdə jurnalist diqqəti və vicdanı oyaqdı, məsuliyyət hissi, bu hissdən doğan nigarançılıq duyğusu bir an da olsun M.Süleymanzadəni tərk etmir. Buna görə də onun oxucuya və sənət dostlarına ünvanladığı aşağıdakı sətirlər təbii qəbul olunur:

 

Tez-tez bizə gələn dostlar,

Söz qədrini bilən dostlar

Mənə çiçək göndərdilər; -

Odu sönmüş,

Külü qalmış həyatımı

Gülüstana döndərdilər.

 

Yeni nəşrdə tanınmış jurnalist Flora Xəlilzadənin "Sözlə tikilən sənət mülkü", Tahir Aydınoğlunun "Sözün silinməz izləri", Şəmsiyyə Kərimovanın "Halal qələm adamı", eyni zamanda Nigar Mənsimlinin "İzinqalacaq, sözün də", Reyhan Məhərrəmovanın "Sözün sehri", S.Hüseynoğlunun "Sonu görünməyən ömür boyunca", Daşdəmirin "Jurnalist ömrünün naxışları" məqalələri ilə yanaşı verilən hər bir yazının öz təbii yanaşma tərzi, səmimi könül söhbətləşməsi var. Bütün bunlar hər şeydən öncə, M.Süleymanzadənin özünəməxsus sənət yolundan, həyat həqiqətlərinə sədaqətlə baş-başa yazılıb araya-ərsəyə gələn yazılarından qaynaqlanır.

Oxucu sözü üçün hər an nigaranlıq çəkən qələm adamı üçünsə bu keyfiyyət həmişə xoş müjdə təminatçısı olur.

 

 

Sərvaz

 

Ədəbiyyat qəzeti.- 2011.- 26 avqust.- S.6.